İndi şərtləri İlham Əliyev diktə edir
06 Oct 2020
Bir həftədən artıqdır Azərbaycan öz ərazi bütövlüyünün bərpası uğrunda haqq savaşına başlayıb. Ordumuzun tarixi torpaqlarımızda - Dağlıq Qarabağda və ona bitişik ərazilərimizdə apardığı hərbi-antiterror əməliyyatlarının uğurlu nəticələri hər kəsdə ruh yüksəkliyi yaradıb.
Döyüş meydanında qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz
düşmənə sarsıdıcı zərbələr endirir. Təcavüzkarı torpaqlarımızdan qovur,
canı-qanı bahasına bayrağımızı ucaldır. Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər
ordumuzun həyata keçirdiyi bu xilaskarlıq missiya tariximizin ən şərəfli səhifəsinə
çevrilir.
Paşinyana sərt şapalaq və sonuncu xəbərdarlıq
Ali Baş Komandanın son müraciəti əldə olunan döyüş
nailiyyətləri ilə yanaşı, xalqımızı qarşıda gözləyən daha genişmiqyaslı hərbi zəfərlərin
müjdəsi idi. Tək Azərbaycanda deyil, dünyanın dörd bir tərəfində milyonlarla həmvətənimizin
sevinc gözyaşları, böyük qürur və inam hissi ilə dinlədikləri bu müraciət həm də
yağı düşmənə sərt şapalaq, təcavüzkarların himayədarlarına isə son xəbərdarlıq
idi.
Prezident haqlı olaraq bəyan etdi ki, mövcud durumda
situasiyanı Azərbaycan müəyyənləşdirir. İndi şərtləri cənab İlham Əliyev diktə
edir. Bəs nədir İlham Əliyevin şərtləri?
Dövlət başçımız şərtlərini belə sıraladı: Ermənistan
silahlı birləşmələri Azərbaycan torpağından tamamilə çıxarılmalı, N.Paşinyan Azərbaycanın
ərazi bütövlüyünü tanıdığını etiraf etməli, Azərbaycan xalqından üzr istəyərək
"Qarabağ Ermənistan deyil” fikrini söyləməli və işğal edilmiş torpaqlardan
erməni silahlı qüvvələrinin çıxarılması cədvəlini hazırlayıb Azərbaycana təqdim
etməlidir.
Əgər Azərbaycan Prezidentinin bu şərtlərinə əməl
olunarsa, atəşkəs rejimi bərpa ediləcək. Cənab İlham Əliyevin söylədiyi kimi,
halbuki şiddətli döyüşlər getdiyi zaman bunu etmək çətindir. Çünki Azərbaycan
dayansa, təcavüzkar dayanmayacaq. İllərdir cəzasızlıq mühitindən istifadə edərək
torpaqlarımızı işğal altında saxlayan, qanunsuz məskunlaşdırma siyasəti həyata
keçirən Ermənistanın terrorçu hakimiyyətinə indi vaxt verilərsə, yenə də məkrli
niyyətlərini ortaya qoyacaqlar. Azərbaycana qarşı çikrin planlar həyata keçirib
danışıqlardan imtina edəcəklər.
Ona görə də cənab İlham Əliyev haqlı olaraq bəyan etdi
ki, qədim qalamız olan Şuşada etdiyi hərəkətlərlə Azərbaycan xalqını təhqir edən
Paşinyan rejiminə güzəşt yoxdur. İllərdir sülh istəyən, humanist siyasət aparan
Azərbaycanla artıq kimsə diktə dili ilə danışa bilməz.
Azərbaycan hər zaman sülhün tərəfdarı olduğunu dünyaya bəyan
edib. Ermənistan isə status-kvonun saxlanması üçün müxtəlif bəhanələr gətirib
danışıqlar masasına oturmurdu. İndi Paşinyan danışıq aparmaq üçün açıq-aşkar
yalvarır. Ancaq Azərbaycan Prezidenti onunla nəinki bir masada oturmaq, heç
danışıq aparmaq belə istəmir. Çünki danışıqlara Paşinyanın "Qarabağ Ermənistanındır”
sərsəm fikrindən sonra xitam verilib.
Erməni hərbçisi torpaqlarımızı tərk etməyincə
danışıqlardan söhbət gedə bilməz.
Ermənistan hakimiyyətinin təcavüzkar və faşist-diktatura
mahiyyəti dünya üçün getdikcə daha aydın şəkildə açılır. İşğalçı ölkə hər dəfə
münaqişənin həlli istiqamətində danışıqlar aparılarkən xalqların öz müqəddəratını
təyin etmək hüququ prinsipini ortaya atmaqla prosesi öz xeyrinə dəyişmək cəhdi
edirdi. Bu gün də Paşinyan hakimiyyəti eyni ssenarini davam etdirir.
Cənab İlham Əliyev oktyabrın 3-də "Əl-Cəzirə”,
oktyabrın 4-də isə "Əl-Ərəbiyə” televiziya kanallarına verdiyi müsahibələrdə
bu məsələyə geniş şəkildə toxunaraq vurğuladı ki, bütün bunlar erməni təbliğatının
əsas etibarilə beynəlxalq hüquq üzrə mütəxəssis olmayan sadə insanlardan ibarət
dünya birliyini çaşdırmaq üçün tez-tez istifadə etdiyi məqamdır. Lakin beynəlxalq
hüququn Helsinki Yekun Aktında əks olunan əsas prinsiplərin çox aydın izahı var
ki, orada ərazi bütövlüyü prinsipi üstündür.
Prezidentin dediyi kimi, erməni xalqı Ermənistan adlı
dövləti yaradanda öz müqəddəratını təyin etmiş olub. Ancaq bəzi ölkələr Azərbaycanın
bu prinsiplərlə razılaşmasını istəyirlər. Hansı ki, həmin ölkələrdə xeyli erməni
yaşayır. Əgər yaxşıdırsa, həmin dövlətlər torpaqlarının bir hissəsini ermənilərə
hədiyyə edib, onlara öz müqəddəratını təyinetmə hüququ versinlər. Əlbəttə ki,
heç bir xalq bununla barışmaz. Onda nədən Azərbaycan bu prinsiplərlə
razılaşmalıdır?
Prezident İlham Əliyev haqlı olaraq Ermənistanın bütün
iddialarını rədd etməklə prinsipial, qətiyyətli mövqeyinin dəyişməz olduğunu
dünyaya bəyan edir və artıq beynəlxalq ictimaiyyət də Azərbaycan həqiqətlərini
qəbul edir.
Digər tərəfdən, Azərbaycanın beynəlxalq səviyyədə tanınan
ərazilərində illərdir qanunsuz məskunlaşdırma aparan, çirkin planlar həyata
keçirən Ermənistan bu gün haqq savaşı aparan ölkəyə qarşı təzyiq göstərilməsini
istəyir. Savaş meydanından çox uzaq olan Şəmkir, Gəncə və Mingəçevir şəhərlərinə
artilleriya zərbələri endirib dinc əhalini, xüsusən də körpələri qətlə yetirən
uşaq qatilləri, digər tərəfdən, beynəlxalq təşkilatlara, böyük dövlətlərə Azərbaycanın
müharibəni dayandırması ilə bağlı yalvarış edirlər. Cənab İlham Əliyev isə
bütün danışıqlarında, müsahibələrində, müraciətlərində birmənalı şəkildə
vurğulayır ki, irəli sürdüyü şərtlər tam yerinə yetiriləcəyi təqdirdə atəşkəs
elan edilə bilər. Yəni tarixi torpaqlarımız sonuncu kəndinə qədər
qaytarılmayınca, sonuncu erməni hərbçisi Azərbaycan torpaqlarını tərk etməyincə
heç bir atəşkəsdən və danışıqlardan söhbət belə gedə bilməz.
Bir sözlə, bu gün cənab İlham Əliyev Azərbaycan xalqının
istəyini reallaşdırır. Bu gün Ali Baş Komandanın qüdrətli ordusu öz
torpaqlarımızda savaşır. Ordumuz doğma dədə-baba torpağımızı işğalçılardan azad
edir. Öz havadarlarına güvənən Ermənistan silahlı birləşmələri Azərbaycan hərbçiləri
qarşısında pərən-pərən düşüb. Silahını, döyüş bayrağını atıb qaçan erməni əsgəri
rəzil durumdadır. Azərbaycan Ordusu isə xilaskarlıq missiyasının icrasını davam
etdirir. Suqovuşan, Cəbrayıl şəhəri, Cəbrayıl rayonunun əksər kəndlərinin azad
edilməsi Azərbaycan əsgərinin döyüş ruhunu yüksəldir, xalqın qələbə ümidini
daha da artırır.
Ali Baş Komandanın xalqa müraciətindəki mətinlik, qətiyyət
onu göstərdi ki, cənab İlham Əliyev güclü ordusuna və arxasında dayanan Azərbaycan
xalqına güvənir. Xalq isə hər zaman olduğu kimi, öz liderinə arxalanır və qələbə
müjdəsini səbirsizliklə gözləyir.
Səttar MÖHBALIYEV,
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri,
Milli Məclisin deputatı
"AZƏRBAYCAN" qəzeti
06.10.2020-ci il