Əbədiyaşarlıq rəmzi
05 May 2021
Hər il olduğu kimi, bu il də bütün dünya azərbaycanlıları tərəfindən Ulu Öndər Heydər Əliyevin anadan olmasının növbəti ildönümü böyük ehtiramla qeyd edilir. Hər bir xalqın əsrlərboyu formalaşan dövlətçilik ənənələrinin konkret dövlət modelində gerçəkləşməsi üçün əlverişli siyasi mühit və milli iradə ilə yanaşı, güclü liderin də olması mühüm şərtdir.
Güclü, qətiyyətli, vətənpərvər və müdrik
liderə malik olmayan xalq hətta real imkanlar daxilində belə öz müstəqilliyinə
qovuşa bilmir. Düz 98 il bundan öncə Azərbaycan xalqının əsrlərboyu bəslədiyi
azadlıq, müstəqillik və milli dövlətçilik kimi ali məqsədlərini gerçəkləşdirmək
üçün Allah özü Ümummilli Lider Heydər Əliyevi xalqımıza bəxş etdi.
Heydər Əliyev inkişafın möhkəm əsaslarını
yaratdı
Görkəmli dövlət xadimi, təcrübəli siyasətçi,
Azərbaycan dövlətçiliyinin möhkəm təməlini yaradan və onu möhkəmləndirən,
davamlı inkişaf yoluna çıxaran qüdrətli şəxsiyyət kimi Heydər Əliyevin həyat və
fəaliyyəti müasir tariximizin mühüm mərhələsini təşkil edir. Müasir dövlətçilik
tariximiz Heydər Əliyev dühasının çoxşaxəli və məhsuldar fəaliyyətinin canlı
salnaməsidir.
Ulu Öndərimiz ictimai fikri hər zaman
dövrün keyfiyyətcə yeni və pozitiv dəyişikliklərinə hazırlamış, yaranmış tarixi
şəraitə uyğun strateji qərarlar qəbul etməklə yanaşı, fəaliyyətində daim milli
maraq və mənafeləri önə çəkmiş, uzaq hədəflərə hesablanmış inkişaf strategiyası
işləyib-hazırlamış və həyata keçirmişdir. Unikal keyfiyyətlərə sahib olan bir
siyasətçi kimi bir-birilə ziddiyyət təşkil edən iki müxtəlif ictimai-siyasi
quruluşda ölkəyə inamla rəhbərlik etmiş Heydər Əliyev hər iki mərhələdə Azərbaycanın
möhkəmlənməsinə, tərəqqisinə çalışmış, xalqın mənafeyini hər zaman üstün
tutmuşdur.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycanı
yüksəliş yoluna çıxaran inkişaf strategiyasının tarixi 1969-cu ildən,
respublikamıza birinci dəfə rəhbər seçilməsindən başlayıb. 1969-cu il iyunun
14-ü həyatımızın olduqca mühüm tarixi hadisəsi kimi yaddaşımızda əbədi qalıb.
Bu tarix dövlətçilik tariximizdə dinamik, hərtərəfli inkişaf və intibah mərhələsinin
başlanğıcını qoyub.
Ulu Öndərin rəhbərliyi illərində həyata
keçirilən işlər Azərbaycanda böyük sosial-iqtisadi, elmi və ədəbi-mədəni
inkişafa yol açdı. O vaxt sovet rejiminin sərt qanunlarına baxmayaraq qısa
zaman kəsiyində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda bütün
sahələrdə o dövrlərdə hətta ittifaq rəhbərliyinin cəsarət etmədiyi addımlar
atılırdı. Respublikada korrupsiya, rüşvətxorluq hallarına qarşı başlanmış
mübarizə, bu istiqamətdə atılan addımlar öz nəticəsini verirdi. Qarşıda duran vəzifələr
uğurla icra edilirdi. Bu baxımdan Ümummilli Lider Heydər Əliyevin ilk rəhbərliyi
dövründə Azərbaycan bütün sahələr üzrə sözün əsl mənasında öz intibah dövrünü
yaşayıb.
Məhz həmin dövrdən Azərbaycanın müasir
tarixinin bütün mərhələləri Heydər Əliyevin adı ilə bağlıdır. Onun uzaqgörənliyi
sayəsində yeni Azərbaycan iqtisadiyyatının qurulması, respublikada hərbi
kadrlar yetişdirən hərbi liseyin yaradılması kimi məsələlər məhz müstəqil Azərbaycanın
bugünkü inkişafı üçün nəzərdə tutulmuş addımlar idi.
İqtisadi asılılığın aradan
qaldırılmasının siyasi müstəqilliyin təməlində duran əsas amillərdən biri
olduğunu aydın görən Ulu Öndər hələ sovet dönəmində respublikanın istehsal
potensialının mühüm hissəsini ittifaq şəbəkəsindən ayırıb və bununla da
respublika iqtisadiyyatının əsaslı şəkildə müstəqilləşdirilməsinə, sənaye
potensialının gücləndirilməsinə nail olub. Həmin illərdə Heydər Əliyevin qətiyyəti,
iradəsi və təşəbbüskarlığı sayəsində keçmiş sovetlər ittifaqının bir çox qabaqcıl
texnologiyalara əsaslanan sənaye istehsal müəssisələri Azərbaycanda inşa
olunub. Ulu Öndərin atdığı bu taleyüklü addımlar sayəsində Azərbaycanın gələcək
müstəqilliyinin iqtisadi əsası formalaşdırılıb. Neft sənayesinin iqtisadi
inkişafdakı müstəsna rolunu düzgün qiymətləndirən Ulu Öndər Heydər Əliyev 70-ci
illərdə bu sahənin dinamik inkişafına, neft-kimya sənayesinin tamamilə modernləşdirilməsinə
nail olub.
Müstəqilliyimizin xilaskarı, müasir Azərbaycan
dövlətinin banisi
XX əsrin sonlarında yenidən müstəqillik
qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun
itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin
iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü.
“Pis günün ömrü çox olmaz” deyib atalar.
Bütün çətinliklərə, məhrumiyyətlərə, cəmiyyət həyatının bütün sferalarını
bürümüş böhrana dözən Azərbaycan xalqının müdrik qərarı və seçimi 1993-cü ilin
ortalarından başlayaraq vəziyyəti dəyişdi. 1993-cü il iyun ayında təcrübəli
siyasətçi, bacarıqlı dövlət xadimi Heydər Əliyevin xalqın təkidli tələbi ilə
hakimiyyətə gəlişi ölkədəki hərc-mərcliyə, vətəndaş qarşıdurmasına son qoydu,
dövlət müstəqilliyimiz qorundu. Ulu Öndər çox böyük real təhlükələri qarşısına
alaraq qurtuluş missiyasını cəsarətlə öz üzərinə götürdü və dövlətini yox olmaq
təhlükəsindən xilas etdi. Onu da qeyd edək ki, həmin ağır günlərdə Azərbaycan
Həmkarlar İttifaqlarının çoxsaylı üzvləri xalqın böyük etimad göstərdiyi və
sonsuz ümid bəslədiyi Heydər Əliyevin haqq işinin müdafiəsinə qalxmışdı.
Ulu Öndərin əsasını qoyduğu milli
qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən
böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi. Bununla da ölkədə illərdən
bəri davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız Vətəndaş müharibəsindən
və parçalanma təhlükəsindən xilas oldu.
Ulu Öndərin rəhbərliyi ilə ölkəmizdə
möhtəşəm uğurlara imza atıldı, islahatlar həyata keçirildi, iqtisadi dirçəliş
baş verdi, ordu gücləndirildi. Bu fikirlərin təsdiqi kimi, “Əsrin müqaviləsi”nin
əhəmiyyətini vurğulamaq kifayət edər. Həmin beynəlxalq neft sazişi Azərbaycanın
sonrakı uğurlu inkişafında əsaslı rol oynadı. Ulu Öndər Heydər Əliyevin həyata
keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi
kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın dövlət mənafelərini
qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın
müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı, digər tərəfdən
bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may
ayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edildi. Atəşkəsin həyati əhəmiyyəti
onda idi ki, məhz bu müqavilədən sonra ölkəmizin dünya birliyinə inteqrasiyası
sürətləndi, öz iqtisadi potensialından səmərəli istifadə edərək dünya bazarına
daxil olmağa şərait yaradan beynəlxalq müqavilələr, razılaşmalar əldə edildi.
Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində bütün sahələrdə olduğu kimi, ölkəmizin
iqtisadi həyatında da əhəmiyyətli dəyişikliklərin əsası qoyuldu. Ümummilli
Liderin rəhbərliyi ilə qısa müddət ərzində ölkədə bazar iqtisadiyyatının
formalaşması məqsədilə qanunvericilik bazası yaradıldı, məqsədli dövlət
proqramları qəbul edildi, institusional islahatlar aparıldı, mülkiyyət münasibətlərində
köklü dəyişikliklər edilməsi üçün müvafiq addımlar atıldı.
Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş
inkişaf strategiyanın əsasını iqtisadiyyatın yüksəlişinə, mövcud resurslardan səmərəli
istifadəyə, dünya iqtisadiyyatına inteqrasiyaya və nəticə etibarilə vətəndaşların
rifah halının yüksəldilməsinə hesablanan sosialyönümlü bazar iqtisadiyyatının
yaradılması təşkil edirdi. Nəticədə iqtisadi sahədə islahatların ardıcıl və
sistemli şəkildə həyata keçirilməsi məqsədilə Ulu Öndər beynəlxalq tələblərə
uyğun qanunvericilik bazasının yaradılmasını təmin etdi. Azərbaycanın ozamankı
məhdud imkanlarını nəzərə alan Heydər Əliyev iqtisadiyyatda ciddi dönüşə nail
olmaq üçün respublikanın malik olduğu zəngin karbohidrogen ehtiyatlarından səmərəli
istifadəni vacib hesab edirdi. Ulu Öndər neft və qaz hasilatının artımına ölkənin
qarşıdakı iqtisadi və sosial çətinliklərinin aradan qaldırılmasında əsas vasitələrdən
biri kimi baxırdı. Belə bir şəraitdə maliyyə vəsaitinin məhdudluğu xarici şirkətlərin
və investorların cəlb olunmasını strateji zərurətə çevirmişdi. Heydər Əliyevin
hakimiyyətə qayıdışından dərhal sonra xarici investorlarla neft müqavilələri
üzrə fəal danışıqlara başlandı və çətin danışıqlar prosesindən sonra Azərbaycanın
maraqlarına tamamilə cavab verən müqavilə şərtləri əldə edildi.
Ümummilli Lider müasir Azərbaycan
Respublikasında aparılan bütün islahatların təşəbbüskarı və müəllifidir. Həmin
islahatlar bu gün də böyük uğurla davam etdirilir.
Bütövlükdə, Heydər Əliyev müasir, müstəqil
Azərbaycan dövlətçiliyinin etibarlı bünövrəsini yaratdı. Böyük öndərin dövlətçilik
konsepsiyası Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini özündə
birləşdirən yeni inkişaf modeli oldu. İctimai-siyasi sabitlik amili indi də bu
modelin əsas dayaqlarından, istinad nöqtələrindən biri kimi çıxış edir. Şübhəsiz,
sabitliyə nail olmadan yeni idarəetmə sisteminə keçid formulunu reallaşdırmaq,
bazar iqtisadiyyatı və demokratiya, insan hüquqları kimi fundamental prinsiplərin
tətbiqinə nail olmaq mümkün deyildir. Məhz bu sabitliyin, iqtisadi tərəqqinin nəticəsidir
ki, hazırda demokratik normalar qanunların və milli dəyərlərin tənzimlədiyi sərhədlərdən
kənara çıxmır və dialektik inkişafa uyğun olaraq getdikcə ictimai şüur tərəfindən
tam şəkildə mənimsənilir.
Onu da qeyd etmək yerinə düşər ki, Heydər
Əliyevin böyük müdrikliklə irəli sürdüyü inkişaf modeli spesifikliyi ilə fərqlənməklə
demokratik dəyərləri özündə maksimum ehtiva edən milli inkişaf prioritetlərini
müəyyənləşdirdi. Məhz bunun nəticəsidir ki, Azərbaycan çox qısa müddətdə bir
sıra Qərb dövlətlərinin onilliklər ərzində əldə etdiyi iqtisadi tərəqqiyə nail
oldu, demokratikləşmə, vətəndaş cəmiyyəti quruculuğu, insan hüquq və
azadlıqlarının təminatı sahəsində ciddi uğurlar əldə etdi.
Azərbaycançılıq ideologiyası birləşdirici
amildir
Ümummilli Lider Heydər Əliyevin vətən və
xalq qarşısında göstərdiyi misilsiz xidmətlərdən biri də milli dövlətçiliyimizin
möhkəmləndirilməsi baxımından həyati əhəmiyyət kəsb edən azərbaycançılıq
ideyasını irəli sürməsi, onu bir ideologiya şəklində formalaşdırması və bütün
dünyada Azərbaycan diasporlarının təşkilatlanması üçün ideoloji təmələ çevirməsidir.
Ümummilli Lider xarici ölkələrə səfərləri zamanı azərbaycanlılarla çoxsaylı
görüşlər keçirmiş, xaricdə yaşayan soydaşlarımızı daim milli ideya ətrafında
birləşməyə, təşkilatlanmağa, icmalar, milli cəmiyyətlər yaratmağa səsləmişdir.
Ulu Öndər daim həmvətənlərimizi yaşadıqları ölkənin ictimai-siyasi həyatında fəal
iştirak etməyə, eyni zamanda vətənlə - doğma Azərbaycanla sıx əlaqə saxlamağa,
bir an da olsun Azərbaycanı təmsil etdiklərini unutmamağa çağırmışdır.
1997-ci ildə Heydər Əliyev ABŞ-a rəsmi səfəri
zamanı Azərbaycan diasporu qarşısında çıxışında bu istiqamətdə əsas prinsipləri
müəyyən etmişdir: “Siz düşünməyin ki, Azərbaycan bizim üçün nə edib, düşünün
ki, biz Azərbaycan üçün nə etmişik. Onda Azərbaycan da irəli gedər, Azərbaycan
diasporu da inkişaf edər... Harada doğulmağın fərqi yoxdur, əsas odur ki, sən
azərbaycanlısan, Azərbaycan dilinin, mədəniyyətinin daşıyıcısısan”. Qeyd etmək
lazımdır ki, hakimiyyətdə olduğu bütün dövrlərdə Heydər Əliyev Azərbaycan
dilini milli mənliyin baş məsələsi kimi diqqət mərkəzində saxlayıb. Heydər
Əliyev müstəqillik dövrünün dövlət ideologiyasını formalaşdırarkən XX əsr
ziyalılarının əsərlərində milli ideya kimi türkçülüklə paralel olan azərbaycançılığı
yeni tarixi şəraitdə milli dövlətçilik ideologiyası kimi sistemə saldı,
ümummilli ideya, dünya azərbaycanlılarının ideologiyası, milli birlik təlimi
kimi əsaslandırdı. Bu gün siyasi baxışlarından asılı olmayaraq, hamı etiraf
edir ki, Heydər Əliyevin 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə
qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik respublikamızın ən
qiymətli mənəvi-ideoloji sərvətlərindən biridir. Xalqın nəzərində bütöv, milli
şəxsiyyət kimi təcəssüm olunan Heydər Əliyev Azərbaycana ikinci rəhbərliyi
dövründə vətəndaş sülhü və ümumxalq həmrəyliyinin möhkəmləndirilməsi xəttini
davam etdirmiş, bu siyasi xətti özünün konkret addımları ilə kamil elmi-nəzəri
konsepsiya səviyyəsinə qaldırmışdır. Ulu Öndər özünəməxsus uzaqgörənlik və
müdrikliklə ilk gündən xarici siyasətdə strateji hədəfləri düzgün müəyyənləşdirərək
demişdir ki, müasir dövrdə hər bir dövlətin qüdrəti yalnız iqtisadi resurslarla
deyil, həm də onun xaricdə formalaşdırdığı diaspor və lobbinin gücü ilə
ölçülür. Bu sahəyə xüsusi diqqət yetirmədən xarici siyasətdə ciddi nailiyyətlər
qazanmaq, habelə milli məsələlərin beynəlxalq müstəvidə qaldırılmasına nail
olmaq mümkün deyil. Məhz bu səbəbdən Azərbaycan hakimiyyəti dünya azərbaycanlılarının
həmrəyliyinə nail olmaq üçün bu sahədə sistemli və ardıcıl siyasət yeridir.
Xarici ölkələrdə yaşayan soydaşlarımızla çoxşaxəli münasibətlər qurmaq, onları
ideoloji-siyasi müstəvidə silahlandırmaq və ümummilli mənafelər naminə səfərbər
etmək Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən birinə çevrilmişdir.
Bu sahədə dövlət siyasətinin məqsədi xaricdə yaşayan soydaşlarımızın milli özünəməxsusluğunu
qorumaq və inkişaf etdirmək, Azərbaycanla əlaqələrini genişləndirmək, habelə
digər hüquqlarını reallaşdırmaqdan ibarətdir.
Azərbaycanın yüksəlişi Heydər Əliyev
siyasətinin təntənəsidir
Hər bir uğurun əsasında Heydər Əliyev
uzaqgörənliyi, düşünülmüş siyasəti dayanır. Prezident İlham Əliyev hələ 2003-cü
ildə keçirilən andiçmə mərasimində Azərbaycanın daha güclü, qüdrətli dövlətə
çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdirilməsinin gərəkliyini
bildirmişdi. Son 18 ilin uğurları bu vədin konkret əmələ əsaslandığını sübut
edir. Prezident İlham Əliyev ölkəmizin ötən dövrdə qazandığı uğurları diqqətə
çatdıraraq bildirmişdir: “Bu gün Heydər Əliyev siyasəti bütövlükdə bütün sahələrdə
davam etdirilir. 2003-cü ildə Azərbaycan xalqı mənə böyük etimad göstərərək
Prezident vəzifəsinə seçdiyi gündən bu günə qədər bu siyasətə sadiqəm. Mən
2003-cü ildə bu barədə sözümü demişəm. Mən bu siyasətə sadiq qalacağam və
2003-cü ildən bu günə qədər Azərbaycanda gedən uğurlu inkişaf Heydər
Əliyev siyasətinin təntənəsidir, müstəqil Azərbaycanın təntənəsidir”.
Bu gün Azərbaycanın hansı uğurundan,
hansı nailiyyətindən söhbət gedirsə-getsin orada Heydər Əliyevin dəstxəti,
müdrikliyi, uzaqgörənliyi aydın görünür. Azərbaycanın iqtisadi möcüzələr ölkəsi
kimi tanınması, müxtəlif mədəniyyətlərin, sivilizasiyaların qovuşduğu məkanda
yerləşən ölkə olaraq beynəlxalq tədbirlərə evsahibliyi etməsi, ən əsası,
inkişafın Azərbaycan modelinin dünyaya böyük səs salması təməli Ulu Öndər Heydər
Əliyev tərəfindən qoyulan düzgün siyasətə əsaslanır.
Dövlət siyasətinin əsas priorietləri
kimi böyük əhəmiyyətə malik, Avropa və dünya birliyi dövlətlərinin enerji təhlükəsizliyinin
təminatında etibarlı tərəfdaş sayılan Azərbaycanın lider dövlət kimi
tanınmasının təməlində də Ulu Öndər tərəfindən qoyulan daxili və xarici siyasətin
uğurlu həlli dayanır. Bütün xalqlar və dövlətlərlə qarşılıqlı anlaşma və əməkdaşlıq
siyasəti yeridən Azərbaycanın ən tanınmış beynəlxalq təşkilatlarda təmsil
olunub, söz sahibi nüfuzu qazanması müdrik bir siyasətin məntiqi nəticəsi kimi
bu gün də özünü doğruldur. Həyata keçirilən hər bir layihənin əks-sədası Azərbaycana
marağı artırmaqla respublikamızı Cənubi Qafqazda lider dövlət kimi tanıtdırdı.
Bu gün Azərbaycanın iştirakı olmadan regionda hansısa iqtisadi və siyasi layihənin
həyata keçirilməsinin qeyri-mümkünlüyü də deyilənlərin təsdiqidir. “Bu təşəbbüsləri
gerçəkliyə çeviririk” söyləyən dövlət başçısı İlham Əliyev bu layihələrin ölkələr
arasında dostluğun, əməkdaşlığın genişləndirilməsində böyük əhəmiyyəti olduğunu
bildirir. Gerçəklənən hər bir layihə yeni layihənin gündəmə gətirilməsinə
stimul verir.
Prezident İlham Əliyevin uğurlu siyasətinin
nəticəsidir ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq
ideologiyası bütün dünyada yaşayan azərbaycanlılar üçün birləşdirici faktora
çevrilib. Dünyada Azərbaycan diaspor təşkilatlarının mövqelərinin getdikcə güclənməsini
şərtləndirən əsas amil Prezident İlham Əliyevin diaspor və lobbi quruculuğuna
mühüm məsələlərdən biri kimi yanaşmasıdır. Ötən 18 ildə bu yönümdə ardıcıl və
sistemli tədbirlərin həyata keçirilməsini təmin edən dövlət başçımız müxtəlif
ölkələrə səfərləri çərçivəsində soydaşlarımızla keçirdiyi görüşlərdə milli
diaspor təşkilatlarının vahid, mütəşəkkil qüvvə kimi təşkilatlanması zərurətini
önə çəkmiş, bunun ideoloji-siyasi konturlarını müəyyənləşdirmişdir. Dövlətimizin
başçısı müasir dövrdə bu sahəyə xüsusi diqqət ayırmadan xarici siyasətdə ciddi
uğur qazanmağın qeyri-mümkünlüyünü çıxışlarında dəfələrlə vurğulamışdır.
Həmkarlar ittifaqlarının fəaliyyətində
yeni səhifə açıldı
Qürur hissi ilə qeyd edə bilərik ki, Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının müstəqil qurum kimi formalaşması da məhz
Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin
yenidən hakimiyyətə qayıdışı ilə həmkarlar ittifaqlarının həyatında yeni səhifə
açıldı. Heydər Əliyevin şəxsi diqqət və qayğısı nəticəsində Azərbaycan Həmkarlar
İttifaqları yenidən ölkənin ictimai, siyasi, iqtisadi və mədəni həyatında
layiqli yeri olan bir təşkilata çevrildi. Məhz Ümummilli Liderin şəxsi təşəbbüsü
və nəzarəti altında keçmiş postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda
1994-cü ildə “Həmkarlar ittifaqları haqqında” qanun qəbul edilmiş, bununla da təşkilatın
normal fəaliyyətinə şərait yaradılmışdır. Beynəlxalq standartlara cavab verən
belə bir qanunun qəbul edilməsi ilə həmkarlar ittifaqları elə nüfuz və hörmət
sahibinə çevrildi ki, istər Milli Məclisdə, istərsə də Nazirlər Kabinetində əhalinin
sosial-iqtisadi problemlərinin həlli ilə bağlı mühüm məsələlərə dair qərarların
qəbulunda onun verdiyi təkliflər əsas yerlərdən birini tutmağa başladı. Əmək,
sosial, iqtisadi məsələlər barəsində qanunvericilik aktlarının hazırlanmasında
həmkarlar ittifaqlarının hüquqları tanındı. Azərbaycan Həmkarlar İttifaqları
beynəlxalq həmkarlar ittifaqları hərəkatının tərkib hissəsinə çevrildi.
Heydər Əliyevin göstərişləri və tövsiyələri
sayəsində Azərbaycan Həmkarlar İttifaqlarının vəzifələri dəyişdi, onların
sosial təyinatı, funksiyaları, fəaliyyətlərinin forma və metodları əsaslı şəkildə
yenidən quruldu. Ulu Öndərin uzaqgörən siyasəti sayəsində həmkarlar
ittifaqlarının uzun illər ərzində yaranmış maddi-texniki bazası qorunub
saxlanmış, həmkarlar ittifaqlarının demokratik idarəetmə prinsiplərinə əsaslanan
fəaliyyətinə dəstək verilmişdir. Bütün bunlar respublikada həmkarlar
ittifaqı hərəkatının inkişafına stimul yaradaraq işçilərin sosial-iqtisadi
hüquqlarının müdafiəsini daha səmərəli formada həyata keçirməyə imkan yaratdı.
Heydər Əliyev həmişə bu qurumun fəaliyyətini
izləməyə, ona yardım göstərməyə vaxt tapmış, qurultaylarına təbrik məktubları
göndərmiş, əldə olunmuş nailiyyətləri yüksək qiymətləndirmiş, zəruri tövsiyələrini
vermişdir. Ulu Öndərin 2003-cü il fevralın 5-də AHİK-in II qurultayına
ünvanladığı təbrik məktubunda deyilirdi: “Yeni şəraitdə həmkarlar
ittifaqlarının cəmiyyətdəki rolu daha da artmışdır. 1994-cü ildə qəbul olunmuş
“Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanunu bu qurumun cəmiyyətimizdəki
fəaliyyətinin yeni prinsiplər əsasında tənzimlənməsi və vətəndaşlarımızın
sosial-iqtisadi mənafelərinin qorunmasında fəal iştirakı üçün hüquqi baza
yaradır. Həmkarlar ittifaqları hazırkı dövrdə əmək prosesinə cəlb olunmuş Azərbaycan
vətəndaşlarının hüquqlarının müdafiəçisi kimi ölkəmizdə fəaliyyət göstərən
bütün müəssisələrdə, o cümlədən xarici sərmayə ilə işləyən təşkilatlarda,
transmilli şirkətlərdə iş şəraitinin müasir standartlara uyğunlaşdırılması,
sosial problemlərin həlli və əmək hüquqlarının təmin olunması sahəsində yeni
metod və vasitələrdən istifadə edərək daha ardıcıl və məqsədyönlü fəaliyyət
göstərməlidirlər. Vətəndaşlarımızın ən böyük ictimai təşkilatı olan həmkarlar
ittifaqları yeni cəmiyyət quruculuğunda yaxından iştirak etməli, sosial siyasətin
həyata keçirilməsində önəmli rol oynamalıdırlar”.
Ümummilli Lider Heydər Əliyevin
sosial-iqtisadi inkişaf strategiyasına sadiq olan Prezident İlham Əliyevin həmkarlar
ittifaqlarının sosial-iqtisadi məsələlərlə bağlı mövqeyini dəstəkləməsi və bu
sahədə mühüm qərarlar qəbul etməsi xüsusi rol oynadı. Prezident İlham Əliyev də
dəfələrlə həmkarlar ittifaqlarının güclü qüvvə olduğunu və Azərbaycanda əmək
hüquqlarının qorunmasında, işçilərin sosial məsələlərinin həllində mühüm rola
malik olduğunu qeyd etmişdir: “Əminəm ki, həmkarlar ittifaqları cəmiyyətdə əməkdaşlıq
ruhunun bərqərar olması, sosial ədalət prinsiplərinə riayət edilməsi, bazar
iqtisadiyyatı şəraitində işçilərin əmək hüquqlarının qorunması, işəgötürənlərlə
işçilər arasında münasibətlərin tənzimlənməsi istiqamətində çox iş görə bilər”.
Bu fikirlər həmkarlar ittifaqlarını daha da əzmkarlıq, birlik və həmrəylik
nümayiş etdirməyə istiqamətləndirmişdir.
Bu gün Azərbaycan Həmkarlar İttifaqları
vətəndaş cəmiyyətinin əsas institutlarından biri olmaqla, cəmiyyətdə öz yerinin
və rolunun möhkəmləndirilməsi üçün real yollar axtarıb tapır. Sosial ədalət
prinsiplərinə əməl edilməsi, bazar iqtisadiyyatı şəraitində işçilərin əmək
hüquqlarının qorunması, işəgötürənlə işçilər arasında münasibətlərin tənzimlənməsi
istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir.
Azərbaycan Həmkarlar İttifaqları
respublikamızın ictimai həyatında mühüm rol oynamaqla iqtisadiyyatın və cəmiyyətin
demokratik dəyərlərinin inkişafı sahəsində qarşıda duran vəzifələri yerinə
yetirir, qloballaşmanın dərinləşməsi şəraitində dünya həmkarlar ittifaqları ilə
əməkdaşlığı genişləndirir. Əhalinin sosial-iqtisadi və məşğulluq problemlərinin
həlli üçün hökumətlə sıx əməkdaşlıq edir, cəmiyyətdə mövqeyinin güclənməsinə
çalışır. Çoxsaylı sahə həmkarlar ittifaqını öz ətrafında birləşdirən AHİK və
onun üzv təşkilatları qanunvericilikdə onlara həvalə edilmiş hüquq və səlahiyyətlərinin
yerinə yetirilməsində uğurlu addımlar atırlar.
Heydər Əliyevin müəyyənləşdirdiyi, İlham
Əliyevin davam etdirdiyi siyasətin nəticəsi
Zaman xalqımızı ağır sınaqlara çəksə də,
artıq yenidən tariximizin şərəfli səhifələri yazılır. Heydər Əliyevin müəyyənləşdirdiyi,
İlham Əliyevin layiqincə davam etdirdiyi siyasi xəttin nəticəsi olaraq güclü Azərbaycan
dövlətinin yaranması bu gün dünyanın etiraf etdiyi reallıqdır. Elə bu
reallıqdan çıxış edərək xalqımız öz tarixinin yeni yüksəliş salnaməsini
yaradır. Ötən il 44 günlük Vətən müharibəsindəki qələbə də bu salnamənin parlaq
səhifəsidir.
Bu Qələbənin əldə olunması Ulu Öndər
Heydər Əliyevin müəyyənləşdirdiyi və möhtərəm İlham Əliyevin layiqincə davam
etdirdiyi siyasətin nəticəsi və təntənəsidir. Bu zəfərlə Ermənistanın 30 illik
işğalına son qoyuldu, məğlubiyyət damğası birdəfəlik üzərimizdən götürüldü,
yeganə ağrılı problemimiz həllini tapdı. Azərbaycan döyüş meydanında yalnız Ermənistanı
cəzalandırmadı, həm də cəmi 44 gün ərzində uzun onilliklər xalqımız barədə
dünyada mənfi obrazlar yaratmağa çalışan dünya erməniliyinə böyük zərbə vurdu.
Ermənistan ordusunun gücü, erməni əsgərinin döyüş əzmi barədə uydurulmuş mif
bir neçə günə darmadağın edildi.
Azərbaycanın Vətən müharibəsində
qazandığı möhtəşəm Qələbə bütün Cənubi Qafqazda yeni reallıqlar yaradıb. Bu
reallıqlardan ən önəmlisi odur ki, Azərbaycan xalqı artıq öz torpaqlarına
qayıdıb və bu qayıdış əbədidir. Bu reallıqla barışmaq istəməyən, hələ də
tarixin təkərini geri döndərmək kimi boş ümidlərdən əl çəkməyən ünsürlərə ən
gözəl cavabı çıxışlarının birində Prezident İlham Əliyev verib: “Bu gün Dağlıq
Qarabağda özünü siyasətçi adlandıran bəzi ünsürlər yenə də baş qaldırmağa
çalışırlar. Unutmasınlar, bizim səbrimizlə oynamasınlar, 44 günlük müharibə
onların yadından çıxmasın. Yoxsa ordu qurub torpaqları geri alacaq? Gəlin,
alın. Gəlin bura, siz buradasınız, yaxındasınız. Gəlin alın, görüm necə
alırsınız? İti qovan kimi qovmuşuq sizi, rədd etmişik, cəhənnəmə göndərmişik.
Əgər kimsə revanş haqqında düşünürsə, o, bizim dəmir yumruğumuzu bir daha görəcək.
Azərbaycanın dəmir yumruğu düşmənin belini qırıb, lazım olarsa, bir daha
qırar”.
Beləliklə, İlham Əliyev sübut etdi ki,
söz anlamayan Ermənistanı güc yolu ilə başa salmaq mümkündür. Erməni təəssübkeşlərinin
isə Azərbaycanın qələbəsini etiraf etməkdən başqa yolları yoxdur.
İşğalçı Ermənistan üzərində qazanılmış hərbi
Qələbəni, o cümlədən Qarabağa qayıdışı fərəh hissi ilə qeyd etdikcə, bir daha
Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla anırıq. Çünki bizi bu Qələbəyə,
bu qayıdışa aparan yolun təməlində Heydər Əliyev dayanır. Bu haqq savaşında
xalqımız vətənpərvər liderinin ətrafında yumruq kimi birləşdi, torpaqlarımızın
azadlığı uğrunda mübarizədə milli həmrəyliyin ən gözəl nümunəsini yaratdı.
Ulu Öndər Heydər Əliyevin xalqına,
xalqın isə Ümummilli Liderinə olan sarsılmaz inamı və sonsuz sevgisi belə bir
deyim yaratdı - “Heydər-Xalq, Xalq-Heydər!” Əslində bu ifadə özündə bəlkə də bəşər
tarixində indiyədək mövcud olmuş ən möhkəm və sarsılmaz xalq-iqtidar birliyini
təcəssüm etdirir. Heç bir şübhə yoxdur ki, Azərbaycanın öz ərazi bütövlüyünü
möhtəşəm tarixi Qələbə ilə təmin etməsi bu gün də davam edən və gündən-günə
daha da möhkəmlənən bu birliyin növbəti təntənəsidir. Azərbaycan xalqı öz
xilaskar oğlu Heydər Əliyevin əziz xatirəsini daim yaşadacaq, Ulu Öndərin müəyyənləşdirdiyi
yolla bundan sonra da daha böyük qələbələrə doğru inamla addımlayacaq.
Səttar MÖHBALIYEV,
Milli Məclisin deputatı,
Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının sədri
"AZƏRBAYCAN" qəzeti
05.05.2021-ci il