Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Xocalı soyqırımı ilə bağlı bəyanatı
26 Feb 2021
Fevralın 26-da Ermənistanın silahlı qüvvələri tərəfindən Xocalıda törədilmiş soyqırımın 29-cu ili tamam oldu.
Ermənistanın uzun illər ərzində Azərbaycanın mülki əhalisinə
qarşı törətdiyi cinayətlərdən ən dəhşətlisi Xocalı şəhərində baş verdi.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə silahlandırılmış
erməni separatçıları SSRİ Silahlı Qüvvələrinin Xankəndində yerləşən 366-cı alayının
şəxsi heyəti ilə birlikdə Xocalı şəhərinin dinc əhalisinə qarşı hücuma keçərək soyqırım
törətdilər. Yeddi min nəfər əhalisi olan şəhər yerlə-yeksan edildi. Şəhər əhalisi
azərbaycanlı, türk və müsəlman olduqlarına görə, kütləvi surətdə qətlə yetirildi.
Dinc əhaliyə – qocalara, qadınlara, uşaqlara, xəstələrə qarşı ən amansız zülm üsullarından
istifadə edildi. Nəticədə Xocalı əhalisinin 5379 nəfəri deportasiyaya məruz qalmış,
613 nəfər, o cümlədən 106 nəfər qadın, 63 nəfər uşaq və 70 nəfər qoca olmaqla xüsusi
qəddarlıqla qətlə yetirilmişdir, 8 ailənin bütün üzvləri öldürülmüş, 27 ailənin
yalnız bir üzvü sağ qalmış, 239 ailə başçısı məhv edilmişdir. Eyni zamanda 487 nəfər
ağır yaralanmış, 1275 nəfər əsir götürülmüş, o cümlədən onlardan 150 nəfərin taleyi
haqqında indiyə qədər heç bir məlumat yoxdur. Bunlardan 68 nəfəri qadın və 26 nəfəri
uşaq olmuşdur.
Qətliam zamanı beynəlxalq hüquq normaları kobud formada pozularaq
girovlar əzizlərinin gözü qarşısında güllələnmiş, insanların başlarının dərisi soyulmuş,
müxtəlif əzaları kəsilmiş, körpələrin və yaşlıların gözləri çıxarılmış, diri-diri
torpağa basdırılmışdır. Əsir götürülmüş azərbaycanlı özünümüdafiə dəstəsinin döyüşçüləri
erməni qəbirləri üzərində “qurban” kəsilmiş, alçaldılmış və təhqir edilmişlər. Girov
götürülmüş əsirlərə qarşı da ən qəddar işgəncələr verilmişdir.
Xocalıda baş verənlər Azərbaycan xalqının yaddaşından heç
vaxt silinməyəcəkdir. Çünki bu cinayət bütün Azərbaycan xalqına qarşı soyqırım aktıdır.
Bütün dövrlər üçün bəşəriyyətin ən böyük faciələrindən biridir. XX əsrin ən dəhşətli
cinayətləri - Xatın, Sonqmi, Lidiçe soyqırımları ilə eyni səviyyədə durur. Bu qətliamın
səbəbkarları isə Azərbaycan torpaqları hesabına "Böyük Ermənistan" qurmaq
xülyasına düşənlərdir.
Azərbaycana qarşı həyata keçirilən bu siyasət sülh və insanlıq
əleyhinə cinayət olmaqla beynəlxalq hümanitar hüququn, xüsusilə 1949- cu il Cenevrə konvensiyaları, soyqırım
cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, mülki və
siyasi hüquqlar haqqında Beynəlxalq Pakt,
İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt, İşgəncələrə və digər
qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldılan davranış və cəza növlərinə qarşı
Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiya,
uşaq hüquqları haqqında Konvensiya və insan hüquqlarının və azadlıqların müdafiəsi
haqqında Konvensiyanın ciddi şəkildə pozulmasıdır.
Hazırda Xocalı soyqırımının beynəlxalq aləmdə
tanınması Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətlərindən
biri kimi müəyyənləşdirilmişdir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xocalıya
Ədalət” kampaniyası çərçivəsində görülən işlər nəticəsində Xocalı soyqırımı haqqında
dünya ictimaiyyəti məlumatlandırılır və müxtəlif dövlətlər tərəfindən faciəyə beynəlxalq
hüquqi qiymət verilir. Keçən dövr ərzində 17 dövlətin qanunvericilik
orqanı, həmçinin ABŞ-ın 23 ştatı və İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımı
ilə bağlı qətnamə və digər sənədlər qəbul ediblər. Bütün bunlara baxmayaraq, bu
günədək Ermənistan silahlı qüvvələrinin Xocalıda insanlıq əleyhinə törətdikləri
cinayət əməllərində bilavasitə iştirak etmiş şəxlərdən heç biri cinayət məsuliyyətinə
cəlb edilməmişdir.
Münaqişə zamanı mülki insanlara qarşı ağır cinayətlərin törədilməsi
Ermənistan hakimiyyətinin bütün tarixi dövrlərdə həyata keçirdiyi dəyişməz dövlət
siyasətidir. 90-cı illərin əvvəllərində Ermənistanın hərbi təcavüzü zamanı, işğalın
sonrakı 29 il mövcud olmuş atəşkəs dövründə 2020-ci il sentyabrın 27-də Ermənistan
Silahlı Qüvvələrinin növbəti təxribatı nəticəsində başlanan vətən müharibəsində
Ermənistan ordusu mülki azərbaycanlı əhaliyə qarşı cinayətlər törədib və törətməkdə
davam etmişdir. Ermənistan tərəfindən hərbi əməliyyatlar zonasından yüzlərlə kilometr
uzaqda yerləşən Gəncə, Bərdə, Tərtər, Ağcabədi, Naftalan və digər şəhər, rayon,
yaşayış məntəqələrinin qadağan olunmuş silahlarla bombalanması nəticəsində 100-dən
çox mülki vətəndaş qətlə yetirilmiş, 400-dən çox insan yaralanmış, 4000-dən çox
yaşayış evi, o cümlədən 135-dən artıq çoxmərtəbəli bina dağıdılmışdır. İstər 1992-ci
ildə törədilmiş Xocalı soyqırımı, istərsə də 2020-ci ildə mülki əhalinin bombalanması
Ermənistanın azərbaycanlılara qarşı apardığı məqsədyönlü zorakılıq siyasətinin açıq-aşkar
təzahürüdür.
Sıralarında yüz minlərlə üzvü birləşdirən Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyası 1992-ci ilin fevralın 26-da erməni silahlı birləşmələri
tərəfindən törədilmiş Xocalı soyqırımı ilə bağlı aşağıdakıları bəyan edir:
- Xocalı şəhərində yüzlərlə dinc sakinin amansızlıqla qətlinin
təşkilatçıları və icraçıları olan, bunu açıq şəkildə etiraf edən Ermənistanın keçmiş
hərbi və siyasi rəhbərləri və onlarla əlbir olanlar törətdikləri cinayətlərə görə
məsuliyyətə cəlb olunmalıdırlar.
- Bütün ölkələrin hökumətlərini və parlamentlərini vicdanlarının
səsinə qulaq asmağa və XX əsrin ən qəddar soyqırımından biri olan Xocalı soyqırımını
tanımağa səsləyirik.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası hesab edir
ki, mövcud beynəlxalq hüquq çərçivəsində dövlətimiz tərəfindən görülən davamlı tədbirlər
cəzasızlığa son qoyulmasına və Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı törədilmiş
ağır cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin ədalət məhkəməsi qarşısına çıxarılmasına
xidmət edəcək.