AZ | RU | EN
AZ | EN | RU

“Bakı metropoliteni Azərbaycan xalqının çoxəsrlik tarixində nadir bir hadisədir”

08 Nov 2019

Asan iş olmur. Hər işin özünə görə məsuliyyəti və çətinliyi var. Lakin kim bilməsə də, metropolitençilər dəqiq bilirlər ki, onlarla sahəni, 140-dan artıq peşəni birləşdirən bir kəlmə – "metropolitençi" peşəsi nə deməkdir. 

Cəmi bir şəhərin sərhədindən kənara çıxmasa da, "metropolitençi" adını daşıyanların öz peşə gününü qeyd etməsi, yəqin, tarixi ədalətdir. Bakının ağır geologiyasında yeraltı saraylar, yollar tikib qəhrəmanlıqlar göstərən metro inşaatçılarının, sonra onu tikməkdən az əmək tələb etməyən metro istismarçılarının peşə bayramını qeyd etməyə haqqı çatır.
Necə də maraqlı və tarixi hadisədir: «Bakı metropoliteni Azərbaycan xalqının çoxəsrlik tarixində nadir bir hadisədir» deyən Ulu Öndər Heydər Əliyevin «Çox vicdanlı, işinə sadiq, öz peşəsini sevən, öz peşəsi ilə fəxr edən, yorulmadan işləyən adamlar» adlandırdığı metropolitençilərin peşə bayramını onun layiqli davamçısı cənab Prezident İlham Əliyev təyin edib və 2006-cı ildən bu gün metropolitençilər üçün şərəfli, qürurverici və həm də hesabat məsuliyyəti günüdür.

Gün ərzində orta hesabla 600 mindən artıq insanın, bir az da dəqiqləşdirsək, tədris ili dövründə gün ərzində 700-800 mindən artıq sərnişinə xidmət göstərmək, bu məsuliyyəti dərk etmək və nümunəvi xidmət göstərmək asan deyil. Elə bu səbəbdən fəxr və qürurla deyirəm ki, bu gün hər bir paytaxt sakininin bayramıdır.

2019-cu il - metropoliten tarixində xüsusi dövrün başlanğıcı kimi qiymətləndirəcəyimiz hadisənin də hesabat ilindəyik. Məlumdur ki, 2014-cü il fevral ayının 27-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Bakı Metropoliteni ilə «Azərtunelmetrotikinti» Səhmdar Cəmiyyətinin birləşdirilməsi yolu ilə «Bakı Metropoliteni» QSC yaradıldı. Bununla yeraltı saraylarımıza həyat verən iki qüvvə – inşaatçılar və istismarçılar bir təşkilatda birləşdilər və indi bu sevinci, haqlı olaraq, birgə bölüşürlər. Amma bu birlik ilində daha bir hadisəni də bu il yaşadıq: inşaatçılar və istismarçıların birləşdiyi təşkilat ilk böyük tarixi hesabat dövrünü – 5 ilini də bu ilin fevralında başa vurub – deməli hesabat üçün daha bir əsasımız var.
Ötən 5 ildən danışsaq, çox uğurlarımızdan bəhs edə bilərik. Bu dövrdə metropolitenin hər sahəsinə yenilik izi xüsusi ölçülərlə yazılıb. Cənab Prezidentin səhmdar cəmiyyəti yaratmaqla verdiyi tarixi qərarın miqyası özünü böyük mənada doğruldub. Sizinlə birlikdə 5 ildə çox nailiyyətlərimiz olub. Lakin vaxtınızı onları sadalamaqla çox almayım. Elə ötən bir illik dövrün hadisələrinin, sadəcə, yekunlarını bir daha xatırladım. Bu il 30 yeni vaqondan ibarət 6 qatar tərkibi alındı. Yeni tipli vaqonlardan ibarət qatarların sayı 11-ə çatdırıldı. Bunu yeniləşən metropolitenin sərnişinləri əyani hiss etməyə başlayıblar. Ən əhəmiyyətli yeniliklərdən biri kimi ötən il Mingəçevirdə istilik elektrik yarımstansiyasında baş verən qəzadan sonra metropolitenlə bağlı cənab Prezidentin tapşırığı əsasında xüsusi layihənin həyata keçirilməsini - dizel-generator stansiyalarının qısa müddətdə qurulmasını xüsusi qeyd edə bilərik. Bu, sərnişinlərin metropolitenə inamını artıran daha bir hadisə sayıla bilər.
Əlbəttə, yeniləşən saraylaramızdan da bəhs edək. Bu il iki stansiyamız tamamilə fərqli şəkildə əsaslı təmir olundu, modernləşdirildi. Həm «Bakmil», həm də "Şah İsmayıl Xətai" tamamilə fərqli görkəmdə sərnişinlərə xidmət edir. Amma və ən əsası bütün infrastrukturu yeniləşən bu stansiyalarda metropolitençilərin yeni stansiyaların inşaatı qədər əziyyəti, zəhməti oldu.
Söz yox ki, xüsusi və biz həmkarlar üçün mühüm əhəmiyyət kəsb edən məsələni də unuda bilmərik. Metropoliten tarixində 5 il əvvəl həyata keçirilməsinə başlanılmış və kadr hazırlığını tənzimləyən təlim-tədris mərkəzi məhz yaxınlarda mahityyətinə və adına layiq şəkildə qürurverici bir MƏRKƏZ statusunu aldı. Bundan sonra kadrların hazırlığını da etibarlı şəkildə qurmaq üçün hər bir əsasımız olacaq.

Yeniləşən yarımstansiyalar, süni və təbii havalandırma sistemi, depodan qurulmasına başlanmış və gələcəyin işarəvermə, telekommunikasiya anlayışını Yaşıl və Qırmızı xətlərə gətirəcək sistemlərin tətbiqinə başlanılması heç də digər yeniliklərimizdən geri qalmır.
Ötən illər, Qapalı Səhmdar Cəmiyyət adı altında fəaliyyət göstərdiyi 5 ildə təkcə bu qurum deyil, onun həmkarlar təşkilatı da yeni dövrün tələblərinə uyğunlaşaraq dəyişib. Lakin tarixi ənənələri qorumaqla və onu daha da zənginləşdirməklə.
Metropolitençi həmrəyliyinin, metropolitençi birliyinin, metropolitençi fədakarlığının yaranıb formalaşmasında danılmaz rol oynamış həmkarlar hərəkatının gördüyü işlərə nəzər salaq. Daim işçinin yanında olan, onun qayğılarını fəaliyyətinin əsas prinsiplərinə çevirən təşkilatımız üçün əlamətadar illəri geridə qoyuruq. Bu birliyimiz, həmfikirliyimiz, həmkarlağımızla qürur duyuruq.

Məhz bunun sayəsində təkcə metropolitendə deyil, ölkənin həmkarlar hərəkatında metropolitençilərin özünəməxsus möhkəm yeri formalaşıb və ölkədə sosial və ictimai həyatda ən aparıcı rollardayıq. Bunun bir səbəbi qeyd etdiyimiz BİRLİYİMİZDİRSƏ, digəri AHİK rəhbərliyi və QSC rəhbərliyi ilə tam QARŞILIQLI HÖRMƏT əsasında qurulan münasibətləridir. Bu xüsusiyyətlər sıx kollektivçiliyimizin təməlidir və həmkarlar təşkilatımızı birləşdirici böyük qüvvəyə çevirib.
Ötən 5 ildə müəssisə rəhbəri cənab Zaur Hüseynovun təşəbbüsü ilə atdığımız ilk təqdirəlayiq addımlardan biri işçilərin qrup şəklində ölkə xaricində istirahətinin təşkilidir. Vəziyyəti araşdırarkən, belə yeniliyin kollektivçiliyin möhkəmlənməsində rolu olacağını aşkar etdik. 2014-cü ilin yay aylarında Gürcüstanın Kobuleti şəhərinə birhəftəlik turlardan sonra, Dubay və İstanbul şəhərlərinə qüsamüddətli turist səfərləri təşkil edildi. İndi hər dəfə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il, daha sonra Novruz baryamı ərəfəsində işçilərin bu tarixi və müasir İstanbula səfərləri ənənəyə çevrilib. Həm də təşkialtçılıqda təyyarə ilə transfer, otel və s. seçimlərə diqqət etməklə səfərin yaddaqalan olmasına çalışırıq.
Bu qəbildən olan layihələrimiz sırasında ölkəmizin dilbər güşələrinə səfərləri unutmuruq. Bu 5 ildə Lerik, Nabran, Qəbələ, İsmayıllı, Şəki, Qaxa və s. regionlara səfərlərlə əlamətdar olub. Onları bütün məişət qayğılarından azad etməklə, istirahəti, asudə vaxtı tam dolğunluğu ilə keçirmələrinə şərait yaratmağa çalışmışıq.

İşçilərimizin səhhəti, sağlamlığı, mənalı istirahəti, asudə vaxtlarının təşkili bizim üçün xüsusi mövzudur. Respublika əhəmiyyətli sanatoriyalara və istirahət məkanlarına yollayışların rolu zəhmətkeş kollektivmimiz üçün az əhəmiyyətli deyil. Hər il 100-120 işçimiz bu imkanlardan faydalanır.Bu şəraiti kollektivimiz üçün yaratdığına görə AHİK-in sədri, millət vəkili cənab Səttar Möhbalıyevə öz təşəkkürümüzü bildiririk.                                                                                                                      Bununla yanaşı hər bir metropolitençi üçün Bilgəh qəsəbəsində yerləşən sanataroiya-profilaktoriyamız və istirahət zonamız bütün layihələrimizin təməlində dayanır. «Bakı Metropoliteni» QSC rəhbərliyinin təşəbbüsü və iştirakı ilə burada böyük yenidənqurma layihələri gerçəkləşdirilib. Məhz bu addımlar sayəsində sağlamlıq tədbirlərimiz və burada dincələnlərin istirahəti və asudə vaxtının təşkilində kütləvi-mədəni, sosial aksiyalarımız genişlənir.
Mərkəzin siması 2014-cü ildən bu yana tamamilə dəyişdirilib və ən müasir istirahət güşəsinə çevrilib. Yeni kottec tipli müasir binalar tikilib. Mənzillərdə hər bir şərait yaradılıb, yeni salınan parklarda istirahət, idman meydançaları uşaqların və böyüklərin tam istirahətini məzmunlu edir. Sanatoriya-profilaktoriyanın otaqları, mətbəxi, ən əsası, tibbi avadanlıqları müasirləşdirilib. Xidmət mədəniyyəti yüksəldilib, peşəkar kadrlara üstünlük verilib. Bütün bunlar hər bir metropolitençiyə yaxşı tanışdır. Lakin onu xüsusi qeyd etməliyəm ki, hər il burada QSC sədrinin də xüsusi nəzarəti altında müvafiq abadlaşma, yeniləşmə işləri davam etdirilir. Elə son mövsümü də ərazi bir sıra yenilikləri, bir neçə kottecin əsaslı təmiri, məişət əşyaları, mətbəx və mebellərin təzələnməsi ilə qarşıladı.

Bir məqama da diqqətinizi çəkim: bu xüsusda həyatının əhəmiyyətli hissəsini metropolitendə keçirmiş, onun  inkişafına, nümunəvi xidmətinə bilik və bacarığını, əlindən gələn heç nəyi əsirgəməmiş veteranalarımızı da unutmuruq. Bu xüsusda onların da «Bilgəh" Sanatoriya-Profilaktoriyasında istirahətini təşkil edərək minnətdarlığımızı ifadə etməyə çalışmışıq. Əlbəttə, bu xüsusda ənənələri və tarixi, irsiyyəti unutmuruq. Böyük Vətən müharibəsinin iştirakçısı olmuş veteranlarımızı, qanlı 20 Yanvar hadisələrinin şəhidi olmuş işçilərimizin ailələrini, o hadisələrdə zərər çəkmiş işçimizin də daim yanındayıq.

Təbii ki, hər bir metropolitençiinin ailəsindəki uğurlar bizim fəxrimizdir. Bu mənada 600 və daha çox balla tələbə alını qazanmış metropolitençi övvladlarına böyük qürur və gələcəyə ümid hissi ilə öz mükafatlarımızı təqdim edirik. Bu il də istisna olmadı və onlar arasında biri hətta Prezident təqaüdçüsü olmaqla hər birimizi daha da qürurlandırıb.
Qeyd etdiyim kimi ölkə üzrə sayılıb-seçilən təşkilatlardanıq.Bu, ən mötəbər salonlarda, tribunalarda qeyd edilir. Ölkənin ictimai, sosial, mədəni həyatında istər müəssisənin, istərsə də MİHİ-nin xətti ilə fəallıq göstəririk. Əlamətdar tarixi  günlər, tarixi hadisələr, o cümlədən qanlı 20 Yanvar tarixinin, Xocalı faciəsinin ildönümləri, Respublika, uşaqların beynəlxalq müdafiəsi günləri, bir sözlə, digər dövlət və ictimai əhəmiyyətli günlərdə tədbirlərimiz davamlı olaraq təşkil edilir, kütləvi ictimai səviyyədə davamlı olaraq aparılır. Bu xüsusda gənc işçilərimizin mənəvi dəyərlərimizə əsaslanan təcrübəsinin artırmasına da xüsusi diqqət edirik. Tək bu il müxtəlif mədəniyyət ocaqlarına uşaq əyləncə mərkəzlərinə, bir sözlə, kütləvi-mədəni tədbirlərə kollektiv səfərlərimiz də olub. Müxtəlif muzeylərə, teatrlara, konsert, ədəbi-bədii gecələrə, metropolitençilərin bu layihələrdən zaman-zaman bəhrələnməsinə şərait yaradılmasını əyani müşahidə edə bilərik.

Cəmiyyətin çağırışı ilə ölkəmiz üçün aktual məsələlər metropolitençilərin daim diqqət mərkəzindədir. Qaçqın və məcburi köçkünlərlə, əlil və kimsəsiz uşaqlarla bayramlaşmaq, talassemiyalı uşaqların qayğılarına diqqəti cəlb etmək məqsədilə keçirdiyimiz ənənəvi qanvermə aksiyaları və başqa aksiyalar davamlı olaraq təşkil edilir. Bunlar çoxminlik kollektivimizin, hər bir metropolitençinin ölkəmizə töhfəsidir.
Bədən tərbiyəsi və idman da tədbirlərimizin tərkib hissəsidir. Metropolitençilər ölkədə həvəskar idmanın fəalları cərgəsindədirlər. «Zenit» İdman Cəmiyyətinin xətti ilə hər il Müstəqillik gününə həsr olunmuş spartakiadanın daimi iştirakçısıyıq. Son 5 ildə 2 dəfə ümumi komanda hesabında qalib gəldiymizi xüsusi vurğulamaq istərdim. Bu ilki spartakiada da başlayıb və bütün yarışlarda metropolitençilər iştirak edirlər.
QSC rəhbərliyi ilə qarşılıqlı hörmət əsasında qurulan fəaliyyətmizdən bəhs etdim. Bunun daha bir nümunəsi işçilərinin həyat şəraiti və sosial məsələləridir. Müxtəlif məkanlarda təşkil edilən yeməkxanalardan və verilən nahar yeməyindən də danışmalıyıq. Xüsusi güzəştlərin tətbiqini, həm də nəğd ödəniş olmadan həyata keçirilməsini vurğulamalıyıq. Həm də bu məkanları seçərkən, daha çox metropolitençinin bu imkandan faydalanmasını düşünürük. İdarə aparatı, Depo, Bilgəh Sanatoriya-Profilaktoriyası, “Elmlər Akademiyası"ndakı Tikinti Departamentinin İnzibati binası, Avtonəqliyyat Kolonu, Dəmir-Beton Konstruksiyaları İstehsalat Sahəsindəki ərazilərdə daimi yeməkxanalar fəaliyyət göstərir. Bunlarla yanaşı, digər iş yerlərini bu imkanlara yaxınlaşdırmağı həmişə diqqətdə saxlayırıq. Zənnimcə, "Şah İsmayıl Xətai" stansiyasında təmir işləri getdiyi bütün dövr üçün təşkil edilmiş yeməkxananı elə son nümunə kimi buna misal çəkmək də olar.

Bir neçə məsələyə də xüsusi yer vermək istəyirəm. İşçilərin stimullaşdırılması sayəsində tədbirlərimiz Respublika miqyaslı layihələrin tərkib hissəsidir. Bununla həm fərqlənən sahələrimizi, işçilərimizi, gənclərimizi xüsusi qeyd edir, həm də onların ölkə ictimaiyyəti arasında tanınmasına, bu əməyin qürur mənbəyi kimi təbliğatına töhfəmizi verməyə çalışırıq. AHİK-in İK-nin qərarı ilə təsis edilmiş “İlin peşəkar gənci” fəxri adına MİHİ-də yaradılmış müvafiq komissiya tərəfindən hər il 3 metropolitençi gənc seçilir. Onlara mükafat verilir, adları ölkə üzrə fərqlənənlər arasında çəkilir. 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar keçirilən Respublika müsabiqəsində “Bakı Metropoliteni” QSC-nin müəssisəsələri ənənə üzrə qaliblər cərgəsində olurlar və fərqlənən sahələrimiz qiymətli hədiyyələrlə mükafatlandırılıblar.Hər iki mükafat AHİK-də AHİK-in sədri cənab Səttar Möhbalıyevin iştirakı və rəhbərliyi ilə keçirilən toplantıda təntənəli şəkildə qaliblərə təqdim edilir. Bilirsiniz ki, artıq daha bir gözəl ənənəmiz də var. Qatar maşinisti metropoliten üçün ən mühüm peşələrdəndir. 2015-ci ildən 8 Noyabr – Metropoiten İşçilərinin Peşə Bayramı Günü ərəfəsində “İlin ən yaxşı qatar maşinisti” müəyyən edilərək ona minimum əmək haqqının 5 misli miqdarında birdəfəlik pul mükafatı ödənilir. Bu il də istisna olmayacaq və “Bakı Metropoliteni” QSC-nin sədri cənab Zaur Hüseynovla birlikdə mükafatın təqdim edilməsi mərasimini keçirəcəyik.

Sonda sıravi və rutin görünəcək, lakin bizim üçün xüsusi əhəmiyyət kəsb edən məsələləri də qeyd etmək istərdim. MİHİ sədrinin, eləcə də yerlərdəki təşkilatlarımızın timsalında metropolitenin istər kadr məsələləri, istər sosial fəaliyyət, istərsə də işçilərin hüquqlarının təmin edilməsində xüsusi fəaliyyətimiz var. Sosial komissiyalar, işçilərin attestasiyası və dövrü imtahanları, yeni kadrların işə cəlb olunması, kadr və peşə hazırlığı kurslarının fəaliyyəti baxımından görülən işlər xüsusi qeyd olunmalıdır. Bu məsələlərdə MİHİ xüsusi rol oynayır və nəzarəti də kifayət qədər güclüdür. Məni sevindirən ildən-ilə bu prosesin şəffaflıq, peşəkarlıq dərəcəsinin artırılması, yeni texnoloji münasibətlər gəldikcə, bu işin əsaslı şəkildə dəyişməsidir. Yenidən qurularaq, ölkədə ən nümunəvi mərkəzə çevrilmiş Təlim-Tədris mərkəzinə görə bir daha hər birinizi təbrik edirəm. Burada yeni kadrların yetişməsində rolunun artacağına əminliyimi ifadə edirəm. Həmkarlar təşkilatının sədri kimi bu məni sevindirməyə bilməz.
Çıxışımı bir inam hissi ilə bitiirmək istərdim. Əminliklə deyirəm ki, 52-ci ildir ki, metropolitendə ənənələr formalaşıb, böyük məktəb yaranıb. İndi bu ənənələr, bu məktəb xüsusi templərlə inkişaf edir. Çıxışımın əvvəlində qeyd etdiyim və hələ çox sadalaya biləcəyim yeniliklər metropolitenimizin simasını dəyişməklə yanaşı, onun kollektivinə də yeni cizgilər, yeni dəyərlər, yeni ideyalar gətirir. Vaxtilə uzaqgörənliklə metronun inkişafına təkan olmuş Ulu Öndərin daha bir kəlamını xatırlatmaq istərdim:
 “Metro bizim müstəqil dövlətimizə keçmişdən çatmış mirasdır. Biz bunu qorumalıyıq, saxlamalıyıq, inkişaf etdirməliyik. Bu, bizim hamımızın vəzifəsidir”.

Onilliklərlə istər geoloji çətinliklərə, istər ölkədəki mürəkkəb dövrlərə sinə gərmiş və elə bu səbəbdən çətinlklərdən qorxmayan kollektivimizin nümunəvi fəaliyyəti ilə xalqımıza, şəhərimizə xidmət göstərəcəyinə əminliymi ifadə edirək, metropolitenimizə layiq olduğu yüksəlişlər, nailiyyətlər, yeni-yeni uğurlar arzu edirəm.
Bayramımız mübarək, dostlar!
 
 Arif Mərdanov, Metropoliten İşçiləri Həmkarlar İttifaqının sədri

ПОЛЕЗНЫЕ ССЫЛКИ