AZ | RU | EN
AZ | EN | RU

Vəsiyyəti yerinə yetirilən Ümummilli lider Heydər Əliyevin ruhu şaddır

12 Dec 2020

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vəfatından 17 il keçir. 

Bu gün hər bir ölkə vətəndaşına bəlli olan bir həqiqət var: Həsəd aparılacaq bir zəngin, mənalı və şərəfli ömür yaşamış Ulu öndərimiz Heydər Əliyev qısa zaman kəsiyində xalqımızın uzun əsrlər boyu uğrunda usanmadan çarpışdığı ən ümdə haqqını reallığa çevirmişdir. Azərbaycanı hər bir dövlət və millət üçün ən yüksək məqama – müstəqilliyə qovuşdurmuş, dövlətimizin dünya birliyində layiqli yerini bütün bəşəriyyətə nümayiş etdirmişdir.
Ötən yüzillikdə cərəyan edən hadisələrin təhlili göstərir ki, respublikanın müstəqilliyə gedən yolu 1969-cu ildən başlayaraq Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən məqsədyönlü siyasətlə tamamlanıb. Zaman və ictimai-iqtisadi formasiya baxımından kifayət qədər fərqli olan hər iki tarixi dövrün əsas bənzər cəhətləri isə Ulu Öndərin Azərbaycana böyük nailiyyətlər qazandıran fədakar xidməti, eləcə də ölkənin inkişafında yeni impuls və tərəqqi meyillərinin geniş vüsət alması olub. Heydər Əliyevin hələ Sovet Azərbaycanına rəhbərliyi dövründə həyata keçirdiyi çoxşaxəli fəaliyyəti xalqımızda milli qürur, milli mənlik şüurunun formalaşmasına, azadlıq, müstəqillik duyğularının baş qaldırmasına gətirib çıxarmışdır.

1969-cu il iyulun 14-də Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi seçilməsi, ilk dəfə ölkəmizdə hakimiyyət sükanına doğma xalqının taleyinə tam sahib çıxmaq iqtidarında olan Vətən oğlunun yüksəlməsi ilə Azərbaycanın həyatında həlledici və şərəfli bir mərhələnin başlanğıcını qoydu. Ulu Öndərin respublikaya böyük uzaqgörənliklə və müdrikcəsinə rəhbərlik etdiyi 1969-1982-ci illər Azərbaycanda quruculuq salnaməsinin parlaq dövrü kimi tarixə düşdü. Heydər Əliyev hakimiyyətə gələnə qədər sovetlər birliyinin geridə qalan respublikalarından sayılan Azərbaycan çox qısa bir müddətdə iqtisadi artım tempinə görə orta ittifaq səviyyəsini ötmüş oldu. Ölkə rəhbərinin böyük uğurla həyata keçirdiyi möhtəşəm fəaliyyət nəticəsində Azərbaycan keçmiş ittifaqın öz daxili iqtisadi imkanlarına və intellektual potensialına arxalanaraq özünü tam şəkildə idarə etmək iqtidarında olan iki respublikasından birinə çevrildi.
Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə ölkə Prezidenti seçildikdən sonra əvvəlki iqtidarlardan xalqımız üçün hansı problemlərin miras qaldığı hamıya məlum idi. Torpaqlarımızın işğalı, on minlərlə şəhid və döyüş əlillərinin olması, yüz minlərlə azərbaycanlının qaçqın və məcburi köçkün düşməsi, iqtisadiyyatın çökməsi həmin iqtidarların səriştəsiz idarəçiklərinin məntiqi nəticəsi idi. Orta və yuxarı yaşlı nəslin nümayəndələri Ulu Öndər Heydər Əliyevin bu problemlərin həlli üçün hansı əziyyətlərə qatlaşdığının şahidi olublar. Bir tərəfdən Ermənistanın artan hərbi hücumlarının, digər tərəfdən separatçılıq meyllərinin qarşısının alınması, o cümlədən strateji qida olan çörək çatışmazlığının aradan qaldırılması, yüz minlərlə məcburi köçkünün yaşayış yerləri ilə təmin olunması ölkə rəhbərindən gecə-gündüz zəhmət, qətiyyət tələb edirdi. Lakin Heydər Əliyev öz xalqının problemləri ilə yaşayan milli rəhbər idi. Məhz onun idarəetmə səriştəsi, liderlik ustalığı nəticəsində sosial kataklizmlərin prioritetləri seçildi, bu yönümdə ardıcıl məqsədyönlü addımlar atıldı. Atəşkəsin əldə olunması, ölkədə ictimai siyasi-sabitliyin yaranması, tarixi neft kontraktlarının imzalanması, ilk növbədə, Azərbaycanın dövlət müstəqilliyi təhlükələrini aradan qaldırdı. Bunun ardınca Ulu Öndərin tarixi xilaskarlıq missiyası tənəzzüldən inkişafa doğru dönüşün əsasını qoydu. Eyni zamanda bu missiya sabitlikdən sosial rifaha sürətli keçidi təmin etdi.

Hər bir qələbəni, hər bir uğuru tarix və şərait yetişdirir. Bu baxımdan İkinci Qarabağ savaşında istər hərbi, istər diplomatik cəbhələrdə qələbəyə gedən yolun təməli hələ Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə qoyulmuşdu. Fəxrlə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ölkəmizdə başlanan dövlət quruculuğunun ən şərəfli və parlaq səhifələrindən biri bu gün gücü ilə qürurlandığımız, suverenliyimizin və ərazi bütövlüyümüzün yeganə təminatçısı olan Azərbaycan Ordusudur. 1994-cü ildə atəşkəs sazişinin imzalanmasından sonra Azərbaycanda ordu quruculuğu, ölkənin müdafiə qabiliyyətinin artırılması istiqamətində görülən işlər yeni fazaya daxil oldu. Vahid komandanlıq əsasında hərbi hissələrin formalaşdırılması tezliklə başa çatdırıldı.
Heydər Əliyev fəaliyyəti boyu Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində bütün dünyaya çatdırır, beynəlxalq hüquq normaları əsasında regionda sülhün təmin edilməsi üçün həmin təşkilatların təsir imkanlarından istifadə etməyə çalışırdı. Bu zaman Ulu Öndərin istinad etdiyi əsas sənədlər BMT-nin 4 qətnaməsi idi. Bununla yanaşı, Heydər Əliyev hər bir beynəlxalq təşkilatın Zirvə görüşünün yekun sənədində Azərbaycanın ərazi bütövlüyünü təsbit edən müddəanın salınmasına xüsusi diqqət yetirirdi. Çünki bu, Dağlıq Qarabağ probleminin istər diplomatik, istər hərbi yolla həllində müvafiq beynəlxalq hüquqi bazanın formalaşması üçün mühüm əhəmiyyət kəsb edirdi. Heydər Əliyev çevik və dəqiq diplomatik addımları ilə Azərbaycanın dünya birliyi tərəfindən müdafiə olunmasına nail oldu.
Heydər Əliyev Ermənistanın Azərbaycana təcavüzünün birbaşa nəticəsi olan problemlərin həllinə xüsusi həssaslıqla yanaşırdı. Qaçqın və məcburi köçkünlərin mənzil və sosial problemlərinin həlli, Ermənistanla aparılan müharibədə şəhid ailələrinin, əlil olmuş vətəndaşlarımızın yüksək qayğı ilə əhatə olunması Ulu Öndərin xüsusi diqqət yetirdiyi sosial məsələlər idi. Heydər Əliyevin bu problemi ölkənin bir nömrəli problemi adlandırması təsadüfi deyildi. Məcburi köçkünlərin olduqca ağır vəziyyətdə yaşadıqları çadır düşərgələrinin ləğvi ideyası da Ümummilli Liderə məxsus idi.
Ulu Öndər Azərbaycanın inkişafında qazandığı uğur və nailiyyətlərin davamlı olmasını təmin etmək üçün böyük fədakarlıq göstərib. Bunun ən bariz nümunələrindən biri də Ulu Öndərin özündən sonra ölkəmizə layiqincə rəhbərlik edərək qazanılan uğurların davamlılığını təmin edəcək, xalqın alternativsiz liderinə çevriləcək davamçı-varis yetişdirməsindədir. Ümummilli Lider Azərbaycan xalqına son müraciətində İlham Əliyevi özünün siyasi varisi olduğunu bəyan edərək demişdir: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Ömrün vəfa etmədiyi Ümummilli Liderin axıra çatdıra bilmədiyi işlərin biri və birincisi isə torpaqlarımızı düşmən tapdağından azad etmək, məcburi köçkünlərin öz doğma yurd-yuvasına qayıtmasını təmin etmək olmuşdur. Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli ötən 17 ildə daim Prezident İlham Əliyevin diqqət mərkəzində olub. Xüsusilə qeyd etməliyik ki, cənab İlham Əliyev məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması işini sistemləşdirdi, mərhələlərlə ən ağır şəraitdə yaşayan məcburi köçkünləri yeni evlərlə təmin etdi. Hələ 2003-cü il oktyabrın 1-də Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə görüş zamanı "Ölkədə bir dənə də çadır düşərgəsi qalmayacaq” deyə bəyan edən bu vədini vaxtından bir il əvvəl - 2007-ci ildə tam yerinə yetirdi. İndiyədək ölkəmizin müxtəlif ərazilərində qaçqın və məcburi köçkünlər üçün bütün sosial-texniki infrastrukturu ilə birlikdə 100-dən artıq qəsəbə və şəhərcik salınmışdır.

Şəhid ailələri və müharibə əlillərinin mənzillə təmin edilmə proqramı da ildən-ilə gücləndirilir. Bu həssas sosial məsələlərlə bağlı Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr respublika ictimaiyyəti tərəfindən razılıqla qarşılanır. Birinci vitse-prezident kimi Mehriban xanım Əliyevanın ilk diqqət yetirdiyi məsələ Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin yeni mənzillərə köçürülməsi oldu. Qarabağ döyüşlərində sağlamlığını itirmiş vətəndaşlarımızın sosial müdafiəsi, reabilitasiyası və cəmiyyətə inteqrasiyası məsələləri də Mehriban Əliyevanın xüsusi diqqətindədir. Qısa müddətdə Heydər Əliyev Fondu tərəfindən ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanmış, xəsarət almış əsgərlərimizin sağlamlığının bərpası, əlillərin protezlərinin bionik, yəni hərəkət edən protezlərlə əvəzlənməsi istiqamətində mühüm işlər görülüb və həmin insanların normal həyata inteqrasiyasına böyük töhfələr verilib.
Azərbaycan Birləşmiş Millətlər Təşkilatına və başqa beynəlxalq strukturlara üzvlüyə qəbul ediləndə onların hər biri Dağlıq Qarabağı ölkəmizin ərazisi kimi tanıyıb. Bütün dünya dövlətlərinin yaxşı bildiyi BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi isə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyini konkret formada sübut edən beynəlxalq hüquqi sənədlərdir. Bu sənədlərin qəbul edilməsinin lehinə səs verənlər həm də danışıqlar prosesində ATƏT-in Minsk qrupuna həmsdərlik edən dövlətlərdir. Lakin onlar heç bir zaman BMT qətnamələrinin yerinə yetirilməsini işğalçıdan tələb etmədilər. Qeyd edim ki, müasir tariximizdə bir sıra ölkələrə qarşı beynəlxalq sanksiyalardan və hətta güc amilindən istifadəyə dair çoxsaylı hadisələr var.

Buna baxmayaraq, Azərbaycan dövləti öz haqq işi uğrunda mübarizəsini davam etdirdi. Bu mübarizənin əsas xətlərindən biri diplomatik sferada Ermənistanın sıxışdırılması idi ki, Prezident İlham Əliyev müdrik siyasətçi kimi buna yüksək peşəkarlıqla nail oldu. Ermənistanın baş nazirinin ötən il Xankəndidə sərsəmləməsindən sonra Prezident İlham Əliyevin Soçidə keçirilən "Valday” Beynəlxalq Diskussiya Klubunun sessiyasında "Qarabağ Azərbaycandır və nida” cavabı Ermənistana vurulan güclü siyasi-diplomatik zərbə kimi tarixə düşdü.
Ermənistana qarşı hücumçu diplomatiya ilə yanaşı, müasir, yeni döyüş texnologiyaları ilə zəngin ordu quruculuğu ötən 17 ildə Prezident İlham Əliyevin fəaliyyətinin ardıcıl, sistemli prioritet istiqamətini təşkil edib. Bunun nəticəsidir ki, bu gün Azərbaycan Ordusunun döyüş imkanları dünyanın ən güclü orduları ilə bir sırada dayanır.

Möhtərəm Prezident İlham Əliyev torpaqlarımızın güc yolu ilə azad edilməsinin mümkünlüyünü həmişə bəyan edib. Hər bir qələbəni, hər bir uğuru tarix və şərait yetişdirir. Bu qələbənin müəllifi isə düzgün və düşünülmüş qərarlar qəbul edən lider olur. Fəxarət hissi ilə qeyd etməliyik ki, İlham Əliyev elə bir uğurlu siyasət irəli sürdü ki, ordumuz öz missiyasını layiqincə həyata keçirdi. Torpaqlarımızı azad etmək istəməyən Ermənistan güc yolu ilə ərazilərimizdən qovuldu, darmadağın edildi. Bir sıra strateji vacib yüksəkliklər, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, Suqovuşan, Xocalı və Xocavəndin kəndləri və milli mədəniyyətimizin məbədlərindən olan Şuşa döyş yolu ilə düşməndən azad edildi.
İlham Əliyevin 44 gün davam edən müharibə günlərində beynəlxalq təzyiqləri diplomatik peşəkarlıqla dəf etməsi, 30-a yaxın beynəlxalq KİV-ə verdiyi müsahibələrdə dünya erməniliyinə vurduğu zərbələr də bu qələbəni şərtləndirən amillərdir. Möhtərəm Prezidentimizin həmin günlərdə xalqa müraciətləri hamının sevə-sevə dinlədiyi el ifadələri, şirin milli terminologiyalarla zəngin nitqlər idi. Prezidentə məhəbbət, ona sıx bağlılıq Vətən müharibəsi dövründə özünü daha bariz şəkildə göstərirdi. Bunun nəticəsi olaraq Ermənistan İlham Əliyevin şərtləri əsasında kapitulyasiya aktına qol çəkdi və artıq üçtərəfli razılaşmaya əsasən Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycan Ordusunun nəzarətinə keçdi.
Artıq ərazi bütövlüyünü təmin edən Azərbaycan vətəndaşları öz torpaqlarına geri dönür. Bu dönüş möhtəşəm olacaq və işğaldan azad edilmiş ərazilərimiz ən qısa vaxtda öz inkişafları ilə yeni nümunələr yaradacaqlar.
Dekabrın 3-də Prezident İlham Əliyevin sərəncamı ilə iki tarixi gün 27 sentyabr Anım, 8 noyabr isə Zəfər günü kimi elan edildi. Eynən həmin təqvim günləri kimi Azadlıq meydanında hərbi paradın keçirildiyi 10 dekabr da Xalq-Prezident birliyinin, milli qələbəmizin simvolu kimi tarixə düşəcək və ömürlük yaddaşlarda yaşayacaqdır.

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 8-də Şuşanın azad olunması xəbərini verdiyi gün xalqa müraciətində demişdir: “Əziz bacılar və qardaşlar, bu gün bu müjdəni mən burada - Şəhidlər xiyabanında doğma xalqıma verirəm. Bu, təsadüfi deyil. Bu, təbiidir. Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm... Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”. Bununla da sübuta yetdi ki, Ulu Öndərimizin layiqli davamçısı Prezident İlham Əliyev həm ata vəsiyyətini yerinə yetirən övlad, həm də onun memarı olduğu dövlətin rəhbəri, qurduğu qüdrətli ordunun Ali Baş Komandanı kimi Heydər Əliyev ucalığının parlaq təcəssümüdür.
Ulu Öndər Heydər Əliyevin həyat amalı, zaman və məkan anlayışına sığmayan siyasi fəaliyyətinin əsas məqsədi azad və müstəqil bir dövlət qurmaq idi. Tarixə müasir Azərbaycanın memarı olaraq düşən Ümummilli Lider Heydər Əliyev hər zaman Azərbaycanı özünə güvənən qüdrətli bir ölkəyə çevirmək istəyirdi. Bu yolda qəti addımlar atır, əməli işlər görür, özünün iqtisadi inkişaf yolunda olan Azərbaycanın etibarlı, sağlam gələcəyini qururdu. 2003-cü ildən bəri müstəqil dövlətimizin qurucusu və xalqımızın xilaskarı, dahi şəxsiyyət Heydər Əliyev cismən yanımızda olmasa da, onun ideyaları və böyük dühası əbədiyaşardır. Əminik ki, bu gün daim azərbaycanlı olması ilə fəxr edən Heydər Əliyevin ruhu şaddır-- xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini davam etdirən, yarımçıq qalmış arzuları ilə bağlı vəsiyyətlərini gerçəkləşdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bərpa edilmiş, 30 ildən bəri düşmən əsarətində olan Qarabağ əbədi azadlığına qovuşmuşdir. Heydər Əliyevin böyük siyasəti qalib gəlməklə onun ölməzliyini bir daha təsdiqləmişdir. Bütün bunlara görə qədirbilən xalqımız ümummilli lider Heydər Əliyevin əziz xatirəsini daim yüksək tutur, onun müqəddəs ruhu qarşısında baş əyir və uca Yaradandan unudulmaz öndərinə qəni-qəni rəhmət diləyir!

Səttar Möhbalıyev,

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili

ПОЛЕЗНЫЕ ССЫЛКИ