“Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” Respublika baxış-müsabiqəsinin qaliblərinə mükafatlandırılır
10 Nov 2020
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının keçirdiyi “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” Respublika baxış-müsabiqəsinin qaliblərinə mükafatların təqdim olunmasına başlanmışdır. Belə mərasimlərdən biri SOCAR-ın Təlim-Tədris və Sertifikatlaşdırma İdarəsində baş tutmuşdur.
Tədbirdə çıxış edən AHİK sədrinin müavini
Cavanşir Alxasov demişdir ki, biz Azərbaycan tarixi üçün çox əlamətdar olan
təntənəli günləri yaşayırıq. Respublika Prezidenti, Ali Baş Komandan cənab
İlham Əliyevin əmri ilə keçirilən əks-hücum əməliyyatları nəticəsində 30 il
həsrətində olduğumuz Qarabağ torpağı bütünlüklə işğaldan azad edildi.
C. Alxasov çıxışında bildirib ki, dövlətimizin
siyasətində vətəndaşların rifahı ilə yanaşı, sağlamlığına diqqət də mühüm yer
tutur. Bu işdə həmkarlar ittifaqı da fəal iştirak edir.
Bu istiqamətdə dövlətimizin həyata keçirdiyi tədbirlər sırasında bu gün
qaliblərini təltif edəcəyimiz Respublika baxış-müsabiqəsinin özünəməxsus yeri
var. Aldığımız məlumata görə, neft sənayesində əməyin mühafizəsi, təminatı,
əmək şəraitinə, təhlükəsizlik qaydalarının tədrisinə, tətbiqinə və
təlimatlandırmaya qayğı yüksək səviyyədədir. Belə bir şəraitdə təlim-tədris və
sertifikatlaşdırma, sənaye təhlükəsizliyi idarələrinin və neft-qaz tikinti
trestinin daha yüksək nəticə ilə müsabiqədə qalib adını qazanmaları heç
də təsadüfi məsələ deyil.
Güman edirəm ki, bu müəssisələrin kollektivləri
zamanla ayaqlaşacaq, liderliyi əldən verməmək üçün əmək şəraitinin mütəmadi,
yeni tələblərə uyğun yaxşılaşdırılmasına səy göstərəcəklər.
Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı
Respublika Komitəsinin sədri Cahangir Əliyev də çıxışına Qarabağ uğrunda Vətən
müharibəsində qazanılan möhtəşəm qələbə münasibətilə təbriklə başladı.
Sonra baxış-müsabiqənin qaliblərinə mükafatların
təqdimetmə mərasiminin belə məhdud dairədə keçirilməsinə aydınlıq gətirdi. Dedi
ki, pandemiya ilə əlaqədar, ötən illərdə olduğu kimi, AHİK-in böyük zalında
çoxsaylı üzvün qatıldığı təqdimetmə mərasimi keçirmək mümkün olmadı. İnşallah,
növbəti ildə biz bir daha əvvəlki təntənəli mərasimlərimizə toplaşa bilərik.
Bundan ötrü hər birimiz koronavirusla bağlı qaydalara ciddi əməl etməliyik.
Tədbirin sonunda qalib kollektivlərin
müdiriyyətinə və həmkarlar ittifaqı komitələrinin sədrlərinə AHİK-in Fəxri
diplomları və qiymətli hədiyyələr təqdim olundu.