İş yerlərinin ixtisarı sürətlə artır, dünya işçilərinin, demək olar ki, yarısı dolanışıq mənbəyini itirə bilər
06 May 2020
COVID-19 pandemiyasının əmək bazarına təsiri barədə Beynəlxalq Əmək Təşkilatının (BƏT) son məlumatları göstərir ki, bu virus bütün dünyada qeyri-rəsmi iqtisadiyyatda çalışanlar və yüz milyonlarla müəssisə üçün fəlakətli ola bilər.
COVID-19 pandemiyası səbəbindən qlobal iş vaxtı kəskin şəkildə
azalmağa davam edir. Bu da qeyri-rəsmi iqtisadiyyatda çalışan 1,6 milyard
işçinin və ya dünya işçi qüvvəsinin yarısının yaxın gələcəkdə dolanışıq mənbəyini
itirə biləcəyi təhlükəsindən xəbər verir.
“BƏT Monitor: COVID-19 və iş dünyası” bülleteninin üçüncü
sayında verilən məlumatlara görə, 2020-ci ilin ikinci rübündə iş saatlarının
azaldılması proqnozdan xeyli çox olacaqdır. Yəni ötən ilin IV rübü ilə müqayisədə
10,5 faiz artacaq ki, bu da 305 milyon işçinin tam iş vaxtı deməkdir. Halbuki əvvəllər
bu göstərici üzrə azalma 6,7 faiz səviyyəsində proqnozlaşdırılırdı. Proqnozun dəyişdirilməsi
izolyasiya tədbirlərinin uzadılması və genişləndirilməsi ilə bağlıdır.
Regionlar üzrə vəziyyəti təhlil etsək, ikinci rübdə Amerika qitəsində iş
vaxtının həcminin 12,4 faiz, Avropa və Mərkəzi Asiyada 11,8 faiz azalması gözlənilir.
Digər regional qruplar üçün proqnozlar bu rəqəmlərə yaxındır və bütün hallarda
9,5 faizdən çoxdur.
Böhranın ilk ayında qeyri-formal iqtisadiyyatda
çalışanların gəlirləri 60 faizə qədər azalıb. Bununla yanaşı, Afrika və Amerika
qitəsində azalma 81 faiz, Asiya-Sakit Okean Regionunda 21,6 faiz, Avropada və Mərkəzi
Asiyada 70 faiz təşkil etmişdir. Alternativ gəlir mənbələri olmadığı halda, bu
işçilərin və onların ailələrinin yaşamaq üçün heç bir vəsaiti qalmayacaqdır.
Son iki həftə ərzində iş yerlərinin bağlanması ilə bağlı
tövsiyələr və ya tələblər olan ölkələrdə yaşayan işçilərin sayı 81 faizdən 68
faizə düşmüşdür. Bülletenin ikinci buraxılışında (7 aprel) gözlənilən 81 faizlə
müqayisədə bu göstəricinin azalması ilk növbədə Çində vəziyyətin dəyişməsi ilə
izah olunur. Digər ölkələrdə iş yerləri azalmaqda davam edir. Bütün dünyada
ciddi uğursuzluqlar iqtisadiyyatın ən çox zərər çəkmiş sahələrində fəaliyyət
göstərən 436 milyondan çox müəssisəyə real təhlükə yaradır. Topdansatış və pərakəndə
ticarətdə onların sayı təxminən 232 milyon, emal sənayesində 111 milyon,
mehmanxana biznesi və ictimai iaşə sahəsində 51 milyon, daşınmaz əmlak ticarəti
və digər kommersiya fəaliyyəti sahələrində 42 milyon təşkil edir.
BƏT işçilərə və müəssisələrə, xüsusilə kiçik müəssisələrə,
qeyri-rəsmi iqtisadiyyatda işləyənlərə və digər həssas təbəqələrə dəstək olmaq
üçün təcili, məqsədyönlü, çevik tədbirlər görməyə çağırır. Milyonlarla işçi
üçün gəlir çatışmazlığı yemək, təhlükəsizlik və gələcəyin olmaması deməkdir.
Artan pandemiya və məşğulluq sahəsində böhran zamanı ən həssas olanları qorumaq
ehtiyacı aktuallaşır.
İqtisadiyyatın canlanmasına yönələn tədbirlər ilk növbədə
iş yerlərinin yaradılması, məşğulluq sahəsində fəal siyasətə söykənmək və əmək
bazarı institutlarının möhkəmləndirilməsi, hərtərəfli və zəruri resurslarla təmin
edilmiş sosial müdafiə sisteminə əsaslanmalıdır. Səmərəli və uzunmüddətli bərpanın
təmin edilməsi üçün ən vacib şərt iqtisadiyyatın stimullaşdırılması və borc
yükünün yüngülləşdirilməsinə yönəlmiş tədbirlərin beynəlxalq əlaqələndirilməsidir.
Burada beynəlxalq əmək normaları əsas ola bilər. Hansı ki, bu normalar artıq
üçtərəfli əsasda dəstəklənir. Dünyanın hər yerində milyonlarla müəssisə son nəfəsdədir.
Onların nə yığımları, nə də kredit götürmək imkanları var. Bu, əmək sahəsinin
bugünkü reallığıdır. Əgər biz indi kömək etməsək, onlar, sadəcə, məhv
olacaqlar.
Qay RAYDER,
BƏT-in Baş direktoru