AZ | RU | EN

“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsində tələbə həmkarlar ittifaqlarının rolu mövzusunda konfrans keçirilib

11 Sep 2018

Sentyabrın 11-də ATİAHİ-nin Nabranda yerləşən “Təhsil” istirahət mərkəzində təşkil olunan “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsində tələbə həmkarlar ittifaqlarının yeri və rolu” mövzusunda konfrans keçirilib.

Konfransda giriş nitqi söyləyən ATİAHİ-nin sədr müavini Mirzə Cəfərzadə bildirdi ki, Azərbaycanda gənclərin sağlam ruhda böyüməsi, layiqli vətəndaşlar kimi yetişməsi üçün ardıcıl və sistemli tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycanda gənclər siyasəti ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ölkənin ictimai həyatının bütün sferalarında aktiv fəaliyyəti ilə seçilən Azərbaycan gəncliyi siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində də mühüm rol oynayır. Bunun özü Azərbaycanda gənclər siyasətinin dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu göstərir. Məhz dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar bu təbəqəni cəmiyyətdə aparıcı qüvvəyə çevirməkdədir.
Mirzə Cəfərzadə çıxışında qeyd edib ki, ATİAHİ Respublika Komitəsi tərəfindən gənclərlə iş bir neçə istiqamətdə aparılır. Bunlar gənclərin sosial vəziyyətinin yaxşılaşdırılması, onlar arasında kütləvi bədən tərbiyəsi və idmanın inkişafı, istedadlı gənclərin aşkara çıxarılması və qabiliyyətlərinin inkişafı üçün şəraitin yaradılması, elmə, təhsilə marağın artırılması, xalqımızın tarixinə, milli mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə edilməsi, hərbi–vətənpərvərlik tərbiyəsi işinin aparılması və digər istiqamətlərdir.
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov Prezident İlham Əliyev tərəfindən ölkədə həyata keçirilən gənclər siyasətinin gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin etdiyini deyib. Bildirib ki, bu siyasət gənclərin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, həmçinin gənclərin cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir.
Seymur Orucov Prezidentin Sərəncamı ilə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiq olunmasının dövlətimizin gənc nəslin inkişafına diqqətinin parlaq ifadəsi olduğunu vurğulayıb. Bildirilib ki, gənclər hər bir ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında mühüm rola malik bir qüvvədir. Gənclərə verilən dəstək həm də ölkənin güclü və firavan gələcəyinə edilən yatırımdır.
Tədbirdə çıxış edən digər natiqlər də ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən danışıb, gənclərin üzərinə düşən mühüm vəzifələri qeyd ediblər. Bildiriblər ki, hazırda Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqlarının (ATİAHİ) üzv təşkilatlarındakı 380 mindən çox üzvündən 130 min nəfərə yaxınını (34 faiz) 29 yaşadək gənclər təşkil edir. İttifaqın tərkibində olan 22 ali məktəb, 14 kollec, peşə məktəbi və liseylərdə 144 min 650 tələbə təhsil alır ki, onlardan da 80 minə yaxını ittifaqın üzvüdür. Bu baxımdan “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsində tələbə həmkarlar ittifaqlarının üzərinə mühüm vəzifələr düşür.
Konfrans çərçivəsində tələbələr arasında idman və intellektual yarışlar təşkil olunub.
Konfransa 19 ali təhsil müəssisəsinin 100-dən çox tələbəsi qatılıb.
“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsində tələbə həmkarlar ittifaqlarının yeri və rolu” mövzusunda konfrans sentyabrın 12-dək davam edəcək.