AZ | RU | EN
AZ | EN | RU

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının beynəlxalq təşkilatlara MÜRACİƏTİ

12 Oct 2020

Rusiya tərəfinin təşəbbüsü əsasında oktyabrın  9-10-da Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin bəyanatı qəbul edilib.

Bəyanat Rusiya Federsiyasının Prezidenti Vladimir Putinin müraciətinə cavab olaraq və Prezident Vladimir Putin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Panşinyan arasında əldə olunmuş razılığa əsasən hazırlanmışdır.

Bəyanatın birinci bəndində 2020-ci ilin 10 oktyabr tarixi, saat 12.00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsrlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunması nəzərdə tutulmuşdur.

Çox təəssüf ki, erməni tərəfi humanitar atəşkəsin elan olunmasına baxmayaraq özlərinin mənfur xislətinə uyğun olaraq atəşkəsi pozmuş, bütün cəbhəboyu-Hadrut qəsəbəsi, Fizuli və Cəbrayıl rayonları istiqamətindəki yaxın ərazilərdəki yaşayış məskənlərini atəşə tutmuşlar. Hətta Azərbaycan ordusu tərəfindən azad edilmiş Suqovuşanda ölmüş erməni əsgərlərinin cəsədləri toplanarkən erməni slahlı qüvvələri üzərinə ağ bayraq sancılmış sanitar maşınını atəşə tutmuş, nəticədə tibb işçisi ağır yaralanmışdır.  Atəşkəs rejiminin qüvvəyə mindiyi andan ermənilər tərəfindən Azərbaycan Respublikasının bir sıra rayonlarına 548 mərmi atılıb. Döyüş meydanında məğlub olması ilə barışa bilməyən erməni tərəfi dinc əhaliyə məqsədyönlü şəkildə hücum edir.

Oktyabrın 11-də gecə saat 4 radələrində cəbhə xəttindən 80 kilometr aralıda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə Ermənistanın siyasi və hərbi rəhbərliyinin göstərişi ilə raket hücumuna məruz qalmışdır. Hücum nəticəsində 9 mülki şəxs (o cümlədən 4 qadın) həlak olmuş, 34 nəfərdən çox dinc sakin isə yaralanmışdır. 1949-cu il Cenevrə konvensiyasını kobud şəkildə pozaraq dinc əhaliyə qarşı törədilən bu vəhşilik Ermənistanın XX əsrin əvvəllərindən Azərbaycan xalqına qarşı başlatdığı soyqırım siyasətinin davam etdirilməsinin sübutudur. Gəncə şəhərində  dinc sakinləri hədəfə alması Ermənistanın bu günə qədər olduğu kimi, yenə də beynəlxalq təşkilatların qəbul etdikləri qətnamə və konvensiyaları heçə saydığı anlamına gəlir.

BMT başda olmaqla Avropa Birliyi, ATƏT-in üzv dövlətləri və digər beynəlxalq təşkilatlar, bir sıra dövlətlər, o cümlədən ABŞ, Rusiya, Almaniya, Fransa (bu ölkənin prezidenti E.Makronun xüsusi canfəşanlıq etdiyini vurğulamaq gərəkir) atəşin dayandırılması ilə bağlı Azərbaycan dövlətinə və onun rəhbərinə dəfələrlə müraciətlər etmişdilər. İndi bu qurumların və dövlətlərin atəşkəs əldə olunanda Azərbaycanın dinc əhalisinə, o cümlədən Gəncə şəhərində yaşayan mülki vətəndaşlara qarşı Ermənistanın törətdiyi vəhşiliklərə biganə qalmaları təəssüf və təəccüb doğurur. İkili standartlara söykənən bu birtərəfli və ermənipərəst mövqe də tərəfimizdən başa düşülən deyildir.
Ermənistan öz ərazisindən Azərbaycanın döyüş bölgələrindən uzaq yaşayış məntəqələrini atəşə tutduğu halda, Rusiya tərəfi Ermənistan ərazisinə hücum edildiyi təqdirdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının işə qarışacağını dilə gətirir... Bu da demokratiyanın yeni təzahürüdür. Ermənistan hakimiyyətinin humanitar atəşkəsi kobudcasına pozması bu atəşkəsə çağırış edən ATƏT-in Minsk qrupunun həmsədrlərinə, ilk növbədə vasitəçi rolu oynayan Rusiyaya qarşı hörmətsizlik kimi başa düşülməlidir. Əgər bu qurumların Ermənistana heç bir təsir imkanları yoxdursa, deməli əhəmiyyəti də yoxdur.
Halbuki, insanlığa sığmayan bu hərəklərə beynəlxalq təşkilatlar, həmçinin ATƏT-in üzvü və əsas güc sahibləri olan dövlətlər təcili reaksiya verməli, Ermənistana yerini göstərməli idilər.

Ermənistan isə bundan faydalanaraq Moskvada əldə edilmiş razılaşmaya açıq-aydın hörmətsizlik göstərməklə Cənubi Qafqazı nəticələri faciəvi ola biləcək  müharibənin yeni mərhələsinə təhrik edir.
Biz - Azərbaycanda fəaliyyət göstərən həmkarlar ittifaqları təşkilatları sizləri Ermənistanın bu anti humanist, anti bəşəri hərəkətlərini – dinc əhaliyə, o cümlədən qadınlara, uşaqlara, əlillərə, qocalara qarşı törətdikləri vəhşilikləri dayandırmaq üçün öz nüfuzumuzdan istifadə etməklə müvafiq addımlar atmağa çağırırıq.
Ermənistanın bütün dünyanın gözü  qarşısında bu qədər müharibə cinayətləri törətməsi onlar üçün yaradılan cəzasızlıq mühitindən irəli gəlir. İnsani dəyərlərə söykənən beynəlxalq hüquq və beynəlxalq humanitar qanunların, konvensiyaların tələblərinə əməl edilməməsinə qarşı mübarizə aparılmasında yalnız bir standart – ədalət standartı olmalıdır. Ermənistan tərəfindən addımbaşı bu prinsiplərin pozulmasına biganəlik göstərilməsi isə bəşəri dəyərlərin əsaslarını laxladır.

Hesab edirik ki, siz bizim haqq səsimizi eşidərək Ermənistanın Azərbaycanın dinc sakinlərinə, o cümlədən Gəncə şəhərində yaşayan  mülki əhaliyə qarşı həyata keçirdiyi vandalizm hərəkətlərini qətiyyətlə  pisləyəcək, işğalçının cəzalandırılması üçün lazımi addımlar atacaqsınız.
 
Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyası
12.10.2020-ci il

FAYDALI KEÇİDLƏR