Ağdam rayonu işğaldan azad olundu
20 Nov 2020
Ağdam rayonu artıq erməni işğalından azad olunub.
Bu, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabrın 10-da imzaladığı Qarabağ üzrə üçtərəfli bəyanat əsasında baş verib. Belə ki, bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-dək Azərbaycan Respublikasına təhvil verilir.
Qeyd edək ki, Ağdam 1993-cü ilin 23 iyul tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib.
Sahəsi 1150 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ermənilər Ağdam rayonu ərazisinin 846,7 kvadrat kilometrini, yəni ümumi ərazisinin 77,4 faizini işğal etməyə nail olublar.
Rayonun 202 200 nəfər əhalisi var. Hazırda məcburi köçkün həyatı yaşayan əhali respublikanın müxtəlif şəhər və rayonlarında məskunlaşıb.
İşğaldan əvvəl Ağdamda 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı fəaliyyət göstərirdi.
2008-ci ildə “Lonely Planet” jurnalı Ağdamı “Qafqaz Hiroşiması” adlandırıb. 2010-cu ildə “Əl-Cəzirə” Ağdamı “ruhlar şəhəri” siyahısına salıb.