Vətəndaş cəmiyyəti sistemində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının inkişaf konsepsiyası
24 Feb 2010
Azərbaycanın iqtisadi, sosial və siyasi cəhətdən inkişafı milli həmkarlar ittifaqları mərkəzi olan – Həmkarlar İttifaqları Konfederasiyasından və onun üzv təşkilatlarından əmək münasibətləri və sosial sahədə fəaliyyətlərinə yenidən baxılmasını tələb edir, işçilərin sosial-iqtisadi hüquq və maraqlarının müdafiəsi üçün qarşıya yeni vəzifələr qoyur.
Hələlik həmkarlar ittifaqları işəgötürənlər tərəfindən əmək qanunvericiliyinə və özlərinin hüquq və azadlıqlarının pozulması hallarının qarşısının alınmasına təsirli müqavimət göstərə bilmir. Xarici, birgə və özəl müəssisələrdə əməkhaqlarının artırılması və düzgün bölüşdürülməsində ortaya çıxan haqsızlıqların aradan qaldırılmasında, işsizliyin azaldılmasında həmkarlar ittifaqlarının təsiri zəif hiss olunur. Təhlükəsizliyin və əməyin mühafizəsinin vəziyyətinə ictimai nəzarətin həyata keçirilməsində həmkarlar ittifaqları qanunvericiliklə onlara verilən hüquqdan kifayyət qədər effektiv istifadə edə bilmirlər.
Ölkədə fəaliyyət göstərən muzdlu işçilərin əksəriyyəti həmkarlar ittifaqlarında birləşməmişdir. Həmkalar ittifaqlarının fəaliyyətinin əlaqələndirilməsinin gücləndirilməsi, bəzi həmkarlar ittifaqlarının strukturunun, kadr və maliyyə işlərinin təkmilləşdirilməsinin zəruriyyəti yaranmışdır. Həmkarlar İtttifaqları Konfederasiyasının III qurultayı həmkarlar ittifaqlarının 2013-cü ilə qədər fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirmişdir. Respublikada vətəndaş cəmiyyətinin formalaşmasında, demokratik islahatların həyata keçirilməsində xüsusi rol oynamaq Konfederasiyanın və orada birləşən sahə həmkarlar ittifaqlarının üzərinə düşür. Həmkarlar İttifaqları Konfederasiyasının inkişaf Konsepsiyası III qurultayın Proqram sənədlərini əhəmiyyətli dərəcədə tamamlayır, həmkarlar ittifaqlarının vətəndaş cəmiyyətinin inkişafında yaxından iştirakına təminat yaradır.
Həmkarlar ittifaqlarının potensialından daha effektiv istifadəsi və onun möhkəmləndirilməsi müasir şəraitdə həmkarlar ittifaqları üzvlərinin əmək və sosial-iqtisadi hüquq və maraqlarının müdafiəsi, fəaliyyətlərinin strategiya və taktikasının müasirləşdirilməsi Konsepsiyanın əsas məqsədlərindəndir.
II. Həmkarlar ittifaqları orqanlarının hökumət və işəgötürənlərlə münasibətləri, üzvlərinin konstitusiya ilə tənzimlənən sosial-iqtisadi hüquqlarının müdafiəsi.
Həmkarlar ittifaqları hökümət orqanları və işəgötürənlərlə münasibətlərdə kollektiv danışıqlar prosesinin daha da inkişaf etdirilməsinə, iqtisadiyyatın və sosial infrastrukturun stimullaşdırılması üzrə dövlət siyasətinin hazırlanması və həyata keçirilməsində real iştirak etməyə çalışmalıdırlar.
Həmkarlar İttifaqları Konfederasiyası və üzv təşkilatları Respublika parlamenti ilə, bələdiyyələrlə qarşılıqlı münasibətlərini və əməkdaşlığını inkişaf etdirməlidirlər. Sosial partnyorluğun bütün mərhələlərində hüquq bərabərliyinin, tərəflərin maraqlara qarşılıqlı hörmətinin və məsuliyyətinin artırılmasının əldə edilməsi vacibdir. Hökümət orqanları tərəfindən həmkarlar ittifaqları ilə əvvəlcədən məsləhətləşmədən birtərəfli qaydada vacib sosial-iqtisadi məsələlərlə əlaqədar qərarlar qəbul etməsi narahat edici hal kimi hesab edilməlidir.
Həmkarlar ittifaqları əmək qanunvericiliyi tələblərinin və əməyin mühafizəsi normalarının işəgötürənlər tərəfindən pozulması hallarının qarşısının alınması işini gücləndirməlidirlər.
İşçinin qanunsuz işdən çıxarılması, əmək münasibətlərinin sənədləşdirilməsi və əməkhaqlarının ödənilməsinin gecikdirilməsi, istehsalat zədələnməsi və işçinin əmək qabiliyyətini itirməsinə görə ödəncin verilməməsi, işçinin məcburi müddətli əmək müqaviləsinə cəlb edilməsi kimi hər bir pozuntu halları həmkarlar ittifaqlarının qətiyyətli münasibətindən kənarda qalmamalıdır.
Əmək haqlarının ödənilməsi sahəsində həmkarlar ittifaqlarının siyasəti əmək haqlarının artırılmasının əmək məhsuldarlığının artması ilə əlaqələndirilməsinə, sahə və regional sahədə əmək haqlarının ödənilməsində yaranmış bərabərsizliyin aradan qaldırılmasına, «qeydiyyatsız» əmək haqlarının verilməsi hallarının təmamilə qarşısının alınmasına istiqamətləndirilməlidir.
Həmkarlar İttifaqları üçün layiqli əməkhaqqı uğrunda daha fəal çıxış etməyə, minimum əməkhaqqının istehlak büdcəsi səviyyəsində təyin edilməsinə, hökümətin qiymət və antiinfilyasiya siyasətinin hazırlanması və həyata keçirilməsinə nail olmaq vacibdir.
Həmkarlar ittifaqı üzvlərinə pulsuz hüquqi məsləhətlərin verilməsi sahəsinin genişləndirilməsi, uzun müddət həmkarlar ittifaqlarında işləmiş kadr və fəalların sosial problemlərinin həllinə köməklik göstərilməsi, seçkili həmkarlar ittifaqı işçilərinin və həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətinin etibarlı hüquqi müdafiəsinin təmin edilməsi kənd təsərrüfatında qadınlar və gənclər arasında işsizlik və yoxsulluğa, qeyri-qanuni əmək miqrasiyasına, işçi qüvvəsinin işəgötürənlər tərəfindən qeyri-leqal istismarına qarşı mübarizə həmkarlar ittifaqı orqanlarının vəzifələrindən biridir və bu istiqamətdə aparılan təşkilati işlər üzv təşkilatları tərəfindən bir daha gücləndirilməlidir.
Bu məqsədlə qadınların, gənclərin hüquqlarının müdafiəsi ilə bağlı digər qeyri-hökümət təşkilatlar ilə konstruktiv əlaqələr yaradılmalıdır.
III. Həmkarlar İttifaqlarının fəaliyyətinin müasirləşdirilməsi.
1. Həmkarlar ittifaqı düşüncəsinin formalaşması.
Demokratik vətəndaş cəmiyyətinin formalaşdığı bir dövrdə həmkarlar ittifaqları müzdlu işçilərin sosial-iqtisadi maraqlarını təmsil edən könüllü, müstəqil təşkilat olmalıdır.
Azərbaycan Respublikasının Həmkarlar İttifaqları və ictimai birliklər haqqında qüvvədə olan qanunlarına reallığa uyğun olaraq mütəmadi əlavə və dəyişikliklərin edilməsi zəruridir.
İşçilərin həmkarlar ittifaqına hörmət və inamını artırmaq üçün həmkarlar ittifaqları özlərinin müstəqil fəaliyyət göstərmək hüquqlarını müdafiə etməyi bacarmalı, işəgötürənlərin idarəetmə aparatlarından asılı olmamalıdırlar.
Həmkarlar ittifaqı üzvlərində vətəndaşlıq hissi, şəxsi qürur, peşəkarlıq, işəgötürən qarşısında qanuni hüquq və maraqlarını müdafiə etmək bacarığının formalaşdırılması vacibdir.
Kollektiv aksiyaların keçirilməsi zamanı kütləvilik və qarşılıqlı etimad məsələlərinə diqqət yetirilməlidir.
Həmkarlar ittifaqı təşkilatlarına yeni üzvlərin, xüsusilə gənclərin, qadınların cəlb edilməsi, həmkarlar ittifaqı orqanlarında sıravi həmkarlar ittifaqı üzvlərinin geniş təmsil edilməsi, həmkarlar ittifaqı iclaslarının rolunun gücləndirilməsi, həmkarlar ittifaqı orqanlarının qərarlarının, kollektiv müqavilələrin hazırlanıb həyata keçirilməsi prosesinə həmkarlar ittifaqı fəallarının geniş cəlb edilməsi işi üzrə hər bir həmkarlar ittifaqı tərəfindən perspektiv tədbirlər planları hazırlanmalıdır.
İttifaqdaxili təşkilatlanmanın gücləndirilməsi, həmkarlar ittifaqı kadrlarının intizamının və məsuliyyətinin artırılması, nizamnamələrinə müvafiq qəbul edilmiş hər bir yuxarı orqanların qərarlarının aşağı vəsilələri tərəfindən mütləq yerinə yetirilməsi məqsədilə həmkarlar ittifaqları nizamnamələrinin və ilk həmkarlar ittifaqı təşkilatları haqqında əsasnamələrin yenidən işlənməsi tələb olunur.
2. Təşkilati işlərin təkmilləşdirilməsi.
Təşkilati işlərdə demokratik prinsiplərin genişləndirilməsi və birgə hərəkətlərin təmin edilməsi məqsədilə sahə həmkarlar ittifaqları arasında şaquli əlaqələrin möhkəmləndirilməsi üzrə tədbirlərin həyata keçirilməsi tələb olunur.
Həmkarlar İttifaqları Konfederasiyası və üzv təşkilatları arasında qarşılıqlı əməkdaşlığın və etimadın gücləndirilməsinə nail olmaq vacibdir. İqtisadi və sosail vəziyyəti, bu sahədə ölkədə gedən islahatları nəzərə alaraq, həmkarlar ittifaqları qüvvələrini özlərinin fəaliyyətlərinin əsas istiqamətləri üzərində mərkəzləşdirərək-ərazi və sahə səviyyəsində həmkarlar ittifaqı təşkilatlarının parçalanmasının qarşısını almalıdırlar. Müəssisə və idarələrdə həmkarlar ittifaqı təşkilatlarının «fəaliyyətlərini əvəzləmək arzusunda olan» qurumların yaradılmasına meyilliliyin qarşısı alınmalıdır. Həmkarlar ittifaqları özlərinin təşkilati modelinin yenidən qurulmasına struktur quruluşunun genişləndirilməsi və təkmilləşdirilməsi, könüllülük əsasında maliyyə cəhətdən mərkəzləşdirilmiş həmkarlar ittifaqı birliklərinin yaradılması yolu ilə nail olmalıdırlar.
Milli kampaniyalarda, holdinqlərdə, maliyyə sənaye qruplarında Respublikada fəaliyyət göstərən transmilli korporasiyaların filiallarında yaradılmış həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətini sahə həmkarlar ittifaqlarının mərkəzi orqanları əlaqələndirməlidirlər.
Həmkarlar ittifaqı birliyi uğrunda gedən proseslərə Həmkarlar İttifaqları Konfederasiyası yardımçı olmalıdır.
Respublika və ərazi həmkarlar ittifaqı birliklərinin seçkili orqanlarının tərkibi ora daxil olan təşkilatların sayının və üzvlük haqlarının ödənişində dolğunluluğun obyektiv vəziyyətinə uyğun olmalıdır.
Əməli işdə təkrarçılığa yol verməmək, təşkilatların fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə üzv təşkilatların səlahiyyətləri vaxtaşırı öyrənilməli və onlara tövsiyələr verilməlidir.
3. Həmkarlar ittifaqları fəaliyyətinin kadr təminatı, həmkarlar ittifaqları fəallarının təhsilinin təkmilləşdirilməsi.
Həmkarlar İttifaqları Konfederasiyasının və üzv təşkilatlarının kadr siyasəti müasir həmkarlar ittifaqı liderlərinin yetişdirilməsi, gənc mütəxəssislərin həmkarlar ittifaqı işinə cəlb edilməsi, kadr ehtiyatlarının yaradılması, həmkarlar ittifaqlarının seçkili orqanlarının rəhbərlərinin vaxtaşırı yeniləşməsi məsələlərini əhatə etməlidir.
Həmkarlar İttifaqlarında həmkarlar ittifaqı işçilərinin sosial müdafiəsi, həmkarlar ittifaqı kadrlarının mənəvi və maddi həvəsləndirmə sisteminin işlənməsi və həyata keçirilməsi vacibdir.
Həmkarlar ittifaqı işçilərinin təhsili, ixtisaslarının artırılması daimi və çoxmərhələli olmalıdır. Yeni seçilən həmkarlar ittifaqı rəhbərlərinin təhsili və təkmilləşdirilməsi mütləq təşkil edilməli, həmkarlar ittifaqı hərəkatı məsələləri üzrə mühazirəçilərin hazırlanması nəzərdə tutulmalıdır.
Həmkarlar ittifaqı işçilərinin təhsilinin maliyyələşdirilməsinin artırılmasına nail olunmalıdır.
4. Məlumat işinin təkmilləşdirilməsi.
Həmkarlar İttifaqları Konfederasiyasında vahid informasiya sisteminin formalaşması sahəsində iş apararaq, işçilərin hüquq və maraqlarının müdafiəçisi olan həmkarlar ittifaqları fəaliyyətinin müxtəlif istiqamətlərinə aid analitik və məlumat xarakterli sənədlərin toplanması, işlənməsi və ictimaiyyətə çatdırılması tələb olunur. Bu məqsədlə həmkarlar ittifaqlarının strukturlarının müasir rəqəmli və şəbəkə texnologiyaları, kompyuter texnikası ilə təmin olunması həmkarlar ittifaqı konfederasiyası və üzv təşkilatların başlıca vəzifəsi olmalıdır.
Üzv təşkilatlarda və onların xidmətlərində olan həmkarlar ittifaqlarında elektron poçtların açılması zəruridir və onun imkanlarından geniş istifadə edilməlidir.
Həmkarlar İttifaqları Konfederasiyasının və üzv təşkilatlarının məlumat-təbliğat işinin yaxşılaşdırılması, həmkarlar ittifaqı fəaliyyəti barədə məlumatların ictimaiyyətə geniş və operativ çatdırılması məqsədilə dövlət və özəl kütləvi informasiya vasitələrinin imkanlarından müqavilə yolu ilə istifadə olunmalıdır.
5. Həmkarlar İttifaqları Konfederasiyası və üzv təşkilatların fəaliyyətinin maliyyələşdirilməsi.
Həmkarlar ittifaqı Konfederasiyası və üzv təşkilatların maliyyələşdirilməsi, həmkarlar ittifaqları vəsaitlərinin mərkəzləşdirilməsi, məqsədyönlü və şəffaf xərclənməsi işini gücləndirmək vacibdir.
Həmkarlar ittifaqları Konfederasiyasında üzvlük haqlarından ayırmaların bölüşdürülməsi ilə bağlı olan mövcud prinsiplər davam etdirilməlidir.
Maliyyə işinin təkmilləşməsi üçün həmkarlar ittifaqları sistemində nəzarət təftiş komissiyaların rolu və əhəmiyyəti artırılmalıdır.
Həmkarlar ittifaqları nizamnaməsindən irəli gələn məsələlərin, sosial proqram və layihələrin həlli üçün işəgötürənlərin vəsaitlərinin cəlb edilməsinə nail olmaq; qanunla icazə verilən istehsalat və təsərrüfat fəaliyyətini həyata keçirmək zəruridir.
6. Beynəlxalq həmkarlar ittifaqları hərəkatına inteqrasiya.
İşçilərin sosial-iqtisadi müdafiəsində təcrübədən keçmiş xarici modellərin istifadəsi məqsədilə Həmkarlar İttifaqları Konfederasiyasının beynəlxalq fəaliyyəti, ilk növbədə, dünya həmkarlar ittifaqı hərəkatında baş verən yeniliklərin öyrənilməsinə yönəldilməlidir.
Həmkarlar İttifaqları Konfederasiyasının beynəlxalq həmkarlar ittifaqları hərəkatına surətli inteqrasiyası, xarici ölkələrin milli həmkarlar ittifaqları mərkəzləri ilə əlaqələrin möhkəmləndirilməsi və inkişafı məqsədilə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası, Ümumi Həmkarlar İttifaqları Konfederasiyası, Beynəlxalq Əmək Təşkilatı ilə ikitərəfli müqavilələr əsasında həyata keçiriləcəkdir.
Qlobal həmkarlar ittifaqları federasiyaları (internasionallarla), MDB ölkələrinin beynəlxalq həmkarlar ittifaqları təşkilatları ilə sahə həmkarlar ittifaqlarının münasibətlərinin möhkəmləndirilməsi və inkişafı üçün sahə həmkarlar ittifaqları gələcəkdə də bu işi davam etdirməlidirlər.
IV. Yekun
İşçilərin sosial müdafiəsini yalnız güclü həmkarlar ittifaqları təmin edə bilər.
Demokratik vətəndaş cəmiyyətində həmkarlar ittifaqlarının özünü təsdiqləməsi, həmkarlar ittifaqı hərəkatının gələcək inkişafı və islahatların həyata keçirilməsi kimi məsələlərinin həllində çoxsaylı sosial qrup olan, işçilərin maraqlarını qoruyan və əks etdirən ən böyük həmkarlar ittifaqı birliyi – Həmkarlar İttifaqları Konfederasiyası xüsusi məsuliyyət daşıyır.
Konsepsiyanın gerçəkləşdirilməsi həmkarlar ittifaqlarının təşkilatlanmasına və həmrəyliyinə, həmkarlar ittifaqı üzvlərinin, bütün işçilərin sosial-iqtisadi, əmək hüquq və maraqlarının müdafiəsinə xidmət edəcəkdir.