AZ | RU | EN
AZ | EN | RU

Ali Baş Komandan Şuşa zəfəri ilə xalqımıza hədsiz qürur hissi yaşatdı

09 Nov 2020

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Şuşa şəhərinin işğaldan azad olunduğunu elan etməsi 28 ildən çoxdur həsrətlə bu günü gözləyən xalqımıza sonsuz sevinc və qürur hissi yaşadır. Ölkənin hər yerində yüz minlərlə insan əllərində Azərbaycan bayrağı paytaxtın və digər şəhər və rayonların küçə və prospektlərinə axışaraq Şuşa zəfərinin sevincini paylaşır.

Bizim tarixi qələbəmiz - Şuşanın azad olunması bir daha göstərdi ki, şəhidlərimizin qanı yerdə qalmır. Ali Baş Komandan İlham Əliyevin də bəyan etdiyi kimi, biz şanlı qələbəmizi döyüş meydanında qazandıq. Hər bir Azərbaycanlı əmin idi ki, gec-tez biz tarixi torpağımıza, 28 il ərzində işğal altında qalan Şuşaya - mədəniyyət beşiyimizə qayıdacağıq. Möhtərəm Prezidentimizin də bəyan etdiyi kimi, Şuşasız bizim işimiz tam sayıla bilməzdi.

Tarix göstərdi ki, bu müddət ərzində Azərbaycan Prezidentinin yeritdiyi müstəqil siyasət ölkəmizi həm regionda, həm də dünyada söz sahibinə çevirib. Ölkəmizin mövqeyinin möhkəmlənməsi münaqişə ərtafında yaranan vəziyyətin məhz bizim xeyrimizə dəyişməsinə rəvac verdi. Hərbi imkanlarını genişləndirməklə yanaşı, Azərbaycan həm də diplomatik cəbhədə diktə edən tərəfə çevrildi. İndi döyüş meydanında Azərbaycan düşmənlə təkbaşına mübarizə aparır və ərazi bütövlüyümüz qarış-qarış azad olunur. Üçrəngli bayrağımızın Qarabağın döyünən ürəyində - Şuşada dalğalanması hər birimizi qürurlandırır. Son günə qədər düşmən Şuşa ilə bağlı yalan informasiyalar yayaraq, həm öz ictimaiyyətini, həm da beynəlxalq ictimaiyyəti aldatmağa cəhd edirdi. Amma şanlı Azərbaycan Ordusu Ali Baş Komandanın tapşırığını qətiyyətlə yerinə yetirdi. Şuşa işğalçı ölkə üçün psixoloji baryer olduğundan, düşmən hazırda isterik vəziyyətdədir.
Görünən odur ki, biz haqq işimiz uğrunda illərdir apardığımız ədalətli mübarizəni döyüş meydanında uğurla davam etdiririk. Əminliklə demək olar ki, digər ərazilərimizin də işaldan azad edildiyi günü tezliklə qeyd edəcəyik və Qarabağıdünyanın ən abad bölgələrindən birinə çevirəcəyik.

İlk növbədə qeyd edilməli olan nüanslar sırasında bu məqam xüsusi diqqətə layiqdir ki, qələbəmizin kökündə xalqımızın milli birliyi durur. Əks-hücum əməliyyatları başladığı gündən bütün Azərbaycan xalqı kimi, ölkədə fəaliyyət göstərən siyasi partiyalar da dövlət başçısının ətrafında yumruq kimi birləşərək, Onu qeyd-şərtsiz dəstəklədi. Təsadüfi deyil ki, Şuşanın işğaldan azad olunması xəbəri elan olunandan dərhal sonra Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya bu münasibətilə Ali Baş Komandan, Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı. Partiya rəhbərləri cənab İlham Əliyevin hakimiyyətdə olduğu illərdə uğurla həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın ən yeni tarixinin qızıl hərflərlə yazıldığını vurğuladılar və bunu dövlətimizin başçısının geniş dünyagörüşünün, siyasi uzaqgörənliyinin, diplomatik bacarıqlarının, hərbi-strateji dühasının, iqtisadi islahatlarının, xalqımızın Ona göstərdiyi yüksək etimadın, xalq-dövlət-vətəndaş cəmiyyəti arasında qarşılıqlı anlayış və hörmətin ən ali təcəssümü kimi ifadə etdilər. Qeyd etdilər ki, cənab İlham Əliyevin ölkə rəhbəri kimi, sadəcə, iqtisadi, sosial və siyasi sahələrdə deyil, Ali Baş Komandan olaraq ordumuzun həm maddi-texniki təminatının və döyüş qabiliyyətinin, həm də şəxsi heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində gördüyü işlər bugünkü Qələbəmizi təmin edən əsas amillərdir.

Azərbaycan işğal atındakı torpaqlarını azad etmək üçün uğurlu hərbi əməliyyatlara davam etdiyi zaman Ermənistan və onun havadarlarının ölkəmizə təzyiq cəhdləri məhz informasiya savaşının da sərkərdəsi olan cənab İlham Əliyevin diplomatik bacarığı, beynəlxalq münasibətləri doğru dəyərləndirməyi, məntiqli arqumentləri sayəsində qısa zamanda iflasa uğradı.İlham Əliyevin diplomatiyası faktlarla sübut etdi ki, Qarabağ əzəli Azərbaycan torpağıdır və əsrlər boyu burada azərbaycanlılar yaşayıb. İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində bütün aparıcı dünya təşkilatları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barəsində ədalətli qətnamələr qəbul edib. Həmin sənədlər birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz bir hissəsi kimi tanıdır ki, bu da bizə əlavə güc verdi.
Ümummilli liderimiz Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!” – kəlamı da özünü doğrultdu. "Biz güc toplayırıq, məqsədyönlü şəkildə, yorulmadan, bütün təzyiqlərə baxmayaraq, güc toplayırıq və toplamışıq. İqtisadi güc. Əgər iqtisadi gücümüz olmasaydı, bu Qələbəni əldə etmək mümkün olmazdı". Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər Xiyabanından xalqa müraciətində bəyan etdi: “...Biz demək olar ki, təcrid edilmiş vəziyyətdə idik. Lakin biz bu gün Ermənistanı təcrid edilmiş hala saldıq”.

Həqiqətən də cənab İlham Əliyevin dediyi kimi, bizim transmilli layihələrimiz regionda tamamilə yeni mənzərə yaratdı. Biz regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdik. Azərbaycanın təşəbbüsü ilə reallaşan layihələr təkcə bizim xalqımızın maraqlarını təmin etmir, bir çox ölkələrin maraqlarını təmin edir, o cümlədən region ölkələrinin. Qonşu ölkələrlə bizim həm ikitərəfli, həm üçtərəfli əməkdaşlıq formatlarımız vardır. Bütün bunlar Azərbaycanın beynəlxalq nüfuzunu böyük dərəcədə gücləndirdi. Əgər bu nailiyyətlər olmasaydı, problem dondurulmuş vəziyyətdə qala bilərdi. Bu illər ərzində bir çox ölkələrlə səmimi işguzar münasibətlər qura bildik. Bir çox ölkələr Azərbaycanı strateji tərəfdaş hesab edə bilir. Bütün qonşu ölkələrlə səmimi dostluq əsasında, qarşılıqlı inam, hörmət əsasında münasibətlər qura bildik. Biz bunu etməsəydik, münaqişə ətrafında tam başqa proseslər gedə bilərdi.

 Ən nəhayət, öz müqəddəs vəzifəsini layiqincə icra edən cənab İlham Əliyev Şuşanın azad olunması müjdəsini verməklə həm bir xalqın illərlə həsrətində olduğu arzusunu, həm də bir övlad olaraq ata vəsiyyətini yerinə yetirmiş oldu. O, Şuşanın azad olunduğu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdi, ulu öndərin ruhu qarşısında baş əydi. Möhtərəm Prezidentimiz həqiqətən də özünün dediyi kimi, xoşbəxt adamdır ki, ata vəsiyyətini yerinə yetirdi, Şuşanı azad etdi və xalqımıza zəfər müşdəsi verdi: “Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!
İşğal altında olan hər qarış Vətən torpağının, xüsusilə də Şuşanın düşmən tapdağından azad edilməsi üçün göstərdiyi dəyanət, qətiyyət və səbrə görə möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevi və Azərbaycan xalqını ürəkdən təbrik edirəm!

Şuşa qələbəsindən sonra Böyük Zəfər müjdənizi səbirsizliklə gözləyirik!
Yaşasın Azərbaycan!

Səttar Möhbalıyev,
Azərbaycan Həmkarlar İtttifaqları Konfederasiyasının sədri,
millət vəkili

FAYDALI KEÇİDLƏR