AZ | RU | EN
AZ | EN | RU

Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2014-2015-ci illər üçün Baş Kollektiv Sazişin bağlanması haqqında

04 Aug 2014

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası qərara alırlar:

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 36-cı maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2014-2015-ci illər üçün Baş Kollektiv Saziş bağlanılsın (əlavə olunur).

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Səttar Mehbalıyev,

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri

 

Məmməd Musayev,

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasının prezidenti

 

Azərbaycan Respublikasının Nazirlər

Kabineti,  Azərbaycan Həmkarlar

İttifaqları Konfederasiyası və

Azərbaycan Respublikası Sahibkarlar

(İşəgötürənlər) Təşkilatlarının Milli

Konfederasiyası  arasında 2014-cü il

10 iyultarixli  227 nömrəli  qərarla

bağlanmışdır

 

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlarİttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar(İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında2014-2015-ci illər üçün

 

BAŞ  KOLLEKTİV  SAZİŞ

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (bundan sonra – Tərəflər) mövcud beynəlxalq və ölkə qanunvericiliyinə əsaslanaraq sosial-iqtisadi siyasəti və sosial-əmək münasibətləri üzrə 2014-2015-ci illər üçün razılaşdırılmış mövqelərini və birgə fəaliyyətlərini müəyyən edən  Baş Kollektiv Saziş (bundan sonra - Saziş) bağlayırlar.

Tərəflər hesab edirlər ki, Saziş bağlanılan müddətdə ölkə iqtisadiyyatının  rəqabət qabiliyyətinin və  əmək məhsuldarlığının yüksəldilməsinə, stabil məşğulluğa və əmək bazarının səmərəli infrastrukturunun inkişafına, iş yerlərinin təhlükəsizliyinə kömək edəcək şəraitin yaradılmasına, işçilərin və onların ailələrinin yaşayışının keyfiyyətinin artırılmasına, yoxsulluğun  azaldılması istiqamətində tədbirlərin davam etdirilməsinə, sosial və makroiqtisadi sabitliyin qorunub saxlanılmasına və əhalinin sosial müdafiəsinin təmin edilməsinə istiqamətlənən sosial-iqtisadi siyasətin həyata keçirilməsi Sazişin prioritet məqsədlərini təşkil edir.

Saziş sosial tərəfdaşlıq sisteminin tərkib hissəsidir və sahə tarif sazişlərinin işlənilməsi və bağlanılması üçün əsas təşkil edir.

Tərəflər qarşılıqlı əlaqələrin sosial tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdirilməsinə, sosial-əmək münasibətlərinin sosial dialoq, kollektiv müqavilələr və sazişlər vasitəsilə tənzimlənməsinəçalışacaqlarını və Baş Kollektiv Sazişlə müəyyən edilən öhdəlik və sövdələşmələrə riayət edəcəklərini bəyan edirlər.

  1. 1. İqtisadi siyasət sahəsində

 

Tərəflər hesab edirlər ki, yaxın gələcəkdə dövlətin sosial-iqtisadi siyasəti iqtisadi inkişafın dayanıqlılığının, istehsalatın modernləşdiril-məsinin və rəqabət qabiliyyətinin yüksəldilməsi, innovasiya fəallığının və insan kapitalına investisiyaların stimullaşdırılması, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, yeni layiqli iş yerlərinin yaradılması, yoxsulluğun azaldılması, əhalinin rifahının artırılması əsasında təmin edilməsinəistiqamətləndirilməlidir.

Bu məqsədlə Tərəflər aşağıdakı öhdəlikləri götürürlər:

1.1. iqtisadiyyatın, o cümlədən xidmət sahələrinin modernləşdiril-məsinə kömək etmək;

1.2. iqtisadiyyatın innovativ inkişaf modelinə keçidini sürətlən-dirmək;

1.3. iqtisadiyyatın yüksək texnoloji və infrastruktur sahələrinin inkişaf etdirilməsinə diqqəti artırmaq;

1.4. iqtisadiyyatın prioritet sahələrinin dəstəklənməsi üzrə kompleks tədbirləri həyata keçirmək;

1.5. ölkənin Ümumdünya Ticarət Təşkilatına daxil olması üçün səyləri davam etdirmək;

1.6.sosial-iqtisadi inkişafın uzunmüddətli proqnozlaşdırma sistemini təkmilləşdirmək, onun keyfiyyətini artırmaq;

1.7. əməyin məhsuldarlığının artırılmasına yönəldilən tədbirləri stimullaşdırmaq;

1.8. bazar iqtisadiyyatı şəraitində istehsal həcminin artırılmasında və yeni iş  yerlərinin yaradılmasında əsas amil olan kiçik və orta sahibkarlıq subyektləri üçün dövlət maliyyə dəstəyini davam etdirmək, bu dəstəyin səmərəli təşkil olunması məqsədi ilə dövlət-sahibkar münasibətlərinin digər institusional mexanizmlərini daha da təkmilləşdirmək;

1.9. yerli məhsulun istehsal həcmini, əməyin səmərəliliyini, malların keyfiyyətini və rəqabət qabiliyyətini yüksəltmək məqsədi ilə yerli istehsalçılara hərtərəfli yardımı artırmaq, qanunvericilik və beynəlxalq hüquq normaları əsasında daxili və xarici bazarlarda ölkənin yerli istehsalçılarının mənafelərini müdafiə etmək, istehsal olunmuş hazır məhsulun dünya bazarlarına  ixracını stimullaşdıran tədbirlər sistemini gücləndirmək;

1.10. regionların inkişafı, yeni iş yerlərinin yaradılması məqsədi ilə hər bir şəhər (rayon) üzrə əmək və təbii resursları, iqtisadi potensialı və infrastrukturu əks etdirən məlumat banklarının yaradılmasını başa çatdırmaq və bu informasiya mənbələri haqqında məlumatın yayılması üçün tədbirlər görmək;

1.11. iqtisadiyyatın bütün sahələrində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsinə  dəstək vermək;

1.12. qeyri-formal iqtisadiyyatın həcminin azaldılması və real sektora yönəldilməsi istiqamətində tədbirləri davam etdirmək;

1.13. korrupsiya əleyhinə fəaliyyəti gücləndirmək;

1.14. dövlət büdcəsinin gəlir və xərclərinin Ümumi Daxili Məhsulda xüsusi çəkisinin optimallaşdırılması istiqamətində işləri davam etdirmək;

1.15. ölkənin ərzaq təhlükəsizliyi baxımından kənd təsərrüfatı istehsalının inkişafını, bu istiqamətdə aparılan tədbirlərin gücləndirilməsini, onların daha çevik həyata keçirilməsini, onun idarəçiliyinin və strukturunun təkmilləşdirilməsini, daxili bazarın dolğun təminatını, xarici bazarlara çıxış imkanlarının gücləndirilməsini təmin etmək;

1.16. gənclərin və qadınların sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün səyləri artırmaq;

1.17. təbii inhisarçıların xidmətlərinə və məhsullarına qoyulan qiymətlərə (tariflərə) yenidən baxılması prosesində üçtərəfli məsləhətləşmələrdən istifadə etmək;

1.18. istehlak bazarında qiymətlərin əsassız artmasına təsir göstərən inhisarçılığın, rəqabətin məhdudlaşdırılması, bazarların bölüşdürülməsi, razılaşdırılmış yüksək qiymətlərin tətbiq edilməsi hallarının qarşısının alınması üçün birgə monitorinqlər aparmaq və onların nəticələrini geniş ictimaiyyətə çatdırmaq;

1.19.  ipoteka kreditlərinin verilməsi şərtlərinin sadələşdirilməsinə nail olmaq və onun üzərində birgə nəzarəti təşkil etmək;

1.20. transmilli şirkətlərdə, xarici sərmayə ilə işləyən və müştərək müəssisələrdə çalışan işçilərin hüquqlarının qorunması ilə bağlı birgə iş aparmaq;

1.21. ölkəyə gətirilən ərzaq və qeyri-ərzaq mallarının keyfiyyəti üzərində nəzarət mexanizmini gücləndirmək;

1.22. institusional, idarəetmə və struktur islahatlarını davam etdirmək;

1.23. inflyasiyanın məqbul səviyyədə saxlanılması məqsədi ilə müvafiq tənzimləmə üsullarından fəal istifadə etmək;

1.24. ölkənin qeyri-neft sektoruna xarici investisiyaların miqyasını daha da genişləndirmək məqsədi ilə xarici investorlar üçün stimullaşdırıcı mexanizmlər üzrə təkliflər hazırlamaq;

1.25. Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin qəbul olunmasınınsürətləndirilməsi üçün təsirli tədbirlər görmək;

1.26. idxalı əvəz edəcək və ixracyönlü məhsulların istehsalını və ixracını stimullaşdıran tədbirləri həyata keçirmək;

1.27. torpaqların münbitliyinin qorunması və artırılmasına dair tədbirlər planının hazırlanması və həyata keçirilməsinə nəzarəti gücləndirmək, şoranlaşmış, eroziyaya uğramış torpaqlarda sağlamlaşdırma tədbirlərini həyata keçirmək.

Tərəflər iqtisadiyyatın bütün sahələrində Ümumi Daxili Məhsulun aşağıda qeyd olunan real artım göstəricilərininproqnozlaşdırılmasını zəruri hesab edirlər:

- 2014-cü ildə 4,3 faiz, 2015-ci ildə 6,5 faiz, o cümlədən sənaye istehsalında müvafiq olaraq 2,2 faiz və 2,9 faiz;

- kənd, meşə və balıqçılıq təsərrüfatlarında 5,9 faiz və 5,4 faiz;

- əhalinin pul gəlirləri 6,8 faiz və 6,6 faiz.

 

2. Əməyin ödənilməsi, əhalinin gəlirləri və həyat səviyyəsi

 

Tərəflər qeyd olunan müddətdə işçinin əmək hüququnu təmin edən kompleks tədbirlərin işlənilməsini və həyata keçirilməsini, real əməkhaqqının artırılmasını, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasını və gəlirlər siyasətinin təkmilləşdirilməsini zəruri hesab edirlər.

Bu məqsədlə Tərəflər əməyin təşkilinin təkmilləşdirilməsi, işçilərin ixtisas dərəcələrinin artırılması, əməyin məhsuldarlığının yüksəldilməsi məqsədi ilə aşağıdakı öhdəlikləri götürürlər:

2.1. Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq çərçivəsində Layiqli Əmək Üzrə Ölkə Proqramını imzalamaq və onun icrasını təmin etmək;

2.2. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq minimum əməkhaqqı məbləğinin, pensiyaların baza hissəsinin, ehtiyac meyarının həddinin ölkə üzrə yaşayış minimumu səviyyəsinə çatdırılması üzrə işləri davam etdirmək;

2.3. Azərbaycan Respublikasının Əmək Məcəlləsində “minimum əməkhaqqı” anlayışının Beynəlxalq Əmək Təşkilatının 131 nömrəli Konvensiyasında verilən tərifə uyğunlaşdırılması, bu göstəricinin inflyasiya nəzərə alınmaqla indeksləşdirilməsi barədə mülahizənin qanuna daxil edilməsi ilə bağlı məsləhətləşmələr aparmaq;

2.4. əməyin ödənişinə sərf olunan vəsaitin Ümumi Daxili Məhsulda xüsusi çəkisinin əhəmiyyətli dərəcədə artırılmasına nail olmaq;

2.5. əməkhaqlarının, pensiyaların, müavinətlərin vaxtında ödənilməsini davam etdirmək;

2.6. əməkhaqqı səviyyələri arasında qeyri-mütənasibliyin aradan qaldırılması məqsədi ilə Vahid Tarif Cədvəlinin təkmilləşdirilməsi prosesini davam etdirmək;

2.7. kişi və qadın işçilər tərəfindən həyata keçirilən eyni işlər üçün bərabər həcmdə əməyin ödənilməsini davam etdirmək;

2.8. gender bərabərliyinin təmin edilməsi baxımından əmək qanunvericiliyi normalarını təkmilləşdirmək;

2.9. beynəlxalq təcrübəyə əsaslanaraq peşə ixtisasları üzrə standartların hazırlanmasını davam etdirmək;

2.10. ölkə üzrə orta əməkhaqqı miqdarından az maaş alanların sayını əhəmiyyətli dərəcədə aşağı salmaq məqsədi ilə təsirli tədbirlər həyata keçirmək;

2.11. qeyri-formal əmək münasibətlərinin qarşısını almaq məqsədi ilə işçiləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə cəlb edən və onlara qeyri-rəsmi ödənişlər verən işəgötürənlər üzərində sosial tərəfdaşların birgə nəzarətini gücləndirmək;

2.12. əmək müqaviləsi bildirişlərinin elektron informasiya sistemində qeydiyyata alınmasını həyata keçirmək;

2.13. minimum istehlak səbətinin tərkibinə yenidən baxmaq;

2.14. işçilərə istifadə olunmamış əmək məzuniyyəti üçün kompensasiya ödənilməsinə nəzarəti gücləndirmək;

2.15. müəssisə və təşkilatlarda əməyin normalaşdırılması istiqamətində aparılan işlərə diqqəti artırmaq;

2.16. istehsal olunan məhsulun maya dəyərində əməyin ödənilməsinin payını əks etdirən məlumatlar ətrafında məsləhətləşmələr apararaq,  bu sahədə vahid siyasəti müəyyən etmək.

 

3. Əmək bazarının inkişafı və əhalinin məşğulluğunun təminatları

 

Tərəflər hesab edirlər ki, iqtisadiyyatın modernləşdirilməsi və innovasiyalı inkişafı ixtisaslı işçilərə tələbatı formalaşdırmalı, yüksək məhsuldarlıqla, təhlükəsiz əmək şəraiti və layiqli əməkhaqqı ilə səciyyələnən səmərəli iş yerlərinin yaradılması ilə müşayiət olunmalıdır.

Bu proseslər əhalinin məşğulluğu və insan resurslarının inkişafı sahəsində məqsədyönlü dövlət siyasəti ilə və sosial tərəfdaşların qarşılıqlı əməkdaşlığı şəraitində aşağıdakı istiqamətlərdə tədbirlər həyata keçirməklə dəstəklənməlidir:

- əmək bazarına dair informasiya sisteminin təkmilləşdirilməsi;

- məşğulluq sahəsində dövlət siyasətinin səmərəliliyinin və dövlət xidmətlərinin keyfiyyətinin artırılması;

- işçi qüvvəsinin keyfiyyətinin yaxşılaşdırılması və onun peşəkar mobilliyinin inkişafı;

- əmək bazarı və məşğulluq sahəsində hüquqi tənzimləmənin təkmilləşdirilməsi;

- əmək miqrasiyasının səmərəliliyinin artırılması.

Bununla əlaqədar Tərəflər aşağıdakı öhdəlikləri götürürlər:

3.1. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, məşğulluq sahəsində razılaşdırılmış siyasəti həyata keçirmək məqsədi ilə sosial tərəfdaşların və müvafiq qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət respublika əlaqələndirmə komitəsinin yaradılmasını təmin etmək;

3.2. əmək, məşğulluq və əmək miqrasiyası sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsini davam etdirmək;

3.3. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 noyabr tarixli 1836 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrasını təmin etmək;

3.4. gənclərin məşğulluğunun təmin edilməsinə, onların kənd yerlərində çalışmasını həvəsləndirən imtiyazlar sisteminin təkmilləşdirilməsinə, əmək şəraitinin yaxşılaşdırılmasına, həyat səviyyəsinin yüksəldilməsinə, tələbə və şagirdlərin, gənc işçilərin və mütəxəssislərin sosial müdafiəsinin gücləndirilməsinə istiqamətləndirilən tədbirləri dəstəkləmək;

3.5. ordudan tərxis olunmuş gənclərin əvvəlki iş yerlərinə və vəzifələrinə bərpa olunmasına nəzarəti gücləndirmək, onların peşələrinə uyğun müvafiq işlə təmin olunmasına nail olmaq;

3.6. əmək qanunvericiliyinin tələblərinə riayət olunması üzərində sosial tərəfdaşların nəzarətini gücləndirmək;

3.7. işsizliyə görə müavinətin, həmçinin peşə hazırlığı, əlavə təhsil üzrə təqaüdün minimum məbləğinin yaşayış minimumunun həddinə çatdırılması istiqamətində  işlərin davamı olaraq müvafiq təkliflər hazırlamaq;

3.8. qeyri-formal əmək münasibətlərinin leqallaşdırılması istiqamətində təsirli tədbirlər həyata keçirmək;

3.9. inkişaf edən iqtisadiyyatın tələblərinə uyğun olaraq texniki-peşə və orta ixtisas təhsil sistemində islahatların həyata keçirilməsi üzrə dövlətin və sahibkarların (biznesin) birgə təkliflərini hazırlamaq;

3.10. əmək bazarının tələblərinə uyğun olaraq kadr hazırlığının proqnozlaşdırılması sisteminin yaradılmasına dair zəruri tədbirlər görmək;

3.11. işçilərin əmək hüquqlarını davamlı surətdə təmin etmək məqsədi ilə əsassız olaraq müddətli müqavilələrin bağlanmasına yol verməmək;

3.12. əhalinin həssas qruplarının məşğulluq imkanlarının genişləndirilməsi istiqamətində işləri davam etdirmək;

3.13. valideyn himayəsindən məhrum olub, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi müəssisələrində və digər analoji müəssisələrdə qalan uşaqların həmin müəssisələrdən qayıtdıqdan sonra işə düzəldilməsinin qayğısına qalmaq;

3.14. ölkə və regionlar üzrə məşğulluq proqramlarının tam həcmdə maliyyələşdirilməsini təmin etmək və bu məqsədlər üçün ayrılmış vəsaitin səmərəli istifadə olunmasına nəzarəti gücləndirmək;

3.15. respublika və regionlar üzrə əmək resursları balansının tərtib edilməsi üçün tədbirlər görmək;

3.16. mövcud iş yerlərinin saxlanmasını və layiqli yeni iş yerlərinin yaradılmasını təmin edən işəgötürənlər üçün həvəsləndirici tədbirləri genişləndirmək;

3.17. əhalinin, xüsusilə iş axtaran və işsiz vətəndaşların məlumatlandırılması istiqamətində reklam-informasiya işini genişləndirmək, yeni yaradılmış iş yerləri haqqında təfsilatlı informasiya bazasını yaratmaq və geniş ictimaiyyətə çatdırmaq;

3.18. əmək bazarında məşğulluq və işsizlik səviyyəsinin real vəziyyətinin düzgün qiymətləndirilməsi məqsədi ilə iqtisadi zonalar üzrə təhlil  işlərini davam etdirmək;

3.19. ali, orta ixtisas, ilk peşə-ixtisas  və ümumi təhsil müəssisələrinin tələbə  və şagirdlərinə əmək qanunvericiliyinin əsasları üzrə mühazirələr oxunmasını təşkil etmək;

3.20. məşğulluq məsələləri üzrə ölkə regionlarında yaradılmış əlaqələndirmə komitələrinə kömək etmək;

3.21. əmək resurslarının daxili ərazi mobilliyinihəvəsləndirən stimullar sisteminin gücləndirilməsi sahəsində məsləhətləşmələr aparmaq;

3.22. Beynəlxalq  Əmək Təşkilatının 1988-ci ildə qəbul olunmuş “Məşğulluğa köməklik və işsizlikdən müdafiə haqqında” 168 nömrəli Konvensiyasının ratifikasiya  imkanlarını araşdırmaq;

3.23. yeni yaradılan iş yerlərinin layiqli əmək normalarının tələblərinə uyğun gəlməsinə dair  monitorinqlər  keçirmək;

3.24. əməkçi miqrantların hüquqlarının müdafiəsi üzrə dövlətlərarası əməkdaşlığı həyata keçirmək, ölkələrarası sazişlərin bağlanılması təcrübəsindən istifadə etmək;

3.25. qeyri-formal məşğulluğun və əmək miqrasiyasının real vəziyyətinin öyrənilməsinə və onu yaradan səbəblərin aradan qaldırılmasına, eyni zamanda yaratdığı risklərlə bağlı ictimaiyyətin məlumatlandırılmasına dair işləri davam etdirmək;

3.26. sosial infrastrukturyönlü işlərin inkişaf etdirilməsi, xalq tətbiqi sənətinin dirçəldilməsi və inkişafı, turizm-istirahət zonalarının yaradılması və bu sahələrə investisiyaların artırılması hesabına qadınların məşğulluq səviyyəsinin artırılması;

3.27. gənclərə, qadınlara, xüsusilə də 20-30 yaşlı qadınlara yeni peşələrin öyrədilməsinə və ixtisaslarının artırılmasına dair işlərin gücləndirilməsi.

 

4. Sosial müdafiənin gücləndirilməsi istiqamətləri

 

Tərəflər Azərbaycan Respublikası vətəndaşlarının sosial müdafiəsi üzrə hüquqlarının təmin edilməsi üçün aşağıda göstərilən tədbirlərin həyata keçirilməsini zəruri hesab edirlər:

4.1.əhalinin sağlamlığının mühafizəsi üzərində ictimai nəzarətin gücləndirilməsi;

4.2. İİV/QİÇS-ə, şəkərli diabet xəstəliyinə və digər xroniki xəstəliklərə tutulanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi;

4.3. məktəbəqədər təhsil müəssisələrində uşaq qidasının keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə müvafiq tədbirlərin həyata keçirilməsinin davam etdirilməsi;

4.4. məktəb tətilləri zamanı uşaqların istirahətinin təşkili işinin davam etdirilməsi;

4.5. müəssisə və təşkilatların mənzilə ehtiyacı olan işçilərinin mənzillə təmin edilməsinin təşkili və Azərbaycan Respublikasının  Mənzil Məcəlləsinin 28-ci maddəsinə uyğun olaraq  qəza vəziyyətində olan yaşayış sahələrinin (mənzillərin, binaların) mülkiyyətçi orqanları (nazirlik, komitə, birlik və digər) tərəfindən tədricən yararlı vəziyyətə gətirilməsi və burada yaşayanlarıntəhlükəsizliyinin təmin edilməsi;

4.6. sığortaolunanların sanatoriya-kurort müalicəsi üzrə xərclərinin Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun büdcəsində nəzərdə tutulan vəsait daxilində   maliyyələşdirilməsinin  təmin edilməsi, ayrılan vəsaitin səmərəliliyininartırılmasına nail olunması, sanatoriya-kurort yollayışlarının dəyərinin qismən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun orqanlarına vaxtında ödənilməsinin təmin edilməsi;

4.7. səhiyyə sistemində dövlət sektorunun prioritet rolunun saxlanması və özəl tibb sektoruna dövlət müəssisələrindən təcrübəli həkim personalı axınının qarşısının alınması məqsədi ilə səhiyyə işçilərinin maddi təminatının yaxşılaşdırılması, vətəndaşlara tibbi xidmətin dövlət təminatları əsasında ödənişsiz göstərilməsinin davam etdirilməsi;

4.8. iş yerlərində qadınların təbii və reproduktiv xüsusiyyətləri nəzərə alınmaqla,  müasir tələblərə cavab verə biləcək sanitariya-gigiyena normalarının işlənib hazırlanması;

4.9.  işəgötürənlər tərəfindən sığortaolunanlar barədə fərdi uçot haqqında qanunvericiliklə müəyyən olunmuş məlumatların vaxtında verilməsinin təmin edilməsi;

4.10.  müəssisə, təşkilat və idarələrdə işçilərin məzuniyyət hüququndan istifadə etmələrinə nəzarətin gücləndirilməsi;

4.11.  təhlükə mənbəyinə malik olan müəssisələrin işəgötürənləri tərəfindən işlərin görülməsi ilə əlaqədar olaraq, sığorta risklərinin sığortalanmasının müəyyən olunmuş qaydada aparılmasına nəzarətin gücləndirilməsi;

4.12.  əhaliyə şəxsi mənzil tikintisi üçün torpaq sahələrinin ayrılması prosesinin və mənzil tikintisi üçün kreditlərin verilməsi sisteminin təkmilləşdirilməsinə, tikinti materiallarının qiymət və keyfiyyətinə nəzarətin gücləndirilməsi;

4.13.  müəssisə və təşkilatların vəsaiti hesabına tikilmiş mənzil sahəsinin işçilər arasında bölüşdürülməsi (paylanması) haqqında nümunəvi qaydaların hazırlanıb qəbul olunması;

4.14. uşaq əməyinin, məcburi əməyin və insan alverinin aradan qaldırılmasını təmin edən, əmək miqrasiyasını tənzimləyən dövlət sosial proqramlarının dəstəklənməsi, birgə monitorinqlərin təşkil edilməsi;

4.15.  ölkənin şəhər və rayonlarında məktəbyaşlı uşaqların təhsildən yayınması hallarının üzə çıxarılması, onun  səbəblərinin araşdırılması və uşaqların məktəblərə qaytarılması üzrə yerli icra hakimiyyəti, həmkarlar ittifaqı və təhsil orqanlarının nümayəndələrindən ibarət komissiyaların yaradılması;

4.16. ali, orta ixtisas, ilk peşə-ixtisas və ümumi təhsil müəssisələrinin proqramlarına “Gender siyasətinin əsasları”nın tədrisinin daxil edilməsinə nail olunması;

4.17. ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alan tələbə və şagirdlərin yataqxana ilə təmin olunması məqsədi ilə təkliflərin hazırlanması;

4.18. ödənişli əsas məzuniyyəti 21 təqvim günü olan  işçilərin əsas məzuniyyətinin aşağı həddini 28 təqvim günü müəyyən edən Avropa Sosial Xartiyasının 2-ci maddəsinə qoşulmaq üçün səy göstərilməsi;

4.19. uşağa bilavasitə qulluq edən şəxsin qismən ödənişli sosial məzuniyyətdən istifadə etdiyi müddətin əmək və sığorta stajına  daxil edilməsi üçün birgə müzakirələrin aparılması;

4.20. tibbi, peşə  və sosial reabilitasiya keçən şəxslərin bu müəssisələrdə olduğu müddətdən asılı olmayaraq, müəssisənin ləğv edilməsi halları istisna olmaqla, işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin ləğv edilməsinə yol verilməməsi;

4.21.  sığorta-pensiya sisteminin dayanıqlı və dinamik inkişafına nail olunması məqsədi ilə islahatların davam etdirilməsi;

4.22.  işəgötürənlər tərəfindən sosial sığorta haqlarının vaxtında və tam həcmdə köçürülməsi üzərində birgə nəzarəti  gücləndirmək;

4.23. Beynəlxalq  Əmək Təşkilatının “Sosial təminat (minimum normalar) haqqında” 102 nömrəli və “Əlillik, yaşlılıq və ailə başçısının ölümü ilə əlaqədar müavinət haqqında” 128 nömrəli konvensiyalarının ratifikasiya edilməsi imkanlarının araşdırılması;

4.24. fərdi uçot sistemində  fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğləri haqqında sığorta olunanların məlumatlandırılması istiqamətində tədbirlərin davam etdirilməsi;

4.25. icbari tibbi sığortanın tətbiqinə nail olunması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi;

4.26. işsizlik müavinəti aldığı dövrdə vəfat edən şəxsə dəfn müavinətinin verilməsi məsələsinə baxılması.

 

5. Əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, texniki və

ekoloji təhlükəsizlik

 

Əmək hüquqlarının müdafiəsini, əməyin mühafizəsini, texniki və ekoloji təhlükəsizliyi əməkdaşlığın əsas istiqamətlərindən biri kimi qiymətləndirərək, Tərəflər aşağıdakı öhdəlikləri götürürlər:

5.1. içməli su və onun təchizatının keyfiyyəti barədə qanun layihəsini hazırlamaq;

5.2. aşağıdakı məsələlər üzrə proqramlar hazırlayıb qəbul etmək:

5.2.1.  əməyin mühafizəsi və əmək şəraitinin yaxşılaşdırılması;

5.2.2. istehsalat tullantılarının utilizasiyası;

5.3. aşağıdakı normativ sənədləri işləyib hazırlamaq və təsdiq etmək:

5.3.1. tikintidə əməyin mühafizəsi üzrə norma və qaydaları;

5.3.2. peşə xəstəliklərinin təhqiqi və uçota alınması qaydaları;

5.4. əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanması, ixtisaslarının artırılması, təcrübə mübadiləsinin aparılması üçün şərait yaratmaq;

5.5. əməyin mühafizəsi tələblərinin gücləndirilməsi məqsədi ilə əmək qanunvericiliyinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq;

5.6. qanunvericilikdə nəzərdə tutulmuş hallarda işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməsini təmin etmək və bu istiqamətdə nəzarəti gücləndirmək;

5.7. əmək şəraitindən asılı olaraq işçilərin müalicəvi profilaktik yeməklərlə təmin olunmasına nəzarəti gücləndirmək;

5.8. əmək şəraiti zərərli və təhlükəli olan istehsalatlarda işləyənlər üçün kollektiv və fərdi mühafizə vasitələrinin istehsalını təşkil etmək;

5.9. iş yerlərində, o cümlədən sənaye müəssisələrində insanların sağlamlığının qorunması məqsədi ilə ekoloji təhlükəsizliyi təmin etmək;

5.10. Beynəlxalq Əmək Təşkilatının “Əməyin təhlükəsizliyi və gigiyenası haqqında” 1981-ci il tarixli 155 nömrəli, “Kənd təsərrüfatında əməyin təhlükəsizliyi və gigiyenası haqqında” 2001-ci il tarixli 184 nömrəli, “Əmək təhlükəsizliyinin və gigiyenasının təmin edilməsi əsasları haqqında” 2001-ci il tarixli 187 nömrəli konvensiyalarına Azərbaycan Respublikasının qoşulması üçün tədbirlər görmək;

5.11. alternativ enerji (su, külək və günəş enerjisi) mənbəyindən geniş istifadə etmək məqsədi ilə “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması barədə Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini davam etdirmək;

5.12. əməyin təhlükəsizliyi normaları və standartları üzrə milli informasiya sistemini yaratmaq;

5.13. işçilərin təhlükəsiz iş şəraitini təmin etmək məqsədi ilə nazirlik, komitə və digər icra  strukturlarında təkmilləşdirmə aparılmaqla, “Əməyin mühafizəsi xidməti”ninyaradılmasını təmin etmək;

5.14. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq işəgötürən tərəfindən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etmək;

5.15. “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən:

5.15.1.  işçilərə bədən tərbiyəsi və idmanla, o cümlədən iş rejimi şəraitində və işdən sonrakı reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə məşğul ola bilmələri üçün lazımi şərait yaratmaq;

5.15.2. işçilərə və onların ailə üzvlərinə bədən tərbiyəsi və idmanla məşğul olmaq üçün balanslarında olan idman obyektləri və bazalarını təmənnasız təqdim etmək, bu idman obyektlərinin və bazaların saxlanılmasını, əsaslı və cari təmirini həyata keçirmək;

5.16. işçilərə əmək qabiliyyətlərinin yüksəldilməsi və  sağlamlıqlarınınmöhkəmləndirilməsi məqsədi ilə istirahət evlərinə, turist  bazaları və sanatoriya-kurort müəssisələrinə müvafiq yollayışlar vermək;

5.17.  işçilərin məzuniyyət dövrünün səmərəli keçirilməsi üçün istirahət evləri (pansionatlar) yaratmaq və əməkdaşların istifadəsinə vermək;

5.18. idarə, müəssisə və təşkilatlarda çalışan işçilərin asudə vaxtlarının səmərəli təşkili üçün mədəni-kütləvi, sosial, turist-ekskursiya və idman tədbirlərində davamlı olaraq onların iştirakını təmin etmək;

5.19.  işçilərin əmək qanunvericiliyi və əməyin mühafizəsi norma və qaydaları barədə mütəmadi məlumatlandırılması, xüsusilə gənc nəslin bu sahədə maarifləndirilməsi məqsədi ilə respublikanın müxtəlif bölgələrində regional xarakterli seminarlar keçirmək;

5.20. nazirlik, komitə, idarə, müəssisə və digər qurumlar tərəfindən əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, texniki və ekoloji təhlükəsizlik qaydalarına əməl olunması məqsədi ilə Baş Kollektiv Sazişin qüvvədə olduğu müddətdə həmkarlar ittifaqı təşkilatının nümayəndəsinin də daxil olduğu komissiyalar yaradılmaqla, bu sahədə tənzimləməni həyata keçirmək.

 

6. Sosial partnyorluq və tərəflərin fəaliyyətinin əlaqələndirilməsi

 

6.1. Tərəflər hesab edirlər ki, sosial tərəfdaşlığın inkişaf etdirilməsi, əsas sosial və iqtisadi məsələlər, əmək münasibətlərinin tənzimlənməsi üzrə qərarlar qəbul edilərkən sosial partnyorluğunimkanlarından daha səmərəli istifadə olunması zəruridir.

6.2. Bu məqsədlə Tərəflər aşağıdakı öhdəlikləri götürürlər:

6.2.1. sosial-iqtisadi siyasətin əsas istiqamətləri üzrə müntəzəm məsləhətləşmələr aparmaq;

6.2.2. sosial-əmək münasibətləri, əhalinin məşğulluğu, miqrasiya və sosial təminat sahəsində milli proqram, qanun və digər normativ hüquqi aktların layihələrini müzakirə etmək;

6.2.3. “Həmkarlar İttifaqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işçilərin əmək, sosial və iqtisadi hüquqlarına dair qanun layihələri və normativ aktlar hazırlanarkən həmkarlar ittifaqlarının mövqeyini nəzərə almaq;

6.2.4. Beynəlxalq Əmək Təşkilatının dəstəyini almış “İşəgötürənlər birlikləri haqqında” qanunun qəbul edilməsinə səy göstərmək;

6.2.5. işəgötürənlər təşkilatlarının korporativ sosial məsuliyyət sahəsində təşəbbüslərini hərtərəfli dəstəkləmək, “İlin ən yaxşı sosial layihəsi”, “Ən yaxşı kollektiv müqavilə”,  “Ən yaxşı sosial-məsuliyyətli müəssisə” müsabiqələrinin təşkil olunmasını nəzərdən keçirmək;

6.2.6. dövlət əmlakının özəlləşdirilməsi zamanı əmək kollektivlərinin maraqlarını tam nəzərə almaq məqsədi ilə müəssisələrdə yaradılan komissiyaların tərkibinə həmkarlar ittifaqı nümayəndələrinin daxil edilməsini təmin etmək;

6.2.7. MDB ölkələrinin ParlamentlərarasıAssambleyası tərəfindən qəbul olunmuş model qanunlardan və digər normalardan milli qanunvericiliyin təkmilləşdirilməsində istifadə etmək, bu qurum tərəfindən təsdiqlənən “Səhmdar cəmiyyətləri haqqında” model qanununun mülahizələrinə əsasən ölkənin səhmdar cəmiyyətlərinin rəhbər orqanlarında işçilərin nümayəndələrinin təmsil olunmasını tövsiyə etmək.

6.3. Tərəflər həmkarlar ittifaqlarının və işəgötürənlərin fəaliyyətinə müdaxilə olunmaması ilə bağlı tanınmış beynəlxalq qərar və normalara riayət edilməsinə təminat verirlər, həmkarlar ittifaqları və işəgötürənlər təşkilatlarının yaradılmasına mane olmurlar, həmkarlar ittifaqlarının qanunvericilikdə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirmək məqsədi ilə respublikanın ərazisində fəaliyyət göstərən bütün müəssisə və təşkilatlara daxil olmasına yardım edəcəklər.

6.4. Tərəflər həmkarlar ittifaqına üzvlük haqlarının idarə, təşkilat və müəssisələrinin mühasibatlığı vasitəsilə köçürmə yolu ilə ödənilməsinə razılıq verirlər. Köçürmələr əməkhaqlarının ödənilməsi ilə eyni vaxtda aparılır.

6.5. Tərəflər aşağıdakı məsələlərin həllinə kömək göstərməyi öhdəlik kimi qəbul edirlər:

6.5.1. mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, respublikanın ərazisində yerləşən müəssisələrdə sosial-əmək münasibətlərinin sosial partnyorluq prinsipləri əsasında tənzimlənməsi;

6.5.2. iqtisadi imkanlar nəzərə alınmaqla, əmək qanunvericiliyinə nisbətən daha geniş əlavə əmək, sosial-iqtisadi, maddi-məişət və digər münasibətləri əhatə edən sahə (tarif) və ərazi (rayon) kollektiv sazişlərin və kollektiv müqavilələrin bağlanılması və həyata keçirilməsi;

6.5.3. sahə kollektiv sazişlərin və kollektiv müqavilələrin bağlanması üzərində birgə nəzarətin gücləndirilməsi.

6.6. Tərəflər sahə (tarif), ərazi (rayon) kollektiv sazişlərdə və kollektiv müqavilələrdə müəyyən olunmuş məqsədlər üçün müəssisə və təşkilatlarda işləyənlərin əməkhaqqı fondunun ən azı 0,15 faizinin həmkarlar ittifaqına ayırmalar edilməsini tövsiyə edirlər.

6.7. Tərəflər nəzərə alırlar ki, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi sosial tərəfdaşlar tərəfindən razılaşdırılmış göstəricilər üzrə əhalinin həyat səviyyəsinin statistik müşahidəsini daim həyata keçirir və Baş Kollektiv Sazişə əlavədə əks olunan göstəricilər barədə yarım ildə bir dəfə (iyul və fevral aylarında) Tərəflərə məlumat verir.

6.8. Tərəflər sosial-əmək və iqtisadi münasibətlər sahəsində yaranan kollektiv əmək mübahisələrinin (münaqişələrinin) tənzimlənməsi üçün onlardan asılı olan bütün zəruri tədbirləri həyata keçirir, bu sahədə infrastrukturun təkmilləşdirilməsini və birgə əməkdaşlığı təşkil edirlər.

6.9. Hər bir Tərəf qəbul olunmuş öhdəliklərin icrasını təmin edən tədbirlər hazırlayır.

6.10. Tərəflər götürdükləri öhdəlikləri yerinə yetirmədikdə, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

6.11.  Baş Kollektiv Sazişin icrasına nəzarəti Tərəflərin müvafiq komissiyaları həyata keçirir və nəticələr hər ilin yekunlarına görə müzakirə edilir.

6.12. Baş Kollektiv Sazişdə  dəyişikliklər Tərəflərin qarşılıqlı razılığı əsasında edilir.

6.13. Baş Kollektiv Saziş 2014-2015-ci illər üçün bağlanılır və imzalandığı gündən qüvvəyə minir.

Yeni danışıqlar qüvvədə olan Baş Kollektiv Sazişin müddəti başa çatanadək qurtarmadığı təqdirdə, bu Baş Kollektiv Sazişin qüvvədə olma müddəti Tərəflərin razılığı ilə üç ayadək uzadıla bilər.

6.14. Baş Kollektiv Sazişin icrası və sosial-əmək münasibətlərinin tənzimlənməsi üzrə Tərəflərin fəaliyyətini işıqlandırmaq məqsədi ilə Tərəflər sosial tərəfdaşlığın inkişafına həsr edilmiş materialları respublikanın kütləvi informasiya vasitələri ilə yayırlar.

6.15. Baş Kollektiv Sazişə daxil edilmiş müddəalar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təºkilatlara ºamil edilir.

 

Baş Kollektiv Sazişə

əlavə

 

Əsas sosial-iqtisadi göstəricilər

 

Ümumi Daxili Məhsul (mln. manatla)

Əsas kapitala investisiyaların Ümumi Daxili Məhsulda  payı (faizlə)

İdman və turizm sektorlarına yönəldilmiş investisiyaların həcmi (mln.manatla)

Sosial-mədəni tədbirlərə dövlət büdcəsindən ayrılan xərclər (mln.manatla)

Ümumi Daxili Məhsulda faizlə      (hər il may ayının ikinci ongünlüyü)

Daimi əhalinin sayı                        (hər il may ayının ikinci ongünlüyü)

Orta ömür  uzunluğu                     (hər il may ayınının ikinci ongünlüyü)

Doğum əmsalı

Ölüm əmsalı

Əhalinin təbii artımı (min nəfər 10000 nəfər əhaliyə)

Orta hesabla adambaşına düşən pul gəlirləri (manatla)

Sərəncamda qalan real pul gəlirləri (manatla)

Hesablanmış orta aylıq əməkhaqqı (manatla):

nominal (manatla, faizlə artım)

real (faizlə artım)

iqtisadiyyatın sahələri üzrə (manatla)

Ümumi Daxili Məhsulda əməkhaqqının xüsusi çəkisi

Təyin olunmuş pensiyalar (kompensasiyalar nəzərə alınmaqla):

orta aylıq məbləğ (manatla)

nominal (manatla, faizlə artım)

real (faizlə artım)

İstehlak mallarının qiymət indeksi

Ailə büdcəsindən qida üçün sərf olunan orta məbləğ (manatla)

İqtisadiyyatda məşğul olanların sayı (min nəfərlə)

İqtisadi fəal əhalinin sayı (min nəfərlə)

Məşğul olan işçilərin bölünməsi (min nəfərlə):

status üzrə        (hər il may ayının ikinci ongünlüyü)

sahələr üzrə

Qeydə alınmış işsizlərin sayı (min nəfərlə)

İşsizlik statusu olanların sayı (min nəfərlə)

Bir iş yeri vakansiyasına düşən işsizlərin sayı

İstehsalat xəsarətləri (zədələri)

 

o cümlədən:

ölümlə nəticələnən

ağır və təhlükəli əmək şəraitində

İşləyənlərin xüsusi çəkisi (faizlə)            (hər il may ayının ikinci ongünlüyü)

o cümlədən, qadınların

Əsas növlər üzrə peşə xəstəlikləri  (hər il may ayının ikinci ongünlüyü).

ПОЛЕЗНЫЕ ССЫЛКИ