AZ | RU | EN
AZ | EN | RU

Əbədiyaşarlıq rəmzi

05 May 2021

Hər il olduğu kimi, bu il də bütün dünya azərbaycanlıları tərəfindən Ulu Öndər Heydər Əliyevin anadan olmasının növbəti ildönümü böyük ehtiramla qeyd edilir. Hər bir xalqın əsrlərboyu formalaşan dövlətçilik ənənələrinin konkret dövlət modelində gerçəkləşməsi üçün əlverişli siyasi mühit və milli iradə ilə yanaşı, güclü liderin də olması mühüm şərtdir.

Güclü, qətiyyətli, vətənpərvər və müdrik liderə malik olmayan xalq hətta real imkanlar daxilində belə öz müstəqilliyinə qovuşa bilmir. Düz 98 il bundan öncə Azərbaycan xalqının əsrlərboyu bəslədiyi azadlıq, müstəqillik və milli dövlətçilik kimi ali məqsədlərini gerçəkləşdirmək üçün Allah özü Ümummilli Lider Heydər Əliyevi xalqımıza bəxş etdi.
 
Heydər Əliyev inkişafın möhkəm əsaslarını yaratdı
 
Görkəmli dövlət xadimi, təcrübəli siyasətçi, Azərbaycan dövlətçiliyinin möhkəm təməlini yaradan və onu möhkəmləndirən, davamlı inkişaf yoluna çıxaran qüdrətli şəxsiyyət kimi Heydər Əliyevin həyat və fəaliyyəti müasir tariximizin mühüm mərhələsini təşkil edir. Müasir dövlətçilik tariximiz Heydər Əliyev dühasının çoxşaxəli və məhsuldar fəaliyyətinin canlı salnaməsidir.
Ulu Öndərimiz ictimai fikri hər zaman dövrün keyfiyyətcə yeni və pozitiv dəyişikliklərinə hazırlamış, yaranmış tarixi şəraitə uyğun strateji qərarlar qəbul etməklə yanaşı, fəaliyyətində daim milli maraq və mənafeləri önə çəkmiş, uzaq hədəflərə hesablanmış inkişaf strategiyası işləyib-hazırlamış və həyata keçirmişdir. Unikal keyfiyyətlərə sahib olan bir siyasətçi kimi bir-birilə ziddiyyət təşkil edən iki müxtəlif ictimai-siyasi quruluşda ölkəyə inamla rəhbərlik etmiş Heydər Əliyev hər iki mərhələdə Azərbaycanın möhkəmlənməsinə, tərəqqisinə çalışmış, xalqın mənafeyini hər zaman üstün tutmuşdur.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycanı yüksəliş yoluna çıxaran inkişaf strategiyasının tarixi 1969-cu ildən,  respublikamıza birinci dəfə rəhbər seçilməsindən başlayıb. 1969-cu il iyunun 14-ü həyatımızın olduqca mühüm tarixi hadisəsi kimi yaddaşımızda əbədi qalıb. Bu tarix dövlətçilik tariximizdə dinamik, hərtərəfli inkişaf və intibah mərhələsinin başlanğıcını qoyub.
Ulu Öndərin rəhbərliyi illərində həyata keçirilən işlər Azərbaycanda böyük sosial-iqtisadi, elmi və ədəbi-mədəni inkişafa yol açdı. O vaxt sovet rejiminin sərt qanunlarına baxmayaraq qısa zaman kəsiyində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda bütün sahələrdə o dövrlərdə hətta ittifaq rəhbərliyinin cəsarət etmədiyi addımlar atılırdı. Respublikada korrupsiya, rüşvətxorluq hallarına qarşı başlanmış mübarizə, bu istiqamətdə atılan addımlar öz nəticəsini verirdi. Qarşıda duran vəzifələr uğurla icra edilirdi. Bu baxımdan Ümummilli Lider Heydər Əliyevin ilk rəhbərliyi dövründə Azərbaycan bütün sahələr üzrə sözün əsl mənasında öz intibah dövrünü yaşayıb.
Məhz həmin dövrdən Azərbaycanın müasir tarixinin bütün mərhələləri Heydər Əliyevin adı ilə bağlıdır. Onun uzaqgörənliyi sayəsində yeni Azərbaycan iqtisadiyyatının qurulması, respublikada hərbi kadrlar yetişdirən hərbi liseyin yaradılması kimi məsələlər məhz müstəqil Azərbaycanın bugünkü inkişafı üçün nəzərdə tutulmuş addımlar idi.
İqtisadi asılılığın aradan qaldırılmasının siyasi müstəqilliyin təməlində duran əsas amillərdən biri olduğunu aydın görən Ulu Öndər hələ sovet dönəmində respublikanın istehsal potensialının mühüm hissəsini ittifaq şəbəkəsindən ayırıb və bununla da respublika iqtisadiyyatının əsaslı şəkildə müstəqilləşdirilməsinə, sənaye potensialının gücləndirilməsinə nail olub. Həmin illərdə Heydər Əliyevin qətiyyəti, iradəsi və təşəbbüskarlığı sayəsində keçmiş sovetlər ittifaqının bir çox qabaqcıl texnologiyalara əsaslanan sənaye istehsal müəssisələri Azərbaycanda inşa olunub. Ulu Öndərin atdığı bu taleyüklü addımlar sayəsində Azərbaycanın gələcək müstəqilliyinin iqtisadi əsası formalaşdırılıb. Neft sənayesinin iqtisadi inkişafdakı müstəsna rolunu düzgün qiymətləndirən Ulu Öndər Heydər Əliyev 70-ci illərdə bu sahənin dinamik inkişafına, neft-kimya sənayesinin tamamilə modernləşdirilməsinə nail olub.
 
Müstəqilliyimizin xilaskarı, müasir Azərbaycan dövlətinin banisi
 
XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü.
“Pis günün ömrü çox olmaz” deyib atalar. Bütün çətinliklərə, məhrumiyyətlərə, cəmiyyət həyatının bütün sferalarını bürümüş böhrana dözən Azərbaycan xalqının müdrik qərarı və seçimi 1993-cü ilin ortalarından başlayaraq vəziyyəti dəyişdi. 1993-cü il iyun ayında təcrübəli siyasətçi, bacarıqlı dövlət xadimi Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişi ölkədəki hərc-mərcliyə, vətəndaş qarşıdurmasına son qoydu, dövlət müstəqilliyimiz qorundu. Ulu Öndər çox böyük real təhlükələri qarşısına alaraq qurtuluş missiyasını cəsarətlə öz üzərinə götürdü və dövlətini yox olmaq təhlükəsindən xilas etdi. Onu da qeyd edək ki, həmin ağır günlərdə Azərbaycan  Həmkarlar İttifaqlarının çoxsaylı üzvləri xalqın böyük etimad göstərdiyi və sonsuz ümid bəslədiyi Heydər Əliyevin haqq işinin müdafiəsinə qalxmışdı.
Ulu Öndərin əsasını qoyduğu milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi. Bununla da ölkədə illərdən bəri davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız Vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu.
Ulu Öndərin rəhbərliyi ilə ölkəmizdə möhtəşəm uğurlara imza atıldı, islahatlar həyata keçirildi, iqtisadi dirçəliş baş verdi, ordu gücləndirildi. Bu fikirlərin təsdiqi kimi, “Əsrin müqaviləsi”nin əhəmiyyətini vurğulamaq kifayət edər. Həmin beynəlxalq neft sazişi Azərbaycanın sonrakı uğurlu inkişafında əsaslı rol oynadı. Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın dövlət mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı, digər tərəfdən bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edildi. Atəşkəsin həyati əhəmiyyəti onda idi ki, məhz bu müqavilədən sonra ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndi, öz iqtisadi potensialından səmərəli istifadə edərək dünya bazarına daxil olmağa şərait yaradan beynəlxalq müqavilələr, razılaşmalar əldə edildi. Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da əhəmiyyətli dəyişikliklərin əsası qoyuldu. Ümummilli Liderin rəhbərliyi ilə qısa müddət ərzində ölkədə bazar iqtisadiyyatının formalaşması məqsədilə qanunvericilik bazası yaradıldı, məqsədli dövlət proqramları qəbul edildi, institusional islahatlar aparıldı, mülkiyyət münasibətlərində köklü dəyişikliklər edilməsi üçün müvafiq addımlar atıldı.
Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş inkişaf strategiyanın əsasını iqtisadiyyatın yüksəlişinə, mövcud resurslardan səmərəli istifadəyə, dünya iqtisadiyyatına inteqrasiyaya və nəticə etibarilə vətəndaşların rifah halının yüksəldilməsinə hesablanan sosialyönümlü bazar iqtisadiyyatının yaradılması təşkil edirdi. Nəticədə iqtisadi sahədə islahatların ardıcıl və sistemli şəkildə həyata keçirilməsi məqsədilə Ulu Öndər beynəlxalq tələblərə uyğun qanunvericilik bazasının yaradılmasını təmin etdi. Azərbaycanın ozamankı məhdud imkanlarını nəzərə alan Heydər Əliyev iqtisadiyyatda ciddi dönüşə nail olmaq üçün respublikanın malik olduğu zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadəni vacib hesab edirdi. Ulu Öndər neft və qaz hasilatının artımına ölkənin qarşıdakı iqtisadi və sosial çətinliklərinin aradan qaldırılmasında əsas vasitələrdən biri kimi baxırdı. Belə bir şəraitdə maliyyə vəsaitinin məhdudluğu xarici şirkətlərin və investorların cəlb olunmasını strateji zərurətə çevirmişdi. Heydər Əliyevin hakimiyyətə qayıdışından dərhal sonra xarici investorlarla neft müqavilələri üzrə fəal danışıqlara başlandı və çətin danışıqlar prosesindən sonra Azərbaycanın maraqlarına tamamilə cavab verən müqavilə şərtləri əldə edildi.
Ümummilli Lider müasir Azərbaycan Respublikasında aparılan bütün islahatların təşəbbüskarı və müəllifidir. Həmin islahatlar bu gün də böyük uğurla davam etdirilir.
Bütövlükdə, Heydər Əliyev müasir, müstəqil Azərbaycan dövlətçiliyinin etibarlı bünövrəsini yaratdı. Böyük öndərin dövlətçilik konsepsiyası Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini özündə birləşdirən yeni inkişaf modeli oldu. İctimai-siyasi sabitlik amili indi də bu modelin əsas dayaqlarından, istinad nöqtələrindən biri kimi çıxış edir. Şübhəsiz, sabitliyə nail olmadan yeni idarəetmə sisteminə keçid formulunu reallaşdırmaq, bazar iqtisadiyyatı və demokratiya, insan hüquqları kimi fundamental prinsiplərin tətbiqinə nail olmaq mümkün deyildir. Məhz bu sabitliyin, iqtisadi tərəqqinin nəticəsidir ki, hazırda demokratik normalar qanunların və milli dəyərlərin tənzimlədiyi sərhədlərdən kənara çıxmır və dialektik inkişafa uyğun olaraq getdikcə ictimai şüur tərəfindən tam şəkildə mənimsənilir.
Onu da qeyd etmək yerinə düşər ki, Heydər Əliyevin böyük müdrikliklə irəli sürdüyü inkişaf modeli spesifikliyi ilə fərqlənməklə demokratik dəyərləri özündə maksimum ehtiva edən milli inkişaf prioritetlərini müəyyənləşdirdi. Məhz bunun nəticəsidir ki, Azərbaycan çox qısa müddətdə bir sıra Qərb dövlətlərinin onilliklər ərzində əldə etdiyi iqtisadi tərəqqiyə nail oldu, demokratikləşmə, vətəndaş cəmiyyəti quruculuğu, insan hüquq və azadlıqlarının təminatı sahəsində ciddi uğurlar əldə etdi.  
 
Azərbaycançılıq ideologiyası birləşdirici amildir
 
Ümummilli Lider Heydər Əliyevin vətən və xalq qarşısında göstərdiyi misilsiz xidmətlərdən biri də milli dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından həyati əhəmiyyət kəsb edən azərbaycançılıq ideyasını irəli sürməsi, onu bir ideologiya şəklində formalaşdırması və bütün dünyada Azərbaycan diasporlarının təşkilatlanması üçün ideoloji təmələ çevirməsidir. Ümummilli Lider xarici ölkələrə səfərləri zamanı azərbaycanlılarla çoxsaylı görüşlər keçirmiş, xaricdə yaşayan soydaşlarımızı daim milli ideya ətrafında birləşməyə, təşkilatlanmağa, icmalar, milli cəmiyyətlər yaratmağa səsləmişdir. Ulu Öndər daim həmvətənlərimizi yaşadıqları ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməyə, eyni zamanda vətənlə - doğma Azərbaycanla sıx əlaqə saxlamağa, bir an da olsun Azərbaycanı təmsil etdiklərini unutmamağa çağırmışdır.
1997-ci ildə Heydər Əliyev ABŞ-a rəsmi səfəri zamanı Azərbaycan diasporu qarşısında çıxışında bu istiqamətdə əsas prinsipləri müəyyən etmişdir: “Siz düşünməyin ki, Azərbaycan bizim üçün nə edib, düşünün ki, biz Azərbaycan üçün nə etmişik. Onda Azərbaycan da irəli gedər, Azərbaycan diasporu da inkişaf edər... Harada doğulmağın fərqi yoxdur, əsas odur ki, sən azərbaycanlısan, Azərbaycan dilinin, mədəniyyətinin daşıyıcısısan”. Qeyd etmək lazımdır ki, hakimiyyətdə olduğu bütün dövrlərdə Heydər Əliyev Azərbaycan dilini milli mənliyin baş məsələsi kimi diqqət mərkəzində saxlayıb. Heydər Əliyev müstəqillik dövrünün dövlət ideologiyasını formalaşdırarkən XX əsr ziyalılarının əsərlərində milli ideya kimi türkçülüklə paralel olan azərbaycançılığı yeni tarixi şəraitdə milli dövlətçilik ideologiyası kimi sistemə saldı, ümummilli ideya, dünya azərbaycanlılarının ideologiyası, milli birlik təlimi kimi əsaslandırdı. Bu gün siyasi baxışlarından asılı olmayaraq, hamı etiraf edir ki, Heydər Əliyevin 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik respublikamızın ən qiymətli mənəvi-ideoloji sərvətlərindən biridir. Xalqın nəzərində bütöv, milli şəxsiyyət kimi təcəssüm olunan Heydər Əliyev Azərbaycana ikinci rəhbərliyi dövründə vətəndaş sülhü və ümumxalq həmrəyliyinin möhkəmləndirilməsi xəttini davam etdirmiş, bu siyasi xətti özünün konkret addımları ilə kamil elmi-nəzəri konsepsiya səviyyəsinə qaldırmışdır. Ulu Öndər özünəməxsus uzaqgörənlik və müdrikliklə ilk gündən xarici siyasətdə strateji hədəfləri düzgün müəyyənləşdirərək demişdir ki, müasir dövrdə hər bir dövlətin qüdrəti yalnız iqtisadi resurslarla deyil, həm də onun xaricdə formalaşdırdığı diaspor və lobbinin gücü ilə ölçülür. Bu sahəyə xüsusi diqqət yetirmədən xarici siyasətdə ciddi nailiyyətlər qazanmaq, habelə milli məsələlərin beynəlxalq müstəvidə qaldırılmasına nail olmaq mümkün deyil. Məhz bu səbəbdən Azərbaycan hakimiyyəti dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaq üçün bu sahədə sistemli və ardıcıl siyasət yeridir. Xarici ölkələrdə yaşayan soydaşlarımızla çoxşaxəli münasibətlər qurmaq, onları ideoloji-siyasi müstəvidə silahlandırmaq və ümummilli mənafelər naminə səfərbər etmək Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən birinə çevrilmişdir. Bu sahədə dövlət siyasətinin məqsədi xaricdə yaşayan soydaşlarımızın milli özünəməxsusluğunu qorumaq və inkişaf etdirmək, Azərbaycanla əlaqələrini genişləndirmək, habelə digər hüquqlarını reallaşdırmaqdan ibarətdir.
 
Azərbaycanın yüksəlişi Heydər Əliyev siyasətinin təntənəsidir
 
Hər bir uğurun əsasında Heydər Əliyev uzaqgörənliyi, düşünülmüş siyasəti dayanır. Prezident İlham Əliyev hələ 2003-cü ildə keçirilən andiçmə mərasimində Azərbaycanın daha güclü, qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdirilməsinin gərəkliyini bildirmişdi. Son 18 ilin uğurları bu vədin konkret əmələ əsaslandığını sübut edir. Prezident İlham Əliyev ölkəmizin ötən dövrdə qazandığı uğurları diqqətə çatdıraraq bildirmişdir: “Bu gün Heydər Əliyev siyasəti bütövlükdə bütün sahələrdə davam etdirilir. 2003-cü ildə Azərbaycan xalqı mənə böyük etimad göstərərək Prezident vəzifəsinə seçdiyi gündən bu günə qədər bu siyasətə sadiqəm. Mən 2003-cü ildə bu barədə sözümü demişəm. Mən bu siyasətə sadiq qalacağam və 2003-cü ildən bu günə qədər Azərbaycanda gedən uğurlu inkişaf  Heydər Əliyev siyasətinin təntənəsidir, müstəqil Azərbaycanın təntənəsidir”.
Bu gün Azərbaycanın hansı uğurundan, hansı  nailiyyətindən söhbət gedirsə-getsin orada Heydər Əliyevin dəstxəti, müdrikliyi, uzaqgörənliyi aydın görünür. Azərbaycanın iqtisadi möcüzələr ölkəsi kimi tanınması, müxtəlif mədəniyyətlərin, sivilizasiyaların qovuşduğu məkanda yerləşən ölkə olaraq beynəlxalq tədbirlərə evsahibliyi etməsi, ən əsası, inkişafın Azərbaycan modelinin dünyaya böyük səs salması təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan düzgün siyasətə əsaslanır.
Dövlət siyasətinin əsas priorietləri kimi böyük əhəmiyyətə malik, Avropa və dünya birliyi dövlətlərinin enerji təhlükəsizliyinin təminatında etibarlı tərəfdaş sayılan Azərbaycanın lider dövlət kimi tanınmasının təməlində də Ulu Öndər tərəfindən qoyulan daxili və xarici siyasətin uğurlu həlli dayanır. Bütün xalqlar və dövlətlərlə qarşılıqlı anlaşma və əməkdaşlıq siyasəti yeridən Azərbaycanın ən tanınmış beynəlxalq təşkilatlarda təmsil olunub, söz sahibi nüfuzu qazanması müdrik bir siyasətin məntiqi nəticəsi kimi bu gün də özünü doğruldur. Həyata keçirilən hər bir layihənin əks-sədası Azərbaycana marağı artırmaqla respublikamızı Cənubi Qafqazda lider dövlət kimi tanıtdırdı. Bu gün Azərbaycanın iştirakı olmadan regionda hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin qeyri-mümkünlüyü də deyilənlərin təsdiqidir. “Bu təşəbbüsləri gerçəkliyə çeviririk” söyləyən dövlət başçısı İlham Əliyev bu layihələrin ölkələr arasında dostluğun, əməkdaşlığın genişləndirilməsində böyük əhəmiyyəti olduğunu bildirir. Gerçəklənən hər bir layihə yeni layihənin gündəmə gətirilməsinə stimul verir.
Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası bütün dünyada yaşayan azərbaycanlılar üçün birləşdirici faktora çevrilib. Dünyada Azərbaycan diaspor təşkilatlarının mövqelərinin getdikcə güclənməsini şərtləndirən əsas amil Prezident İlham Əliyevin diaspor və lobbi quruculuğuna mühüm məsələlərdən biri kimi yanaşmasıdır. Ötən 18 ildə bu yönümdə ardıcıl və sistemli tədbirlərin həyata keçirilməsini təmin edən dövlət başçımız müxtəlif ölkələrə səfərləri çərçivəsində soydaşlarımızla keçirdiyi görüşlərdə milli diaspor təşkilatlarının vahid, mütəşəkkil qüvvə kimi təşkilatlanması zərurətini önə çəkmiş, bunun ideoloji-siyasi konturlarını müəyyənləşdirmişdir. Dövlətimizin başçısı müasir dövrdə bu sahəyə xüsusi diqqət ayırmadan xarici siyasətdə ciddi uğur qazanmağın qeyri-mümkünlüyünü çıxışlarında dəfələrlə vurğulamışdır.
 
Həmkarlar ittifaqlarının fəaliyyətində yeni səhifə açıldı
 
Qürur hissi ilə qeyd edə bilərik ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının müstəqil qurum kimi formalaşması da məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə həmkarlar ittifaqlarının həyatında yeni səhifə açıldı. Heydər Əliyevin şəxsi diqqət və qayğısı nəticəsində Azərbaycan Həmkarlar İttifaqları yenidən ölkənin ictimai, siyasi, iqtisadi və mədəni həyatında layiqli yeri olan bir təşkilata çevrildi. Məhz Ümummilli Liderin şəxsi təşəbbüsü və nəzarəti altında keçmiş postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda 1994-cü ildə “Həmkarlar ittifaqları haqqında” qanun qəbul edilmiş, bununla da təşkilatın normal fəaliyyətinə şərait yaradılmışdır. Beynəlxalq standartlara cavab verən belə bir qanunun qəbul edilməsi ilə həmkarlar ittifaqları elə nüfuz və hörmət sahibinə çevrildi ki, istər Milli Məclisdə, istərsə də Nazirlər Kabinetində əhalinin sosial-iqtisadi problemlərinin həlli ilə bağlı mühüm məsələlərə dair qərarların qəbulunda onun verdiyi təkliflər əsas yerlərdən birini tutmağa başladı. Əmək, sosial, iqtisadi məsələlər barəsində qanunvericilik aktlarının hazırlanmasında həmkarlar ittifaqlarının hüquqları tanındı. Azərbaycan Həmkarlar İttifaqları beynəlxalq həmkarlar ittifaqları hərəkatının tərkib hissəsinə çevrildi.
Heydər Əliyevin göstərişləri və tövsiyələri sayəsində Azərbaycan Həmkarlar İttifaqlarının vəzifələri dəyişdi, onların sosial təyinatı, funksiyaları, fəaliyyətlərinin forma və metodları əsaslı şəkildə yenidən quruldu. Ulu Öndərin uzaqgörən siyasəti sayəsində həmkarlar ittifaqlarının uzun illər ərzində yaranmış maddi-texniki bazası qorunub saxlanmış, həmkarlar ittifaqlarının demokratik idarəetmə prinsiplərinə əsaslanan fəaliyyətinə dəstək verilmişdir.  Bütün bunlar respublikada həmkarlar ittifaqı hərəkatının inkişafına stimul yaradaraq işçilərin sosial-iqtisadi hüquqlarının müdafiəsini daha səmərəli formada həyata keçirməyə imkan yaratdı.
Heydər Əliyev həmişə bu qurumun fəaliyyətini izləməyə, ona yardım göstərməyə vaxt tapmış, qurultaylarına təbrik məktubları göndərmiş, əldə olunmuş nailiyyətləri yüksək qiymətləndirmiş, zəruri tövsiyələrini vermişdir. Ulu Öndərin 2003-cü il fevralın 5-də AHİK-in II qurultayına ünvanladığı təbrik məktubunda deyilirdi: “Yeni şəraitdə həmkarlar ittifaqlarının cəmiyyətdəki rolu daha da artmışdır. 1994-cü ildə qəbul olunmuş “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanunu bu qurumun cəmiyyətimizdəki fəaliyyətinin yeni prinsiplər əsasında tənzimlənməsi və vətəndaşlarımızın sosial-iqtisadi mənafelərinin qorunmasında fəal iştirakı üçün hüquqi baza yaradır. Həmkarlar ittifaqları hazırkı dövrdə əmək prosesinə cəlb olunmuş Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəçisi kimi ölkəmizdə fəaliyyət göstərən bütün müəssisələrdə, o cümlədən xarici sərmayə ilə işləyən təşkilatlarda, transmilli şirkətlərdə iş şəraitinin müasir standartlara uyğunlaşdırılması, sosial problemlərin həlli və əmək hüquqlarının təmin olunması sahəsində yeni metod və vasitələrdən istifadə edərək daha ardıcıl və məqsədyönlü fəaliyyət göstərməlidirlər. Vətəndaşlarımızın ən böyük ictimai təşkilatı olan həmkarlar ittifaqları yeni cəmiyyət quruculuğunda yaxından iştirak etməli, sosial siyasətin həyata keçirilməsində önəmli rol oynamalıdırlar”.
Ümummilli Lider Heydər Əliyevin sosial-iqtisadi inkişaf strategiyasına sadiq olan Prezident İlham Əliyevin həmkarlar ittifaqlarının sosial-iqtisadi məsələlərlə bağlı mövqeyini dəstəkləməsi və bu sahədə mühüm qərarlar qəbul etməsi xüsusi rol oynadı. Prezident İlham Əliyev də dəfələrlə həmkarlar ittifaqlarının güclü qüvvə olduğunu və Azərbaycanda əmək hüquqlarının qorunmasında, işçilərin sosial məsələlərinin həllində mühüm rola malik olduğunu qeyd etmişdir: “Əminəm ki, həmkarlar ittifaqları cəmiyyətdə əməkdaşlıq ruhunun bərqərar olması, sosial ədalət prinsiplərinə riayət edilməsi, bazar iqtisadiyyatı şəraitində işçilərin əmək hüquqlarının qorunması, işəgötürənlərlə işçilər arasında münasibətlərin tənzimlənməsi istiqamətində çox iş görə bilər”. Bu fikirlər həmkarlar ittifaqlarını daha da əzmkarlıq, birlik və həmrəylik nümayiş etdirməyə istiqamətləndirmişdir.
Bu gün Azərbaycan Həmkarlar İttifaqları vətəndaş cəmiyyətinin əsas institutlarından biri olmaqla, cəmiyyətdə öz yerinin və rolunun möhkəmləndirilməsi üçün real yollar axtarıb tapır. Sosial ədalət prinsiplərinə əməl edilməsi, bazar iqtisadiyyatı şəraitində işçilərin əmək hüquqlarının qorunması, işəgötürənlə işçilər arasında münasibətlərin tənzimlənməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir.
Azərbaycan Həmkarlar İttifaqları respublikamızın ictimai həyatında mühüm rol oynamaqla iqtisadiyyatın və cəmiyyətin demokratik dəyərlərinin inkişafı sahəsində qarşıda duran vəzifələri yerinə yetirir, qloballaşmanın dərinləşməsi şəraitində dünya həmkarlar ittifaqları ilə əməkdaşlığı genişləndirir. Əhalinin sosial-iqtisadi və məşğulluq problemlərinin həlli üçün hökumətlə sıx əməkdaşlıq edir, cəmiyyətdə mövqeyinin güclənməsinə çalışır. Çoxsaylı sahə həmkarlar ittifaqını öz ətrafında birləşdirən AHİK və onun üzv təşkilatları qanunvericilikdə onlara həvalə edilmiş hüquq və səlahiyyətlərinin yerinə yetirilməsində uğurlu addımlar atırlar.
 
Heydər Əliyevin müəyyənləşdirdiyi, İlham Əliyevin davam etdirdiyi siyasətin nəticəsi
 
Zaman xalqımızı ağır sınaqlara çəksə də, artıq yenidən tariximizin şərəfli səhifələri yazılır. Heydər Əliyevin müəyyənləşdirdiyi, İlham Əliyevin layiqincə davam etdirdiyi siyasi xəttin nəticəsi olaraq güclü Azərbaycan dövlətinin yaranması bu gün dünyanın etiraf etdiyi reallıqdır. Elə bu reallıqdan çıxış edərək xalqımız öz tarixinin yeni yüksəliş salnaməsini yaradır. Ötən il 44 günlük Vətən müharibəsindəki qələbə də bu salnamənin parlaq səhifəsidir.
Bu Qələbənin əldə olunması Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və möhtərəm İlham Əliyevin layiqincə davam etdirdiyi siyasətin nəticəsi və təntənəsidir. Bu zəfərlə Ermənistanın 30 illik işğalına son qoyuldu, məğlubiyyət damğası birdəfəlik üzərimizdən götürüldü, yeganə ağrılı problemimiz həllini tapdı. Azərbaycan döyüş meydanında yalnız Ermənistanı cəzalandırmadı, həm də cəmi 44 gün ərzində uzun onilliklər xalqımız barədə dünyada mənfi obrazlar yaratmağa çalışan dünya erməniliyinə böyük zərbə vurdu. Ermənistan ordusunun gücü, erməni əsgərinin döyüş əzmi barədə uydurulmuş mif bir neçə günə darmadağın edildi.
Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə bütün Cənubi Qafqazda yeni reallıqlar yaradıb. Bu reallıqlardan ən önəmlisi odur ki, Azərbaycan xalqı artıq öz torpaqlarına qayıdıb və bu qayıdış əbədidir. Bu reallıqla barışmaq istəməyən, hələ də tarixin təkərini geri döndərmək kimi boş ümidlərdən əl çəkməyən ünsürlərə ən gözəl cavabı çıxışlarının birində Prezident İlham Əliyev verib: “Bu gün Dağlıq Qarabağda özünü siyasətçi adlandıran bəzi ünsürlər yenə də baş qaldırmağa çalışırlar. Unutmasınlar, bizim səbrimizlə oynamasınlar, 44 günlük müharibə onların yadından çıxmasın. Yoxsa ordu qurub torpaqları geri alacaq? Gəlin, alın. Gəlin bura, siz buradasınız, yaxındasınız. Gəlin alın, görüm necə alırsınız? İti qovan kimi qovmuşuq sizi, rədd etmişik, cəhənnəmə göndərmişik. Əgər kimsə revanş haqqında düşünürsə, o, bizim dəmir yumruğumuzu bir daha görəcək. Azərbaycanın dəmir yumruğu düşmənin belini qırıb, lazım olarsa, bir daha qırar”.
Beləliklə, İlham Əliyev sübut etdi ki, söz anlamayan Ermənistanı güc yolu ilə başa salmaq mümkündür. Erməni təəssübkeşlərinin isə Azərbaycanın qələbəsini etiraf etməkdən başqa yolları yoxdur.
İşğalçı Ermənistan üzərində qazanılmış hərbi Qələbəni, o cümlədən Qarabağa qayıdışı fərəh hissi ilə qeyd etdikcə, bir daha Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla anırıq. Çünki bizi bu Qələbəyə, bu qayıdışa aparan yolun təməlində Heydər Əliyev dayanır. Bu haqq savaşında xalqımız vətənpərvər liderinin ətrafında yumruq kimi birləşdi, torpaqlarımızın azadlığı uğrunda mübarizədə milli həmrəyliyin ən gözəl nümunəsini yaratdı.
Ulu Öndər Heydər Əliyevin xalqına, xalqın isə Ümummilli Liderinə olan sarsılmaz inamı və sonsuz sevgisi belə bir deyim yaratdı - “Heydər-Xalq, Xalq-Heydər!” Əslində bu ifadə özündə bəlkə də bəşər tarixində indiyədək mövcud olmuş ən möhkəm və sarsılmaz xalq-iqtidar birliyini təcəssüm etdirir. Heç bir şübhə yoxdur ki, Azərbaycanın öz ərazi bütövlüyünü möhtəşəm tarixi Qələbə ilə təmin etməsi bu gün də davam edən və gündən-günə daha da möhkəmlənən bu birliyin növbəti təntənəsidir. Azərbaycan xalqı öz xilaskar oğlu Heydər Əliyevin əziz xatirəsini daim yaşadacaq, Ulu Öndərin müəyyənləşdirdiyi yolla bundan sonra da daha böyük qələbələrə doğru inamla addımlayacaq.

Səttar MÖHBALIYEV,
Milli Məclisin deputatı,
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri

"AZƏRBAYCAN" qəzeti 

05.05.2021-ci il


ПОЛЕЗНЫЕ ССЫЛКИ