AZ | RU | EN

“Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” Respublika baxış-müsabiqəsinin qaliblərinə mükafatlandırılır

06 Nov 2020

“İnşaat-İş” Həmkarlar İttifaqının noyabrın 6-da keçirilən növbəti yığıncağı AHİK-in “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi altında keçirilən Respublika baxış-müsabiqəsinin yekunlarına həsr olunmuşdu. İttifaqın sədri Umud Hüseynov iclası açaraq ordumuzun Vətən müharibəsindəki uğurlarından, xalqımızın yumruq kimi Ali Baş Komandanının ətrafında birləşməsindən danışdı, qazanılan möhtəşəm qələbə münasibətilə tədbir iştirakçılarını təbrik etdi.
Sonra o, diqqəti müsabiqənin yekunlarına yönəltdi. Bildirdi ki, sahə üzrə 22 təşkilat arasında keçirilən bu müsabiqədə “6-cı mərtəbə” şirkəti    1-ci yerə çıxmışdır. Sədr bu nəticəyə görə müəssisənin rəhbərliyini və kollektivini təbrik etdi, onlara uğurlar arzuladı.
U.Hüseynov üzv təşkilatlarda       COVID-19 pandemiyasına qarşı görülən tədbirlərdən də ətraflı danışdı. Əsrimizin ən təhlükəli virusu ilə mübarizədə inşaatçıların mövcud imkanlardan istifadə etdiyini söylədi.
Qalib şirkətin prezidenti Ataş Təhməzov çıxış edərək bildirdi ki, Vətən müharibəsi başlayan gündən tikinti sahəsindəki uğurlarımızı davam etdirməklə yanaşı, cəbhədə ordumuza dəstəyimizi, kömək və yardımı əsirgəməmişik.
“Onu da xüsusi qeyd etməliyəm ki, 30-dan artıq işçimiz könüllü olaraq cəbhəyə yollanmış, onlardan bir nəfəri şəhid olmuşdur. Allah rəhmət eləsin!”,- deyə A.Təhməzov söylədi
A.Təhməzov bildirdi ki, bununla yanaşı, Silahlı Qüvvələrə Yardım Fonduna 30.000 AZN pul vəsaiti köçürmüşük. Təşkilatımız bundan sonra da torpaqlarımızın azadlığı naminə hər cür maddi və mənəvi dəstək göstərməyə hazırdır.
AHİK-in Əməyin mühafizəsi şöbəsinin müfəttişi Mürvət Mehrabov müsabiqənin yaranma tarixi və məqsədləri barədə məlumat verdi.
Sonda qalib müəssisəyə AHİK-in Diplomu və sahə həmkarlar ittifaqının qiymətli hədiyyəsi təqdim edildi. Təşkilatın 3 nəfər qabaqcıl işçisinə Fəxri Fərman verildi.