AZ | RU | EN
AZ | EN | RU

“Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” Respublika baxış-müsabiqəsinin qalibləri

11 Nov 2020

“Ölkəmizin başçısı, Ali Baş Komandanımız cənab İlham Əliyevin yeritdiyi daxili, xarici siyasət bütünlüklə xalqımızın maraqlarına, dövlətçiliyimizin möhkəmlənməsinə yönəldilmişdir. Məhz bu siyasətin nəticəsidir ki, hər bir azərbaycanlı xüsusilə son günlər həyatının ən xoşbəxt məqamlarını yaşayır. Nəhayət, 30 ilə yaxın müddətdə əlimizin çatmadığı, ünümüzün yetmədiyi Qarabağ həqiqi sahiblərinə qovuşdu. İşğala son qoyuldu”.

Bu sözləri Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqının sədri Hüseyn Kərimov noyabrın 11-də “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” Respublika baxış-müsabiqəsinin qaliblərinin mükafatlandırılması məqsədilə keçirilmiş mərasimdə söyləmişdir.
H.Kərimov demişdir ki, Respublika Prezidentinin yüksək rəhbərlik və təşkilatçılıq bacarığı sayəsində ölkə iqtisadiyyatı ildən-ilə inkişaf etmiş, regionun ən qüdrətli dövlətinə çevrilmişdir. İqtisadi inkişaf əhalinin rifah halının yüksəlməsi, sağlamlığının təminatı, sosial problemlərinin həlli kimi amillərlə müşahidə olunmuşdur. Sosialyönümlü məsələlərin həllində Azərbaycan həmkarlar ittifaqları da mühüm rol oynayır. AHİK çeşidli tədbirlər işləyib həyata keçirir.
Sədr bu tədbirlərdən biri olan “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” Respublika baxış-müsabiqəsinin əhəmiyyətindən və məqsədlərindən qısa da olsa danışdı. Dedi ki, bu tədbir ilk növbədə işçilərin sağlamlığına xidmət edir. Həmçinin müəssisələri, təşkilatları təhlükəsiz iş şəraiti yaratmağa, beləliklə, istehsalın da inkişafına nail olmağa stimullaşdırır.
H.Kərimov tədbir iştirakçılarına müsabiqə qaliblərini təqdim etdi. Dedi ki, 24 nömrəli Yol İstismarı, 44 nömrəli Yol İstismarı, 7 nömrəli Magistral Yolların İstismarı və 2 nömrəli Regional Avtomobil Yolların Yaşıllaşdırılması və Ekologiyası MMC-nin fəaliyyəti müsabiqənin münsifləri tərəfindən daha yüksək qiymətləndirilmişdir. O, bu münasibətlə adları çəkilən müəssisələrin kollektivlərini, rəhbərliyini və həmkarlar ittifaqı təşkilatı əməkdaşlarını təbrik etdi, onlara yeni uğurlar arzuladı.
Sonra H.Kərimov müsabiqə qaliblərinə AHİK-in diplomlarını və qiymətli hədiyyələr təqdim etdi.

ПОЛЕЗНЫЕ ССЫЛКИ