Ali Baş Komandan tarixi ədaləti tam bərpa edir
31 Oct 2020
Bir aydan artıqdır ki, ikinci Qarabağ savaşı, Vətən müharibəsi davam edir. Bu müddət ərzində rəşadətli Azərbaycan Ordusu tərəfindən bir çox yaşayış məntəqələri düşməndən azad olunub.
Ordumuzun Ermənistanın hərbi təxribatlarının qarşısını qətiyyətli
əks-hücum əməliyyatları ilə alması nəticəsində Azərbaycan həm döyüş meydanında
malik olduğu potensial imkanları, həm də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin
icrasının mümkünlüyünü nümayiş etdirir. Biz döyüş meydanında tarixi ədaləti bərpa
etməyə çalışırıq.
Ordumuzun gücü, qüdrəti sayəsində erməni silahlı birləşmələri
darmadağın edilir, onlar hərbi texnikalarını, mövqelərini qoyub qaçırlar. Cəbrayıl,
Füzuli, Zəngilan və Qubadlı şəhərlərinin, eləcə də 200-ə yaxın yaşayış məntəqəmizin
işğalçılardan azad edilməsi, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin
ələ keçirilməsi xalqımıza böyük inam bəxş edir. Dövlət-xalq-ordu birliyi milli həmrəyliyin
bəhrəsi kimi ölkəmizin bugünkü uğurlarının əsasında dayanır.
Oktyabrın 26-da Prezident, Ali Baş Komandan cənab İlham Əliyev
xalqa növbəti müraciətində döyüş bölgəsində olan son vəziyyət, humanitar atəşkəs,
ordumuzun uğurları, münaqişəyə beynəlxalq münasibət məsələlərinə və bir sıra digər
məqamlardan bəhs etdi. Dövlət başçısı Azərbaycanın əzəli torpağı olan Qarabağın
tarixi, XIX əsrin müxtəlif illərində məqsədyönlü şəkildə ermənilərin bu əraziyə
köçürülməsi, onların məkrli niyyətləri barəsində də məlumat verdi. Bildirdi ki,
əsrlərboyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb, quruculuq işləri aparıb.
Biz Qarabağ tarixini yaxşı bilirik və bu tarixi dünya ictimaiyyətinə çatdırmaq
üçün son illər ərzində böyük işlər görülübdür. Münaqişənin başladığı illərdə Azərbaycan
haqqında dünyada o qədər də böyük təsəvvür yox idi.
Ancaq bir çox ölkələrdə fəaliyyət göstərən erməni lobbi təşkilatları
həm bölgənin, həm də münaqişənin tarixi ilə bağlı yanlış məlumat ötürərək dünyada,
dünyanın ictimai fikrində təhrif edilmiş təsəvvür yarada bilmişlər. O vaxt Azərbaycan
diplomatiyası erməni yalanının qarşısına tutarlı dəlillərlə çıxa bilməmişdi. Son
illər ərzində ardıcıl fəaliyyət nəticəsində biz dünya ictimaiyyətini Qarabağın,
münaqişənin tarixi ilə kifayət qədər məlumatlandırmışıq. Bütün bu işlərin bu gün
bəhrəsini görürük - dünyada bu məsələ ilə bağlı daha obyektiv fikir var, daha obyektiv
təsəvvür var. Prezident İlham Əliyevin Münxen təhlükəsizlik konfransındakı çıxışını
xatırlayaq. Dövlət başçımız bütün dünyaya canlı formatda aparılmış diskussiya əsnasında
sübut etdi ki, bu, bizim tarixi torpağımızdır.
Danılmaz faktdır ki, sentyabrın 27-dən başlayan hərbi münaqişəyə
qədər olan proses daim Minsk qrupunun susqunluğu ilə yadda qalıb. Ona görə də dövlət
başçısı haqlı olaraq Minsk qrupunu fəaliyyətsiz bir qurum adlandırır. Minsk qrupunun
fəaliyyətsizliyindən və qətiyyətsizliyindən yararlanan Ermənistandır. Ermənistan
elə bu nəticəni istəyirdi ki, daim danışıqlar getsin, daim bizim başımızı aldatsınlar.
Münaqişə dondurulsun, torpaqlarımız əsarət altında əbədi qalsın. Minsk qrupu səlahiyyətli
qurum kimi işğalçıya təzyiq edə bilərdi, amma etmədi. Dəfələrlə dövlətimizin başçısı
onların qarşısında məsələ qaldırıb ki, problemin həlli üçün Ermənistana sanksiya
tətbiq edilməlidir. Minsk qrupunun həmsədrləri olan ölkələr BMT Təhlükəsizlik Şurasının
daimi üzvləridir. Onlar istənilən məsələni həll etmək iqtidarındadırlar. Xüsusilə
bu ölkələrin rəsmi nümayəndələri deyirlər ki, bu məsələdə onların fikri üst-üstə
düşür. Necə olur, bütün başqa məsələlərdə - nüvə silahları ilə bağlı, Yaxın Şərqdə
olan vəziyyətlə bağlı, Asiyada, Avropada olan vəziyyətlə bağlı bunların maraqları
daban-dabana ziddir. Hansı başqa məsələdə bunların maraqları üst-üstə düşür? Heç
bir məsələdə. Ancaq Dağlıq Qarabağ məsələsində. Nə üçün? Hər kəs başa düşür. Çünki
bu dondurulmuş vəziyyət təbii ki, həmin ölkələr arasında, bizdən başqa, hər kəsi
qane edirdi, ilk növbədə, Ermənistanı qane edirdi.
Dövlət başçısının mövqeyi xalqa bəllidir. Dəfələrlə deyib
ki, bu məsələ ya hərb, ya da sülh yolu ilə öz həllini tapmalıdır. Sülh yolu ilə
həlli üçün dərhal bizə deyilməlidir ki, Ermənistan torpaqlarımızdan çıxır. Cədvəl
verilməlidir - neçə gündən sonra bu rayondan, neçə gündən sonra bu rayondan, neçə
gündən sonra bu rayondan çıxmalıdırlar. Ermənistan bu cədvəli verib? Verməyib. Belə
olan halda əgər atəşkəs davam edəcəksə və yenə də məsələ dondurulmuş vəziyyətdə
qalacaqsa, bu, bizi qane edə bilməz.
Ermənistanın döyüş meydanında məğlub duruma düşdüyü artıq
məlumdur. Sadəcə, atəşkəsdən istifadə edib öz qüvvələrini yenə də səfərbər etmək,
silahlanmaq və bizə qarşı yeni işğalçılıq siyasəti aparmaq istəyir. Əfsuslar olsun
ki, son bir ay ərzində Ermənistana kütləvi surətdə müxtəlif silahlar göndərilir.
Prezident bildirib ki, münaqişənin həlli üçün hüquqi baza kifayət qədər genişdir.
Biz bu bazanı genişləndirmişdik. Bu gün təkcə BMT Təhlükəsizlik Şurasının qətnamələri
yox, digər sənədlər də mövcuddur. BMT Baş Assambleyası qətnamə qəbul edib, Qoşulmama
Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, digər təşkilatlar. Avropa
İttifaqı ilə paraflanmış sənəddə ölkəmizin suverenliyi, sərhədlərimizin toxunulmazlığı
və ərazi bütövlüyü haqqında xüsusi müddəa var. Yəni bu, hüquqi bazadır və bu baza
imkan verir ki, bu gün döyüş meydanında düşmənə dərs verək, onları rədd edək bizim
torpaqlarımızdan. Amma baxın, bu yaxınlarda nələr baş verir? Minsk qrupunun həmsədr
ölkələri BMT Təhlükəsizlik Şurasının iclasını çağırırlar. Bir dəfə artıq bunu etmişdilər.
Orada qəbul edilmiş sənəd, görünür ki, onları qane etmədi. Bir neçə gün bundan əvvəl
dövlət qurumlarımız yeni sənədin ortaya çıxmasını gördülər. Dərhal hərəkətə keçildi
və bu sənədin qəbul edilməsinə imkan verilmədi. Baxmayaraq ki, üç həmsədr ölkə BMT
Təhlükəsizlik Şurasına üzv olan digər ölkələrə böyük təzyiqlər edirdi.
Nə idi bunun məqsədi? Bu, çox aydındır, 1993-cü ildə erməni
silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılması barədə qəbul edilmiş qətnamələr
kölgədə qalsın, onlar arxada qalsın, ya qüvvədən düşsün, ya da ki, öz əhəmiyyətini
itirsin. Bu nə dərəcədə ədalətlidir? Biz yenə də işğalçıya dəstək göstərilməsi cəhdini
gördük. Amma nə oldu nəticədə? Keçmədi. Necə keçmədi? Hörmətli Prezidentimizin sədri
və böyük nüfuz sahibi olduğu Qoşulmama Hərəkatına üzv ölkələr buna imkan vermədilər.
Vasitəçi neytral olmalıdır. Təəssüflə qeyd etmək lazımdır
ki, bəzi dövlətlər öz ermənipərəst mövqelərini aşkar şəkildə ortaya qoydular. Təbii
ki, onların apardıqları bu cür qeyri-obyektiv, ədalətsiz siyasət bütün dünyaya bəlli
oldu.
Azərbaycan Ordusunun şücaəti sayəsində Füzuli, Zəngilan, Cəbrayıl,
Qubadlı rayonlarının böyük hissəsi işğaldan azad edilib. Keçmiş Hadrut - indiki
Xocavənd rayonunun bir hissəsi bizdədir. Ona görə də vasitəçilər artıq beş rayonun
azad edilməsindən danışa bilməzlər.
Ordumuzun Ermənistana vurduğu ziyanın məbləği hazırda milyardlarla
ölçülür. Belə olduqda nəinki Cənubi Qafqazın, hətta dünyanın ən kasıb ölkələrindən
biri olan Ermənistanın bu gün bu qədər silah-sursatının olması məntiqsizdir. Azərbaycan
Ordusu tərəfindən məhv edilən və qənimət olaraq ələ keçirilən silah-sursat
faktiki olaraq Ermənistanın bir dövlət kimi sıradan çıxmasını bir daha göstərir.
Ona görə də dövlətimizin başçısı döyüş zonasında məhv edilən düşmən hərbi
texnikasının sayı barədə də məlumat verərək haqlı surətdə tələb edir ki,
problemlər içərisində çabalayan bir ölkədə haradandır bu pul?
Bir sözlə, bu gün cənab İlham Əliyev Azərbaycan xalqının
istəyini gerçəkləşdirir. Ali Baş Komandanın rəhbərliyi altında qüdrətli ordumuz
işğalçılardan torpaqlarımızı azad edir. Müzəffər Azərbaycan Ordusu tərəfindən
işğaldan azad edilmiş Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının kəndləri və
Qubadlı şəhəri döyüş əzmimizi yüksəltməklə yanaşı, Qələbə ümidimizi daha da
artırır.
Ali Baş Komandanın xalqa müraciətindəki qətiyyət bir daha
göstərdi ki, torpaqlarımız tam azad olunmayana qədər mübarizəmiz durmayacaq. Bu
yoldan bizi heç kəs döndərə bilməz. Ölkəmizin ərazi bütövlüyü bərpa ediləcək.
Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Səttar MÖHBALIYEV,
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri,
Milli Məclisin deputatı
"AZƏRBAYCAN" qəzeti
31.10.2020-ci il