“Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” Respublika baxış-müsabiqəsinin qaliblərinə mükafatlandırılır
06 Nov 2020
“İnşaat-İş” Həmkarlar İttifaqının noyabrın 6-da keçirilən növbəti
yığıncağı AHİK-in “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən
yaxşı müəssisəsi (təşkilatı)” devizi altında keçirilən Respublika baxış-müsabiqəsinin
yekunlarına həsr olunmuşdu.
İttifaqın sədri Umud Hüseynov iclası açaraq ordumuzun Vətən müharibəsindəki
uğurlarından, xalqımızın yumruq kimi Ali Baş Komandanının ətrafında birləşməsindən
danışdı, qazanılan möhtəşəm qələbə münasibətilə tədbir iştirakçılarını təbrik
etdi.
Sonra o, diqqəti müsabiqənin yekunlarına yönəltdi. Bildirdi ki, sahə üzrə 22 təşkilat
arasında keçirilən bu müsabiqədə “6-cı mərtəbə” şirkəti 1-ci yerə çıxmışdır.
Sədr bu nəticəyə görə müəssisənin rəhbərliyini və kollektivini təbrik etdi,
onlara uğurlar arzuladı.
U.Hüseynov üzv təşkilatlarda COVID-19 pandemiyasına
qarşı görülən tədbirlərdən də ətraflı danışdı. Əsrimizin ən təhlükəli virusu ilə
mübarizədə inşaatçıların mövcud imkanlardan istifadə etdiyini söylədi.
Qalib şirkətin prezidenti Ataş Təhməzov çıxış edərək bildirdi ki, Vətən müharibəsi
başlayan gündən tikinti sahəsindəki uğurlarımızı davam etdirməklə yanaşı, cəbhədə
ordumuza dəstəyimizi, kömək və yardımı əsirgəməmişik.
“Onu da xüsusi qeyd etməliyəm ki, 30-dan artıq işçimiz könüllü olaraq cəbhəyə
yollanmış, onlardan bir nəfəri şəhid olmuşdur. Allah rəhmət eləsin!”,- deyə A.Təhməzov
söylədi
A.Təhməzov bildirdi ki, bununla yanaşı, Silahlı Qüvvələrə Yardım Fonduna 30.000
AZN pul vəsaiti köçürmüşük. Təşkilatımız bundan sonra da torpaqlarımızın
azadlığı naminə hər cür maddi və mənəvi dəstək göstərməyə hazırdır.
AHİK-in Əməyin mühafizəsi şöbəsinin müfəttişi Mürvət Mehrabov müsabiqənin
yaranma tarixi və məqsədləri barədə məlumat verdi.
Sonda qalib müəssisəyə AHİK-in Diplomu və sahə həmkarlar ittifaqının qiymətli hədiyyəsi
təqdim edildi. Təşkilatın 3 nəfər qabaqcıl işçisinə Fəxri Fərman verildi.