AZ | RU | EN

C. Naxçıvanski adına hərbi liseyin kursantlarına Azərbaycan həmkarlar ittifaqlarının mükafatlarının verilməsi haqqında

06 Nov 2012

Hər tədris ilinin sonunda liseyin 15 əlaçı kursantına, nizam-intizam səviyyəsi yüksək olan 5 tağım və 3 bölüyünə həmkarlar ittifaqları mükafatlarının təntənəli surətdə təqdim olunması gələcək zabitlərin Vətənə ləyaqətli xidmət etmələrinə zəmin yaradır.

Gənc hərbçilərin ümumtəhsil fənlərinin, xüsusən hərbi biliklərin mənimsənilməsi və ictimai fəaliyyətə geniş cəlb edilməsi, tağım və bölüklərin təhsil prosesində daha yüksək xidməti göstəricilərə istiqamətləndirilməsi məqsədilə zəhmətkeşlərin mədəni-məişət problemləri üzrə analitik tədqiqat şöbəsinin təklifini əsas tutaraq AHİK-in İcraiyyə Komitəsi qərara alır:

1. C. Naxçıvanski adına hərbi liseyin kursantlarına əla təhsil və qüsursuz xidmətə görə Azərbaycan həmkarlar ittifaqlarının 2001-ci ildə təsis etdiyi mükafatların miqdarı artırılsın.

2. Mükafatlar ildə bir dəfə müəyyən edilmiş qaydada tədris ilinin yekunlarına görə təhsil prosesində yüksək göstəricilərə nail olan və nizamnamə qaydalarına riayət olunmasında fərqlənən liseyin 15 kursantına, 3 tağım və 2 bölüyünə verilsin.

3. C. Naxçıvanski adına hərbi liseyin kursantlarına Azərbaycan həmkarlar ittifaqlarının mükafatları haqqında əsasnamə (əlavə № 1) və Konfederasiyanın üzv təşkilatları üzrə mükafatların verilməsi üçün müvafiq vəsaitin ayrılması bölgüsü (əlavə № 2) təsdiq edilsin.

4. C. Naxçıvanski adına hərbi liseyin komandanlığına təklif olunsun ki, həmkarlar ittifaqı komitəsi ilə birlikdə, bu qərarın 3-cü bəndi ilə təsdiq edilmiş əsasnaməyə uyğun olaraq, mükafatları almağa namizəd olan əlaçı kursantların, tağım və bölüklərin müvafiq sənədlərini hər il may ayının 10-na kimi AHİK-ə təqdim etsin.

5. Nəzərə alınsın ki, 2003-cü ildən Naxçıvandakı H. Əliyev adına hərbi liseyin təhsildə və ictimai işlərdə fəallıq göstərən kursantlarına Azərbaycan həmkarlar ittifaqlarının təqaüdlərinin verilməsini, Konfederasiyanın üzv təşkilatı olan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri HİRK müəyyən edilmiş qaydada ayırdığı maliyyə vəsaiti hesabına həyata keçirir.

6. AHİK İcraiyyə Komitəsinin «C. Naxçıvanski adına hərbi liseyin kursantlarına Azərbaycan həmkarlar ittifaqlarının mükafatları haqqında» 04 aprel 2007-ci il tarixli (№19 b.88ə) qərarı və bu qərarla təsdiq olunmuş mükafatlar haqqında əsasnamə (əlavə № 1), Konfederasiyanın üzv təşkilatları üzrə vəsaitin ayrılması bölgüsü (əlavə № 2) qüvvədən düşmüş hesab olunsun.

7. Bu qərarın yerinə yetirilməsinə nəzarət zəhmətkeşlərin mədəni-məişət problemləri üzrə analitik tədqiqat şöbəsinə (N. Hüseynov) həvalə edilsin.