AZ | RU | EN
AZ | EN | RU

İndi şərtləri İlham Əliyev diktə edir

06 Oct 2020

Bir həftədən artıqdır Azərbaycan öz ərazi bütövlüyünün bərpası uğrunda haqq savaşına başlayıb. Ordumuzun tarixi torpaqlarımızda - Dağlıq Qarabağda və ona bitişik ərazilərimizdə apardığı hərbi-antiterror əməliyyatlarının uğurlu nəticələri hər kəsdə ruh yüksəkliyi yaradıb.

Döyüş meydanında qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz düşmənə sarsıdıcı zərbələr endirir. Təcavüzkarı torpaqlarımızdan qovur, canı-qanı bahasına bayrağımızı ucaldır. Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər ordumuzun həyata keçirdiyi bu xilaskarlıq missiya tariximizin ən şərəfli səhifəsinə çevrilir.

Paşinyana sərt şapalaq və sonuncu xəbərdarlıq
 
Ali Baş Komandanın son müraciəti əldə olunan döyüş nailiyyətləri ilə yanaşı, xalqımızı qarşıda gözləyən daha genişmiqyaslı hərbi zəfərlərin müjdəsi idi. Tək Azərbaycanda deyil, dünyanın dörd bir tərəfində milyonlarla həmvətənimizin sevinc gözyaşları, böyük qürur və inam hissi ilə dinlədikləri bu müraciət həm də yağı düşmənə sərt şapalaq, təcavüzkarların himayədarlarına isə son xəbərdarlıq idi.
Prezident haqlı olaraq bəyan etdi ki, mövcud durumda situasiyanı Azərbaycan müəyyənləşdirir. İndi şərtləri cənab İlham Əliyev diktə edir. Bəs nədir İlham Əliyevin şərtləri?
Dövlət başçımız şərtlərini belə sıraladı: Ermənistan silahlı birləşmələri Azərbaycan torpağından tamamilə çıxarılmalı, N.Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını etiraf etməli, Azərbaycan xalqından üzr istəyərək "Qarabağ Ermənistan deyil” fikrini söyləməli və işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması cədvəlini hazırlayıb Azərbaycana təqdim etməlidir.
Əgər Azərbaycan Prezidentinin bu şərtlərinə əməl olunarsa, atəşkəs rejimi bərpa ediləcək. Cənab İlham Əliyevin söylədiyi kimi, halbuki şiddətli döyüşlər getdiyi zaman bunu etmək çətindir. Çünki Azərbaycan dayansa, təcavüzkar dayanmayacaq. İllərdir cəzasızlıq mühitindən istifadə edərək torpaqlarımızı işğal altında saxlayan, qanunsuz məskunlaşdırma siyasəti həyata keçirən Ermənistanın terrorçu hakimiyyətinə indi vaxt verilərsə, yenə də məkrli niyyətlərini ortaya qoyacaqlar. Azərbaycana qarşı çikrin planlar həyata keçirib danışıqlardan imtina edəcəklər.

Ona görə də cənab İlham Əliyev haqlı olaraq bəyan etdi ki, qədim qalamız olan Şuşada etdiyi hərəkətlərlə Azərbaycan xalqını təhqir edən Paşinyan rejiminə güzəşt yoxdur. İllərdir sülh istəyən, humanist siyasət aparan Azərbaycanla artıq kimsə diktə dili ilə danışa bilməz.
Azərbaycan hər zaman sülhün tərəfdarı olduğunu dünyaya bəyan edib. Ermənistan isə status-kvonun saxlanması üçün müxtəlif bəhanələr gətirib danışıqlar masasına oturmurdu. İndi Paşinyan danışıq aparmaq üçün açıq-aşkar yalvarır. Ancaq Azərbaycan Prezidenti onunla nəinki bir masada oturmaq, heç danışıq aparmaq belə istəmir. Çünki danışıqlara Paşinyanın "Qarabağ Ermənistanındır” sərsəm fikrindən sonra xitam verilib.

Erməni hərbçisi torpaqlarımızı tərk etməyincə danışıqlardan söhbət gedə bilməz.
 
Ermənistan hakimiyyətinin təcavüzkar və faşist-diktatura mahiyyəti dünya üçün getdikcə daha aydın şəkildə açılır. İşğalçı ölkə hər dəfə münaqişənin həlli istiqamətində danışıqlar aparılarkən xalqların öz müqəddəratını təyin etmək hüququ prinsipini ortaya atmaqla prosesi öz xeyrinə dəyişmək cəhdi edirdi. Bu gün də Paşinyan hakimiyyəti eyni ssenarini davam etdirir.
Cənab İlham Əliyev oktyabrın 3-də "Əl-Cəzirə”, oktyabrın 4-də isə "Əl-Ərəbiyə” televiziya kanallarına verdiyi müsahibələrdə bu məsələyə geniş şəkildə toxunaraq vurğuladı ki, bütün bunlar erməni təbliğatının əsas etibarilə beynəlxalq hüquq üzrə mütəxəssis olmayan sadə insanlardan ibarət dünya birliyini çaşdırmaq üçün tez-tez istifadə etdiyi məqamdır. Lakin beynəlxalq hüququn Helsinki Yekun Aktında əks olunan əsas prinsiplərin çox aydın izahı var ki, orada ərazi bütövlüyü prinsipi üstündür.
Prezidentin dediyi kimi, erməni xalqı Ermənistan adlı dövləti yaradanda öz müqəddəratını təyin etmiş olub. Ancaq bəzi ölkələr Azərbaycanın bu prinsiplərlə razılaşmasını istəyirlər. Hansı ki, həmin ölkələrdə xeyli erməni yaşayır. Əgər yaxşıdırsa, həmin dövlətlər torpaqlarının bir hissəsini ermənilərə hədiyyə edib, onlara öz müqəddəratını təyinetmə hüququ versinlər. Əlbəttə ki, heç bir xalq bununla barışmaz. Onda nədən Azərbaycan bu prinsiplərlə razılaşmalıdır?
Prezident İlham Əliyev haqlı olaraq Ermənistanın bütün iddialarını rədd etməklə prinsipial, qətiyyətli mövqeyinin dəyişməz olduğunu dünyaya bəyan edir və artıq beynəlxalq ictimaiyyət də Azərbaycan həqiqətlərini qəbul edir.
Digər tərəfdən, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərində illərdir qanunsuz məskunlaşdırma aparan, çirkin planlar həyata keçirən Ermənistan bu gün haqq savaşı aparan ölkəyə qarşı təzyiq göstərilməsini istəyir. Savaş meydanından çox uzaq olan Şəmkir, Gəncə və Mingəçevir şəhərlərinə artilleriya zərbələri endirib dinc əhalini, xüsusən də körpələri qətlə yetirən uşaq qatilləri, digər tərəfdən, beynəlxalq təşkilatlara, böyük dövlətlərə Azərbaycanın müharibəni dayandırması ilə bağlı yalvarış edirlər. Cənab İlham Əliyev isə bütün danışıqlarında, müsahibələrində, müraciətlərində birmənalı şəkildə vurğulayır ki, irəli sürdüyü şərtlər tam yerinə yetiriləcəyi təqdirdə atəşkəs elan edilə bilər. Yəni tarixi torpaqlarımız sonuncu kəndinə qədər qaytarılmayınca, sonuncu erməni hərbçisi Azərbaycan torpaqlarını tərk etməyincə heç bir atəşkəsdən və danışıqlardan söhbət belə gedə bilməz.
Bir sözlə, bu gün cənab İlham Əliyev Azərbaycan xalqının istəyini reallaşdırır. Bu gün Ali Baş Komandanın qüdrətli ordusu öz torpaqlarımızda savaşır. Ordumuz doğma dədə-baba torpağımızı işğalçılardan azad edir. Öz havadarlarına güvənən Ermənistan silahlı birləşmələri Azərbaycan hərbçiləri qarşısında pərən-pərən düşüb. Silahını, döyüş bayrağını atıb qaçan erməni əsgəri rəzil durumdadır. Azərbaycan Ordusu isə xilaskarlıq missiyasının icrasını davam etdirir. Suqovuşan, Cəbrayıl şəhəri, Cəbrayıl rayonunun əksər kəndlərinin azad edilməsi Azərbaycan əsgərinin döyüş ruhunu yüksəldir, xalqın qələbə ümidini daha da artırır.
Ali Baş Komandanın xalqa müraciətindəki mətinlik, qətiyyət onu göstərdi ki, cənab İlham Əliyev güclü ordusuna və arxasında dayanan Azərbaycan xalqına güvənir. Xalq isə hər zaman olduğu kimi, öz liderinə arxalanır və qələbə müjdəsini səbirsizliklə gözləyir.

Səttar MÖHBALIYEV,

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri,

Milli Məclisin deputatı

"AZƏRBAYCAN" qəzeti
 
06.10.2020-ci il 

 

FAYDALI KEÇİDLƏR