Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Amnesty İnternational” təşkilatına etiraz müraciəti
07 Oct 2020
Oktyabrın 5-də “Amnesty İnternational” təşkilatı özünün veb-saytında qərəzli, təhrif olunmuş, birtərəfli faktlara söykənən bəyanat yayıb. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “Amnesty İnternational” təşkilatının əsil həqiqətdən uzaq olan bəyanatını qətiyyətlə pisləyir və bu bəyanata öz etirazını bildirir.
Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının
mülki əhalisini, yaşayış məntəqələrini atəşə tutması dünya ictimaiyyətinə məlumdur
və bu real faktı heç kim inkar edə bilməz.
Biz bu reallıqları görmək istəməyən və bilərəkdən təhrif edən
“Amnesty İnternational” təşkilatına və həmin xislətdə olanlara bir daha xatırlatmaq
istəyirik ki, məhz Ermənistan silahlı qüvvələrinin
açdığı atəşlər nəticəsində Azərbaycan tərəfindən mülki şəxslər, hərbi qulluqçilar
arasında ölən və yaralananlar vardır. Dinc mülki əhalinin yaşadığı şəhər və rayonlarda,
kənd və qəsəbələrdə mülki obyektlər, yaşayış evləri, xəstəxanalar, məktəb binaları,
kənd təsərrüfatı sahələri mütəmadi olaraq atəşə məruz qalır. Sentyabrın 27-dən indiyədək
27 mülki şəxs həlak olub, 141 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, evlər, infrastruktur obyektlər dağıdılıb.
Reallığa göz yumaraq az qala “timsah göz yaşları” axıdan adıçəkilən
təşkilata bildirmək istəyirik ki, Azərbaycanın Gəncə, Mingəçevir kimi iri sənaye
şəhərləri, Beyləqan, Tərtər, Goranboy, Bərdə və digər rayonları Ermənistan silahlı
qüvvələri tərəfindən istifadəsi qadağan edilmiş raket və qurğulardan atəşə tutulub.
Ermənistanın Bakı-Tbilisi-Ceyhan neft kəmərinə kaset tipli raketlər atması ilə Avropanın
enerji təhlükəsizliyinin nə dərəcədə təhdidə məruz qalmasını da yəqin ki, dərk etməmiş
deyilsiniz.
Azərbaycanın Silahlı Qüvvələri ölkənin ərazi bütövlüyünü bərpa
etmək və yalnız düşmənin döyüş hədəflərinə zərbə endirmək üçün öz torpağında
vuruşur. Ordu mülki obyektlərə və əhaliyə atəş açmır və döyüş sursatından tam
istifadə etmir.
Tarixin qan yaddaşına həkk edilmiş bəzi faktları sizə xatırlatmaq,
fikrimizcə, yerinə düşər. 30 ilə yaxın müddət ərzində Azərbaycanın tarixi torpaqlarının
erməni tapdağı altında qalması, minlərcə insanın, qoca, körpə, qadın, fərq qoyulmadan
vəhşicəsinə qətlə yetirilməsi, hələ də aqibəti məlum olmayan yüzlərcə girov
götürülmüş vətəndaşımızın acı talelərinə dair faktları ya unutmusunuz, ya da sizi
belə, insanlığa zidd, faktlar maraqlandırmır. Əgər maraqlandırsaydı 1992-ci ildə
baş verən və bütün tərəqqipərvər dünyanı sarsıdan Xocalı qətliamına reaksiya verərdiniz.
Sizin belə birtərəfli, qərəzli mövqe tutmağınız ilk növbədə özünüzə zərər gətirir.
Ən azı təşkilatınızı nüfuzdan salır. Onsuz da biz artıq Sizin ermənipərəst mövqeyinizə
adət etmişik.
Haqq, ədalət carçısı kimi tanıtmağa çalışdığınız təşkilatın
reytinqini bərpa etmək istəyirsinizsə, Sizə hadisələrə obyektiv yanaşmağı və beynəlxalq
standartlara riayət etməyi, gec də olsa siyasi sifarişləri yerinə yetirməməyi tövsiyə
edirik.
Ermənistanın sentyabrın 27-də başladığı növbəti təcavüzü beynəlxalq
hüququn fundamental norma və prinsiplərinin: Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın
işğal olunmuş ərazilərindən qeyd-şərtsiz tam çıxarılmasını tələb edən Birləşmiş
Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü il tarixli, 822, 853,
874 və 884 saylı qətnamələrinin, beynəlxalq hümanitar hüququn, o cümlədən 1949-cu
il Cenevrə konvensiyalarının və onlara əlavə protokolların kobud şəkildə pozulması
deməkdir. Bəlkə bu Qətnamələrdən də xəbəriniz yoxdur!
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası adından bir
daha “Amnesty İnternational” təşkilatının rəhbərliyinin diqqətinə çatdırmaq istəyirik
ki, insan hüquqlarının müdafiəçisi məramını daşıyan təşkilata belə qeyri-obyektivlik və məlumatlara birtərəfli
yanaşmaq yaraşmır və hərəkətləriniz ancaq nifrət hissi yaradır. Haqqın və ədalətin
yanında olun.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası