AZ | RU | EN

Səttar Möhbalıyev: “Özünü tanımayan senat “dağlıq Qarabağ respublikası”nı tanımağa qərar verir...”

27 Nov 2020

“Çox qəribədir ki, bu gün Azərbaycana qarşı açıq-aşkar qərəzli mövqe sərgiləyən Fransa senatı uzun illər davam edən müstəmləkə hakimiyyəti dövründə öz ölkəsinin silahlı qüvvələri tərəfindən həyata keçirilmiş, həm də sadəcə etnik və dini mənsubiyyət fərqi amilinə əsaslanaraq yüz minlərcə dinc sakinin həyatına son qoymuş kütləvi qətllərə indiyədək nə hüquqi qiymət vermək, nə də bu qara ləkəni Fransanın siyasi tarixindən silməyə cəhd göstərmək yönümündə heç bir addım belə atmamışdır ”- bu sözləri saytımıza verdiyi müsahibəsində Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev demişdir.

- Səttar müəllim, Fransa Respublikası Senatının 2020-ci il noyabrın 25-də Azərbaycan əleyhinə qəbul etdiyi qətnamə ilə əlaqədar Milli Məclis noyabrın 26-da keçirdiyi plenar iclasında bəyanat qəbul etmişdir. İlk növbədə bu sənədin məzmunu və mahiyyəti barədə fikirlərinizi oxucularımızla da paylaşmağınızı istərdik.

- İlk olaraq demək lazımdır ki, Fransa Senatının noyabrın 25-də qəbul etdiyi qondarma “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamə layihəsi bütün beynəlxalq hüquq normalarına, BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə birmənalı olaraq ziddir. Həmçinin bu sənədi qəbul etməklə Fransa Senatı öz hökumətini beynəlxalq hüququn əsas norma və prinsiplərini pozmağa təhrik edir. Eyni zamanda da erməni diasporunun və lobbisinin təsiri altına düşmüş Fransa Senatı bu addımı atmaqla Avropa İttifaqının xarici və təhlükəsizlik siyasəti üzrə qlobal strategiyasına, o cümlədən Avropa İttifaqı Şurasının dövlətlərin ərazi bütövlüyü barədə 2016-cı ildən bəri ardıcıl qəbul etdiyi sənədlər çərçivəsində Fransa Respublikasının üzərinə götürdüyü öhdəliklərə zidd hərəkət edir. Əlbəttə ki, senatın bu absurd təklifinin Fransa hökuməti tərəfindən qəbul ediləcəyi qətiyyən inandırıcı deyil. Lakin əgər bu baş verərsə, bu zaman Fransa ilk növbədə Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramına sarsıdıcı zərbə vurmuş olar. Bütün bunlar və bir çox digər önəmli məqamlar Milli Məclisin qəbul etdiyi qətnamədə öz əksini kifayət qədər aşkar formada tapmışdır. Bu, qətnamənin məzmununa dair deyəcəklərimdir. Sənədin mahiyyətinə gəlincə isə, artıq bütün dünya da, o cümlədən ermənipərəst meylləri ilə tanınan Fransa da bilməlidir ki, Azərbaycan bundan sonra heç kimə özü ilə təhdid və şantaj dilində danışmağa icazə vermək fikrində deyil. Əgər sən təcavüzkar, terrorçu Ermənistana haqq qazandırırsansa, bu zaman get əməkdaşlığını da onunla qur. Qafqazın qlobal enerji layihələrinə də Ermənistanın xətti ilə qatıl, əgər qatıla bilirsənsə. Biz isə səninlə ümumiyyətlə bütün digər sahələrdə də əməkdaşlığımızın mümkünlüyü məsələsinə yenidən baxaq. Fransa Senatı bilməlidir ki, əleyhinə çıxış etdiyi ölkə bütün dünyaya səpələnmiş lobbi təmsilçiləri tərəfindən idarə olunan marionet Ermənistan deyi, müstəqil, güclü iqtisadiyyata və böyük potensiala sahib olan, öz torpaqlarını öz gücünə işğaldan azad etmiş Azərbaycandır.

- Milli Məclisin qətnaməsində tamamilə haqqlı olaraq, Fransaya qarşı kifayət qədər ciddi ittihamlar irəli sürülüb və bu ölkənin ATƏT-in Minsk qrupunun həmsədrliyindən geri çağırılması üçün qurumun rəhbərliyinə müraciət edilməsi barədə Azərbaycan Hökumətinə çağırış edilib. Sizcə bu addım Fransanı ermənipərəst mövqeyindən az da olsa uzaqlaşdırmaq üçün yetərli ola bilərmi?

- Bilirsiniz, mənə elə gəlir ki, Fransanın mövqeyi ilk növbədə Fransanın özünü və bu ölkənin xalqını düşündürməlidir. Fransa hökuməti də ilk növbədə ermənilərin deyi, fransız xalqının maraqlarından çıxış etməlidir. Amma hal-hazırda biz bunun əksini müşahidə edirik. Fransa siyasi dairələri artıq bütün dünyada ənənəvi Ermənistan təəssübkeşliyinin bir təcəssümünə çevrilib. Vasitəçi ölkə kimi bitərəf və ədalətli olmalı olduğunu unudan Fransa açıq-aşkar ermənipərəst mövqeyi ilə münaqişənin sülh yolu və beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə 30 il ərzində mane olub. Fransan təcavüzkarı heç vaxt öz adı ilə çağırmayıb, işğalçı ilə işğala məruz qalan arasında fərq qoymayıb. Məhz Fransanın dəstəyi təcavüzkar Ermənistanı bu illər ərzində status-kvonu davam etdirməyə və işğal faktını gücləndirməyə həvəsləndirmişdi. Fransa Senatı isə bütün bu illər ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğal olunması, mülki əhalinin qətlə yetirilməsi, işğalçı dövlətin torpaqlarımızda etnik təmizləmə, ekoloji terror, qeyri-qanuni məskunlaşma və qanunsuz iqtisadi fəaliyyətlər aparmasına qarşı bir dəfə də olsun etiraz bildirməmişdir. Bunun əvəzində isə indi bu senat münaqişənin tarixi, siyasi və hüquqi aspektlərini əsaslı şəkildə təhrif edən bir sənəd qəbul etməklə hansısa məqsədlərinə nail olmaq istəyir. Təbii ki, belə bir ölkə münaqişə tərəfləri arasında vasitəçi missiyasını həyata keçirə bilməz və Milli Məclisin bəyanatında da bu məqam öz əksini tapmışdır.

- Səttar müəllim, Milli Məclisin qəbul etdiyi qətnamədə maraq doğuran daha bir məqam da Fransanın müstəmləkə hakimiyyəti dövrünün bəzi rüsvayçı epizodlarının diqqət mərkəzinə çəkilməsilə bağlıdır. Bu barədə nə deyə bilərsiniz?

- Müstəmləkə hakimiyyəti dövrü həqiqətən də Fransanın tarixində qara ləkədir. Həm də bu ləkəni salan hadisələr bəlkə də kimlərinsə zənn etdiyi kimi, sadəcə orta əsrlərdə baş verməyib. Ötən əsrin 50-ci, 60-cı, 70-ci illərində Fransanın silahlı qüvvələri bir neçə Afrika və ərəb ölkələrində sırf etnik və dini mənsubiyyətinə görə yüz minlərcə dinc sakini kütləvi surətdə qətlə yetirmişlər. Bəs görəsən Fransa Senatında bu hadisələrə görə xəcalət hissi keçirən bircə nəfər belə olsa tapılarmı? Bəlkə cənab senatorlar öz ölkələrinin tarixni bilmirlər? Belə olan halda özünü tanımayan senat “dağlıq Qarabağ respublikası”nı tanımaq barədə qərar verməsi hansı məntiqə uyğundur?

- Bir qədər əvvəl siz qeyd etdiniz ki, senatın bu absurd təklifinin Fransa hökuməti tərəfindən qəbul ediləcəyi qətiyyən inandırıcı deyil. Amma hər halda, əgər bu baş verərsə bunun Azərbaycan üçün hansı fəsadları ola bilər?

- Dediyim kimi, belə bir absurd təklif Fransa hökuməti tərəfindən qəbul edilərsə, bu zaman yaranacaq fəsadlardan Azərbaycan deyil, Ermənistan və Fransa narahat olmalıdır. Azərbaycan öz torpaqlarında xarici işğalçı hərbi qüvvələrə qarşı müharibə aparmışdır və həmin ərazilər Azərbaycanın beynəlxalq hüquqda tanınan suveren əraziləridir. Heç bir qüvvə Azərbaycanı buna görə ittiham edə və Azərbaycanın hərbi birləşmələrinin bu ərazilərdən çıxarılmasını tələb edə bilməz. 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin imzaladığı birgə bəyanatla Ermənistan və Azərbaycan arasında hərbi eskalasiyaya son qoyulmuş və regionda sülhün bərqərar olunması istiqamətində praktiki işlərə başlanmışdır. Qətiyyən anlaşılan deyil ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olan Fransa bu razılaşmanı pozmağa və münaqişəni yenidən alovlandırmağa niyə bu qədər səylə çalışır. Düşünürəm ki, Fransa hökuməti öz ölkəsinin senatından fərqli olaraq, məsələyə daha məntiqi yanaşacaq və yaranmış gərginliyin aradan qaldırılması istiqamətində zəruri addımlar atacaq.

- Səttar müəllim, dolğun müsahibənizə görə sizə təşəkkür edirəm, çox sağ olun.

- Siz də sağ olun.