Azərbaycan terrorizmə qarşı mübarizə səylərini davam etdirir
05 Oct 2020
Bu gün Azərbaycan terrorçuluğa qarşı beynəlxalq mübarizə sahəsində qlobal səylərə fəal töhfə verməyə davam etməkdədir. ABŞ-da törədilmiş 11 sentyabr 2001-ci il terror hadisələrindən sonra Azərbaycan terrorçuluğa qarşı beynəlxalq koalisiyanın fəal üzvlərindən birinə çevrilmişdir. Bu istiqamətdə beynəlxalq çağırışlara cavab olaraq Azərbaycan Respublikası öz hava məkanını və hava limanlarını Əfqanıstanda Əl-Qaidə və Talibana qarşı mübarizə aparan beynəlxalq antiterror koalisiyasının üzvlərinə açmışdır.
Azərbycanın ötən dövr ərzində antiterror koalisiyası qüvvələri ilə birgə Əfqanıstanda və İraqda birgə fəaliyyəti beynəlxalq terrorizmə qarşı mübarizədə bariz nümunədir. Bu gün ölkəmiz beynəlxalq əməkdaşlığı terrorçuluğa qarşı mübarizədə ən mühüm komponentlərdən biri olaraq qəbul edir.
Digər ölkələrlə imzalanan ikitərəfli, üçtərəfli və çoxtərəfli sazişlərlə yanaşı, Azərbaycan terrorçuluğa qarşı mübarizə sahəsində regional və beynəlxalq əməkdaşlıq mexanizmlərində fəal iştirak edir. Bu istiqamətdə, xüsusilə, BMT-nin Terrorçuluğa qarşı mübarizə üzrə Ofisi, ATƏT-in Transmilli Təhdidlər Departamenti, Avropa Şurasının Terrorçuluğa qarşı mübarizə üzrə Ekspertlər Qrupu (CODEXTER), eləcə də GUAM, Avropa İttifaqı, MDB, Şanxay Əməkdaşlıq Təşkilatı və digərlərini qeyd etmək lazımdır.
Azərbaycan terrorçuluğa qarşı mübarizə sahəsində öz daxili qanunvericiliyini mövcud beynəlxalq öhdəliklərə uyğunlaşdırmaq məqsədilə müntəzəm əsasda nəzərdən keçirir və zəruri əlavə və dəyişikliklər edir. Ölkəmiz hazırda terrorçuluğa qarşı mübarizə üzrə mövcud 12 beynəlxalq konvensiyanın hamısına tərəf olaraq qoşulmuşdur. Ölkə qanunvericiliyi həmin beynəlxalq konvensiyalara uyğunlaşdırılmışdır.
Hazırda terrorçuluğa qarşı mübarizədə başlıca problemlərdən biri ölkə ərazilərinin Ermənistan tərəfindən işğalının davam etdirilməsidir. İşğal olunmuş ərazilər milli və beynəlxalq nəzarətdən kənarda qaldığı üçün cinayətkar qruplaşmaların öz qanunsuz əməllərini sərbəst törədə bilmələri üçün əlverişli şərait yaradır. Həmin ərazilərdə həyata keçirilən cinayətkar əməllərdən əldə olunan gəlirlərin dünyanın müxtəlif hissələrində həyata keçirilən terror fəaliyyətinin maliyyələşdirilməsinə sərf olunma riski var.
Azərbaycan 1980-ci illərdən etibarən terrora məruz qalmış ölkədir. Bu baxımdan, terrorçuluq problemi respublikamız üçün yeni bir anlayış deyil.
Ermənistanın, bilavasitə təşəbbüsü, təşkilatçılığı və iştirakı ilə ərazimizdə törədilmiş, minlərlə insan itkisinə səbəb olan terror fəaliyyətinə dair kifayət qədər əsaslı dəlillər mövcuddur. 1980-ci illərin sonlarından etibarən Azərbaycan ərazilərinə iddialarını irəli sürmüş və ölkəmizin ərazi bütövlüyünə qarşı güc tətbiq etmiş Ermənistan dəfələrlə terror aktları törətmişdir. Təəssüf ki, bu terror aktlarının təşəbbüskarları və iştirakçıları hələ də azadlıqdadır və hələ də qanun qarşısında cavab verməmişlər.
Tarixə nəzər salsaq, yetərli siyasi və hərbi gücün olmadığı bir zamanda erməni terrorizmi, ilk başladığı dövrdən etibarən dünyanın hər yerinə səpələnmiş ermənilər üçün vahid yaşayış məkanının yaradılması naminə resursların və ərazilərin ələ keçirilməsi üçün effektiv vasitə kimi istifadə edilmişdir. İlk erməni siyasi institutları olan Armenikan (1885), Hnçak (1887) və Erməni İnqilabi Federasiyası-Daşnaksütun/EİFD (1890) terroru düşmənləri ilə mübarizə üçün zəruri vasitə və erməni etnosunun, erməni Qriqorian kilsəsinin etnik-dini təriqətindən dövlətçiliyə malik monoetnik millətə çevrilməsində birləşdirici bir vasitə kimi tanımış və istifadə etmişlər.
Geniş erməni icması arasında böyük dəstək alan erməni terrorizmi qarşısına çıxan öz və digər etnik qrupların nümayəndələri də daxil olmaqla, hər kəsə əsl nifrət və nifaqın təzahürünü nümayiş etdirərək yadda qalmışdır. Bunun bariz nümunəsi 1905-ci ildə və 1918-ci ilin martında azərbaycanlılara qarşı törədilən amansız qətliam olmuşdur. 1918-ci ildə azərbaycanlılar ən sevilən milli bayramı - Novruz bayramını qeyd edərkən, EİFD-nin minlərlə silahlı terrorçusu Azərbaycanın şəhər və kəndlərinə basqın etmiş və mülki əhalini misilsiz qəddarlıqla qətliama məruz qoymuşdur. Həmin günlərdə 20 000 dinc azərbaycanlı həlak olmuş, 167 kənd dağıdılmış, onlardan 35-i tamamilə yerlə-yeksan edilmişdir.
Erməni terrorçularının etnik soyqırım1980-ci illərin ikinci yarısı Azərbaycan ərazisində əsasən sərnişin avtobuslarının və metro qatarlarının partlayışları ilə müşahidə olunan terror aktları ilə qeydə alınmışdır.
1991-ci ildə Ermənistan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycana qarşı ərazi iddialarının irəliləməsində terrora dövlət səviyyəsində bəraət qazandırmış və Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, həmçinin yeddi ətraf rayonun işğalı və ilhaqında terror vasitələrindən geniş istifadə etmişdir. Erməni diasporu və Xüsusi Təhlükəsizlik Xidməti orqanlarının maliyyəsi və təchizatı ilə Livan, Suriya, İran, Rusiya, Ukrayna, Yunanıstan, Bolqarıstan, Fransa və ABŞ-da yaşayan 6000-dən çox erməni Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinin hərbi işğalında fəal iştirak etmiş və bir milyondan çox azərbaycanlını öz evlərindən didərgin salmışlar.
Ermənistanın Azərbaycan xalqına qarşı törədilmiş terror aktlarının ən dəhşətlisi 26 fevral 1992-ci ildə bir gecədə 613 azərbaycanlı, o cümlədən 106 qadın və 63 uşaq vəhşicəsinə qətlə yetirildiyi Xocalı şəhərində baş vermişdir. Memorial İnsan Hüquqları Mərkəzi və “Human Rights Watch” təşkilatı Xocalı soyqırımını mülki əhaliyə qarşı törədilən ən qəddar faciələrdən biri olduğunu bəyan etmişlər.
Xüsusi diqqəti cəlb edən məqam ondan ibarətdir ki, Ermənistanın sabiq prezidentləri Serj Sarqsyan və Robert Koçaryan Azərbaycan ərazilərinin işğalında iştirak edən, orada törədilən qətl və qəddarlıqlara bilavasitə rəhbərlik edən hərbi komandirləri olublar.
Cəbhə və dövlət sərhədi yaxınlığında törədilmiş erməni terror aktlarının ən son qurbanları arasında Ağdamdan 5 yaşlı oğlan, Tovuzdan 13 və Füzulidən 2 yaşlı qız uşaqlarını və ən son olaraq 2020-ci il oktyabrın 4- də Ermənistan ərazisindən cəbhədən kənar mülki obyektləri raketlə hədəf alınması nəticəsində Ağcabədidən 14 yaşlı oğlanının qətlə yetirilməsini qeyd etmək olar.
İfrat millətçilik əhval-ruhiyyəsindən doğan və "böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni terrorizmi daim ermənilərin dəyişən siyasi məqsədlərinə cavab verməyə uyğunlaşdırılmışdır. XIX əsrin sonlarında yaranmış və XX əsrin ortalarında sürətlə artan erməni terrorizmi Avropa, Asiya, Amerika və hətta Avstraliya da daxil olmaqla dörd müxtəlif qitədə baş verən 200-dən çox terror aktı ilə region ölkələri və onun hüdudlarından kənarda əsas təhlükəyə çevrilmişdir. Erməni millətçilik ruhunun hər bir kəskinləşmə mərhələsində daim terror və zorakılıqdan istifadə olunduğunu nəzərə alaraq, bu etnik terror halının həm regional, həm də beynəlxalq səviyyədə sülh, təhlükəsizlik və sabitlik naminə aradan qaldırılması üçün vaxtında zəruri tədbirlər görülməlidir.
2020-ci il sentyabrın 27- dən başlayaraq Azərbaycan Ordusu işğal altında olan ərazilərin işğalçılardan azad olunması məqsədilə hərbi əməliyyatlar aparır. Bu əməliyyatlar beynəlxalq terrorizmə qarşı mübarizə nümunələrindəndir. Dovlət Terrorizmi özünün dövlət siyasətinə çevirən Ermənistan bu gün cəbhədə Azərbaycan Ordusuna qarşı Suriya, Livan və digər olkələrin ərazisinda terror fəaliyyəti ilə məşğul olmuş terror dəstələrindən istifadə edir və bu faktlat təksibedilməz dəlillərlə öz təsdiqini tapmışdır. Bütün bu faktlar Ermənistan və qondarma “Dağlıq Qarabağ respublikası”nın rəhbərləri tərəfindən dilə gətirilmişdir.
Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq bu gün də dinc əhaliyə qarşı terror əməllərini davam etdirir. Düşmənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri ağır artilleriyadan atəşə tutması nəticəsində indiyədək ümumilikdə mülki əhalidən 78 nəfərdən çoxu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilmiş, 23 nəfər şəxs isə həlak olmuşdur.
Bundan başqa, Ermənistan hərbi birləşmələri bu günə kimi döyüş zonasından kənarda yerləşən Beyləqan, Ağcabədi, Bərdə, Goranboy, Tərtər, Daşkəsən, Şəmkir, Tovuz, Gəncə, Naftalan, Mingəcevir və xüsusən ölkəmizin paytaxtına yaxın olan Abşeron və Xızını- orada əhalinin kompakt olduğu məntəqələri - rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təssərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.
Düşmənin artilleriya atəşləri nəticəsində müxtəlif obyektlərə, o cümlədən mülki obyektlərə, fərdi və çoxmənzilli yaşayış evlərinə, təsərrüfatlara, infrastruktur obyektlərinə dəyən ziyanaradan qaldırılır, baş verən yanğınlar dərhal söndürülür və bu məqsədlə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, tibb işçiləri gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər.
Ermənistan tərəfindən məqsədli şəkildə Azərbaycan xilasediciləri, yanğınsöndürənləri, tibb işçiləri, yerli və xarici jurnalistlər atəşə məruz qoyulmaqdadır.