AZ | RU | EN
AZ | EN | RU

“Bütün bu baş verənlər daha sürətli , əlaqələndirilmiş siyasi və praktik cavablar tələb edir”

14 May 2020

Mayın 14-də Beynəlxalq Əmək Təşkilatının Zəhmətkeşlərin Fəaliyyəti üzrə Bürosunun (BƏT-AKTRAV) təşkilatçılığı ilə Şərqi Avropa ölkələri həmkarlar ittifaqı təşkilatları üçün ilk videokonfrans keçirilmişdir.  BƏT-AKTRAV-ın Avropa və Mərkəzi Asiya ölkələri üzrə sektor müdiri Serqeyus Qlovaskas, Avropa ölkələri üzrə baş mütəxəssisi Maqnus Berq, Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə baş mütəxəssisi Qoça Aleksandriya, eləcə də məşğulluq üzrə baş mütəxəssisi Mixayıl Puşkinin qatıldıqları tədbirin keçirilməsində əsas məqsəd COVID-19 pandemiyasının iqtisadi və sosial-əmək münasibətlərinə təsirinin nəticələrindən məlumatlılığın artırılması və eləcə də həmkarlar ittifaqı təmsilçiləri tərəfindən postpandemiya dövründə mənfi nəticələrin aradan qaldırılmasına kömək ola biləcək təklif, perspektiv və çağırışların müzakirəsinə imkan yaratmaq idı. 
BƏT təmsilçilərinin çıxışlarında deyildi ki, bu gün koronavirus pandemiyası iqtisadiyyatları çökdürür, cəmiyyətləri ciddi şəkildə deqradasiyaya uğradır və dramatik nəticələrə səbəb olur. COVID-19 pandemiyası bir çox əmək sahəsinə və sənaye sektoruna, çox sayda işçiyə və geniş iqtisadi fəaliyyətə təsir göstərdi və önümüzdəki aylarda da xoşagəlməz nəticələr gözlənilməkdədir. Bütün bu baş verənlər daha sürətli və əlaqələndirilmiş siyasi və praktik cavablar tələb edir və həmkarlar ittifaqları tərəfindən qətiyyətli hərəkət artıq zərurətə çevrilib. Bu gün həmkarlar ittifaqlarının qarşısında duran əsas vəzifə böhranı və onun təsirləri nəticəsində yaranmış ehtiyacları daha yaxşı anlamaq, öhdəliklərin və vəzifələrin müəyyənləşdirilməsini, lazımi tədbirlərin həyata keçirilməsini tələb etməkdir.
İş dünyası qlobal virus pandemiyasının güclü təsiri altındadır. Cəmiyyətlərdə sağlamlıq təhlükəsi ilə yanaşı, iqtisadi və sosial sahələrə dəymiş zərbələr də milyonlarla insanın  dolanışıq və rifahını təhdid altına alır. Yaranmış bu çətin vəziyyətdə BƏT və onun təsisçiləri - hökumətlər, işçilər və işəgötürənlər baş verənlərə qarşı mübarizədə, insanların təhlükəsizliyini, iş və iş yerlərinin davamlılığını təmin etməkdə həlledici rol oynamaqdadır.
Tədbirdə BƏT-ə üzv ölkələrin - Azərbaycan, Rusiya, Moldova, Ukrayna, Belarus, Gürcüstan və Ermənistanın həmkarlar ittifaqı nümayəndələrinin çıxışları da dinlənildi. Onlar COVID-19 pandemiyası ilə əlaqədar ölkələrindəki mövcud vəziyyət, hökumətlər tərəfindən görülən işlər, həmkarlar ittifaqlarının fəaliyyəti haqqında məlumat veriblər. 
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasını AHİK sədrinin birinci müavini İlyas Əliyev, müavini Aqil Dadaşov, katibi-Aparat rəhbəri Həsən Cəfərov, zəhmətkeşlərin mədəni-məişət problemləri üzrə analitik tədqiqat şöbəsinin müdiri Namiq Hüseynov və beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Röya Qarayeva təmsil etmişlər.
Azərbaycandakı vəziyyət və görülmüş işlər haqqında  məlumat verən AHİK sədrinin birinci müavini İlyas Əliyev qeyd etmişdir ki, mart ayının əvvəllərindən etibarən ölkədə koronavirusla mübarizə üçün xüsusi zəruri tədbirlər həyata keçirilməkdədir. Dövlət başçısı tərəfindən ölkə vətəndaşlarının sağlamlığının, sosial təminatının qorunması başlıca vəzifə kimi qarşıya qoyulub.  Bütün dövlət qurumları bu vəzifənin yerinə yetirilməsinə səfərbər edilib. İ.Əliyev hökumətin gördüyü tədbir barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da öz növbəsində koronavirus pandemiyası ilə mübarizədə yaxından iştirak edir.
Sosial dəstək tədbirləri çərçivəsində Azərbaycan həmkarlar ittifaqı təşkilatları qısa müddət ərzində 2 milyon manatdan çox vəsait xərcləmişdir. İndiyə kimi 23 mindən çox aztəminatlı ailəyə ərzaq yardımları göstərilmiş, bu məqsədlər üçün 900 min manatdan çox vəsait xərclənmiş, 148 min manat dəyərində qoruyucu vasitələr alınıb paylanılmışdır.  Həmkarlar ittifaqları Koronavirusla Mübarizəyə Dəstək Fonduna ümumilikdə 398 min 600 manat vəsait köçürmüşdür. AHİK-in İcraiyyə Komitəsi xüsusi yardıma və qayğıya ehtiyacı olan aztəminatlı ailələrə, təqaüdçülərə ərzaq yardımlarının paylanmasını nəzərdə tutan yeni qərar qəbul etmişdir. Bu məqsədlə 29 aprel 2020-ci il tarixdə respublikanın 76 şəhər və rayonunda yaşayan 3900 aztəminatlı ailəyə ərzaq sovqatının paylanılması qərara alınmış, ümumi həcmi 68 ton olan ərzaq sovqatları respublikanın bütün rayon və şəhərlərinə göndərilmişdir.
Digər ölkələrdən olan iştirakçıların məlumatlandırıcı çıxışlarından sonra BƏT-in təmsilçiləri mövcud durumlara münasibət bildirmiş, həmkarlar ittifaqlarının qarşısında duran vəzifələri xatırlatmış və belə virtual görüşlərin davam edəcəyini diqqətə çatdırmışlar. Eləcə də qeyd edilmişdir ki, Beynəlxalq Əmək Təşkilatının Baş direktoru Qay Rayderin təklifi ilə iyun ayında onlayn “Qlobal Əmək Sammiti”nin keçirilməsi gözlənilir.

FAYDALI KEÇİDLƏR