AHİK-dən beynəlxalq həmkarlar ittifaqları təşkilatlarına müraciət
17 Jul 2020
AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının və Pan Avropa Regional Şurasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev Ermənistan silahlı qüvvələrinin Tovüz istiqamətində dövlət sərhəddindəki təxribatla bağlı Beynəlxalq Həmkarlar İttifaqları təşkilatlarına, o cümlədən, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasına, Pan Avropa Regional Şurasına, Ümum Həmkarlar İttifaqları Konfederasiyasına müraciət ünvanlayıb. Müraciətdə deyilir:
Hörmətli həmkarlar!
Bildiyiniz kimi, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan
Respublikasının 20 faiz ərazisi – Dağlıq Qarabağ regionu və ona bitişik 7 rayon
erməni hərbi birləşmələri tərəfindən işğal olunmuşdur. Erməni silahlı qüvvələri
beynəlxalq humanitar hüququn bütün prinsip və normalarına zidd olaraq mülki əhalini
məqsədyönlü şəkildə əsas hədəf kimi seçərək
amansız şəkildə sistematik və kütləvi qırğınını, soyqırımını törətmişdir.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində
1 milyondan çox azərbaycanlı məcburi köçkün vəziyyətinə düşüb, 20 min nəfər hərbi
əməliyyatlar dövründə öldürülüb, 50 min nəfər isə əlil olub. Münaqişə nəticəsində
4 minə yaxın azərbaycanlı itkin düşüb. Onların arasında 67 uşaq, 265 qadın, 326
qoca olub. Bu şəxslərin aqibəti barədə hələ də məlumat yoxdur. İki mindən çox azərbaycanlı
isə ermənilər tərəfindən əsir və girov götürülmüşdür.
Azərbaycanın işğal edilmiş ərazilərində dünya əhəmiyyətli
mədəniyyət və incəsənət abidələrimiz erməni vandalları tərəfindən dağıdılmışdır.
Ermənistan Respublikası özünün məkrli niyyətlərini davam etdirmək
məqsədilə bu gün zəbt olunmuş ərazilərdə xarici dövlətlərdən gələn erməni vətəndaşlarını
yerləşdirir və Dağlıq Qarabağda demoqrafik vəziyyəti süni surətdə öz xeyirlərinə
dəyişmək istəyir.
Beynəlxalq sülhün və təhlükəsizliyin əsas təminatçısı kimi
çıxış edən BMT Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi
ilə əlaqədar 1993-cü ildə – 822, 853, 874 və 884 saylı 4 qətnamə qəbul edib. Bu
qətnamələr münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli üzrə
siyasi prosesin hüquqi əsasını müəyyənləşdirir. Qətnamələrdə Azərbaycan ərazisinin
işğalı pislənib, güc tətbiqi vasitəsilə ərazi iddialarının reallaşdırılmasının qəbuledilməzliyi
vurğulanıb. Azərbaycan ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı
bir daha təsdiq edilib və işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən
dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunub.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası ilə
yanaşı İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Avropa İttifaqı, Avropa Şurası, ATƏT, Qoşulmama
Hərəkatı ölkələri və digər beynəlxalq təşkilatlar Azərbaycanın hərbi təcavüzə məruz
qaldığını və ərazi bütövlüyünün bərpa olunması ilə bağlı öz mövqelərini ortalığa
qoyduqları halda Ermənistan Respublikası bu tələbləri heçə sayır. Bu münaqişənin
dondurulmasına çalışır. Vaxtaşırı öz təcavüzkar siyasətini həyata keçirmək üçün
münaqişənin alovlandırılması yolunu tutur.
Bu gün Ermənistan Respublikasının silahlı qüvvələri atəşkəs
rejimini pozaraq Azərbaycanın dinc əhalisinə qarşı qətllər törətməkdə davam edir.
Qanlı toqquşmalara yol verilməməsi naminə atəşkəs rejiminin
tətbiq olunmasına baxmayaraq iyul ayının 12-də Ermənistan hərbi qüvvələri Dağlıq
Qarabağ ərazisi ilə hec bir əlaqəsi olmayan Azərbaycanın dövlət sərhədinin Tovuz
rayonu istiqamətində Azərbaycanın silahlı qüvvələrinin mövqelərinə qəfildən və xaincəsinə
hücum edərək növbəti hərbi təxribat törətmişdir. Erməni rəhbərliyi birinci dəfə
deyildir ki, öz ölkəsi daxilində üzləşdiyi və həlli qarşısında aciz qaldığı ağır
problemlərdən sərhəddə və ya təmas xəttində
iyrənc hərbi təxribatlar törətməklə yaxa qurtarmağa çalışır. Ağır epidemioloji
vəziyyətdən və sosial-iqtisadi sıxıntılardan cana doymuş xalqın qəzəbindən yayınmaq
üçün Paşinyanın diktatura rejiminin hərbi təxribatlara əl atması onun yürütdüyü
siyasətin Ermənistanın əvvəlki xunta rejimlərinin yürütdüyü siyasətdlən azacıq də
olsa fərqlənmədiyinin göstəricisidir. Erməni silahlı qüvvələrinin hücumu nəticəsində
12 hərbiçimiz, o cümlədən yüksək çinli zabirlərimiz həlak olmuş, sərhəd kəndlərinin
sakinlərinə məxsus xeyli sayda evlər dağılmışdır. Hətta hücum nəticəsində hərbçilərlə yanaşı, sərhəd
kəndlərin dinc sakinləri arasında da tələfat
baş vermişdir.
Hörmətli həmkarlar!
Hesab edirik ki, Beynəlxalq Həmkarlar İttifaqları təşkilatları
Azərbaycan-Ermənistan və Dağlıq Qarabağ münaqişəsində təcavüzkarın və münaqişə nəticəsində
zərərçəkən tərəflərin kim olduğu barədə məlumatlıdır. Ümidvarıq ki, onlar Ermənistanın
təcavüzkar hərəkətlərinə son qoyulması, Azərbaycan Respublikasının ərazi bütövlüyünün
təmin edilməsi və Ermənistanın silahlı qüvvələrinin
işğal olunmuş ərazilərindən çıxarılması sahəsində Azərbaycanın haqlı tələbinin yerinə
yetirilməsi üçün ədaləti mövqe sərgiləyəcək, Dağlıq Qarabağ probleminin həlli ilə
əlaqədar BMT-nin və beynəlxalq qurumların qətnamə və qərarlarının yerinə yetirilməsi
üçün müvafiq təşkilatlar qarşısında tələblər irəli sürəcəklər.