AZ | RU | EN

“Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” Respublika baxış-müsabiqəsinin qalibləri mükafatlandırılır

24 Nov 2020

Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi altında keçirilmiş Respublika baxış-müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi ölkəmiz, xalqımız üçün çox fərəhli, qürurlu günlərə təsadüf etdi. 

Həmin günlərdə böyükdən-kiçiyə qədər hər bir Azərbaycan vətəndaşı qəhrəman Ordumuzun Qarabağ fəthinin sevincini yaşayırdı. Elə Respublika Komitəsinin sədri Rəşad Səfərov da çıxışına bu bəxtiyarlıqla dolu günlərin ab-havası ilə başladı. Tədbir iştirakçılarını Qarabağın, onun incisi Şuşanın azadlığı münasibətilə təbrik etdi. Müzəffər Ordumuza, Ali Baş Komandanımız, əsrimizin böyük sərkərdələri sırasında ön yerlərdən birini tutan cənab İlham Əliyevə bütün rabitəçilərin təşəkkürünü bildirdi. “Sıravi vətəndaş olaraq, həm də hər birimiz öz əmək sahəmizdə sıravi əsgərik. Əmək qələbələrimiz, iqtisadi inkişafımıza verdiyimiz töhfələr vətənimizin müdafiəsində duran Silahlı Qüvvələrimizə ən böyük köməyimizdir”, - dedi.
Rəşad müəllim dedi ki, hərbi qələbələrimizdə Azərbaycanda rabitə sisteminin dünya standartları əsasında qurulması da mühüm rol oynamışdır. Təcrübə göstərdi ki, biz gələcəkdə də öz işimizi müasir yeniliklər əsasında mütəmadi təkmilləşdirməliyik, dünyanın qabaqcıl texnologiyalarının öyrənilməsinə, tətbiqinə xüsusi diqqət yetirməliyik. O, sahə işçilərini bundan sonra da coşqu ilə çalışmağa çağırdı.
R.Səfərov “Əlbəttə, işçilərin istehsalat uğurları daha çox onlar üçün yaradılan əmək şəraitindən asılıdır. Biz bu həqiqəti yaxşı bilirik. Ona görə də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, eləcə də üzv qurumları təhlükəsiz, layiqli əmək uğrunda mübarizəyə fəaliyyətlərində geniş yer ayırır. “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi altında keçirilmiş Respublika baxış-müsabiqəsi bu istəyimizin, mən deyərdim, ən təsirli və səmərəli nümunələrindən biridir”, - dedi.
Sədr məmnuniyyətlə qeyd etdi ki, sahə müəssisələri həmkarlar ittifaqının keçirdiyi bu müsabiqəyə mütəşəkkil və məsuliyyət hissi ilə qoşuldular.
Müsabiqənin şərtlərinə, qaydalarına dəqiq əməl olunması, əsl qaliblərin ədalət prinsipi əsasında seçilməsi üçün şərait yaratdılar, vaxtaşırı ortaya çıxan problemləri operativ həll etməyə çalışdılar.
Bütün bunlara görə tərəfdaşlarımıza təşəkkürümü bildirirəm.
Sonra qaliblər təntənəli şəkildə mükafatlandırıldılar. “Azərbaycan Ground Services” MMC-nin, “Bakı Telefon Rabitəsi” MMC-nin 5 saylı Xəzər Rabitə Xidmətləri Mərkəzinin həmkarlar ittifaqı komitələrinin sədrlərinə və əməyin mühafizə mühəndislərinə AHİK-in diplomları, qiymətli hədiyyələr və pul mükafatları təqdim olundu