AZ | RU | EN
AZ | EN | RU

Səttar Möhbalıyev: Rusiya sülhməramlılarının bölgəyə gəlişi Azərbaycanın maraqlarına uyğundur

13 Nov 2020

Azərbaycanın öz ərazi bütövlüyü uğrunda apardığı Vətən müharibəsi xalqımızın tarixi qələbəsi ilə başa çatdı. Noyabrın ayının 10-u xalqımızın tarixinə zəfər günü kimi yazıldı. Ölkəmizin ərazi bütövlüyü təmin edildi, Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları işğalçı Ermənistanın tam kapitulyasiyası ilə nəticələndi. İmzalanmış üçtərəfli bəyanata əsasən, münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə bölgədə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır. Bu mərkəzdə sülhün qarantı kimi Türkiyə və Rusiya hərbçiləri birgə fəaliyyət göstərəcəklər.

Qeyd etmək lazımdır ki, hər iki ölkə bizim üçün dost, qonşu ölkədir və məhz onların iştirakı ilə belə bir mərkəzinin yaradılması böyük əhəmiyyət kəsb edir. İlk növbədə bu mərkəzin yaradılması ilə digər qüvvələrin bölgədə tərəf olmaq cəhdləri aradan qaldırılır. Türkiyə isə rəsmi qaydada bu münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmək işində Rusiya ilə birgə həlledici rol oynayacaq. Yəni, bölgədə gələcək əməkdaşlıq formatında Türkiyə və Rusiya birgə iştirak edəcəklər.

Təəssüflər olsun ki, bu gün bəzi qüvvələr sosial mediada Rusiya sülhməramlılarının bölgəyə gəlməsinə dair qərəzli və qətiyyən həqiqətə uyğun olmayan açıqlamalar verməklə ictimai rəyi yanlış yönəltməyə çalışırlar. Belə ki, bəziləri sülhməramlı qüvvələrin yerləşdirilməsini ölkəmizdə Rusiyanın hərbi bazasının yaradılması kimi təqdim edtməyə çalışırlar. Əlbəttə ki, bu, tamamilə səhv və əsassız iddiadır. Söhbət yalnız məhdud sayda hərbçilərin sülhməramlı missiyasını icra etmələrindən gedir. Üstəlik, az öncə də dediyim kimi, yeni yaradılan sülhməramlı mərkəzin tərkibində bölgədə Türkiyə hərbçiləri də fəaliyyət göstərəcəklər.

Həmçinin sülhməramlılar məsələsinin müzakirəsi zamanı belə bir vacib məqamı da nəzərdən qaçırmaq olmaz ki, Azərbaycan əks-hücum əməliyyatlarını apardığı müddət ərzində Rusiya öz neytrallığını tam olaraq qoruyub saxladı. Hətta Rusiyanı aktiv hərbi əməliyyatlara cəlb etmək üçün bu ölkədə fəaliyyət göstərən güclü erməni lobbisinin və böyük imkanlara malik ermənipərəst media qurumlarının da göstərdikləri ciddi cəhdlər heç bir nəticə vermədi.

Belə qənaətə gəlmək olar ki, Rusiya sülhməramlılarının bölgəyə gətirilməsinin əleyhinə çıxış edənlər, o cümlədən milli şura əslində tamamilə fərqli məqsəd güdürlər. Anlaşılan, bu qüvvələrin məqsədi Ali Baş Komandan cənab İlham Əliyevin və Şanlı Azərbaycan Ordusunun fədakarlığı və rəşadəti sayəsində əldə olunmuş qələbəmizə kölgə salmaqdır. Lakin bu, mümkün olan bir iş deyil. Azərbaycan xalqı öz Prezidenti ilə birlikdədir və bu birlik bizi bundan sonra da yeni-yeni zəfərlərə, tarixi qələbələrə doğru inamla aparacaq! 

FAYDALI KEÇİDLƏR