“Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” Respublika baxış-müsabiqəsinin qalibləri
13 Nov 2020
Noyabrın 13-də Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” Respublika baxış-müsabiqəsinin 2019-cu il üzrə qalibi olmuş Qızılağac Milli Parkının mükafatlandırılması mərasimi keçirilmişdir.
Tədbirdə giriş sözü söyləyən Respublika Komitəsinin sədri Telman Quliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə hər il keçirilən bu müsabiqənin əhəmiyyətindən danışmışdır. Qeyd etmişdir ki, bu tipli müsabiqələrin keçirilməsi iş yerlərində məsuliyyətin artmasına, əmək şəraitinin yaxşılaşdırılmasına və müasirləşdirilməsinə, qüsurların vaxtında aradan qaldırılmasına zəmin yaradır. Həmçinin işçilərdə öz öhdəliyini daha keyfiyyətlə yerinə yetirmək, nizam-intizam qaydalarına ciddi riayət etmək məsuliyyətini aşılayır.
Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əməyin mühafizəsi şöbəsinin baş mütəxəssisi Nadir Muradov çıxış edərək əməyin mühafizəsi ilə əlaqədar qanunvericilik aktlarında edilən yeniliklər barədə qısa məlumat verdi. Həmçinin AHİK-in bu istiqamətdə həyata keçirdiyi siyasəti diqqətə çatdırdı. Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə olunan Təbiət Ərazilərinin İnkişafı Xidmətinin rəisi Firudin Əliyev çıxış edərək Qızılağac Milli Parkının yaranma tarixindən, orada görülən işlərdən söz açdı. Qeyd etdi ki, biomüxtəlifliyin qorunub saxlanması, təbii resurslardan səmərəli istifadə, ekoturizmin inkişaf etdirilməsi, bitki və heyvanat aləminin, xüsusən də su-bataqlıq quşlarının qorunması və onların sayının artırılması üçün əlverişli şərait yaradılmasında Milli Parkın müstəsna rolu vardır. Müəssisənin əməkdaşları üçün keyfiyyətli əmək şəraitinin yaradılması da hər zaman diqqət mərkəzində olmuşdur.
Tədbirin sonunda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının diplomu və televizor Qızılağac Milli Parkının Həmkarlar İttifaqı Komitəsinin sədrinə təqdim edildi. Milli Parkın direktoru və HİK-in sədri bu diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına və Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəhbərliyinə öz təşəkkürlərini bildirdilər.