AZ | RU | EN
AZ | EN | RU

AHİK İcraiyyə Komitəsi Səttar Möhbalıyevi təbrik etdi

07 Mar 2020

Sizin VI növbədənkənar  parlament seçkilərində böyük səs çoxluğu ilə deputat seçilməyiniz uzun illərdən bəri ölkəmizin ictimai, sosial həyatında göstərdiyiniz səmərəli, fədakar əməyinizin məntiqi nəticəsidir. 

Siz Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri kimi həmkarlar ittifaqlarında islahatların aparılmasında, onun əmlakının qorunub saxlanılmasında, “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsində, həmkarlar ittifaqlarının nüfuzunun möhkəmləndirilməsində, transmilli şirkətlərdə həmkarlar ittifaqının yaradılmasında müstəsna əmək sərf etmisiniz.
Sizin rəhbərliyiniz altında aparılan uğurlu sosial siyasət sayəsində bu gün AHİK cəmiyyətdə özünəməxsus yer tutub, beynəlxalq həmkarlar ittifaqı hərəkatında yüksək etimad qazanıb. Qürurverici haldır ki, AHİK MDB məkanında Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasına (BHİK) ilkin üzv olan təşkilatlardan biridir.
Siz BHİK-in Sədrlər Şurasının, Ümumhəmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin üzvüsünüz.
2014-cü ildən BHİK-in, 2015-ci ildən isə Pan Avropa Regional Şurasının vitse-prezidentisiniz.
Hörmətli Səttar müəllim, Siz Azərbaycan Respublikasının ictimai-siyasi həyatında da fəal iştirak edirsiniz.
AHİK-ə sədrliyiniz dövründə, həmkarlar ittifaqlarının fəal iştirakı ilə, əhalinin məşğulluğuna dair milli qanunvericiliyin bəzi əsasnamələri yenilənib, Əmək və İnzibati Xətalar məcəllələrinə, eləcə də digər qanunvericilik aktlarına düzəlişlər edilib, “Məşğulluq haqqında” yenilənmiş qanun qəbul olunub. Azərbaycan həmkarlar ittifaqları öz üzvlərinin əmək hüquqlarının müdafiəsində, əmək, sosial, iqtisadi məsələlər üzrə normativ-hüquqi aktların, dövlət məşğulluq siyasətinin hazırlanmasında yaxından iştirak edir. AHİK hökumət və  işəgötürənlərlə Baş Kollektiv Saziş imzalamaqla, qanun yaradıcılığı prosesinə qatılmaqla, cəmiyyətimizin sosial-iqtisadi həyatının fəal iştirakçılarından birinə çevrilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələrindən ibarət Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya ölkəmizdə ümumən sosial-iqtisadi siyasətin hazırlanması və həyata keçirilməsinə öz töhfəsini verib. Həmkarlar ittifaqları tərəfindən qeyri-rəsmi məşğulluğun aradan qaldırılması istiqamətində görülən işlərdə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının fəaliyyəti əsaslı rol oynayıb.
Siz  AHİK-in  üzv təşkilatları ilə birlikdə daim gənclərin fəallığını təmin etməyə, işləyən və təhsil alan gənclərin hüquq və mənafelərinin qorunmasına, dövlətin gənclər siyasətinə uyğun olaraq müvafiq tədbirlərin həyata keçirilməsinə çalışmısınız. 
Özünüzün də qeyd etdiyiniz kimi, Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətinin ən prioritet istiqamətlərindən biri layiqli əməkhaqqı uğrunda mübarizədir. Məqsədyönlü dövlət siyasəti və sosial tərəfdaşların qarşılıqlı əməkdaşlığı nəticəsində bu sahədə əhəmiyyətli nəticələr əldə edilməkdədir. Ölkəmizdə əmək qanunvericiliyinin təkmilləşdirilməsində AHİK-in fəal iştirakı sosial-əmək münasibətlərinin tənzimlənməsinə müsbət təsir göstərir.
Siz ikinci - beşinci çağırış Milli Məclisin deputatı olmusunuz.
Respublikada aparılan islahatlarla bağlı yaradılmış bir sıra dövlət komissiyasının üzvü, Polşa-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Moldova parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Milli Məslisin İctimai birliklər və dini qurumlar komitəsinin, intizam komissiyasının üzvü olmusunuz.  
Komitə üzvü kimi qeyri-hökumət təşkilatlarının (ictimai birliklərin və fondların), siyasi partiyaların, həmkarlar ittifaqlarının, dini qurumların, o cümlədən dini mərkəz və idarələrin, dini təhsil müəssisələrinin və dini icmaların statusu, təşkili və fəaliyyətinə dair qanun layihələrinin hazırlanmasında fəal iştirak etmisiniz. 
Milli Məclisin deputatı olaraq Əmək Məcəlləsinə edilmiş dəyişikliklər, əmək pensiyaları və sosial müavinətlər haqqında qanun layihələrinin hazırlanması və müzakirəsində fəal iştirak edib, rəy və təkliflərinizi vermisiniz.  Fəaliyyətinizin əsas  istiqamətlərindən birini şəhid ailələri və Qarabağ müharibəsi veteranlarının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı məsələlər təşkil edib.  
Siz İqtisad elmləri doktoru, professorusunuz. “Azərbaycan bu gün: Məşğulluq və sosial tərəfdaşlıq problemləri”, “Keçid dövründə əmək bazarı və məşğulluq siyasəti”, “Əmək bazarı, məşğulluq və işsizliyin elmi - nəzəri əsasları”, “Beynəlxalq Əmək Təşkilatı: tarixi, strukturu və Azərbaycanla əlaqələri”, “Əmək bazarı və əhalinin sosial müdafiəsi” kitablarının və bir sıra elmi məqalələrin müəllifisiniz.
Azərbaycan Respublikasının “Şöhrət” ordeni, “Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu”, bir çox beynəlxalq həmkarlar ittifaqı qurumlarının sanballı mükafatları ilə təltif olunmusunuz.
Hörmətli Səttar müəllim, bütün bu sadaladıqlarımız göstərir ki, Siz, sözün həqiqi mənasında, Azərbaycan xalqının dəyərli ictimai xadimlərindən biri olaraq həyatınızı xalqımızın firavan yaşaması, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi uğrunda mübarizəyə həsr etmisiniz.
Sizi növbəti dəfə Milli Məclisə deputat seçilməyiniz münasibətilə təbrik edirik və Sizə yeni-yeni uğurlar arzulayırıq.
 
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsi

FAYDALI KEÇİDLƏR