AZ | RU | EN

Beynəlxalq həmkarlar hərəkatı koronavirusa qarşı PARŞ Rəhbər Komitəsi videokonfrans yolu ilə iclas keçirmişdir

29 Apr 2020

Pan Avropa Regional Şurası (PARŞ) Rəhbər Komitəsinin aprelin  29-da videokonfrans yolu ilə iclası keçirilmişdir.

PARŞ-ın icraçı katibi Anton Leppikin moderatorluğu ilə baş tutan tədbirdə Beynəxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) Baş katibinin müavini Oven  Tüdor  COVİD-19 pandemiyasının qlobal səviyyədə  sosial -iqtisadi  həyata  göstərdiyi təsirlər barədə, həmçinin həmkarlar ittifaqlarının bununla əlaqədar  fəaliyyəti və siyasəti haqqında  məlumat vermişdir.
Sonra Pan Avropa Regional Şurasının və Avropa Həmkarlar İttifaqları Konfederasiyasının  Baş katibi Luka Visentini Avropa Birliyində son durum, gələcək bərpa işləri və ölkələrə maliyyə dəstəyi planı haqqında çıxış etmişdir.
Luka Visentini Avropa Həmkarlar İttifaqları Konfederasiyası  adından Avropa Birliyi liderlərini koronavirus böhranından əziyyət çəkən işçilərə, şirkətlərə və dövlət xidmətlərinə kömək etmək üçün təklifləri razılaşdırmağa və dərhal həyata keçirməyə çağırmışdır.
Demişdir ki, fövqəladə bərpa planı lazımdır.  Bu plana əsasən, Avropa İttifaqının (Aİ) yeddiillik dövr üçün büdcəsi ÜDM-in 2% -nə qədər artırılmalıdır. Beləliklə, böhrandan sonra Avropada ədalətli və yaşıl iqtisadiyyatın bərpası üçün 1 trilyon avrodan çox vəsait ayrılmalıdır.
Milyonlarla iş yerinin hər həftə itirildiyini, ictimai xidmətlərin göstərilməsinin getdikcə böyük çətinliklərlə üzləşdiyini nəzərə alsaq, Aİ liderləri ön xətdə işləyənlərin dəstəyini mümkün qədər tez almalıdırlar - əks təqdirdə uzun sürən danışıqlar həyat və iş itkisinə aparacaqdır.
“İşdən çıxarılan işçilər, çətin vəziyyətdə olan şirkətlər və artıq yüklənən səhiyyə xidmətləri bu misli görünməmiş halların öhdəsindən gəlmək üçün təcili pul vəsaiti almağa başlamalıdırlar.
Bizə lazımdır ki, bütün üzv dövlətlər ümumi maraqlar çərçivəsində hərəkət etsinlər”.
BHİK-in regional ofislərinin təmsilçiləri Anna Salnikova və Enisa Salimoviç xidmət göstərdikləri ölkələrdəki son durum barədə məlumat vermişlər. A.Salnikova MDB dövlətlərindəki vəziyyəti, E.Salimoviç Şərqi Avropa ölkələrində baş verənləri təhlil etmişlər. Bu çıxışlar ətrafında müzakirələr olmuşdur. Müzakirələrdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Aqil Dadaşov da çıxış etmişdir. O, Azərbaycanda pandemiyaya qarşı mübarizədə görülən işlər barəsində məlumat vermişdir. Həmçinin o  qeyd etmişdir ki, sosial dəstək tədbirləri çərçivəsində Azərbaycan həmkarlar ittifaqı təşkilatları qısa müddət ərzində 1 milyon 600 min manatdan çox vəsait xərcləmişdir. İndiyədək 17 mindən artıq aztəminatlı ailəyə ərzaq yardımları göstərilmiş, 631 min 600 manat məbləğində vəsait bu məqsədlər üçün xərclənmiş, 148 min manat dəyərində qoruyucu vasitələr alınıb paylanılmışdır. Həmkarlar ittifaqları Koronavirusla Mübarizəyə Dəstək Fonduna ümumilikdə 398 min 600 manat vəsait köçürmüşlər. Bu günlərdə AHİK-in İcraiyyə Komitəsi xüsusi yardıma və qayğıya ehtiyacı olan aztəminatlı ailələrə, təqaüdçülərə ərzaq yardımlarının paylanmasını nəzərdə tutan yeni qərar qəbul etmişdir. Bu məqsədlə respublikanın 76 şəhər və rayonunda yaşayan 3900 aztəminatlı ailəyə ərzaq sovqatı paylanmışdır.
A.Dadaşov dövlətin gördüyü tədbirlərin yüksək effekt verdiyini, qeyri-formal iqtisadiyyatda çalışanların əmək müqavilələri ilə əhatə edilmələrinə böyük diqqət yetirildiyini xüsusi vurğulamışdır. Son 10 gün ərzində 30 mindən çox işçi ilə bağlanan əmək müqavilələrinin rəsmi qeydiyyatdan keçirilməsini iştirakçıların nəzərinə çatdırmışdır.
Tədbirdə bir sıra rəsmi sənədlər və qadınların vəziyyəti ilə bağlı bəyanat qəbul edilmişdir.