AZ | RU | EN

Müasir dünyamıza daha bir tarixi töhfə

04 Jul 2020

Qoşulmama Hərəkatının mayın 4-də keçirilmiş Zirvə videogörüşündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin pandemiyanın qlobal həlli ilə bağlı irəli sürdüyü təşəbbüsü dünyanın siyasi xadimləri və ekspertləri yüksək qiymətləndirir, onun əhəmiyyətinin müxtəlif məqamlarını diqqətə çatdırırlar.

Bu təşəbbüs, həqiqətən də, bir çox məqam baxımından maraqlı və diqqətçəkəndir. Bu məqamlardan bir neçəsi barədə oxucularla fikirlərimi bölüşmək istəyirəm. Həmin görüş siyasi lider kimi İlham Əliyevin xarakterini, məqsədlərini və potensialını bir daha nümayiş etdirdi.
Cənab İlham Əliyev görüşdə irəli sürdüyü təşəbbüslə sübut etdi ki, onun rəhbərlik, idarəçilik imkanları bir ölkənin, bir beynəlxalq qurumun hüdudlarına sığmır. Azərbaycan Prezidenti dünyada gedən prosesləri, bu proseslərin nəticələrini və tənzimlənməsi yollarını əvvəlcədən görə bilmək, qiymətləndirmək istedadına malikdir. Təbii ki, bunun üçün fenomen təfəkkür sahibi olmaq mütləqdir.
Cənab İlham Əliyev ötən il oktyabrın 25-də Qoşulmama Hərəkatına sədr seçiləndə proqram xarakterli çıxış etmişdi.

Çıxışında sədr kimi fəaliyyətinin istiqamətlərini açıqlayarkən demişdir ki, digər təsisatlarla dialoqun qurulmasına, inkişafına, əməkdaşlığın coğrafiyasının genişləndirilməsinə səy göstərəcək. Bu o deməkdir ki, respublikamızın Prezidenti dövlətləri, xalqları bəşəriyyətin xoş gələcəyi naminə vaxtaşırı ortaya çıxan çətinlikləri aradan qaldırmaq üçün qüvvələri birləşdirməyə, bir-birinə dayaq olmağa çağırır. Bu çağırış dövlət başçısının xeyirxahlığından, humanizmindən irəli gəlir. Bu humanizm xüsusilə böyük güclərin hegemonluq naminə planetimizin müxtəlif bölgələrində üz-üzə durduğu, güc nümayiş etdirdiyi indiki məqamda xüsusilə vacibdir.

İlham Əliyevin pandemiyanın qlobal həlli ilə bağlı təklifinə yalnız Ermənistan Respublikasının baş naziri Paşinyan xüsusi canfəşanlıqla qarşı çıxdı. O, təklifi dəstəkləyənlərdən fərqli olaraq əks mövqe tutdu. Əlbəttə, onun mövqeyi təklifin qəbul olunmasına zərrə qədər də təsir göstərmədi.
Əksinə, bu hərəkəti ilə üzünə tutduğu "demokrat” pərdəsini özü öz əli ilə cırıb atdı. Dünya liderləri yəqin etdilər ki, onun üçün bəşəriyyətin taleyi sonuncu sıradadır. Ön planda olan isə hansısa dövlətə, siyasi liderə qarşı şəxsi münasibətidir. Halbuki Azərbaycan Prezidentinin təşəbbüsü elə erməni xalqının da pandemiyadan xilas edilməsinə yardımçı ola bilər. Məhz Paşinyanın məkrli, səhv siyasətinin nəticəsidir ki, Ermənistanda koronavirus hər gün onlarca can alır. Bu xəstəliyə get-gedə daha çox insan yoluxur.
Bir məsələni də xüsusi vurğulamaq istəyirəm. Koronavirusun son vaxtlar qeydə alınan yayılma sürəti bir daha cənab İlham Əliyevin təşəbbüsünün əhəmiyyətini, aktuallığını artırır. Dünya dövlətlərinin təcili bir araya gəlməsini qaçılmaz edir. Başqa çarə yoxdur. Ya birlikdə əsrin bəlasına çevrilmiş koronavirusun "hökmranlığına” son qoymalıyıq, ya da ayrı-ayrılıqda dəhşətli rəqəmlərlə ifadə olunacaq qədər itkilər verməliyik.

Təbii ki, bəşəriyyət birlikdə müdafiə təşəbbüsünü gözləyir. Amma bu təşəbbüs kimdən, harada və nə zaman gələcəkdi? Yəqin ki, dünya gözünü böyük, qüdrətli dövlətlərə dikmişdi. Amma bu addımı Azərbaycanın dövlət başçısı atdı. İlham Əliyev dünya miqyasında liderlik təşəbbüsünü əlinə aldı. Özündə cəsarət tapıb böyük bir məsuliyyəti üzərinə götürdü. Yəqin ki, hamınızın yadındadır, cənab İlham Əliyev "Razılığınız olarsa, qlobal həmrəyliyin nümunəsi kimi Qoşulmama Hərəkatının üzv ölkələri olaraq BMT Nizamnaməsində nəzərdə tutulan Baş Assambleyanın COVID-19 pandemiyasına həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyanın keçirilməsi təklifi ilə çıxış edə bilərik”, - deyəndə ekrandan görünən dövlət başçılarının üzlərində bir məmnunluq, razılıq hissləri oxundu. Dünya birmənalı olaraq bu təşəbbüsü bəyəndi və kütləvi informasiya vasitələri xəbərlər, şərhlər və məqalələr yaydılar. Elə həmin gün və ardıcıl olaraq Macarıstan, İndoneziya, Vyetnam, Özbəkistan, Türkmənistan, Gürcüstan, Türkiyə, Rusiya, Belarus, Venesuela, Argentina, Banqladeş, Komboca, İran, Hindistan və digər ölkələrin KİV-i Prezident İlham Əliyevin təşəbbüsünün bütövlükdə pandemiyaya qarşı aparılan mübarizədə beynəlxalq həmrəyliyə, əməkdaşlığa əvəzsiz töhfə olduğunu qeyd etdilər. Avropa İttifaqının "Euractive” portalı cənab İlham Əliyevin görüşdəki nitqinə xüsusi diqqət yetirdi. Portal dərc etdiyi məqalədə Azərbaycanın pandemiya ilə əlaqədar həyata keçirdiyi tədbirlərə geniş yer ayırdı. Malaziyanın populyar qəzetlərində dərc olunan materiallarda da Azərbaycan Prezidentinin təklifinə böyük rəğbət ifadə olundu. Materiallarda ölkənin Baş naziri Muhyiddin Yassinin iştirak etdiyi videogörüşdən təəssüratları, münasibəti təqdim edildi. O, pandemiyaya qarşı mübarizədə birgə səyləri təşviq edən Azərbaycan Prezidentinin təşəbbüsünün təqdirəlayiq olduğunu vurğuladı.

İtaliyanın "Notizil Geopoliteche” onlayn qəzeti yazdı ki, koronavirusla mübarizədə Azərbaycanın öyrənilməli təcrübəsi var. Qəzet əsas kimi Zirvə görüşündə cənab İlham Əliyevin nitqində söylədiklərini göstərir.
Yeri gəlmişkən, bundan əvvəl İlham Əliyevin təşəbbüsü ilə çağırılan Türk Şurası sammitində də koronavirusa qarşı birgə mübarizə məsələsi müzakirə mövzusu olmuşdu.
Göründüyü kimi, son illərdə Azərbaycan irimiqyaslı iqtisadi layihələrin, qlobal problemlərin həllinə dair təşəbbüslərin müəllifi kimi dünyanın diqqət mərkəzində və gündəmindədir. Təbii ki, hər bir azərbaycanlının fəxr edə biləcəyi mövqeyin, uğurun memarı, müəllifi və rəhbəri cənab İlham Əliyevdir. Onun sayəsində Azərbaycan dünya səviyyəsində hörmət qazanmış, imic və söz sahibinə çevrilmişdir.
Əlbəttə, təşəbbüs, təklif onda səmərəli olur ki, həyatda reallığını tapsın. Azərbaycan təkcə təklif verməklə kifayətlənmir, onun icrasına nail olmaq üçün də səylər göstərir və nəticə əldə edir. Təşəbbüs qaldırılandan dərhal sonra xarici ölkələrdə fəaliyyət göstərən diplomatik korpusumuz işə başladı. Danışıqlar aparıldı, şərhlər verildi. Təbii ki, təşəbbüsün müəllifi olmadıqları üçün qısqanclıq keçirən siyasi dairələr də yox deyildir. Buna baxmayaraq, hərəkata daxil olan üzv dövlətlər BMT-nin Baş katibinə müraciət etdi. Baş Assambleyanın prosedur qaydalarına uyğun olaraq Baş katib üzv dövlətlərə müraciət etdi və onların əksəriyyətinin razılığını aldı.

Bu məqamda bir məsələni xüsusi qeyd etmək istəyirəm. Əslində cənab İlham Əliyev də çox yaxşı bilirdi ki, BMT Baş Assambleyası nadir hallarda xüsusi sessiyalar keçirir. Yalnız üzv dövlətlərin yarıdan çoxu razılıq verdiyi halda bu mümkündür. Amma məsələnin vacibliyi, qlobal əhəmiyyət daşıması, bəşəriyyətin taleyi və beynəlxalq aləmdə şəxsi nüfuzu onu belə bir addım atmağa cəsarətləndirdi. Bu cəsarət özünü doğrultdu. Təklif BMT-nin üzvü olan 130 dövlət tərəfindən dəstəkləndi.
Hazırda BMT-nin müafiq strukturları xüsusi sessiyanın çağırılmasına dair hazırlıq işləri görür.
İnanırıq ki, xüsusi sessiya dünyada, o cümlədən Azərbaycanda əsrin bəlasına çevrilmiş koronavirusun tam aradan qaldırılması yollarının müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət daşıyacaq. Bu da cənab İlham Əliyevin müasir dünyamıza daha bir tarixi töhfəsi olacaq.

Səttar MÖHBALIYEV,
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri,
Milli Məclisin deputatı

AZƏRBAYCAN qəzeti 
04.07.2020-ci il