AZ | RU | EN
AZ | EN | RU

Erməni faşizmi bütün bəşəriyyət üçün təhlükədir

26 Nov 2020

Kəlbəcərin işğaldan azad edilməsi bizim həm də siyasi-diplomatik müstəvidə qələbəmizdir

Dünən Azərbaycanın işğal olunmuş ən böyük rayonu – Kəlbəcər işğaldan azad edildi. Otuz il ərzində düşmən tapdağı altında qalan torpaqlarımızın hər qarışının, azad edilən hər kəndin, hər şəhərin Azərbaycan üçün əhəmiyyəti son dərəcə böyükdür. Rayonlarımızın hər birinin düşməndən təmizlənməsi əslində özü-özlüyündə bir tarixi qələbədir. Bununla belə Kəlbəcərin bir güllə belə atılmadan işğaldan azad edilməsi artıq həm də Azərbaycanın böyük siyasi-diplomatik qələbəsidir. Eyni sözləri biz noyabr ayının 20-də işğaldan azad edilmiş Ağdam və hazırda işğalın son günlərini yaşayan Laçın rayonları üçün də deyə bilərik. Əlbəttə ki, hərbi əməliyyatların gedişində Azərbaycan şəhidlər verib. Amma bu əməliyyatlar çox mürəkkəb relyef quruluşna, böyük əraziyə malik olan Kəlbəcərdə də aparılsaydı, bu zaman itkilərimiz daha çox olardı. Lakin Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən böyük məharətlə hazırlanmış hərbi əməliyyatlar planı və son dərəcə yüksək dəqiqliklə, vaxtında edilən siyasi-diplomatik gedişlər hadisələrin gedişini məhz bu məcraya yönəltdi. Belə ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, Murovdağı, Suqovuşanı, Hadrutu, Xocavənd rayonunun böyük bir hissəsini və Şuşanı hərbi yollarla azad etməklə, döyüş meydanında düşmənin belini qırdı. Şuşanın azad olunmasından bir gün sonra isə 70-dən çox kəndin ildırım sürətilə azad edilməsi düşməni diz çökdürdü və Ermənistan kapitulyasiya aktını imzalamalı oldu və Kəlbəcər, Laçın və Ağdam rayonlarını tərk edəcəyinə dair öhdəlik götürdü.

Dediyim kimi, Kəlbəcər bizim işğal altında olmuş ən böyük rayonumuz idi və ümumiyyətlə Azərbaycanın ən böyük və ən zəngin rayonlarından biridir. Bu zənginlik özünü bütün sahələrdə göstərib. İlk növbədə Kəlbəcər rayonu füsunkar təbiətə, zəngin mədəni irsə malikdir. Rayon ərazisində yerləşən tarixi abidələr bütün dünya mədəniyyəti üçün böyük əhəmiyyət kəsb edir. Bizim bir neçə böyük çayımızın mənbəyi Kəlbəcər rayonundadır. Onların arasında ən böyüyü uzunluğu 200 kilometr olan Tərtər çayıdır. Kəlbəcər rayonunda 24 min hektar meşə ərazisi var. Bu, bizim böyük sərvətimizdir. Sovet dönəmində bütün sovet respublikalarında məşhur olan İstisu müalicəvi suyunun mənbəyi də məhz Kəlbəcərdədir. Vaxtilə ora böyük kurort zonası idi. Kəlbəcər həmçinin yeraltı təbii sərvətlərlə zəngin olan ərazilərdən biridir. Ötən əsrin 50-ci illərindən başlayaraq burada aparılmış geoloji kəşfiyyat işləri nəticəsində çoxsaylı faydalı qazıntı yataqları aşkarlanıb, ehtiyatları hesablanaraq dövlət və sahə balanslarına qəbul edilib. O cümlədən bu rayonun ərazisində qızıl, gümüş, tellur, selen, civə kimi qiymətli metal yataqları var.

Lakin otuz illik işğal ərzində erməni vandalları bütün bu sərvətlərimizi vəhşicəsinə talıyıblar. Ölkə Prezidenti cənab İlham Əliyev Kəlbəcərin işğaldan azad edilməsi münasibətilə xalqa etdiyi müraciətində bu məsələyə toxunaraq demişdir: “Mənfur düşmən bu meşələri qırıb, talayıb, satıb. Görün, son günlər ərzində onlar hansı çirkin işlərlə məşğuldur, meşələri yandırırlar ki, ekoloji faciə, fəlakət yaratsınlar. Bu oğrular meşələri qırırlar, aparırlar ki, Ermənistanda satsınlar. Evləri yandırırlar, hansı ki, o evləri onlar tikməyiblər. Onlar kəlbəcərlilərin evlərinə giriblər, soxulublar, orada yaşayıblar. Məktəbləri yandırırlar, apara bilmədikləri ev heyvanlarını öldürürlər. Görün, biz kimlərlə, hansı vəhşilərlə üz-üzə idik! Mən bir daha deyirəm və hər dəfə də deyəcəyəm, bizim Qələbəmiz təkcə Ermənistan dövləti üzərində əldə edilmiş qələbə deyil, biz erməni faşizmini məhv etdik.”

Həqiqətən də Azərbaycan öz torpaqlarının işğaldan azad edilməsi üçün apardığı bu Vətən müharibəsində əldə etdiyi tarixi qələbəsilə əslində bütün Qafqazı erməni faşizmindən xilas etdi. Eyni zamanda da bu qələbə erməni faşizminin bütün bəşəriyyət üçün nə dərəcədə təhlükəli bir cərəyan olduğunu bütün dünyaya göstərdi.

Ümumiyyətlə, Azərbaycanın bu tarixi qələbəsinin istər ölkədaxili, istər regional və istərsə də ümumbəşəri əhəmiyyətini daşıyan məqamlar hələ bundan sonra uzun illər öyrəniləcək və qiymətləndiriləcək. Lakin mən noyabr ayının 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Rusiya Federasiyasının prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Paşinyan tərəfindən imzalanmış üçtərəfli bəyanatda öz əksini tapmış bir vacib məqama toxunmaq istəyirəm. Bu məqam Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə quru yolla əlaqəsinin bərpa olunması ilə bağlıdır. Əslində bu, öz əhəmiyyətinə görə çox böyük bir hadisədir. Bununla Naxçıvanın 30 illik blokadasına son qoyulacaq. Burada bir məqamı da xüsusi olaraq vurğulamaq lazımdır ki, əslində bu məsələ Qarabağ üzrə danışıqların mövzusuna heç vaxt daxil edilməyib. Yalnız Ali Baş Komandan cənab İlham Əliyevin tələbi əsasında bu bənd üçtərəfli bəyannaməyə əlavə olunub və Ermənistan tərəfi də həmin sənədi imazalamaq məcburiyyətində qalıb.

Bəli, Azərbaycan torpaqlarının 30 il davam edən işğalı nəhayət ki sona çatır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev bu tarixi qələbə sevincini, bu möhtəşəm zəfər qürurunu Azərbaycan xalqına yaşadır. Bundan sonra bizi işğaldan azad edilmiş torpaqlarımızda da möhtəşəm quruculuq işləri gözləyir. Möhtərəm dövlət başçımızın da dediyi kimi, biz bütün şəhər və kəndlərimizi bərpa edəcəyik, yenidən quracağıq və işğaldan azad edilmiş bütün bölgələrimizə həyat qayıdacaqdır!

Səttar Möhbalıyev,
Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri

FAYDALI KEÇİDLƏR