Yeni parlament dövlət quruculuğu prosesində yeni vəzifələr müəyyənləşdirir
17 Mar 2020
VI çağırış Milli Məclisin ilk iclasında Prezident İlham Əliyevin etdiyi çıxış Azərbaycanda, region ölkələrində və bütövlükdə dünyada gedən siyasi, iqtisadi və mənəvi proseslərə verdiyi qiymət baxımından tarixi xarakter daşıyırdı. Bu çıxışla cənab Prezident dövlətimizin yaxın və uzaq gələcəkdə Fəaliyyət Proqramının konturlarını ortaya qoydu.
Cənab Prezident beşinci çağırış Milli Məclisin ölkəmizin
uğurlu inkişafı istiqamətində rolunu qiymətləndirməklə yanaşı, parlamentə növbədənkənar
seçkilərin aparılan islahatları dərinləşdirmək ehtiyacından irəli gəldiyini
söylədi. O, islahatların cəmiyyətimizdə yaratdığı demokratiya ab-havasının bir
daha seçki prosesində də özünü göstərdiyini diqqətə çatdırdı. Buna əyani sübut
kimi, əhalinin seçkilərə heç vaxt olmadığı qədər marağını, 1300 nəfərin namizədliyini
irəli sürməsini göstərdi: "Bütün namizədlər üçün bərabər şərait
yaradılmışdı, ayrı-seçkiliyə yol verilməmişdi”.
Dövlət başçısı ədalət naminə onu da vurğuladı ki, bütün
dünyada seçkilər tam ideal keçirilmişdi. Ən demokratik ölkələrdə belə qüsurlar
labüddür. Əsas odur ki, məsul orqanlar seçki prosesinə nəzarət edir, xalqın
verdiyi namizədlərin hüquqlarının qorunması naminə operativ tədbirlər görür.
Ölkəmizdə 4 seçki dairəsinin, onlarla məntəqənin nəticələrinin ləğv edilməsi
buna nümunədir. Seçkilərin nəticələrinə uyğun Azərbaycanda çoxpartiyalı
parlamentin formalaşması da demokratiyanın inkişafında irəliyə doğru mühüm
addım oldu.
Hörmətli Prezident parlamentin yeni heyətinə taleyüklü
tövsiyələr verdi. Onları qanunvericilik bazası hazırlayarkən kəmiyyət ardınca
qaçmamağa, keyfiyyət məsələsini ön planda tutmağa səslədi: "Biz bir çox
gözəl qanunlar qəbul edirik, eyni zamanda Prezident tərəfindən bir çox önəmli sərəncamlar
imzalanır, ancaq onların icrasına nəzarət lazımi səviyyədə deyil”. Cənab İlham
Əliyev bu iradı ilə deputatları ölkədə gedən proseslərdə fəal iştirak etməyə,
seçildiyi dairələrin əhalisinin problemlərini öyrənməyə, icra orqanları
qarşısında qaldırmağa səslədi.
Bu belə olarsa, deputatlar həm də bəzi yerli icra
hakimiyyətlərinin, Prezidentin təbiri ilə desək, özünü "xan, bəy” qismində
görən bir çox başçıların özbaşınalıqlarına meydan qalmaz.
Dövlət başçısı xalqımızı narahat edən qlobal problemlərə
də toxundu. "İndi koronavirusla bağlı dünyada gedən ajiotaj istər-istəməz
bizə də təsir edir. Ancaq hesab edirəm ki, biz bütün səyləri ortaya qoyub bu vəziyyətdən
də şərəflə çıxacağıq”, - dedi. Təbii ki, ölkə rəhbərinin bu inamının arxasında
ötən qlobal böhran illərinin təcrübəsi və iqtisadiyyatımızın gücü, hələ xeyli müddət
əvvəl işlənib hazırlanmış qabaqlayıcı tədbirlərin mükəmməlliyi durur. Məlumdur
ki, koronavirus kütləvi hal almağa başlayandan dünya iqtisadiyyatında, o cümlədən
neft bazarında geriləmə olacağı proqnozlaşdırılırdı. Azərbaycan bu mənfi təsirlərə
hazır idi. Başqa sözlə, iqtisadiyyatımız kifayət qədər yüksək maliyyə
imunitetinə və təhlükəsizlik yastığına, eləcə də beynəlxalq kreditor imkanına
malikdir. Statistik göstəricilər də iqtisadiyyatımızın dinamik inkişafına
şahidlik edir. İqtisadiyyatımız son 16 ildə heç bir ölkədə müşahidə edilə bilməyəcək
həddə - 3,4 dəfə artıb. Yoxsulluq 50 faizdən 4,8 faizə düşüb. Xarici borc ümumi
daxili məhsulun 17 faizini təşkil edir. Müqayisə üçün deyim ki, bəzi inkişaf
etmiş ölkələrdə xarici borc ümumi daxili məhsulun 100 faizi qədərdir. Cənab
Prezident çıxışında bu məsələni xüsusi vurğuladı: "Önəmli məsələ ondan
ibarətdir ki, valyuta ehtiyatlarımız xarici borcumuzdan altı dəfə çoxdur. Üstəlik,
istəsək xarici borcumuzu bir ay ərzində sıfırlaya bilərik. Xarici borcu ödəmək
üçün gərək bəzi ölkələrin valyuta ehtiyatları indikindən 50 dəfə artıq olsun”.
Maaşların, pensiyaların artımı 10 dəfədən çox olmuşdur.
Ünvanlı sosial yardımla əhatə edilən ailələrin sayının daha da artırılmasına
nail olmaqdan ötrü cənab Prezidentin göstərişi ilə mövcud metodologiyada düzəlişlər
aparılıb. Məcburi köçkünlərə, şəhid ailələrinə keçən il 934 mənzil verilmişdi.
Bu il isə onlar 1500 mənzil alacaqlar. Daha 7 min məcburi köçkün bu il yeni mənzillərə
köçəcək. Cənab Prezident iqtisadi islahatlardan danışarkən bildirdi ki, şəffaflıq
hesabına təkcə keçən il büdcəyə proqnozdan əlavə 1 milyard manatdan çox vəsait
daxil olub. Cari ilin ilk iki ayı ərzində vergi orqanları proqnozdan əlavə 181
milyon manat, gömrük orqanları isə 71 milyon manat çox vəsait yığıblar. Ümumi
daxili məhsul 2,8 faiz, qeyri-neft ümumi daxili məhsul 6,7 faiz artıb.
Qeyri-neft sənayesi istehsalı sahəsində artım 21,7 faizdir.
Bu statistika nədən xəbər verir? Bir qədər əvvəl
vurğuladığım kimi, dünya iqtisadiyyatında böhran get-gedə təhlükəli həddə
yaxınlaşır. Neftin qiyməti aşağı düşür. Buna görə neft istehsalçısı olan ölkələr
təşviş içindədirlər. Azərbaycanda isə əhalinin gəlirləri son iki ayda 9 faiz
artıb. İnflyasiya isə cəmi 2,8 faizdir.
Cənab İlham Əliyevin rəhbərliyi altında yaradılan böyük
iqtisadi mənbə Azərbaycanı sosial dövlətə çevirmişdir. Ötən il Prezidentin təşəbbüsü
ilə reallaşan sosialyönümlü paket 4,2 milyon insanı əhatə etmişdir. Minimum əməkhaqqı,
minimum pensiyalar müntəzəm olaraq qaldırılmışdır.
Mən həm də həmkarlar ittifaqı təşkilatının sədri olaraq,
cənab İlham Əliyevin kölgə iqtisadiyyatının tam aradan qaldırılması barədə
fikirlərindən bir qədər geniş danışmaq istəyirəm. Cənab Prezident haqlı olaraq
bildirir: "Ölkəmizdə şəffaflıqla bağlı gedən proseslər, kölgə iqtisadiyyatına
qarşı olan proseslər bizim iqtisadi imkanlarımızı gücləndirir, vergi bazasını
genişləndirir, kölgə iqtisadiyyatına qarşı çox ciddi zərbə olur. Ona görə də
qanunvericilikdə bütün bu məsələlər, əlbəttə ki, diqqət mərkəzində olmalıdır”.
Cənab İlham Əliyevin iqtisadi, sosial siyasətinin həyata
keçirilməsində səylərini səfərbər edən həmkarlar ittifaqı təşkilatları uzun illərdir
ki, kölgə iqtisadiyyatı ilə mübarizə aparır. Bakıda bu mövzuda beynəlxalq,
respublika miqyaslı konfranslar, seminarlar təşkil edilib. Bu tədbirlərə həmkarlar
ittifaqı liderləri, işəgötürənlərin nümayəndələri dəvət olunur. Biz qeyri-rəsmi
iqtisadiyyata daxil irili-xırdalı müəssisələrdə həmkarlar ittifaqı təşkilatı
yaratmaqla, tərəfdaşlarımızla kollektiv müqavilələr bağlamaqla həmin müəssisələri
leqallaşdırmağa çalışırıq. Düzdür, heç də həmişə bu cəhdlərimiz uğurlu alınmır.
Amma uğurlu alınanları da az deyil. Güman edirəm ki, cənab Prezidentin
tapşırığından sonra Milli Məclis bu sahədə mövcud qanunları təftiş edəcək və
onları təkmilləşdirəcək.
Cənab Prezident ənənəsinə sadiq qalaraq yenə də
xalqımızın gələcəyi olan gənclərə münasibətini açıqladı. İftixar hissi ilə
bildirdi ki, gənclərimiz vətənə, milli köklərə bağlıdırlar, vətənpərvərdirlər.
Onlarda bu hissləri daha da möhkəmləndirmək üçün mənəvi və fiziki hazırlıqları
diqqətdə saxlamalı, əlavə tədbirlər düşünülüb həyata keçirilməlidir.
Yeri gəlmişkən qeyd edim ki, Milli Məclisə və müvafiq
qurumlara verilən bu tapşırıq həm də həmkarlar ittifaqının birbaşa funksiyasına
daxildir. Çünki ittifaqımızın üzvlərinin böyük hissəsi gənclərdir. Biz hörmətli
Prezidentin gənclərlə bağlı imzaladığı dövlət proqramlarına uyğun olaraq uzun
illərdir ki, iş aparırıq. Həyata keçirdiyimiz tədbirlərdə - festivallarda,
müsabiqələrdə, konfranslarda, spartakiadalarda, intellektual oyunlarda, ölkəmizin
regionlarında təşkil etdiyimiz səfərlərdə gənclər vətənini sevməyi öyrənir,
onun tarixini, bugününü, adət-ənənələrini mənimsəyirlər. Gənclərin elmə, peşələrə
maraqları artır. Nəhayət, indidən ictimaiyyətçi olmaq vərdişlərinə yiyələnirlər.
Cənab Prezidentin Milli Məclisdə gənclərlə bağlı qarşıya qoyduğu vəzifələr bizi
bir daha vətəndaşlarımızın bu təbəqəsi ilə apardığımız işi təftiş etməyə və
daha da təkmilləşdirməyə istiqamətləndirdi.
Vitse-prezidenti olduğum Beynəlxalq Həmkarlar İttifaqları
Konfederasiyası (BHİK) öz sıralarında dünyanın 163 ölkəsindən 200 milyondan çox
həmkarlar ittifaqı üzvünü birləşdirir. BHİK-in xəttilə hər il dünyanın müxtəlif
ölkələrində çoxsaylı beynəlxalq tədbirlərdə iştirak edir və Azərbaycan reallıqlarını
dünyaya çatdırmağa çalışırıq. İndi isə Prezident İlham Əliyev bizim bu istiqamətdə
fəaliyyətimizi konkret ünvana yönəltdi.
Dövlət başçısı Azərbaycan parlamentini beynəlxalq aləmdə
təmsil edən deputatların qarşısında bu gün daha böyük vəzifələrin dayandığını
söylədi. Dedi ki, "Xüsusilə Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı tarixi həqiqətləri çatdırmalıyıq. Tarixi ədalət bizim tərəfimizdədir,
beynəlxalq hüquq da bizim mövqeyimizi dəstəkləyir. Ona görə bizim arqumentlərə
qarşı Ermənistan tərəfi heç bir ciddi arqument qoya bilmir, ancaq yalan,
böhtan, tarixi saxtakarlıq və mifologiya, Bu, əslində, onların xislətidir. Ona
görə bizim deputatlar bütün beynəlxalq təşkilatlarda tarixi həqiqətləri ortaya
qoymalıdırlar”.
Cənab Prezidentin nitqi ilə bağlı bizim qarşımızda yeni vəzifələr
qoyuldu:
- Biz iqtisadi qanunvericiliyin daha da təkmilləşdirilməsi
ilə bağlı fəaliyyətimizi gücləndirməliyik.
- Mövcud qanunların icra vəziyyətini monitorinq etməli və
bu tip qiymətləndirməyə uyğun olaraq qanunvericiliyin təkmilləşdirilməsi ilə
bağlı yeni addımlar atmalıyıq.
Ölkə Prezidenti qəbul edilən qanunların, eləcə də
qanunverici aktların icra vəziyyətinin yaxşılaşdırılmasının vacibliyini xüsusi
vurğuladı və parlamentin bu istiqamətdə fəaliyyətinin gücləndirilməsinin zəruri
olduğunu bildirdi.
Yeni islahatların əsas prioritetlərindən biri də
parlamentlə mərkəzi icra hakimiyyəti orqanları arasında münasibətlərin yeni
müstəviyə qədəm qoyması, eləcə də Milli Məclisin rolunun artırılması, mərkəzi
icra orqanlarının məsuliyyətinin daha da gücləndirilməsidir.
Cənab İlham Əliyevin VI çağırış Milli Məclisin ilk
iclasında tarixi çıxışı bütöv bir proqram sənəddir. Biz onu öyrənməli və
işimizi bu əsasda qurmağı bacarmalıyıq.
Səttar MÖHBALIYEV,
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı
AZƏRBAYCAN qəzeti
17.03.2020-ci il