Yüksəlişin Naxçıvan nümunəsi
19 May 2021
Prezident İlham Əliyevin 15-ci səfəri muxtar respublikanın öz nailiyyətlərini daha da artırmasına təkan verəcək
Minilliklərə söykənən şanlı keçmişə,
güclü dövlətçilik ənənələrinə, milli-mənəvi və mədəni dəyərlərə malik olan Azərbaycan
dövləti bu gün müasir tarixinin şərəfli dövrünü yaşayır.
Cənab Prezident, Ali Baş Komandan İlham
Əliyevin yenilməz qətiyyəti və siyasi müdrikliyi işğal altında olan
torpaqlarımızın azad edilməsi dövlətçilik və müstəqillik tariximizə qızıl hərflərlə
həkk olundu. Bu qələbə xalqımızın həmrəyliyinin, sıx səfərbərliyinin, Azərbaycanda
yaşayan bütün millətlərin həmrəyliyinin təntənəsinə çevrildi. May ayının
12-13-də Qarabağın mirvarisi Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalı da
xalqımızın döyüş meydanında nümayiş etdirdiyi milli birliyin təcəssümü idi...
Naxçıvan igidləri qəhrəmanlıq nümunələri
yaratdılar
Müzəffər Ali Baş Komandan İlham Əliyevin
müdrik rəhbərliyi sayəsində Vətən müharibəsi Azərbaycanın müasir tarixinin ən
parlaq Qələbəsinə çevrildi. Bu savaşda biz bir xalq olaraq birləşdik, igid
övladlarımız torpaqlarımızın azadlığı uğrunda canlarından keçdilər.
Vətən müharibəsi başlayan kimi qədim Azərbaycan
yurdu Naxçıvanın qəhrəman övladları da torpaqlarımızın işğaldan azad olunması
üçün müqəddəs savaşa atıldılar. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlıları
zəfər yolunu Şuşada tamamlayaraq “dəmir yumruğ”un parlaq qələbəsinin təmin
edilməsində müstəsna qəhrəmanlıq göstərdilər. Bu yolda neçə-neçə naxçıvanlı şəhidlik
zirvəsinə ucaldı. Bu, Vətəni sevmək nümunəsi idi. Vətən sevgisi onları
torpaqlarımızın işğaldan qurtulması uğrunda səfərbər etdi.
Cənab Prezident İlham Əliyev mayın 10-da
Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına
müsahibəsində Əlahiddə Ümumqoşun Ordusunun hərbçilərinin Vətən müharibəsində qəhrəmanlıqlarını
yüksək qiymətləndirərək deyib: “İkinci Qarabağ müharibəsində Naxçıvan Ordusunun
hərbçiləri - həm xüsusi təyinatlılar, həm digər birləşmələrin hərbçiləri fəal
iştirak etmişlər və şəhidlər vermişlər, böyük fədakarlıq göstərmişlər.
Bilirsiniz ki, Naxçıvandan Bakıya xüsusi qruplar gətirilmişdi. Eyni zamanda mən
onu da bildirməliyəm, yəni artıq bildirə bilərəm ki, Naxçıvan Ordusunda olan
silahların, sursatların bir hissəsi də Bakıya gətirilmişdir və cəbhə bölgəsinə
göndərilmişdir. İndi biz həmin o silah-sursatların ehtiyatlarını təmin edirik,
ancaq bu da olub. Ona görə Naxçıvan Muxtar Respublikasının həm respublikanın
hüdudlarının müdafiə edilməsində, ümumiyyətlə, ölkəmizin ordu potensialının
güclənməsində çox böyük rolu var və hər zaman Naxçıvan lazımi dərəcədə müdafiə
olunacaqdır”.
Cənab Prezidentin Naxçıvan səfəri zamanı
ilk getdiyi ünvanlardan biri Naxçıvan şəhər qəbiristanlığı oldu. Dövlət
başçısının Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət etməsi
torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş vətən oğullarının xatirəsinə
göstərilən ehtiramın böyük nümunəsi idi.
Naxçıvan şəhərindən ucqar dağ kəndlərinə
qədər uzanan inkişaf yolu
Naxçıvan Muxtar Respublikası həm də
qürur doğuran yüksəlişi ilə diqqəti çəkir. Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi
ilə əldə olunan inkişaf Naxçıvanın da nümunəsində aydın görünür. Muxtar
respublikada qazlaşdırmanın və elektrik enerjisi ilə təchizatın 100 faizə
çatması kimi mühüm göstərici bu yüksəlişi təcəssüm edirən nailiyyətlərdir.
Naxçıvan bu günlərə çatmaq üçün keşməkeşli
yollardan, çətin sınaqlardan keçib. Ermənilərin tarix boyu gözlərini dikdikləri
bu qədim diyarımız hücumlara, əhalisi soyqırımına məruz qalsa da, hər zaman
düşmənin layiqli cavabını verməyi bacarıb. Ötən əsrin 90-cı illərinin əvvəllərində
Ermənistan Naxçıvanı da işğal etməyə cəhd göstərdi. O dövrdə muxtar respublika
birdən-birə çətin sınaq qarşısında qaldı. 1990-cı il yanvarın 19-dan 20-nə
keçən gecə sovet qoşunlarının Bakıya hücumundan bir neçə saat əvvəl sovet qoşun
birləşmələri və erməni silahlı dəstələri burada da qan tökdülər. Daha
sonra erməni quldur dəstələri Kərki kəndini işğal etdilər. Muxtar respublikanın
nəqliyyat-kommunikasiya xətləri ermənilər tərəfindən kəsiləndən, tam iqtisadi
blokadaya alınandan sonra burada iqtisadi böhran daha da dərinləşdi.
Yalnız xalqımızın böyük oğlu Heydər
Əliyevin 1990-cı ilin yayında Moskvadan Bakıya, oradan da Naxçıvana qayıdışı bu
qədim Azərbaycan torpağının xilasının başlanğıcı oldu. Ulu Öndərin qətiyyəti və
zəngin dövlətçilik təcrübəsi sayəsində erməni qəsbkarlarının Naxçıvanı işğal
etmək planları puç oldu, muxtar respublika tarixin ən sərt sınaqlarından üzüağ,
alnıaçıq çıxdı. Məhz Ulu Öndərin böyük səyləri nəticəsində muxtar respublikanın
tarixində yeni dövrün əsası qoyuldu.
Heydər Əliyevin Naxçıvana gəlişi həm də
Azərbaycanın müstəqil dövlətçiliyinin bərpası istiqamətində qəti addımların
atılmasına gətirib çıxardı. Çünki ilk dəfə olaraq məhz Ulu Öndərin qətiyyəti və
prinsipiallığı sayəsində müstəqil respublikamızın üçrəngli bayrağının Naxçıvan
Muxtar Respublikasının rəsmi dövlət bayrağı kimi qəbul edilməsi, 31 dekabr
tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi rəsmiləşdirilməsi,
sovet ordusunun Naxçıvandan çıxarılması bu qədim diyarın müstəqilliyimizə
və dövlətçiliyimizə layiqli və tarixi töhfələridir. 1992-ci ildə çətin şəraitdə
Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması da Azərbaycanın gələcək
taleyində xüsusi yeri olan ümumrespublika səviyyəli siyasi hadisə idi.
Azərbaycanı xilas missiyasına Heydər
Əliyev Naxçıvandan başlamışdı. 1993-cü ildə xalqımızın təkidli istəyi ilə
siyasi hakimiyyətə gələn Ulu Öndərin Naxçıvandan başlatdığı xilaskarlıq
missiyası Azərbaycanın dövlət müstəqilliyini əbədi etdi.
Ulu Öndərin müstəqil Azərbaycana rəhbərlik
etdiyi 10 il ərzində Naxçıvan davamlı inkişaf və əmin-amanlıq yolu ilə inamla
addımladı, problemləri tədricən aradan qaldırıldı. Muxtar respublikanın
inkişafının 2003-cü ildən sonrakı dövrü isə Ulu Öndər Heydər Əliyevin quruculuq
xəttinin yaradıcı gücünün əyani ifadəsidir. Bu dövrdə Prezident İlham Əliyevin
xüsusi diqqət və qayğısı nəticəsində Azərbaycanın bütün bölgələri kimi Naxçıvan
da dinamik inkişaf yolu keçib. Regionlarının sosial-iqtisadi inkişafı üzrə dövlət
proqramlarının yüksək səviyyədə icrası paytaxt Naxçıvan şəhərindən başlanmış,
muxtar respublikanın ucqar dağ kəndlərinə qədər dinamik inkişafa yol açıb.
Prezident İlham Əliyevin may ayının
10-da Naxçıvana növbəti səfəri respublikamızın bu bölgəsinin yüksəlişinin
dinamik, davamlı və nümunəvi olmasından xəbər verdi.
Tarixi və rəmzi məna kəsb edən səfər...
Bu, Prezident İlham Əliyevin dövlət
başçısı kimi Naxçıvana sayca 15-ci səfəri idi. İlk səfər 17 il əvvəl, 2004-cü
ilin may ayında olmuşdu. Bu müddətdə Prezidentin hər səfəri Naxçıvanın yüksəlişindən
xəbər verməklə yanaşı, həm də bu bölgənin inkişafında yeni mərhələnin əsasını
qoyub.
15-ci səfərin isə həm də rəmzi mənası
vardı. Çünki bu səfər Ulu Öndər, müasir Azərbaycan dövlətinin banisi Heydər
Əliyevin anadan olduğu günə təsadüf etmişdi. Eyni zamanda bu, Prezident İlham
Əliyevin Vətən müharibəsindəki Qələbədən sonra Naxçıvan Muxtar Respublikasına
ilk səfəri idi. “Tarixi Zəfərdən sonra bu, atamın birinci doğum günüdür. Ona
görə mən hesab etdim ki, ənənəvi olaraq onun məzarını ziyarət edəndən sonra
onun Vətəninə - Naxçıvana gəlim. Hesab edirəm ki, bu səfərin çox böyük rəmzi mənası
var. Qeyd etdiyim kimi, mən 15-ci dəfədir ki, Naxçıvana gəlirəm. Amma ilk dəfə
mayın 10-da Naxçıvandayam. Bu doğum günündə mütləq burada olmalıydım” deyə
Prezident İlham Əliyev bu barədə deyib.
Bəli, bu səfər kəsb etdiyi böyük rəmzi mənasına
uyğun olaraq Naxçıvanın sosial-iqtisadi inkişafına xidmət edən müəssisələrin
istifadəyə verilməsi, mühüm infrastruktur layihələrin başa çatdırılması ilə əlamətdar
oldu.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin
Naxçıvan filialının və Süni Mayalanma Mərkəzinin açılışı muxtar respublikanın
iqtisadi inkişafında, vətəndaşların məşğulluğunun təmin edilməsində mühüm rol
oynayır. Naxçıvan şəhərində inşa olunan “ASAN xidmət” mərkəzi isə ölkə üzrə
göstərilən xidmətləri muxtar respublika sakinləri üçün daha da əlçatan edəcək.
Müasir yol infrastrukturunun yaradılması
da Naxçıvanda həyata keçirilən sosial-iqtisadi islahatların tərkib hissəsidir.
Çünki rahat və abad yol dayanıqlı iqtisadi inkişafı təmin edən əsas amildir.
Son illərdə muxtar respublikada müasir standartlara uyğun avtomobil yolları
salınıb, mövcud yol-nəqliyyat kompleksi təkmilləşdirilib, yeni körpülər
tikilib. Prezident İlham Əliyevin açılışında iştirak etdiyi Culfa-Ordubad
magistral avtomobil yolu dövlət başçısının “Naxçıvan Muxtar Respublikasında
Culfa-Ordubad magistral avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər
haqqında” və “Culfa-Ordubad avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər
haqqında” sərəncamlarına əsasən inşa olunub.
Son illər yeni elektrik stansiyalarının
tikilib istifadəyə verilməsi Naxçıvanın etibarlı enerji təminatına imkan
yaradıb. Bunun nəticəsidir ki, muxtar respublikada enerji təhlükəsizliyi tam təmin
edilib, bir zamanlar yalnız idxal hesabına elektrik enerjisinə olan tələbatını
ödəyən Naxçıvanda daxili istehsal hesabına ixrac potensialı yaranıb, bütün
yaşayış məntəqələri fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təchiz edilib.
Prezident İlham Əliyevin tanış olduğu Ordubad Su Elektrik Stansiyası isə
tikintisi başa çatdırıldıqdan sonra Naxçıvanın energetika sisteminə əlavə güc
verəcək.
İndiyədək Naxçıvanın bir neçə şəhəri içməli
su və kanalizasiya şəbəkəsi ilə təmin edilib. Mayın 10-da onların sırasına
Ordubad şəhəri də əlavə olundu. Prezident İlham Əliyevin açılışında iştirak
etdiyi Ordubad rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya
sistemlərinin yenidən qurulması layihəsi göstərdi ki, insan amili inkişafın
mühüm prioritetidir.
Naxçıvanın hərbi imkanlarının
artırılması bundan sonra da prioritet olacaq
Prezident İlham Əliyevin Naxçıvanla
bağlı qarşıya qoyduğu vəzifələrdən biri muxtar respublikanın etibarlı müdafiəsinin
və bölgədə hərbi üstünlüyünün təmin olunması istiqamətində ardıcıl addımların
atılmasıdır. Dövlətimizin güclü dəstəyi Naxçıvanı özünü xarici təhdidlərdən tam
müdafiə etmək iqtidarında olan bölgəyə çevirib. Təsadüfi deyil ki, 1992-ci ildə
erməni silahlı birləşmələrinin işğal etdiyi Şərur rayonunun Günnüt kəndi 26 ildən
sonra - 2018-ci ildə ordumuzun nəzarəti altına keçdi. Əlahiddə Ümumqoşun
Ordusunun əks-həmləsi nəticəsində “Xunut” dağı və “Ağbulaq” yüksəkliyi,
“Qızılqaya” dağı və “Mehridağ” işğaldan azad edildi, ümumilikdə 11 min hektara
yaxın ərazi Azərbaycanın nəzarəti altına alındı. Təsdiq olundu ki, özünün yüksək
döyüş qabiliyyəti ilə seçilən və müasir hərbi texnika ilə tam təchiz edilən
Əlahiddə Ümumqoşun Ordusu digər hərbi birləşmələrin köməyi olmadan müstəqil şəkildə
istənilən döyüş əməliyyatlarının koordinasiyasını həyata keçirmək və qarşıya
qoyulan bütün vəzifələri dəqiqliklə yerinə yetirmək imkanına malikdir.
Bütövlükdə isə Naxçıvanın hərbi potensialının yüksəldilməsinin respublikamızın
müdafiə imkanlarının gücləndirilməsi baxımından çox böyük əhəmiyyəti var.
Prezident İlham Əliyevin Naxçıvana səfərinin
bir hissəsi hərbi sahəni əhatə etdi. Dövlət başçısı Əlahiddə Ümumqoşun
Ordusunun hərbi aerodromunun, Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının
açılışında iştirak etdi. Bütün bunlar göstərdi ki, Naxçıvanın hərbi
üstünlüyünün artırılması bundan sonra da prioritet olacaq.
Qalib İlham Əliyev muxtar respublikanı
blokadadan çıxarır
İkinci Qarabağ müharibəsi Cənubi
Qafqazda yeni siyasi və iqtisadi reallıqlar yaratdı. Müharibəyə qədər bölgənin
aparıcı dövləti Azərbaycan ərazi bütövlüyünü təmin etdikdən sonra regiondakı
lider statusunu daha da möhkəmləndirdi. Eyni zamanda Ermənistanın hərbi-siyasi
məğlubiyyətə düçar edilməsi ilə Prezident İlham Əliyev xalqımızın tarixi-milli
maraqlarının reallaşmasına da zəmin formalaşdırdı. Bunlardan biri vaxtilə Azərbaycan
torpaqları olmuş Zəngəzur bölgəsinin indi bütün türk dünyasını birləşdirən
körpüyə çevrilməsi üçün yetişmiş tarixi şəraitin reallaşdırılmasıdır.
Prezident İlham Əliyevin Naxçıvan səfərinin
ən mühüm məqamlarından biri Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində
verilən mesaj oldu. Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının
yaradılması, Culfa-Ordubad magistral avtomobil yolu kimi nəqliyyat layihələri,
Ordubad dəmir yolu stansiyasında aparılan yenidənqurma işləri Naxçıvanın
sosial-iqtisadi inkişafına xidmət etməklə yanaşı, muxtar respublikanın
blokadadan çıxarılması və Zəngəzur dəhlizinin yaradılması istiqamətində atılan
addımların bir hissəsidir.
Prezident İlham Əliyevin Naxçıvan Muxtar
Respublikasına 15-ci səfəri siyasi və iqtisadi baxımdan xüsusi əhəmiyyət
daşıdı. Son 20 il ərzində iqtisadi artımın templərinə görə rekord nəticələr əldə
edən, ümumi daxili məhsul istehsalında 10 dəfədən çox artıma nail olan Naxçıvan
hər zaman olduğu kimi, bu səfərdən sonra da nailiyyətlərini daha da artıracaq.
Səttar Möhbalıyev,
Milli Məclisin deputatı,
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri
“AZƏRBAYCAN”
qəzeti
19.05.2021-ci il