Ali Baş Komandan işğaldan azad edilmiş torpaqlarda quruculuq işlərini başlatdı
17 Nov 2020
Artıq xəbər verildiyi kimi, noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar. Möhtərəm dövlət başçımızın bu səfəri Ali Baş Komandanın ürəyində yaşatdığı sonsuz Vətən sevgisinin və xalqa olan bağlılığının daha bir təcəssümüdür.
Düşmən qoşunlarının Azərbaycan ərazisindən hələ ki, tam
çıxarılmadığı bir vaxtda aydındır ki, erməni irticaçılarından hər cür təxribat
gözləmək olar. Bununla belə, möhtərəm Prezidentimiz bütün mövcud riskləri gözə
alaraq, öz xanımı ilə birlikdə möhtəşəm qələbəmizin sevincini bir daha azad
olunmuş ərazilərdə öz xalqı ilə paylaşmaq üçün bu addımı atmışdır. Budur əsil
iqtidar -xalq birliyi, budur Azərbaycan xalqının öz Prezidentinə, öz dövlətinə
olan sonsuz sevgisinin səbəbi.
Füzuliyə səfəri zamanı Prezident İlham Əliyev Şuşa şəhərinə
yol çəkilişi ilə bağlı göstəriş verib. Artıq Füzuli rayonundan Şuşaya aparan bu yolun inşasına start verilib.
Çox qürurverici bir haldır ki, işğaldan azad edilmiş torpaqlarımızda icrasına
başlanmış ilk layihə məhz Füzuli – Şuşa yolu olacaqdır. Bu yolun əlbəttə ki,
müstəsna əhəmiyyəti vardır. Çünki Şuşa bizim göz bəbəyimiz, qürur mənbəyimizdir.
Möhtərəm Prezidentimizin də Füzuli rayonunda sakinlərlə görüşü zamanı etdiyi
çıxışında dediyi kimi, məhz Şuşa işğaldan azad olunandan sonra artıq düşmən dərk
etdi ki, bundan sonra bizə qarşı müqavimət göstərmək heç bir əhəmiyyət kəsb etməyəcək.
Şuşa işğaldan azad olunandan bir gün sonra qəhrəman Azərbaycan Ordusu daha 70-dən
çox yaşayış məntəqəsini işğalçılardan azad edib və əslində, bu, düşmənə vurulan
son zərbə idi. Təsadüfi deyil ki, noyabrın 10-da düşmən faktiki olaraq
kapitulyasiya aktını imzalamışdır. Şuşanın işğaldan azad edilməsi bizim
gücümüzü göstərdi, Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını
göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat
idi. Bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaqdır. Çünki bu əməliyyatı
yalnız yüngül silahlarla silahlanmış bizim qəhrəman hərbçilərimiz dağlardan,
meşələrdən, cığırlardan keçərək icra ediblər. Şuşanın işğaldan azad edilməsi
bizim şanlı Qələbəmizdir.
Füzuli –
Şuşa yolunun inşasına başlanması həm də Azərbaycan xalqının və Azərbaycan
Prezidentinin yaradıcı ruhunun bir göstərisidir. Otuz il ərzində bu torpaqları
işğal altında saxlayan ermənilər həmin ərazilərdə tək bir quruculuq işinə də
imza atmamış, yalnız dağıtmaq, viran qoymaq və talan etməklə məşğul olmuşlar. Həmçinin
Füzuli rayonuna gedən yolun ətrafında yerləşən kəndlərdə, bir vaxtlar həyat
qaynayan bu ərazilərdə də öz dədə-baba torpaqlarından qovulan azərbaycanlıların
ev-eşikləri erməni vandalları tərəfindən yerlə yeksan edilib. Onlar daşı daş
üstündə qoymayıblar. Budur erməni xislətinin mahiyyəti. Lakin Azərbaycan
xalqına bu xüsusiyyətlər yaddır. Azərbaycan yalnız quruculuq, sülh və əmin-amanlıq
mücəssəməsidir. Budur, Qələbə günündən 8 gün və Ermənistanın
kapitulyasiyasından cəmi 6 gün keçəndən sonra artıq cənab Ali Baş Komandanın
ayaq basdığı yerdən – Alxanlı qəsəbəsindən Füzuli-Şuşa avtomobil yolu çəkilir.
Möhtərəm dövlət başçımızın da qeyd etdiyi kimi, bu yol çox rahat və geniş
olacaq. Bu yol imkan verəcək ki, Şuşaya rahat gedib-gələ bilək.
Ölkə
Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım
Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfərləri
zamanı baş vermiş ən önəmli hadisələrdən biri də möhtərəm dövlət başçımızın
Füzuli şəhərində, Xudafərin körpüsündə və Cəbrayıl şəhərində şanlı Azərbaycan
bayrağını qaldırması oldu. Heç şübhəsiz, bu görüntülər Azərbaycanın müasir
tarixinin ən şanlı səhifələrindəndir. Müzəffər Ali Baş Komandan qəhrəman Azərbaycan
Ordusunun işğaldan azad etdiyi tarixi torpağımızda üçrəngli bayrağımızı qaldırdı.
Bəli, Vətən torpaqlarının 30 ildən artıq davam edən işğalına son qoyuldu, Azərbaycan
tarixi ədaləti bərpa etdi.
Eşq
olsun Şanlı Azərbaycan Ordusuna! Yaşasın Müzəffər Ali Baş Komandanımız! Eşq
olsun Azərbaycan xalqına!
Səttar Möhbalıyev,
Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri