Azərbaycan həmkarlar ittifaqlarının üzvlərinə
17 Oct 2020
Bu gün Azərbaycanda ən böyük qeyri-hökumət təşkilatı olan Azərbaycan həmkarlar ittifaqlarının yaranmasının 115-ci ildönümü tamam olur. Bu münasibətlə bütün həmkarlarımızı təbrik edirik.
Təşkilatımızın əsası 1905-ci il oktyabrın
17-də Bakıda konka (at-dəmir yolu) fəhlə və qulluqçularının ilk həmkarlar ittifaqı
təşkilatının təsisatı ilə qoyuldu. Həmin ilin noyabrından başlayaraq ondan yuxarı
peşə adamları ilk həmkarlar ittifaqları sıralarında təşkilatlanmağa başladı. Beləliklə,
get-gedə kütləvi hal alan həmkarlar ittifaqları hərəkatı işləyən insanların, onların
ailə üzvlərinin sosial, əmək problemlərinin həllində təsir gücünə malik quruma çevrildi.
Azərbaycan həmkarlar ittifaqları müxtəlif
ictimai quruluşlar şəraitində fəaliyyət göstərsə də həmişə öz missiyasına sadiq
qalmış, işçi əhali arasında böyük nüfuz sahibi olmuşdur. Xüsusilə keçən əsrin 70-80-ci
illər təşkilatımızın tarixinə qızıl hərflərlə yazılmışdır. Ümummilli lider Heydər
Əliyev həmin illərdə xalqımızın rifah halının yüksəldilməsi, işçilərin hüquqlarının
etibarlı müdafiəsi işində həmkarlar ittifaqının əvəzsiz imkanlara malik olduğunu
nəzərə alaraq təşkilatımıza etimad və etibar göstərmişdir. Böyük dövlət xadiminin
bu münasibəti xalq arasında təşkilatımıza inamı daha da artırdı və sıralarına axını
gücləndirdi.
Sovet sisteminin dağılması və hələ yeni iqtisadi
münasibətlərin formalaşmadığı qısa vaxt kəsiyində həmkarlar ittifaqı böyük təzyiqlərə
məruz qalsa da varlığını qoruyub saxlaya bildi. Hakimiyyət hərislərinin həmkarlar
ittifaqına qarşı hücumlarını xalq dəstəkləmədi. Bu hücumlardan qalib çıxmaqda təşkilatımızın
yetişdirdiyi kadrların da cəsarəti, peşəkarlığı mühüm rol oynadı. Heydər Əliyevin
ikinci dəfə xalqın tələbi ilə hakimiyyətə nicat məramlı qayıdışı həmkarlar ittifaqına
ikinci həyat bəxş etdi. 1994-cü ildə «Həmkarlar ittifaqı haqqında» qanunun qəbul
edilməsi təşkilatımıza missiyasını tam gücü ilə həyata keçirməyə yol açdı.
Ulu öndərin iqtisadi, sosial siyasətinə sadiq
qalan, onu uğurla yeni tələblər səviyyəsində davam etdirən Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin cəmiyyətin bütün sferalarında apardığı islahatların
daimi iştirakçıları sırasında həmkarlar ittifaqının da öz layiqli yeri var.
Həmkarlar ittifaqları bütün sosial layihələrin
iştirakçısı və qanunvericilik bazasının təkmilləşdirilməsində dövlət qurumları ilə
tərəfdaşdır. AHİK bu gün Respublika hökuməti Azərbaycan Respublikası Sahibkarlar
(İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə birgə yaradılmış üçtərəfli komissiyada uğurla fəaliyyət göstərir.
Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları
Milli Konfederasiyası arasında Baş Kollektiv Saziş bağlanılmaqla orada ölkənin sosial-iqtisadi
inkişafı ilə bağlı tərəflər müxtəlif öhdəliklər götürməklə yanaşı, işçilərin sosial-iqtisadi
hüquqlarının müdafiəsi, onların əməyinin və sağlamlığının mühafizəsi, işçilərin
asudə vaxtlarının təşkili və digər məsələlər barədə də öhdəliklər götürürlər. Tərəflər
götürülmüş öhdəlikləri icra etməklə işçilərin sosial problemlərinin həllinə öz töhfələrini
vermiş olur. Bu gün Azərbaycan həmkarlar ittifaqları nəinki öz üzvlərinin, həmçinin
həmkarlar ittifaqı üzvü olmayan işçilərin hüquq və mənafelərini qətiyyətlə müdafiə
edir. Bu isə o deməkdir ki, işçilərin sosial hüquqlarının müdafiə edilməsində həmkarlar
ittifaqları ölkədə fəaliyyət göstərən digər sosialyönümlü təşkilatlarla birlikdə
ön sıralarda dayanmaqdadır.
Qətiyyətlə deyə bilərik ki, işçilərin hüquqlarının
müdafiəsi ilə bağlı qanunvericilik aktlarının beynəlxalq standartlar səviyyəsində
mövcud olmasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası xüsusi paya malikdir.
Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının təşəbbüsü və təklifi ilə son bir neçə ildə
Əmək Məcəlləsinə və digər hüquqi aktlara işçilərin əmək və sosial hüquqlarının
müdafiəsi baxımından xüsusi əhəmiyyət kəsb edən bir sıra əlavə və dəyişikliklər
edilmişdir. Bizim üçün fəxrdir ki, bütün bu təşəbbüs və təkliflərimiz Respublika
Prezidenti cənab İlham Əliyevin xeyir-duası ilə reallaşmışdır.
Hörmətli həmkarlar!
Xalqımız, dövlətimiz son vaxtlar daha bir
sınaqla üzləşib «COVID-19» pandemiyası ölkəmizdə də fəsadlar törətməkdə, iqtisadiyyatımıza
ziyan vurmaqda, insanlarımızın sağlamlığına zərər gətirməkdədir. Dövlət strukturları
ilə yanaşı həmkarlar ittifaqı da bu gözəgörünməz, təhlükəli virusa qarşı mübarizədə
xalqımızın yanındadır. İş yerlərində əsassız ixtisarlara, əməkhaqlarının, müavinətlərin
ödənilməsinə ciddi ictimai nəzarəti həyata keçirir, imkansız və ya aztəminatlı insanlara
maddi yardımlar göstərir.
Sentyabrın 27-də Ermənistanın törətdiyi silahlı
təxribata qarşı Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
altında qəhrəman ordumuzun başladığı əks-hücum əməliyyatları hamı kimi ittifaqımızın
üzvlərində də 30 illik işğala son qoyulacağına inam yaratmışdır. Biz bütün qüvvəmizi,
imkanlarımızı bu qələbəyə səfərbər etmişik.
Mən bir daha Sizi: bütün həmkarlar ittifaqı
üzvlərini, əməkdaşlarını təşkilatımızın yaradılmasının 115 illik, yubileyi münasibətilə
təbrik edirəm, hamınıza işçilərin sosial-iqtisadi hüquqlarının müdafiəsi istiqamətində
həyata keçirdiyiniz işlərdə müvəffəqiyyətlər arzulayırıq.
AHİK-in İcraiyyə Komitəsi