AZ | RU | EN
AZ | EN | RU

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının BƏYANATI

28 Sep 2020

2020-ci il sentyabrın 27-də sübh tezdən Ermənistan Silahlı Qüvvələrinin hərbi bölmələri bütün cəbhəboyu hərbi təxribat törətmişdir. Cəbhəboyu ərazidə yerləşən dinc əhalinin məskunlaşdığı kəndlər iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutulub.  

Ermənistan silahlı qüvvələri tərəfindən cəbhəyanı ərazilərdə mülki əhalinin və obyektlərin atəşə tutulması qəsdən və hədəflənmiş növbəti təxribatdır. Bu təxribat nəticəsində mülki əhali və hərbi qulluqçular arasında həlak olan və yaralananlar var, çoxsaylı evlərə və mülki obyektlərə ciddi ziyan dəymişdir.

Ölkə Prezidenti möhtərəm İlham Əliyev cənabları Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 75-ci sessiyasında çıxışında da Ermənistanın hücuma hazırlaşdığını qeyd edərək demişdir ki, «Ermənistanın baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşlardan ibarət silahlandırılmış mülki könüllülər dəstələrinin yaradılmasını elan etmişdir. Ermənistanın müdafiə naziri «yeni ərazilər uğrunda yeni müharibəyə» çağırır. Ermənistan rəhbərliyinin düşməncəsinə verilən Azərbaycanofob bəyanatları və edilən təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdığını nümayiş etdirir».

Ermənistan rəhbərliyinin növbəti hərbi təxribatı onun sülh, əmin-amanlıq, təhlükəsizlik kimi dəyərlərə düşmən kəsildiyini bir daha əyani şəkildə sübuta yetirir. İşğal etdiyi Azərbaycan torpaqlarını azad etmək haqqında BMT Təhlükəsizlik Şurasının, müxtəlif beynəlxalq təşkilatların soxsaylı qətnamələrinə və çağırışlarına məhəl qoymayan Ermənistan nəinki Cənubi Qafqazda, eləcə də bütün dünyada sülhə və təhlükəsizliyə ən böyük təhlükəyə çevrilmişdir.

Erməni tərəfinin təmas xəttində və sərhəd zonalarında vaxtaşırı qanlı təxribatlar törətməsi pis adət halını almışdır. Erməni rəhbərliyi birinci dəfə deyildir ki, öz ölkəsi daxilində üzləşdiyi və qarşısında aciz qaldığı ağır problemlərdən sərhəddə və ya təmas xəttində iyrənc hərbi təxribatlar törətməklə yaxa qurtarmağa çalışır. Ağır epidemioloji vəziyyətdən və sosial-iqtisadi sıxıntılardan cana doymuş xalqın qəzəbindən yayınmaq üçün Paşinyanın diktatura rejiminin hərbi təxribatlara əl atması onun yürütdüyü siyasətin Ermənistanın əvvəlki xunta rejimlərinin yürütdüyü siyavətdən azacıq da olsa fərqlənmədiyinin göstəricisidir.

Bu gün Azərbaycan ordusu dünyanın ən qüdrətli orduları sırasında yer alır və düşmənin istənilən həmləsinin qarşısını almaq, ona öldürücü zərbə endirmək gücündədir və bunu inamla həyata keçirir. Rəşadətli Azərbaycan ordusunun apardığı əks-hücum əməliyyatı nəticəsində düşmənin ön xətti yarılmış,  bir sıra kəndlər işğaldan azad edilmiş, xüsusi əhəmiyyət kəsb edən strateji yüksəkliklər ələ keçirilmişdir. Düşmən hərbi silah-sürsatı ataraq geri çəkilməyə məcbur edilmişdir. İnanırıq ki, bu qələbələrin davamı gələcəkdir.

Biz Azərbaycan həmkarlar ittifaqları olaraq Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qaşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyir, onun ətrafında sıx birləşdiyimizi bəyan edirik. Şərəfli tarixi olan ordumuzla qürur duyuruq. Milyon yarım həmkarlar ittifaqları üzvləri ölkə Prezidenti, Ali Baş Komandan möhtərəm İlham Əliyev cənablarının yanındadır və yolundadır!!!

ПОЛЕЗНЫЕ ССЫЛКИ