AZ | RU | EN

AHİK sədri metropolitençiləri təbrik edib

08 Nov 2020

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev 8 noyabr – Bakı Metropoliteni işçilərinin peşə bayramı münasibətilə “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynova təbrik ünvanlayıb. 

Təbrikdə deyilir:

“Sizi və sahənin bütün işçilərini 8 noyabr - Bakı Metropoliteni işçilərinin peşə bayramı münasibəti ilə ürəkdən təbrik edirəm.

Ümummilli lider Heydər Əliyev ölkə ərazisində nəqliyyat infrasturukturunun, o cümlədən Bakı Metropoliteninin inkişafına xüsusi önəm vermiş, onun potensialının gücləndirilməsi üçün mühüm qərarların qəbul edilməsini təmin etmişdir. Ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyevin diqqət və qayğısı ilə, Metropolitenin müasir tələblər səviyyəsində yenidən qurulması, beynəlxalq standartlara uyğunlaşdırılması, sərnişinlərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. İnfrastrukturun inkişafı, yeni stansiyaların tikilib istifadəyə verilməsi, mövcud stansiyaların yenidən qurulması və sərnişinlərə göstərilən xidmət səviyyəsinin  yaxşılaşması istiqamətində atılan bu uğurlu addımlar ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.

        İşçilərin sosial-iqtisadi ehtiyaclarının  ödənilməsi sahəsində Metropolitenin rəhbərliyi və həmkarlar ittifaqı tərəfindən görülən tədbirlər bu sahədə çalışan işçilərin həyat səviyyəsinin daha da yüksəldilməsinə, sosial-iqtisadi problemlərinin həllinə, onların əmək şəraitinin yaxşılaşdırılmasına, asudə vaxtlarının və istirahətlərinin səmərəli təşkilinə öz müsbət təsirini göstərməkdədir.

Bir daha Sizi və kollektivinizi çoxsaylı həmkarlar ittifaqı üzvləri adindan  ürəkdən təbrik edir, gələcək işlərinizdə uğurlar arzulayıram”.