AZ | RU | EN
AZ | EN | RU

“Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” Respublika baxış-müsabiqəsinin qaliblərinə mükafatlandırılır

10 Nov 2020

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının keçirdiyi “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” Respublika baxış-müsabiqəsinin qaliblərinə mükafatların təqdim olunmasına başlanmışdır. Belə mərasimlərdən biri SOCAR-ın Təlim-Tədris və Sertifikatlaşdırma İdarəsində baş tutmuşdur.

Tədbirdə çıxış edən AHİK sədrinin müavini Cavanşir Alxasov demişdir ki, biz Azərbaycan tarixi üçün çox əlamətdar olan təntənəli günləri yaşayırıq. Respublika Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə keçirilən əks-hücum əməliyyatları nəticəsində 30 il həsrətində olduğumuz Qarabağ torpağı bütünlüklə işğaldan azad edildi.
C. Alxasov çıxışında bildirib ki, dövlətimizin siyasətində vətəndaşların rifahı ilə yanaşı, sağlamlığına diqqət də mühüm yer tutur. Bu işdə həmkarlar ittifaqı da fəal iştirak edir. Bu istiqamətdə dövlətimizin həyata keçirdiyi tədbirlər sırasında bu gün qaliblərini təltif edəcəyimiz Respublika baxış-müsabiqəsinin özünəməxsus yeri var. Aldığımız məlumata görə, neft sənayesində əməyin mühafizəsi, təminatı, əmək şəraitinə, təhlükəsizlik qaydalarının tədrisinə, tətbiqinə və təlimatlandırmaya qayğı yüksək səviyyədədir. Belə bir şəraitdə təlim-tədris və sertifikatlaşdırma, sənaye təhlükəsizliyi idarələrinin və neft-qaz tikinti trestinin daha yüksək nəticə ilə müsabiqədə qalib adını qazanmaları heç də təsadüfi məsələ deyil.
Güman edirəm ki, bu müəssisələrin kollektivləri zamanla ayaqlaşacaq, liderliyi əldən verməmək üçün əmək şəraitinin mütəmadi, yeni tələblərə uyğun yaxşılaşdırılmasına səy göstərəcəklər.
Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev də çıxışına Qarabağ uğrunda Vətən müharibəsində qazanılan möhtəşəm qələbə münasibətilə təbriklə başladı.
Sonra baxış-müsabiqənin qaliblərinə mükafatların təqdimetmə mərasiminin belə məhdud dairədə keçirilməsinə aydınlıq gətirdi. Dedi ki, pandemiya ilə əlaqədar, ötən illərdə olduğu kimi, AHİK-in böyük zalında çoxsaylı üzvün qatıldığı təqdimetmə mərasimi keçirmək mümkün olmadı. İnşallah, növbəti ildə biz bir daha əvvəlki təntənəli mərasimlərimizə toplaşa bilərik. Bundan ötrü hər birimiz koronavirusla bağlı qaydalara ciddi əməl etməliyik.
Tədbirin sonunda qalib kollektivlərin müdiriyyətinə və həmkarlar ittifaqı komitələrinin sədrlərinə AHİK-in Fəxri diplomları və qiymətli hədiyyələr təqdim olundu.

FAYDALI KEÇİDLƏR