AZ | RU | EN

Ali Baş Komandan tarixi ədaləti tam bərpa edir

31 Oct 2020

Bir aydan artıqdır ki, ikinci Qarabağ savaşı, Vətən müharibəsi davam edir. Bu müddət ərzində rəşadətli Azərbaycan Ordusu tərəfindən bir çox yaşayış məntəqələri düşməndən azad olunub. 

Ordumuzun Ermənistanın hərbi təxribatlarının qarşısını qətiyyətli əks-hücum əməliyyatları ilə alması nəticəsində Azərbaycan həm döyüş meydanında malik olduğu potensial imkanları, həm də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının mümkünlüyünü nümayiş etdirir. Biz döyüş meydanında tarixi ədaləti bərpa etməyə çalışırıq.
Ordumuzun gücü, qüdrəti sayəsində erməni silahlı birləşmələri darmadağın edilir, onlar hərbi texnikalarını, mövqelərini qoyub qaçırlar. Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı şəhərlərinin, eləcə də 200-ə yaxın yaşayış məntəqəmizin işğalçılardan azad edilməsi, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin ələ keçirilməsi xalqımıza böyük inam bəxş edir. Dövlət-xalq-ordu birliyi milli həmrəyliyin bəhrəsi kimi ölkəmizin bugünkü uğurlarının əsasında dayanır.
Oktyabrın 26-da Prezident, Ali Baş Komandan cənab İlham Əliyev xalqa növbəti müraciətində döyüş bölgəsində olan son vəziyyət, humanitar atəşkəs, ordumuzun uğurları, münaqişəyə beynəlxalq münasibət məsələlərinə və bir sıra digər məqamlardan bəhs etdi. Dövlət başçısı Azərbaycanın əzəli torpağı olan Qarabağın tarixi, XIX əsrin müxtəlif illərində məqsədyönlü şəkildə ermənilərin bu əraziyə köçürülməsi, onların məkrli niyyətləri barəsində də məlumat verdi. Bildirdi ki, əsrlərboyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb, quruculuq işləri aparıb. Biz Qarabağ tarixini yaxşı bilirik və bu tarixi dünya ictimaiyyətinə çatdırmaq üçün son illər ərzində böyük işlər görülübdür. Münaqişənin başladığı illərdə Azərbaycan haqqında dünyada o qədər də böyük təsəvvür yox idi.
Ancaq bir çox ölkələrdə fəaliyyət göstərən erməni lobbi təşkilatları həm bölgənin, həm də münaqişənin tarixi ilə bağlı yanlış məlumat ötürərək dünyada, dünyanın ictimai fikrində təhrif edilmiş təsəvvür yarada bilmişlər. O vaxt Azərbaycan diplomatiyası erməni yalanının qarşısına tutarlı dəlillərlə çıxa bilməmişdi. Son illər ərzində ardıcıl fəaliyyət nəticəsində biz dünya ictimaiyyətini Qarabağın, münaqişənin tarixi ilə kifayət qədər məlumatlandırmışıq. Bütün bu işlərin bu gün bəhrəsini görürük - dünyada bu məsələ ilə bağlı daha obyektiv fikir var, daha obyektiv təsəvvür var. Prezident İlham Əliyevin Münxen təhlükəsizlik konfransındakı çıxışını xatırlayaq. Dövlət başçımız bütün dünyaya canlı formatda aparılmış diskussiya əsnasında sübut etdi ki, bu, bizim tarixi torpağımızdır.
Danılmaz faktdır ki, sentyabrın 27-dən başlayan hərbi münaqişəyə qədər olan proses daim Minsk qrupunun susqunluğu ilə yadda qalıb. Ona görə də dövlət başçısı haqlı olaraq Minsk qrupunu fəaliyyətsiz bir qurum adlandırır. Minsk qrupunun fəaliyyətsizliyindən və qətiyyətsizliyindən yararlanan Ermənistandır. Ermənistan elə bu nəticəni istəyirdi ki, daim danışıqlar getsin, daim bizim başımızı aldatsınlar. Münaqişə dondurulsun, torpaqlarımız əsarət altında əbədi qalsın. Minsk qrupu səlahiyyətli qurum kimi işğalçıya təzyiq edə bilərdi, amma etmədi. Dəfələrlə dövlətimizin başçısı onların qarşısında məsələ qaldırıb ki, problemin həlli üçün Ermənistana sanksiya tətbiq edilməlidir. Minsk qrupunun həmsədrləri olan ölkələr BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Onlar istənilən məsələni həll etmək iqtidarındadırlar. Xüsusilə bu ölkələrin rəsmi nümayəndələri deyirlər ki, bu məsələdə onların fikri üst-üstə düşür. Necə olur, bütün başqa məsələlərdə - nüvə silahları ilə bağlı, Yaxın Şərqdə olan vəziyyətlə bağlı, Asiyada, Avropada olan vəziyyətlə bağlı bunların maraqları daban-dabana ziddir. Hansı başqa məsələdə bunların maraqları üst-üstə düşür? Heç bir məsələdə. Ancaq Dağlıq Qarabağ məsələsində. Nə üçün? Hər kəs başa düşür. Çünki bu dondurulmuş vəziyyət təbii ki, həmin ölkələr arasında, bizdən başqa, hər kəsi qane edirdi, ilk növbədə, Ermənistanı qane edirdi.
Dövlət başçısının mövqeyi xalqa bəllidir. Dəfələrlə deyib ki, bu məsələ ya hərb, ya da sülh yolu ilə öz həllini tapmalıdır. Sülh yolu ilə həlli üçün dərhal bizə deyilməlidir ki, Ermənistan torpaqlarımızdan çıxır. Cədvəl verilməlidir - neçə gündən sonra bu rayondan, neçə gündən sonra bu rayondan, neçə gündən sonra bu rayondan çıxmalıdırlar. Ermənistan bu cədvəli verib? Verməyib. Belə olan halda əgər atəşkəs davam edəcəksə və yenə də məsələ dondurulmuş vəziyyətdə qalacaqsa, bu, bizi qane edə bilməz.
Ermənistanın döyüş meydanında məğlub duruma düşdüyü artıq məlumdur. Sadəcə, atəşkəsdən istifadə edib öz qüvvələrini yenə də səfərbər etmək, silahlanmaq və bizə qarşı yeni işğalçılıq siyasəti aparmaq istəyir. Əfsuslar olsun ki, son bir ay ərzində Ermənistana kütləvi surətdə müxtəlif silahlar göndərilir. Prezident bildirib ki, münaqişənin həlli üçün hüquqi baza kifayət qədər genişdir. Biz bu bazanı genişləndirmişdik. Bu gün təkcə BMT Təhlükəsizlik Şurasının qətnamələri yox, digər sənədlər də mövcuddur. BMT Baş Assambleyası qətnamə qəbul edib, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, digər təşkilatlar. Avropa İttifaqı ilə paraflanmış sənəddə ölkəmizin suverenliyi, sərhədlərimizin toxunulmazlığı və ərazi bütövlüyü haqqında xüsusi müddəa var. Yəni bu, hüquqi bazadır və bu baza imkan verir ki, bu gün döyüş meydanında düşmənə dərs verək, onları rədd edək bizim torpaqlarımızdan. Amma baxın, bu yaxınlarda nələr baş verir? Minsk qrupunun həmsədr ölkələri BMT Təhlükəsizlik Şurasının iclasını çağırırlar. Bir dəfə artıq bunu etmişdilər. Orada qəbul edilmiş sənəd, görünür ki, onları qane etmədi. Bir neçə gün bundan əvvəl dövlət qurumlarımız yeni sənədin ortaya çıxmasını gördülər. Dərhal hərəkətə keçildi və bu sənədin qəbul edilməsinə imkan verilmədi. Baxmayaraq ki, üç həmsədr ölkə BMT Təhlükəsizlik Şurasına üzv olan digər ölkələrə böyük təzyiqlər edirdi.
Nə idi bunun məqsədi? Bu, çox aydındır, 1993-cü ildə erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılması barədə qəbul edilmiş qətnamələr kölgədə qalsın, onlar arxada qalsın, ya qüvvədən düşsün, ya da ki, öz əhəmiyyətini itirsin. Bu nə dərəcədə ədalətlidir? Biz yenə də işğalçıya dəstək göstərilməsi cəhdini gördük. Amma nə oldu nəticədə? Keçmədi. Necə keçmədi? Hörmətli Prezidentimizin sədri və böyük nüfuz sahibi olduğu Qoşulmama Hərəkatına üzv ölkələr buna imkan vermədilər.
Vasitəçi neytral olmalıdır. Təəssüflə qeyd etmək lazımdır ki, bəzi dövlətlər öz ermənipərəst mövqelərini aşkar şəkildə ortaya qoydular. Təbii ki, onların apardıqları bu cür qeyri-obyektiv, ədalətsiz siyasət bütün dünyaya bəlli oldu.
Azərbaycan Ordusunun şücaəti sayəsində Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının böyük hissəsi işğaldan azad edilib. Keçmiş Hadrut - indiki Xocavənd rayonunun bir hissəsi bizdədir. Ona görə də vasitəçilər artıq beş rayonun azad edilməsindən danışa bilməzlər.
Ordumuzun Ermənistana vurduğu ziyanın məbləği hazırda milyardlarla ölçülür. Belə olduqda nəinki Cənubi Qafqazın, hətta dünyanın ən kasıb ölkələrindən biri olan Ermənistanın bu gün bu qədər silah-sursatının olması məntiqsizdir. Azərbaycan Ordusu tərəfindən məhv edilən və qənimət olaraq ələ keçirilən silah-sursat faktiki olaraq Ermənistanın bir dövlət kimi sıradan çıxmasını bir daha göstərir. Ona görə də dövlətimizin başçısı döyüş zonasında məhv edilən düşmən hərbi texnikasının sayı barədə də məlumat verərək haqlı surətdə tələb edir ki, problemlər içərisində çabalayan bir ölkədə haradandır bu pul?
Bir sözlə, bu gün cənab İlham Əliyev Azərbaycan xalqının istəyini gerçəkləşdirir. Ali Baş Komandanın rəhbərliyi altında qüdrətli ordumuz işğalçılardan torpaqlarımızı azad edir. Müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmiş Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının kəndləri və Qubadlı şəhəri döyüş əzmimizi yüksəltməklə yanaşı, Qələbə ümidimizi daha da artırır.
Ali Baş Komandanın xalqa müraciətindəki qətiyyət bir daha göstərdi ki, torpaqlarımız tam azad olunmayana qədər mübarizəmiz durmayacaq. Bu yoldan bizi heç kəs döndərə bilməz. Ölkəmizin ərazi bütövlüyü bərpa ediləcək.
Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Səttar MÖHBALIYEV,
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri,
Milli Məclisin deputatı

"AZƏRBAYCAN" qəzeti 
31.10.2020-ci il