AZ | RU | EN
AZ | EN | RU

Ulu öndər daim yüksək ehtiramla anılacaq

11 Dec 2019

Müasir Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin adı tariximizə qızıl hərflərlə həkk olunub. Ölkəmizin inkişafının şanlı, o cümlədən müstəqillik dövrünün ilk şərəfli səhifələri məhz Ulu Öndərin müəllifliyi ilə yazılıb. Xalqımızın qəlbində özünə taxt qurmuş bu dahi şəxsiyyət çalışdığı bütün vəzifələrdə, fəaliyyətinin bütün mərhələlərində vətəninə, xalqına layiqincə, böyük məhəbbətlə xidmət edib, milli dəyərlərimizə hər zaman bağlı olub. Bu mənada xalqımızın malik olduğu ali keyfiyyətlər Heydər Əliyev dühasının kamil şəxsiyyətində öz təcəssümünü tapıb.

Təbii ki, Ulu Öndər Heydər Əliyevin xalqın Ümummilli Liderinə çevrilməsini şərtləndirən əsas keyfiyyətlər onun çətin, mürəkkəb və böhranlı siyasi-iqtisadi situasiyalarda milli təəssübkeşlikdən çıxış etməsi, problemlərin həlli üçün əsl vətəndaşlıq nümunəsi göstərməsidir. Heydər Əliyevin tarixi xidmətlərindən söz açandan ilk olaraq onun 50 il əvvəl Azərbaycanda başlatdığı inkişaf prosesləri yada düşür. 1969-cu ilin yayından Azərbaycana rəhbərlik etməyə başlayan Heydər Əliyevin elə ilk günlərdən respublikanın və xalqın inkişafı istiqamətində fəaliyyətinin, atacağı addımların cizgiləri, istiqamətləri məlum idi. Bütün sahələrdə neqativ hallara son qoyulması, respublikanın iqtisadi potensialının hərəkətə gətirilməsi, səriştəli kadrların irəli çəkilməsi kimi vəzifələri müəyyən edən Heydər Əliyevin ölkəyə rəhbərliyi ilk vaxtlardan Azərbaycanda böyük iqtisadi inkişafa yol açdı. Ulu Öndərin yenilikçi təşəbbüsləri ilə həyata keçirilən genişmiqyaslı islahatlar yeni iqtisadi potensialın formalaşdırılmasına, o cümlədən sosial-mədəni həyatın canlandırılmasına, milli-mənəvi dəyərlərin dirçəldilməsinə təkan verdi.

Bu mənada 1969-1982-ci illərdə həyatımızın bütün sahələrində baş vermiş köklü dəyişikliklər miqyasına görə Azərbaycanın şanlı inkişaf və quruculuq salnaməsinin ən dolğun, şərəfli səhifələrini təşkil edir. Hansı ki, bu işlər həm də ölkədə müstəqil düşüncəyə yol açmış, Azərbaycanın gələcək dövlət müstəqilliyi üçün zəmin formalaşdırmışdı. Lakin xalqımız öz azadlığına nail olduqdan, müstəqilliyini bərpa etdikdən sonra ölkədə hakimiyyətə gələn iqtidarlar bu potensialdan səmərəli istifadə etmək əvəzinə dövləti parçalanmaq təhlükəsi qarşısında qoydular. Onların bir-birilə apardıqları hakimiyyət uğrunda mübarizə hətta ərazi bütövlüyü uğrunda ölüm-dirim savaşını da arxa plana keçirdi. Elə bunun nəticəsində Ermənistan öz işğalçılıq planlarını gücləndirdi, ərazilərimiz işğala məruz qaldı.

Həmin çətin, ağır, böhranlı günlərdə xalqımız çox düzgün qərar qəbul edərək yaranmış vəziyyətdən çıxış yolu tapmaq üçün Heydər Əliyevə müraciət etdi. Xalqın təkidli tələbi ilə məhz Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı Azərbaycanın hələ kövrək olan müstəqilliyinin qorunmasına və gücləndirilməsinə xidmət edən amil oldu. Ulu Öndərin siyasi hakimiyyətə tarixi qayıdışı ilə Azərbaycan bir dövlət kimi məhvolmadan, dünya xəritəsindən silinməyin real təhlükəsindən xilas oldu. Müstəqilliyimiz əbədiliyə və dönməzliyə çevrildi.

Ulu Öndər Heydər Əliyev özünün zəngin siyasi fəaliyyəti ilə Azərbaycan dövlətinin tarixində müstəsna rol oynamış tarixi şəxsiyyətdir. Məhz buna görə xalqımız Heydər Əliyevin adını tariximizə dövlətimizin xilaskarı, memarı və qurucusu kimi həkk etmişdir. Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin uzaqgörən və zəngin siyasi fəaliyyəti sayəsində mümkün olmuşdur. Azərbaycan Respublikasının hərtərəfli inkişafı üçün onun hazırladığı strateji istiqamətlər hələ uzun illər müstəqil dövlətimizin möhkəmləndirilməsi və gücləndirilməsi, iqtisadi qüdrətinin artırılması, xalqımızın layiq olduğu xoşbəxt həyata qovuşması işinə xidmət edəcək.

Ulu Öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli inkişaf strategiyası bu gün onun layiqli varisi - Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir. Mütərəqqi idarəçilik prinsipləri ilə cəmiyyətdə böyük nüfuz sahibinə çevrilmiş cənab İlham Əliyev dövlət başçısı kimi məsuliyyətli və şərəfli vəzifəni inamla icra edir. İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan tək regionda deyil, dünyada sayılıb-seçilən ölkədir.

Xalqımız Heydər Əliyevi daim yüksək ehtiramla xatırlayacaq. Çünki Ulu Öndər daim qəlblərdə yaşayır və yaşayacaq. Bu gün Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı, ölkəmizin dünya birliyində öz yerini daha da möhkəmləndirməsi məhz Heydər Əliyev ideyalarının yaşamasının, Ümummilli Liderin siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir.

Azərbaycan qəzeti

12.12.2019-cu il



FAYDALI KEÇİDLƏR