Beynəlxalq həmkarlar hərəkatı koronavirusa qarşı PARŞ Rəhbər Komitəsi videokonfrans yolu ilə iclas keçirmişdir
29 Apr 2020
Pan Avropa Regional Şurası (PARŞ) Rəhbər Komitəsinin aprelin 29-da videokonfrans yolu ilə iclası keçirilmişdir.
PARŞ-ın icraçı katibi Anton Leppikin moderatorluğu ilə
baş tutan tədbirdə Beynəxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK)
Baş katibinin müavini Oven Tüdor COVİD-19 pandemiyasının qlobal səviyyədə
sosial -iqtisadi həyata göstərdiyi təsirlər barədə, həmçinin həmkarlar
ittifaqlarının bununla əlaqədar fəaliyyəti və siyasəti haqqında məlumat
vermişdir.
Sonra Pan Avropa Regional Şurasının və Avropa Həmkarlar
İttifaqları Konfederasiyasının Baş katibi Luka Visentini Avropa Birliyində
son durum, gələcək bərpa işləri və ölkələrə maliyyə dəstəyi planı haqqında
çıxış etmişdir.
Luka Visentini Avropa Həmkarlar İttifaqları
Konfederasiyası adından Avropa Birliyi liderlərini koronavirus
böhranından əziyyət çəkən işçilərə, şirkətlərə və dövlət xidmətlərinə kömək etmək
üçün təklifləri razılaşdırmağa və dərhal həyata keçirməyə çağırmışdır.
Demişdir ki, fövqəladə bərpa planı lazımdır. Bu
plana əsasən, Avropa İttifaqının (Aİ) yeddiillik dövr üçün büdcəsi ÜDM-in 2% -nə
qədər artırılmalıdır. Beləliklə, böhrandan sonra Avropada ədalətli və yaşıl iqtisadiyyatın
bərpası üçün 1 trilyon avrodan çox vəsait ayrılmalıdır.
Milyonlarla iş yerinin hər həftə itirildiyini, ictimai
xidmətlərin göstərilməsinin getdikcə böyük çətinliklərlə üzləşdiyini nəzərə
alsaq, Aİ liderləri ön xətdə işləyənlərin dəstəyini mümkün qədər tez
almalıdırlar - əks təqdirdə uzun sürən danışıqlar həyat və iş itkisinə
aparacaqdır.
“İşdən çıxarılan işçilər, çətin vəziyyətdə olan şirkətlər
və artıq yüklənən səhiyyə xidmətləri bu misli görünməmiş halların öhdəsindən gəlmək
üçün təcili pul vəsaiti almağa başlamalıdırlar.
Bizə lazımdır ki, bütün üzv dövlətlər ümumi maraqlar çərçivəsində
hərəkət etsinlər”.
BHİK-in regional ofislərinin təmsilçiləri Anna Salnikova
və Enisa Salimoviç xidmət göstərdikləri ölkələrdəki son durum barədə məlumat
vermişlər. A.Salnikova MDB dövlətlərindəki vəziyyəti, E.Salimoviç Şərqi Avropa
ölkələrində baş verənləri təhlil etmişlər. Bu çıxışlar ətrafında müzakirələr
olmuşdur. Müzakirələrdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr
müavini Aqil Dadaşov da çıxış etmişdir. O, Azərbaycanda pandemiyaya qarşı
mübarizədə görülən işlər barəsində məlumat vermişdir. Həmçinin o qeyd
etmişdir ki, sosial dəstək tədbirləri çərçivəsində Azərbaycan həmkarlar
ittifaqı təşkilatları qısa müddət ərzində 1 milyon 600 min manatdan çox vəsait
xərcləmişdir. İndiyədək 17 mindən artıq aztəminatlı ailəyə ərzaq yardımları
göstərilmiş, 631 min 600 manat məbləğində vəsait bu məqsədlər üçün xərclənmiş,
148 min manat dəyərində qoruyucu vasitələr alınıb paylanılmışdır. Həmkarlar
ittifaqları Koronavirusla Mübarizəyə Dəstək Fonduna ümumilikdə 398 min 600
manat vəsait köçürmüşlər. Bu günlərdə AHİK-in İcraiyyə Komitəsi xüsusi yardıma
və qayğıya ehtiyacı olan aztəminatlı ailələrə, təqaüdçülərə ərzaq yardımlarının
paylanmasını nəzərdə tutan yeni qərar qəbul etmişdir. Bu məqsədlə respublikanın
76 şəhər və rayonunda yaşayan 3900 aztəminatlı ailəyə ərzaq sovqatı
paylanmışdır.
A.Dadaşov dövlətin gördüyü tədbirlərin yüksək effekt
verdiyini, qeyri-formal iqtisadiyyatda çalışanların əmək müqavilələri ilə əhatə
edilmələrinə böyük diqqət yetirildiyini xüsusi vurğulamışdır. Son 10 gün ərzində
30 mindən çox işçi ilə bağlanan əmək müqavilələrinin rəsmi qeydiyyatdan
keçirilməsini iştirakçıların nəzərinə çatdırmışdır.
Tədbirdə bir sıra rəsmi sənədlər və qadınların vəziyyəti
ilə bağlı bəyanat qəbul edilmişdir.