Səttar Möhbalıyev: biz sadəcə karantin rejiminin tələblərinə əməl etməklə bu vəziyyəti yenidən xeyrimizə dəyişə bilərik
23 Nov 2020
Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək üçün apardığı Vətən müharibəsi xalqımızın möhtəşəm qələbəsilə başa çatdı. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuz döyüş meydanında düşmənin başını əzdi və tarixi ədalət bərpa olundu. Lakin bu gün bizim daha bir düşmənlə mübarizəmiz hələ də davam edir və təəssüflər olsun ki, bu savaşın statistikası heç də ürəkaçan deyil.
Hazırda bütün dünyanı cənginə almış COVİD-19 pandemiyasının ikinci dalğası bəşəriyyəti təhdid etməkdədir. Məlum olduğu kimi, bu ilin əvəlindən Azərbaycan dövləti tərəfindən həyata keçirilən koronavirusla mübarizə tədbirlərinin son dərəcə effektivliyi sayəsində ölkəmizdə yoluxma hallarının sayı minimuma endirilmişdi. Görülən qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycan istər iqtisadiyyatı, istərsə də əhalisi pandemiyanın dağıdıcı təsirinə ən az məruz qalmış ölkələr sırasında yer almışdır. Lakin yoluxma sayında kəskin azalmanın müşahidə olunması ilə əlaqədar ölkədə tətbiq olunmuş sərt karantin rejiminin mərhələli şəkildə yumşaldılması təəssüflər olsun ki, əksər vətəndaşlarımız tərəfindən tamamilə səhv olaraq pandemiyanın bitməsi kimi qəbul edildi. Bu isə öz növbəsində karantin rejiminin sosial məsafə saxlanılması, qoruyucu tibbi maskalardan istifadə və digər bu kimi vacib qaydalara etinasız yanaşma sərgilənməsinə gətirib çıxardı. Əlbəttə ki, bu etinasızlığın acı nəticələri də özünü çox gözlətmədi. Qısa müddət ərzində Azərbaycanda koronavirusa yoluxma hallarının günlük sayı min nəfəri keçdi. Bu gün isə bu statistik göstərici artıq 3000-dən yuxarı ədədlərlə ifadə edilir. Həmçinin koronavirusa yoluxan xəstələr arasında ölüm hallarının da göstəriciləri əvvəlki aylarla müqayisədə xeyli artmışdır.