Mərhəmət ünvanı, ən yaxın silahdaş
26 Aug 2020
İnsan yalnız həyatdakı əməlləri, xeyirxahlığı, gördüyü savab işlər ilə əbədiyaşar olur. Yaddaşlarda qalır, hafizələrdə iz buraxır, adını tarixə qızıl hərflərlə yazdırır. Vətəni, xalqı üçün çalışan, təmənnasız xeyirxahlığı, humanistliyi həyat amalına çevirən şəxslərin ideyaları, xoş əməlləri gələcək nəsillər üçün nümunəyə çevrilir.
Keçdiyi mənalı ömür yolu, yüksək humanizmi, xeyirxahlığı
və nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə nəinki Azərbaycanda, eləcə də
dünyada yüksək ehtiram sahibi olan ölkəmizin birinci xanımı, Birinci
vitse-prezident Mehriban Əliyeva tariximizin şanlı salnaməsinə öz dəstxəti ilə
daxil olan belə şəxsiyyətlərdəndir. Xeyirxah əməlləri ilə xalqının sevimlisinə
çevrilən Heydər Əliyev Fondunun rəhbəri Azərbaycan qadınına xas olan ən gözəl
xüsusiyyətləri özündə cəmləşdirən nəciblik missiyasını şərəflə yerinə yetirir.
Bu gün bütövlükdə dünyanın, insanlığın bəlkə ən çox
ehtiyac duyduğu məsələ xeyirxahlıq və mərhəmətdir. Mehriban xanım Əliyeva
xeyriyyəçilik fəaliyyəti ilə Azərbaycanda bu sahədə sosial-fəlsəfi təməl
yaratmaqla yanaşı, gələcək nəsillərə nəcib bir yolun əsas konturlarını göstərməkdədir.
Prezident
İlham Əliyevin dövlətçilik ideyalarından güc alan
Mehriban xanım Əliyevanın humanizm və insanpərvərlik ideallarını rəhbər tutaraq
reallaşdırdığı genişmiqyaslı layihələr onu xalqın sevimlisinə çevirib.
Üç ildən artıqdır ki, Birinci vitse-prezident vəzifəsində
də öz fəaliyyətini məhz bu prinsiplər əsasında quran Mehriban xanım Əliyevanın
irəli sürdüyü və icrasına birbaşa rəhbərlik etdiyi layihələrin hər biri
sosialyönümlüdür. Onun təşəbbüslərinin hər biri vətəndaşları narahat edən
problemlərin həllinə yönəlib. Onu da qeyd edim ki, Mehriban Əliyevanın
deputatlıq fəaliyyəti dövründə də ölkə həyatının elə bir sahəsi olmayıb ki,
oradakı problemli məsələlər diqqətindən kənarda qalsın. Bütün imkan və
bacarığını insanların yüksək rifahı naminə humanitar proqramların
reallaşmasına, Azərbaycanın dünyada sivil ölkə kimi tanınmasına yönəldən
Mehriban Əliyeva həm də daim köməyə ehtiyacı olan insanların yanında olub.
İnsanlara bağlılığı onun daxilindən, mənəvi dünyasından,
xoş münasibətindən irəli gəlir. Hər zaman elm, təhsil, səhiyyə sahələrində
misilsiz xidmətlərinə, həmçinin xeyriyyəçilik xüsusiyyətlərinə görə Mehriban
xanım Əliyeva xalqımızın qəlbində, yaddaşlarda qayğıkeş, xoşməramlı, məğrur Azərbaycan
qadını obrazı yaradıb. Çünki onun xidmətlərinin sevinci yüzlərlə insanın ömür səhifəsinə
yazılıb, neçə-neçə ailəyə səadət bəxş edib, kimsəsizlərə, məcburi köçkünlərə həyat
eşqi verib, onların qəlbində işıqlı sabaha inamı artırıb.
Xeyirxahlığına, yüksək bacarığına, diqqət və qayğısına
görə hamının hörmətini, məhəbbətini qazanmış Mehriban xanım Əliyevanın ölkəmizin
ictimai-siyasi və mədəni həyatındakı rolu, mühüm xidmətləri danılmazdır. Onun fəaliyyət
dairəsi çoxşaxəli olub, həyatımızın bütün sahələrinə dərindən nüfuz edib.
Əlbəttə ki, bu xeyirxahlıqdan, nəcib əməllərdən, sosial
layihələrdən danışarkən Mehriban Əliyevanın 2004-cü ildən bəri rəhbərlik etdiyi
Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etməmək mümkün deyil. Artıq 16
ildir ki, əsasında mərhəmət, şəfqət, xeyirxahlıq kimi ali dəyərlər dayanan Heydər
Əliyev Fondu öz prinsiplərinə sadiq qalaraq, təhsil, səhiyyə, mədəniyyət,
idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr
həyata keçirir.
Bu gün dünyamızda çətin dönəm yaşanır. Koronavirus
pandemiyası hələ bəşəriyyəti təhdid edir. Şükürlər olsun ki, Azərbaycanda
aparılan qabaqlayıcı tədbirlər fonunda bu gün müsbət dinamikanın şahidi oluruq.
Xalqın sağlamlığının qorunmasını ən ümdə vəzifəsi hesab edən Prezident İlham
Əliyevin atdığı addımlar, qəbul etdiyi mühüm qərarlar pozitiv durumu şərtləndirən
amillərdir.
Pandemiya ilə mübarizə dövründə Mehriban xanım Əliyeva da
öz missiyasına, amalına sadiqliyini bir daha nümayiş etdirdi. Ölkənin birinci
xanımı iki dəfə xalqa müraciət edərək hər kəsi "gözəgörünməz düşmən”lə
mübarizədə birlik, həmrəylik nümayiş etdirməyə çağırdı. Xalqa bir övlad, bir həyat
yoldaşı, bir ana və nənə olaraq müraciət edən Mehriban xanım hər kəsi evdə
qalmağa, bir-birini qorumağa səslədi. Birinci vitse-prezidentin "Evdə qal,
sağlam qal!” şüarlı təşəbbüsü böyük dəstək qazandı.
Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu ölkədə
elan edilən karantin müddətində "Biz birlikdə güclüyük” şüarı ilə xeyriyyə
aksiyaları keçirdi. Bu aksiyalar çərçivəsində 200 mindən çox ailəyə ərzaq məhsullarından
ibarət sovqatların paylanılması da bir daha fondun missiyasını nümayiş etdirmiş
oldu.
Azərbaycanın birinci xanımının həyata keçirdiyi layihələr
ölkə hüdudları ilə məhdudlaşmayıb ümumbəşəri mahiyyəti ilə də diqqəti cəlb
edir. Birinci vitse-prezidentin xüsusən də Şərqlə Qərb arasında mədəni dialoqa
nail olmaq, fərqli sivilizasiyaları bəşəri ideallar naminə bir araya gətirmək,
dini tolerantlığı, multikulturalizmi gücləndirmək, gender bərabərliyini təmin
etmək istiqamətindəki fədakar fəaliyyəti beynəlxalq miqyasda təqdir edilir.
Birinci vitse-prezidentin fəaliyyətində ən mühüm məqamlardan,
istiqamətlərdən birini, bəlkə də birincisini şəhid ailələri, Qarabağ müharibəsi
əlilləri, qaçqın və məcburi köçkünlərlə bağlı məsələlər təşkil edir. Hər il demək
olar bir neçə dəfə şəhid ailələri, Qarabağ müharibəsi iştirakçıları, xüsusilə
uğurlu Aprel əməliyyatlarında şəhid olmuş qəhrəmanlarımızın, igidlərimizin ailələri
ilə, yurd-yuvalarından qovulmuş qaçqın və məcburi köçkünlərlə görüşür, onların
problemlərini dinləyir və yerindəcə həllinə nail olmağa çalışır.
Mehriban xanım Əliyeva bu gün valideyn himayəsindən məhrum
uşaqların mənəvi anası, dərdli şəhid analarının, qaçqın və məcburi köçkünlərin
dayağıdır. Harada yardıma möhtac biri varsa, o, Mehriban xanımın pənahındadır.
Birinci xanım xeyirxah qəlbinin səsi ilə bütün qüvvəsini, zamanını təmənnasız
olaraq insanların rifahı, xoşbəxt yaşamı uğrunda sərf edir. Təsadüfi deyil ki,
bu gün Azərbaycan Prezidentindən sonra insanların ən çox müraciət etdiyi şəxs məhz
Mehriban Əliyevadır. Bu, bir daha insanların Birinci vitse-prezidentə olan tükənməz
sevgisinin, etibarının, inamının göstəricisidir.
Bütün bu keyfiyyətlərin məcmusunu xarakterizə edən əsas cəhət
isə, əlbəttə ki, Mehriban Əliyevanın müstəqil Azərbaycan dövlətinin yaradıcısı,
Ümummilli Lider Heydər Əliyevin ideyalarının reallaşmasında cənab Prezident
İlham Əliyevin ən yaxın silahdaşı olmasıdır.
Hazırda Azərbaycan qadını Mehriban Əliyeva ilə, onun
nüfuzu ilə haqlı olaraq fəxr edir, ondan nümunə götürür.
Birinci vitse-prezidentin ölkənin ictimai-siyasi həyatında
göstərdiyi xidmətlərin müstəsnalığı Prezident İlham Əliyevin fikirlərində də öz
əksini tapır: "Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi
həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır... Çox peşəkar,
bilikli, təcrübəli, prinsipial bir insandır, eyni zamanda çox xeyirxah bir
insandır və təsadüfi deyil ki, Azərbaycan xalqı ona çox böyük rəğbətlə, sevgi
ilə yanaşır. Bütün bu sadaladığım amilləri nəzərə alaraq mən bu qərara gəldim.
Bu gün Mehriban Əliyevanın həyatında yeni bir dövr başlayır və əminəm ki, ölkəmizin
inkişafında bundan sonra da öz dəyərli töhfəsini verəcək”.
Əminliklə deyə bilərik ki, Mehriban xanım Əliyevanın
danılmaz xidməti, gördüyü işlər çoxşaxəli və misilsizdir. Birinci vitse-prezident
kimi hər bir sahədə Prezident
İlham Əliyevin həyata keçirdiyi kursun dəstəklənməsinə və
uğur qazanmasına layiqli töhfələr verən Mehriban xanım Əliyevanın bu çərçivədə
gördüyü işləri təhlil etsək, əmin olarıq ki, onun çoxşaxəli və geniş əhatəli fəaliyyəti
Azərbaycanın bugünkü inkişafında çox böyük çəkiyə malikdir.
Bu gün Mehriban Əliyeva özünə xas olan yüksək işgüzar və
mənəvi keyfiyyətlər, dərin təşkilatçılıq və idarəçilik qabiliyyəti ilə ona həvalə
edilən vəzifəni layiqincə daşıyır, ölkədə həyata keçirilən siyasi kursun uğur
qazanmasına mühüm töhfələr verir.
Səttar MÖHBALIYEV,
Milli Məclisin deputatı,
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri
"AZƏRBAYCAN" qəzeti
26.08.2020-cil il