Dövlətçilik salnaməsinin şərəfli səhifəsi
12 Jun 2020
Hər bir xalqın yüksəliş salnaməsində, dövlətin inkişafında dahi şəxsiyyətlərin, siyasi liderlərin çox böyük rolu olub. Həmin şəxsiyyətlərin öz xalqı, dövləti üçün misilsiz xidmətləri əsrlərin və nəsillərin yaddaşına əbədi həkk olunub.
Zaman ötdükcə isə onların xeyirxah missiyasının, tarixi
xidmətlərinin əhəmiyyəti daha çox nəzərə çarpır.
Bu cəhətdən Azərbaycan xalqı xoşbəxtdir ki, onun Ulu Öndər
Heydər Əliyev kimi dünya şöhrətli əbədiyaşar lideri var. Çünki bu gün müasir Azərbaycan
dövlətinin mövcudluğu birbaşa Heydər Əliyevin adı ilə bağlıdır. Təsadüfi deyil
ki, Ümummilli Lider azərbaycanlı olması ilə fəxr etdiyi kimi, hər bir azərbaycanlı
da bu gün Heydər Əliyevin ən böyük əsəri olan müstəqil, inkişaf etmiş, dünyada
etdibarlı tərəfdaş kimi tanınan Azərbaycanın vətəndaşı olmaqdan qürur duyur,
dahi liderə sayğı və məhəbbətini onun ideyaları ətrafında daha da sıx birləşməklə
nümayiş etdirir.
Azərbaycan xalqının tarixinə və taleyinə qızıl səhifələr
yazmış Heydər Əliyevin Azərbaycanın müstəqillik illərində ölkəyə yenidən rəhbərlik
etməsi həqiqətən xalqımız üçün böyük uğur və xoşbəxtlik idi. Onun Azərbaycan
dövlətçiliyinin xilası naminə gördüyü işlərin miqyasını zaman keçdikcə daha dərindən
dərk edir, Azərbaycanın müstəqillik və azadlığının nə qədər möhkəm bir bünövrə
üzərində formalaşdığını, bu bünövrənin məhz Heydər Əliyev ideyaları əsasında
qurulduğunu bir daha aydın görürük.
27-ci ildönümünü qeyd etdiyimiz Milli Qurtuluş Günü
tariximizin şanlı məqamı, müasir dövlətçilik salnaməmizin ən şərəfli səhifəsidir.
Məhz bu gün Azərbaycanın müstəqilliyinin davamlılığını, dövlətçiliyinin müqəddəratını
həll edən tarixi an idi.
Çünki yenicə müstəqillik əldə etmiş bir ölkənin iki ildən
sonra, 1993-cü ildə üzləşdiyi acınacaqlı durum xalqın yaddaşında silinməz acı
illər qoyub. Müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalan dövlət bir tərəfdən
hərbi təcavüzə məruz qalır, digər tərəfdən vətəndaş müharibəsinə sürüklənirdi.
Məhz belə bir çətin anda xilaskarlıq missiyasını üzərinə götürən yeganə şəxs
Ulu Öndər Heydər Əliyev oldu. Xalqın təkidli tələbi ilə 1993-cü ilin iyun
ayında Bakıya gələn dahi rəhbər Azərbaycanı uçurumdan qurtardı.
Həmin il iyun ayının 15-də Heydər Əliyevin Ali Sovetin Sədri
seçilməsi Azərbaycan dövlətçiliyinin və müstəqilliyinin xilasına yol açan böyük
siyasi hadisə kimi tarixə yazıldı. Məhz Heydər Əliyev dövlətçiliyimizi,
azadlığımızı qorudu, xilas etdi və bu gün müstəqil, demokratik, hüquqi dövlətdə
yaşamaq arzumuzun real və dayanıqlı əsaslar üzərində gerçəkləşməsi dahi şəxsiyyətin
adı ilə bağlıdır.
15 iyun Milli Qurtuluş Günü "xalq-Heydər” birliyinin
əzəmətli təntənəsi kimi tariximizə qızıl hərflərlə yazılıb. Xalq üzləşdiyi
bütün təlatümlərdən, faciələrdən xilas yolunu məhz Heydər Əliyev şəxsiyyətində
görürdü. Bir lider kimi Heydər Əliyev də millətin və dövlətin böhran və məşəqqətlərdən
qurtuluşu üçün həyatını qurban verməyə hazır idi. Bu qarşılıqlı etimad, inam -
xalq və lider birliyi dünya tarixində az rast gəlinən faktlardandır.
Tariximizin 1980-ci illərdən sonra başlayan və indiyədək davam edən dövrünü diqqətlə
araşdırsaq, Milli Qurtuluş Gününün əhəmiyyətini və əlahiddəliyini aydın dərk edərik.
Ulu Öndər Azərbaycanda, sözün həqiqi mənasında, möcüzələr
yaratdı. Bəlkə Tanrının da əlini üzdüyü bir dövləti dağılmaqdan, parçalanmaqdan
qurtardı. Əsl demokratik, vətəndaş cəmiyyətinin əsasını qoydu və inkişaf
istiqamətinə yönəltdi. Vətəndaş cəmiyyətinin demokratik qurumlarından olan həmkarlar
ittifaqına münasibətə yenidən baxıldı. Xalq Cəbhəsi-Müsavat cütlüyünün sıravi
insanların müəyyən qrupu arasında həmkarlar ittifaqına qarşı yarada bildikləri
inamsızlığı aradan qaldırmaq məqsədilə dövlət başçısı tərəfindən uğurlu
addımlar atıldı.
Dahi liderin Azərbaycana yenidən qayıdışından sonra ölkəmizdə
milli məfkurənin, vətəndaş cəmiyyətinin formalaşması və yüksəlişi, xalqın
arzularının gerçəkləşməsi üçün gördüyü ən mühüm işlərdən biri də ictimai-siyasi
qurumların inkişafı və fəallaşmasıdır. Azərbaycan həmkarlar ittifaqlarının müxtəlif
siyasi qüvvələrin təsirindən qorunmasında, cəmiyyətdəki missiyasını yerinə
yetirməsində Ümummilli Liderin əvəzsiz rolu olub. Bunların sayəsində həmkarlar
ittifaqlarının uzun illər ərzində formalaşmış maddi-texniki bazasının
dağıdılmasının qarşısı alındı, vətəndaş cəmiyyətinə yad olan inzibati-amirlik
metodlarından imtina edildi, Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının demokratik idarəçilik prinsiplərinə əsaslanan fəaliyyətinə dəstək
verildi. Ulu Öndər dövlətin sosial-iqtisadi siyasətinin reallaşdırılması işində,
dövlət başçısı kimi fəaliyyətinin sonuna qədər həmkarlar ittifaqına güvəndi.
1994-cü il fevralın 24-də "Həmkarlar ittifaqları
haqqında” qanun qəbul edildi. Prezident Heydər Əliyev tərəfindən təsdiq edilən
bu qanunun qəbul edilməsi təşkilatımızın səmərəli fəaliyyət göstərməsi üçün
hüquqi baza yaradılmasını təmin etdi. Bu qanun öz dəyərinə, məzmununa görə təkcə
ölkə daxilində deyil, hətta MDB məkanında bir çoxlarına demokratiyanı sözdə
yox, işdə dəstəkləməyin parlaq nümunəsi oldu. Heydər Əliyevin prezidentliyi illərində
əməkçilərin sosial müdafiəsinə yönəlmiş çoxsaylı digər hüquqi-normativ aktlar qəbul
olundu. Beynəlxalq Əmək Təşkilatının əsas konvensiyaları Milli Məclisdə
ratifikasiya edildi. Ölkəmizdə ilk dəfə olaraq məhz həmkarlar ittifaqları
özünün I və II qurultaylarında Ümummilli Liderin prezidentliyə namizədliyini irəli
sürmüşdü.
Heydər Əliyev elə şəxsiyyətdir ki, fədakar əməyi,
xalqına, vətəninə sonsuz məhəbbəti, sivil dövlət quruculuğu istəyi və yüksək
peşəkarlığı, uzaqgörənliyi sayəsində Azərbaycan tarixində özünə əbədiyaşar heykəl
qoydu. Bütün uğurlarımızda Heydər Əliyevin qoyduğu təməli görürük. O, bizə təkcə
müasir, əbədiyaşar dövlət əmanət etmədi. Həm də zərgər dəqiqliyi ilə qurduğu
dövlətimizi gələcəyə inamla apara biləcək davamçı bəxş etdi. Bu, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevdir. Onun rəhbərliyi altında Azərbaycan
öz inkişafının yeni mərhələsinə qədəm qoydu, fəaliyyəti ilə Heydər Əliyev
yolunun nə dərəcədə doğru olduğunu bir daha sübut etdi.
Ümummilli Liderin əsasını qoyduğu iqtisadi, sosial
islahatlar Prezident İlham Əliyev tərəfindən müasir sivilizasiyanın tələbləri səviyyəsində
davam etdirildi və cənab Prezident Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə
çevirdi.
Bu gün cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin
genişmiqyaslı inkişafı, sürətli tərəqqisi, həyata keçirilən əzəmətli layihələr,
Azərbaycanın hərtərəfli yeniləşməsi, doğma vətənimizi dünyaya yeni formada təqdim
etməyə imkan yaradan müsbət dəyişiklər məhz Ulu Öndərin müəyyənləşdirdiyi yolun
layiqli davamıdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün
sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın daha xoş
sabaha olan inamını artırır, Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycanın
etibarlı əllərdə olduğuna möhkəm əminlik yaradır.
Cənab İlham Əliyev Ulu Öndərin siyasi-ideoloji kursunu
layiqincə davam etdirib Azərbaycanın inkişaf strategiyasını uğurla həyata
keçirməklə, müstəqilliyimizi möhkəmləndirməklə, dövlətçiliyimizi qüdrətləndirməklə
Heydər Əliyev ideyalarını yaşadır, inkişaf etdirir, ölkəmizi aydın sabahlara
aparır.
Səttar MÖHBALIYEV,
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri,
Milli Məclisin deputatı
AZƏRBAYCAN qəzeti
12.06.2020-ci il