«Təhsildə gender məsələləri» mövzusunda elmi-praktiki seminar
26 May 2011
Tədbiri giriş sözü ilə ATİAHİ Respublika Komitəsi sədrinin müavini Şaiq Əsgərov açmışdır. Sədr müavini bildirmişdir ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə uyğun olaraq ölkəmizdə insan hüquqları və bərabərlikləri ilə bağlı bir çox qanunlar və qərarlar qəbul edilmişdir. Qısa zaman ərzində Azərbaycan gender bərabərliyi ilə bağlı beynəlxalq konvensiyalara qoşulmuşdur.
ATİAHİ Respublika Komitəsi Rəyasət Heyətinin 28 fevral 2007-ci il tarixli qərarı ilə AHİK-in Gender siyasəti üzrə Konsepsiyasına uyğun olaraq Respublika Komitəsinin nəzdində Gender bərabərliyi və qadın problemləri üzrə 9 nəfərdən ibarət tərkibdə komissiyanın təşkil edildiyini xatırladan sədr müavini söyləmişdir ki, Respublika Komitəsinin tabeliyində olan üzv təşkilatlarına da analoji komissiyaların yaradılması tövsiyə edilmişdir. Məhz bu qərara əsasən Respublika Komitəsinin xidmətində olan rayon, şəhər və rayon hüquqlu həmkarlar ittifaqı komitələrində 300-dən artıq gender və qadın problemləri üzrə komissiyalar yaradılmışdır və həmin komissiyalar hal-hazırda fəaliyyət göstərməkdədir.
Sədr müavini əlavə etmişdir ki, Azərbaycan torpaqlarının Ermənistan Respublikası tərəfindən işğal olunması nəticəsində 242 məktəbəqədər tərbiyə müəssisəsi, 616 ümumtəhsil məktəbi və 4 kollec dağıdılaraq məhv edilmiş erməni işğalçıları tərəfindən Azərbaycanın təhsil sisteminə 1.5 milyard dollardan çox ziyan dəymişdir: «Bu dəhşətli işğalın nəticəsi bununla bitmir! Belə ki, işğal nəticəsində 1 milyondan artıq Azərbaycanlı öz torpaqlarından didərgin düşmüşdür. Respublika ərazisində erməni işğalları nəticəsində əksəriyyətini qadınlar təşkil edən qaçqın düşmüş 20.000 müəllim və 100.000 şagirdin düşdüyü acınacaqlı vəziyyət onların əmək, sosial, iqtisadi hüquqlarının müdafiəsi ilə məşğul olan ATİAHİ-ni deyil, bütün dünya ictimaiyyətini narahat etməlidir. ATİAHİ Respublika Komitəsi belə hesab edir ki, qaçqın qızların təhsilində yaranmış olan bu kimi ciddi problemlər təhsil sahəsində gender balansının pozulmasına gətirib çıxardan başlıca amildir. Bütün bunları nəzərə alaraq ATİAHİ Respublika Komitəsi belə hesab edir ki, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin İnkişaf Proqramı, BMT-nin Qadınlar üçün İnkişaf Fondu, Uşaq Fondu, Əhali Fondu, o cümlədən BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, BMT Katibliyinin İqtisadi və Sosial Əlaqələr İdarəsi nəzdində fəaliyyət göstərən Statistika Bölməsi və Qadınların İnkişafı üzrə bölmə də daxil olmaqla BMT sistemindəki ixtisaslaşmış bütün qurumlarla əməkdaşlığı getdikcə gücləndirmək və onların bu sahədə mütəmadi olaraq həyata keçirdiyi layihələrə qoşulmaq təqdirəlayiqdir».
Daha sonra elmi-praktiki seminarda Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxış etmişdir. Sədr müavini bildirmişdir ki, gender siyasəti demokratiyanın inkişaf göstəricilərindən biri kimi qəbul olunur. Azərbaycanda hər zaman qadınlara yüksək münasibətin olduğunu diqqətə çatdıran A.Sofiyeva qeyd etmişdir ki, gender bərabərliyinin təmin edilməsində qadınlardan da ictimai fəallıq tələb olunur: «Xüsusən bölgələrdə yaşayan qadınların maarifləndirilməsinə ehtiyac var. Qadınlar öz hüquqlarını bilməlidirlər ki, onlar ölkəmiz üçün layiqli vətəndaşlar yetişdirə bilsinlər».
Sonra tədbirdə AHİK-in Gender bərabərliyi və qadın problemləri Mərkəzinin və Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova çıxış edərək belə bir elmi-praktiki seminarı təşkil etdiyinə görə ATİAHİ Respublika Komitəsinin rəhbərliyinə təşəkkürünü bildirmişdir. Qeyd etmişdir ki, təhsil ölkədə strateji sahəni təşkil edir. ATİAHİ Respublika Komitəsi isə bu sektorda çalışan insanların qanuni hüquq və mənafelərinin müdafiəçisidir.
AHİK-in Gender bərabərliyi və qadın problemləri Mərkəzinin fəaliyyətindən danışan C.Səttarova qeyd etmişdir ki, Mərkəz tərəfindən AHİK-ə daxil olan sahə həmkarlar təşkilatlarında mütəmadi olaraq seminarlar təşkil edilir, gender problemləri araşdırılır. C.Səttarova rəhbərlik etdiyi qurum tərəfindən keçirilmiş sorğunun nəticələri ilə tədbir iştirakçılarını tanış etmişdir.
Sonra tədbirdə Gender Araşdırmaları Mərkəzinin rəhbəri, tarix elmləri namizədi Diana Cəfərova, Təhsil Nazirliyinin baş məsləhətçisi, filologiya elmləri namizədi Afət Sadıqova, gender və iqtisadiyyat üzrə beynəlxalq ekspert, iqtisad elmləri namizədi Aidə Quliyeva mövzu ilə bağlı məruzə etmişlər.