Azərbaycanın ən şərəfli dövrü
22 Jan 2021
2020-ci il Azərbaycan tarixinə böyük dönüş, möcüzələrin gerçəyə çevrilməsi mərhələsi kimi yazıldı.
İki əsrdir mövcud olan, son 30 il ərzində isə
savaşla davam edən qanlı münaqişə qüdrətli Ali Baş Komandanımızın və rəşadətli
Ordumuzun hərbi qələbələri sayəsində birdəfəlik həll olundu.
Vətən müharibəsi Azərbaycanın
regional liderliyini birmənalı təsbit etdi və ölkəmizi Avratlantik məkanda
nüfuzlu söz sahiblərindən birinə çevirdi.
Həmçinin dünyanı
bürümüş iqtisadi böhran və koronavirus pandemiyası fonunda respublikamızın əldə
etdiyi müsbət nailiyyətlər cənab İlham Əliyevin liderliyində Azərbaycanın hədəflərinə
düzgün istiqamətdə irəlilədiyini bir daha nümayiş etdirdi.
Növbəti mükəmməl Azərbaycan
nümunəsi
Ötən il bütün
yönümlərdə Azərbaycan Respublikası üçün uğurlu olmuşdur. Prezident İlham Əliyevin
rəhbərliyi ilə son illərdə başlamış genişmiqyaslı xarakter daşıyan islahatlar
respublikada yüksək dayanıqlı iqtisadi artımın təmin edilməsi, iqtisadiyyatın
daha da şaxələnməsi, özəl investisiyaların və təşəbbüslərin yüksək səviyyədə təşkili
üçün zəmin yaratdı. İslahatlarla qarşıya qoyulan hər bir vəzifənin, verilən hər
bir vədin konkret əməli işdə öz təsdiqini tapması isə xalq-iqtidar birliyini
daha da möhkəmləndirdi, əhalinin Prezident İlham Əliyev ətrafında daha sıx birləşməsini
təmin etdi. Dövlət başçısının rəhbərliyi ilə gerçəkləşdirilən mükəmməl
sosial-iqtisadi inkişaf strategiyası nəticəsində islahatların davamlılığı təmin
edildi və iqtisadi inkişafın sürətləndirilməsi nəticəsində əhalinin rifahı daha
da yaxşılaşdı.
Ötən il fevral
ayından başlayaraq ölkəmiz çətin sınaqla üzləşmişdi. Mənşəyi məlum olmayan,
dünya səhiyyəsinin indiyə qədər rastlaşmadığı virusun yayılma miqyasının
qarşısını almaq olduqca çətin, hətta mümkünsüz görünürdü. Təsadüfi deyil ki,
iqtisadi baxımdan güclü dövlətlərin bir çoxu COVID-19-un törətdiyi fəsadları
müşahidə etməklə kifayətləndi. Vaxtında çevik tədbirlər görə bilmədiklərindən həmin
ölkələrdə hələ də virus hər gün onlarca insanın həyatına son qoyur,
yoluxanların sayı artmaqda davam edir.
Azərbaycan ölkə
Prezidenti İlham Əliyevin tapşırığı əsasında, pandemiyaya qarşı mübarizəni əhalinin
həyatının və sağlamlığının qorunması, sosial müdafiəsinin təmin olunması və
iqtisadi fəallığının inkişaf etdirilməsi istiqamətlərində qurmaqla müsbət təcrübəyə
nail oldu.
Pandemiya bəşəriyyətə
gətirdiyi fəlakətlərlə yanaşı, dövlətlərin reallıqda nəyə qadir olduqlarını da
üzə çıxardı. Artıq saxta piarlar, yalançı “inkişaf tempi” və sair işə yaramadı.
Məlum oldu ki, dünya ölkələrinin böyük əksəriyyəti təkbaşına pandemiyanın öhdəsindən
gəlmək gücündə deyil. Onlar pandemiyanın vurduğu ağır iqtisadi zərbənin təsirindən
çıxmaq üçün beynəlxalq maliyyə qurumlarının qapısını döyməyə başladılar. Azərbaycan
isə əksinə, Ümumdünya Səhiyyə Təşkilatının COVID-19 əleyhinə mübarizə fonduna
10 milyon ABŞ dolları həcmində ianə ayırdı. Bundan başqa, 5 milyon ABŞ dolları
həcmində vəsaiti Qoşulmama Hərəkatının daha çox ehtiyacı olan dövlətləri üçün
ayırdı. Bunlarla yanaşı, 30-dan çox ölkəyə də humanitar yardım göstərdi.
Respublikamız
pandemiyaya qarşı mübarizə, habelə zərərçəkmiş kateqoriyalardan olan vətəndaşlara
maliyyə dəstəyi göstərməsi üçün dövlət büdcəsindən təqribən 2,5 milyard manat vəsait
ayırdı. Dövlət başçısının tapşırığı ilə dəstək tədbirlərinin genişləndirilməsi
nəticəsində bu vəsaitin məbləği 3,5 milyard manatı üstələmişdir. Təkcə məşğulluğa
və sosial rifaha dəstək məqsədilə 600 milyon manat vəsait ayrıldı.
600 min işsiz
insan, o cümlədən qeyri-formal məşğulluq sahəsində fəaliyyət göstərən və müvəqqəti
işini itirən, aztəminatlı təbəqəyə məxsus olanlar sərtləşdirilmiş karantin müddətində
190 manat müavinət alır.
Prezident İlham
Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkə vətəndaşlarının,
o cümlədən həmkarlar ittifaqı üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi,
rifah halının yaxşılaşdırılması naminə qəbul etdiyi qərarlarını, xalqın
sağlamlığı və xoş güzəranı ilə əlaqədar atdığı bütün addımları Azərbaycan Həmkarlar
İttifaqları yüksək qiymətləndirir. Bu münasibətlə AHİK-in İcraiyyə Komitəsi öz
iclasında qəbul etdiyi müraciətdə möhtərəm Prezidentə dərin minnətdarlığını
bildirmiş və hər zaman onun yanında olduğunu bəyan etmişdir.
Dövlət başçısının
insanların rifahı naminə göstərdiyi müstəsna fəaliyyəti, mərhəmət, nəciblik
kimi ali insani keyfiyyətlərə malik Birinci vitse-prezident Mehriban xanım
Əliyevanın xalqa müraciəti, “Instagram” səhifəsində etdiyi səmimi paylaşımlar mənəvi
dəstəyin parlaq nümunələridir. Mehriban xanim müraciətində müdrik xalqımızın
ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət kimi gözəl
xüsusiyyətləri sayəsində bu ciddi çağırışın öhdəsindən gələ biləcəyimizə əminliyini
bildirmişdi.
Biz birlikdə
güclüyük!
Ölkəmizin digər
müvafiq qurumları ilə yanaşı, koronavirus infeksiyasının aradan qaldırılmasına
yardımçı olmaq üçün AHİK və üzv təşkilatları da imkanlarını səfərbər edərək müəyyən
addımlar atmışdır. İlk növbədə, pandemiya dövründə koronavirus infeksiyasının
yayılmasının qarşısının alınması ilə bağlı Prezident İlham Əliyevin qətiyyətli
addımlarını dəstəkləyərək işəgötürən tərəfindən işçilərin sayının əsassız
azaldılmasının qarşısının alınması məqsədilə Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyası daxil olmaqla, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları
Milli Konfederasiyası adından işəgötürənlərə bildiriş göndərilmişdir.
Martın 23-də
AHİK-in üzv və tabeliyində olan təşkilatların rəhbərləri ilə keçirilən müşavirədə
profilaktik tədbirlərin əlaqələndirilməsi, görülən işlər barədə məlumatların
mütəmadi toplanması və maarifləndirici işlərin təşkili üzrə İdarəetmə Qrupu
(Operativ Qərargah) yaradılmışdır.
AHİK-in İcraiyyə
Komitəsinin aprelin 23-də keçirilən onlayn iclasında qeyd edilmişdir ki, həmkarlar
ittifaqları bu çətin günlərdə ölkə Prezidentinin yanında olmalı, imkanlar çərçivəsində
pandemiya şəraitində aztəminatlı ailələrin ehtiyaclarının ödənilməsi üçün bütün
imkanlarını səfərbər etməlidir.
AHİK-də
koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində həmkarlar ittifaqı
əməkdaşları ilə operativ əlaqələr qurulması üçün xüsusi SMS Məlumatlandırma
Sistemi yaradılmışdır. Sistem xüsusi servis kanalla təchiz edilmişdir. Həmkarlar
ittifaqlarında verilən qərarlar, tapşırılan işlər dərhal lazımi şəxslərin mobil
telefonlarına ötürülür. Bu isə xüsusi karantin şəraitinin məsafədən işləmə
prinsiplərindəndir.
Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyası tərəfindən pandemiya ilə bağlı üzv təşkilatlara, şəhər,
rayon təşkilatlarına görülməli işlərlə əlaqədar tövsiyələr verilmiş və vəzifələri
müəyyənləşdirilmişdir.
AHİK və onun üzv təşkilatları
tərəfindən pandemiya dövründə ümumilikdə 6.065.988 manat məbləğində maddi və ərzaq
yardımları göstərilmişdir. O cümlədən AHİK Koronavirusla Mübarizəyə Dəstək
Fonduna 250 min manat və Naxçıvan Muxtar Respublikasında koronavirusla mübarizəyə
dəstək üçün 110 min manat, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai
Birliyin hesabına 205 min manat vəsait köçürmüş, 54.328 aztəminatlı ailəyə
1.517.825 manatlıq yardım etmiş, 76 şəhər və rayonda yaşayan 3900 ailəyə 68 ton
ərzaq sovqatları paylamışdır. Yaşı 65-dən çox olan 45.919 nəfər ehtiyac sahiblərinə,
imkansız həmkarlar ittifaqı üzvlərinə 3.152.625 manat məbləğində maddi yardım
göstərilmiş, karantin rejimində istifadə edilməsi üçün həmkarlar ittifaqı təşkilatları
üzvlərinə 936.628 manatlıq qoruyucu vasitələr paylanmışdır. Həmkarlar ittifaqı
təşkilatlarının rəhbər işçiləri öz əməkhaqlarından Koronavirusla Mübarizə
Fonduna ümumilikdə 458.920 manat vəsait köçürmüşlər.
Koronavirusla
mübarizədə əsas ağırlığın səhiyyə işçilərinin üzərinə düşdüyünü nəzərə alan sahə
həmkarlar ittifaqı bu kateqoriyadan olan işçilərin pandemiya dövründə sosial
problemlərinin həllinə xüsusi diqqət yetirmişdir. Səhiyyə sahəsində fədakarcasına
çalışan 7101 tibb işçisi ailəsinə 216.187 manat, 16.834 nəfər tibb işçisinə isə
1.102.280 manat maddi yardım edilmişdir. 191.404 manatlıq qoruyucu vasitə
paylanmışdır. Koronavirus pandemiyası dövründə həmkarlar ittifaqları tərəfindən
əhatə olunan üzvlərin və ölkə vətəndaşlarının sayı 100 mindən artıq olmuşdur.
Həmkarlar
ittifaqları təşkilatları hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahın
qəbul etdiyi qərar və göstərişlər əsasında öz işini qurmaq üçün müvafiq
addımlar atırlar. Həmkarlar ittifaqı üzvləri qoyulan karantin rejiminə ciddi əməl
etməklə bu qaydalara əməl olunmasına daha ciddi nəzarət olunmasına, pandemiya
dövründə işçilərin sosial-iqtisadi hüquqlarının qorunmasına, bu sahədə onların
sosial problemlərinin həllinə, məşğulluq məsələlərinə diqqəti artırmışlar. Ölkə
Prezidenti İlham Əliyevin dediyi kimi, “yeganə yolumuz insanları qorumaq,
yoluxmaların sayını azaltmaq, xəstəliyin geniş vüsət almasına yol verməmək və
beləliklə, vətəndaşlarımızı, dövlətimizi bu vəziyyətdən xilas etməkdir”.
Qüdrətli Sərkərdənin
böyük Zəfəri
Hər birimiz Qələbə
sevincini yaşayırıq. Uzun həsrətdən sonra işğal altında olan torpaqlarımızın
azadlığını görmək, Azadlıq meydanında Zəfər paradını izləmək xalqımız üçün çox
sevindirici və qürurverici hissdir. Müzəffər Ordumuzun 44 günlük müharibədə
gücünü və qəhrəmanlığını görmək hamımıza nəsib oldu. Bunları bizə bəxş edən,
qatı düşmənə qarşı amansız döyüşlərdə qəhrəmanlıq göstərən Ordumuz və adını
tariximizin səhifələrinə qızıl hərflərlə yazan Ali Baş Komandanımız İlham
Əliyevdir.
Ordumuz Ali Baş
Komandanın əmrlərini fədakarlıqla yerinə yetirərək tarixi qələbə qazanmışdır.
Azərbaycanın şanlı qələbəsi ilə başa çatan Vətən müharibəsi və ordumuzun şücaəti
sayəsində torpaqlarımız işğaldan azad edilmişdir. Biz bu müharibəni şəhidlərimizin
qanı-canı bahasına, hərbçilərimizin rəşadəti hesabına qələbə ilə başa
çatdırmışıq. Vətənin cəsur oğulları düşmənə qarşı bir nəfər kimi silaha sarılıb
layiqli mübarizə aparmış, qələbəmizin qazanılmasında böyük qəhrəmanlıq göstərmişdilər.
Möhtəşəm hərbi zəfərimiz
sayəsində siyasi müstəvidə də qələbənin qazanılması təmin edilmişdir. Ali Baş
Komandan, ölkə Prezidenti cənab İlham Əliyev dünyanın taleyini həll edən böyük
dövlətlərin təzyiqlərinə qarşı öz yüksək intellekti, məntiqli diplomatiyası ilə
sipər çəkdi, Qafqazda yeni reallıq yaratdı.
Birinci
vitse-prezident Mehriban Əliyevanın bu çətin günlərdə ölkə Prezidenti ilə
çiyin-çiyinə durması, işğaldan azad olunmuş torpaqlarımızdan dünyaya mesajlar
verməsi, qazilərimizə göstərdiyi ana şəfqəti hamını ruhlandırdı.
Ermənistanın təxribatı
nəticəsində sentyabrın 27-dən etibarən başlayan “Dəmir yumruq” əməliyyatı Azərbaycanın
əsl hərbi qüdrətini, yüksək döyüş bacarığını nümayiş etdirərək Ermənistan
silahlı qüvvələrini diz çökdürdü.
Döyüşlər getdiyi
müddətdə Ermənistanın siyasi və hərbi rəhbərliyinin göstərişi ilə bütün beynəlxalq
konvensiya və qanunlara zidd olaraq cəbhə xəttindən xeyli uzaqda olan Gəncə və
Bərdə şəhərlərinin, Tərtər, Goranboy, Naftalan, Ağcabədi, Abşeron, Xızı, Kürdəmir
və digər şəhər və kəndlərin raket atəşinə tutulması nəticəsində 94 nəfər mülki əhali,
o cümlədən 11 uşaq qətlə yetirilmiş, 400 nəfərdən çoxu yaralanmış, 5 mindən çox
ev tamamilə dağıdılmış və ya ciddi zədə almışdır. Azərbaycan Ordusu isə bunun əksinə
olaraq yalnız Ermənistanın legitim hərbi nöqtələrinə atəş açaraq onları sıradan
çıxartmışdı. Az müddətdə Azərbaycan Ordusu ermənilərin 30 il ərzində qurduğu
istehkamları darmadağın edərək, uğurlu əks-həmlə əməliyyatları nəticəsində
noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etmişdi.
Azərbaycanın hərb
tarixinə qızıl hərflərlə yazılan 44 günlük İkinci Qarabağ müharibəsində minlərlə
vətən övladı doğma torpaqlarımızın hər qarışı uğrunda son damla qanına qədər
döyüşərək əsl qəhrəmanlıq nümunələri göstərdilər. Vətən uğrunda canlarından keçən
2858 igidin qanı yerdə qalmadı. Qəhrəman Ordumuz bütün şəhidlərin, o cümlədən
Xocalı soyqırımının qisasını aldı, düşməni darmadağın etdi. Torpaqlarımız 30
illik işğaldan sonra vətənə qovuşdu.
Müzəffər Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ərazi bütövlüyümüzün təmin
edilməsi yönündə öz vəzifəsini layiqli şəkildə yerinə yetirdi. Nikol Paşinyan noyabrın
10-da Ermənistanın kapitulyasiyasını qəbul etməklə üçtərəfli bəyanatı imzalamaq
məcburiyyətində qaldı.
Azərbaycan və
Rusiya prezidentləri, habelə Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli
bəyanat ölkəmizin öz torpaqlarını işğaldan azad etmək uğrunda apardığı Vətən
müharibəsinin Azərbaycanın tam qələbəsilə başa çatmasını hüquqi cəhətdən təsdiq
etməklə yanaşı, həm də özündə müharibədən sonrakı dövr üçün regionun iqtisadi
inkişafına dair mühüm məqamlar əks etdirir. O cümlədən bölgədə nəqliyyat əlaqələrinin
bərpası və inkişafı məsələsinə bu sənəddə xüsusi diqqət ayrılıb. Bəyanatın 9-cu
maddəsində qeyd olunur ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa
edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin
hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan
Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat
əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Bu da o deməkdir ki, Naxçıvan Muxtar
Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat
kommunikasiyalarının inşası təmin ediləcək.
2021-ci il yanvarın
11-də Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol
Paşinyan arasında keçirilən növbəti görüş də iki ay öncə imzalanmış üçtərəfli bəyanatın
müddəalarından irəli gələrək, regionda dinc həyatın və iqtisadi inkişafın təmin
olunması istiqamətində atılacaq növbəti addımların birlikdə müzakirəsi baxımından
böyük əhəmiyyət kəsb edir.
Moskva görüşünün nəticəsi
olaraq imzalanmış yeni bəyanat sözsüz ki, regionda sabitliyin və təhlükəsizliyin
möhkəmlənməsinə, bölgənin iqtisadi inkişafına xidmət edəcək. Görüşün mühüm nəticələrindən
biri “Şərq-Qərb nəqliyyat dəhlizi”nin tərkib hissəsi kimi “Mehri dəhlizi”nin
açılması olacaq ki, bu da ilk növbədə Naxçıvana və sonra da qardaş Türkiyəyə dəmir
yolunun açılması deməkdir. Əlbəttə ki, bu layihələrin reallaşması ilə Azərbaycanın
geoiqtisadi mövqeləri daha da güclənəcək. Həm də bu kommunikasiya xətləri təkcə
Azərbaycan üçün deyil, eyni zamanda region ölkələrinin hamısı üçün böyük əhəmiyyət
kəsb edəcək.
Ümumiyyətlə, Azərbaycanın
Vətən müharibəsində əldə etdiyi möhtəşəm qələbə bütün Cənubi Qafqaz regionunda
yeni reallıqlar yaratmış oldu. Bu reallıqlardan ən önəmlisi də budur ki, Azərbaycan
xalqı artıq öz torpaqlarına qayıdıb və bu qayıdış əbədidir. Bu reallıqla
barışmaq istəməyən, hələ də tarixin təkərini geri döndərmək kimi boş ümidlərindən
əl çəkməyən ünsürlərə isə ən gözəl cavabı Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev müqəddəs üçrəngli bayrağımızı qaldırdığı Şuşa şəhərində
etdiyi çıxışlarında vermişdir: “Unutmasınlar, bizim səbrimizlə oynamasınlar, 44
günlük müharibə onların yadından çıxmasın. İti qovan kimi qovmuşuq sizi, rədd
etmişik, cəhənnəmə göndərmişik. Əgər kimsə revanş haqqında düşünürsə, o, bizim
dəmir yumruğumuzu bir daha görəcək. Azərbaycanın dəmir yumruğu düşmənin belini
qırıb, lazım olarsa, bir daha qırar”.
İlham Əliyev
Qarabağı yenidən cənnətə çevirəcək
Vətən savaşından
sonra ən mühüm hadisələrdən biri də Ali Baş Komandanın işğaldan azad olunmuş
bölgələrə səfərləri oldu. Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan səfərlərindən
sonra möhtərəm Prezident İlham Əliyevin birinci xanım Mehriban Əliyeva və
qızları Leyla Əliyeva ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfərləri
də olduqca əhəmiyyətli idi.
Dövlət başçımızın
indiyədək işğaldan azad edilmiş dügər rayon və şəhərlərimizə etdiyi səfərləri
kimi, Şuşaya bu səfəri də Ali Baş Komandanın ürəyində yaşatdığı sonsuz Vətən
sevgisinin və xalqa olan bağlılığının daha bir təcəssümüdür. Eyni zamanda ölkə
Prezidentinin yanvarın 11-də keçirilmiş məlum Moskva görüşündən dərhal sonra
ailəsilə birlikdə Şuşaya səfər etməsi Qarabağın əsl sahibinin kim olduğuna dair
bütün dünyaya ünvanlanmış növbəti mesaj kimi qiymətləndirilməlidir.
Otuz il Azərbaycan ərazilərini
işğal altında saxlamış erməni qəsbkarları bütün dünyaya Qarabağın, o cümlədən
Şuşanın erməni torpaqları olduğuna dair saxta məlumatlar yaymaqla məşğul
oldular. Lakin möhtərəm Prezidentin də çıxışında qeyd etdiyi kimi, onlar ötən
müddət ərzində bu torpaqlarda bir daşı belə daş üstünə qoymadılar. Əksinə, uzun
illər boyunca xalqımızın bu torpaqlarda qurub-yaratdığı evlər, muzeylər, məscidlər,
tarixi-mədəni abidələr ermənilər tərəfindən dağıdıldı, viran qoyuldu, talan
edildi. Çünki bu yerlərin onlara aid olmadığını və gec-tez qovulacaqlarını
hamıdan yaxşı elə ermənilər özləri bilirdilər. Əlbəttə ki, torpağın əsl sahibi
belə etmir. Torpağın əsl sahibi həmin torpaqda yollar çəkir, binalar tikir,
qurub-yaradır, layihələr həyata keçirir, insanların firavan gələcəyini təmin
etmək üçün əməli iş görür. Necə ki, Prezident İlham Əliyev Şuşa şəhərinə səfərindən
öncə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa
yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoydu. Möhtərəm
Prezident dedi ki, Füzuli-Şuşa yolunun yeni işlənmiş layihəsinə körpü və tunellərin
inşası daxildir. Yəni çətin relyefə malik olan ərazilərdə dolama yolların yerinə
körpü və tunellərin tikintisi nəzərdə tutulur. Yeni yol Füzuli hava limanı ilə əlaqələndiriləcək
və bu yoldan İsa bulağına yol çəkiləcək.
Vətən müharibəsinin
Azərbaycanın tarixi qələbəsilə başa çatmasından cəmi iki ay vaxt keçməsinə
baxmayaraq, artıq torpaqlarımıza böyük qayıdış başlayıb və möhtəşəm quruculuq
işlərinə, o cümlədən ölkə Prezidenti tərəfindən Azərbaycanın mədəniyyət
paytaxtı elan edilən Şuşanın bərpası və tarixi simasının özünə qaytarılması
istiqamətində işlərə start verilib. Böyük qürur doğuran önəmli məqamlardan biri
də budur ki, Şuşanın işğalı zamanı Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin,
Bülbülün Şuşadakı erməni vandalları tərəfindən güllələnmiş və sonradan Ulu Öndər
Heydər Əliyevin səyləri nəticəsində Bakıya gətirilmiş büstləri də Şuşada yenidən
əvvəlki yerlərinə qoyulub.
Bu gün artıq ölkəmizin
inkişaf tarixində tamamilə yeni bir mərhələ başlayır. Heç şübhəsiz, bu mərhələdə
işğaldan azad edilmiş ərazilərimizin yenidən həyata qaytarılması Azərbaycanın
siyasi-iqtisadi suverenliyinin daha da gücləndirilməsi yönümündə mühüm
amillərdən biri kimi çıxış edəcək. Tezliklə bu bölgələrdə yenidən məskunlaşma həyata
keçiriləcək, insanlarımızın layiqli yaşayışı və ümumi iqtisadi fəallıq təmin
ediləcək. Qarabağda və ətraf rayonlarda həyata keçiriləcək quruculuq-bərpa işləri
ölkəmizin sosial-iqtisadi inkişafının əsaslarının daha da möhkəmləndirilməsinə
xidmət edəcək.
Əlbəttə ki, bu
quruculuq işlərinə dəstək vermək hər bir azərbaycanlının arzusu və şərəf
borcudur. Çünki bu dəstək həm də bizim hər birimizin qələbəmizə, qüdrətli və
güclü Azərbaycan naminə milli birlik ideyasına, suveren və təhlükəsiz yaşamaq məqsədimizə
mühüm töhfəsi olacaq. Məhz elə bu vacib məqamları nəzərə alaraq Prezident İlham
Əliyev 2021-ci il yanvar ayının 4-də “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin
yaradılması haqqında fərman imzalayıb. Fondun yaradılması Azərbaycan xalqının
Qarabağa möhtəşəm qayıdışı istiqamətində dövlətimiz tərəfindən atılan ən əhəmiyyətli
addımlardan biridir. 30 il ərzində işğal altında olan Vətən torpaqlarında erməni
qəsbkarlarının törətmədikləri vandalizm aktının qalmadığını hamımız gözəl
bilirik. Şəhərlərimiz, qəsəbə və kəndlərimiz viran edilib, təbii sərvətlərimiz
talan olunub, tarixi-mədəni irsimiz tamamilə yox edilmək məqsədilə olmazın
dağıntılara məruz qoyulub. Düşmən bu torpaqların əsl sahiblərini dünyadan gizlətmək
üçün əlindən gələni edib. Lakin bütün bunların bir nəticəsi olmadı. Vətən
torpağı düşmən tapdağı altında əbədi qala bilməzdi və qalmadı. Ali Baş Komandan
cənab İlham Əliyevin dediyi kimi, biz öz torpaqlarımızı şəhidlərimizin qanı
bahasına azad etdik. Bu gün isə həmin torpaqları alnımızın təri ilə yenidən
dirçəltməyə başlayırıq.
Qarşıda bizi
irimiqyaslı quruculuq-bərpa işləri gözləyir və bu işlərdə öz payı olduğunu görmək
hər kəsin arzusudur. Lakin belə məsələlərdə pərakəndəlik də qətiyyən yolverilməz
bir haldır. Məhz elə bu baxımdan da Qarabağ Dirçəliş Fondunun yaradılması müstəsna
əhəmiyyət kəsb edən bir hadisədir. Qarabağ Dirçəliş Fondu 2021-ci ildə Azərbaycan
xalqının birlik və həmrəylik rəmzlərindən birinə çevriləcək və məhz bu fondun dəstəyilə
işğaldan azad edilmiş rayon və bölgələrimiz ən qısa zamanda respublikamızın
inkişaf etmiş regionları sırasında öz layiqli yerini tutacaq.
Prezidentin
çağırışına hər kəs səfərbər olmalıdır
Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyası və onun üzv təşkilatları Birinci Qarabağ müharibəsi
dövründə olduğu kimi, Vətən müharibəsi dövründə də şanlı ordumuza, əsgər və
zabitlərimizə, eyni zamanda arxa cəbhədə fəaliyyət göstərən vətəndaşlarımıza
maddi və mənəvi cəhətdən dəstək vermək üçün bir sıra tədbirlər həyata keçirmişdir.
AHİK uzun illər ərzində
qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları yerlərdə onların ehtiyacları ilə
maraqlanmış, yardımlar göstərmişdir. AHİK və üzv təşkilatları tərəfindən edilən
yardımlar 10 milyon manatlarla hesablanır. Bundan başqa, AHİK-in sanatoriya-kurort
müəssisələrində qaçqın və məcburi köçkünlər məskunlaşdırılmış, onların kommunal
xidmətləri tərəfimizdən ödənilmişdir.
Vətən müharibəsi
dövründə həmkarlar ittifaqı təşkilkatlarının rəhbərləri arxa cəbhədə daim əhali
arasında olmaqla onlara Vətən müharibəsinin baş vermə səbəblərini, beynəlxalq təşkilatların,
o cümlədən BMT-nin, İƏT-in, Qoşulmama Hərəkatına üzv olan dövlətlərin,
Avropa İttifaqı, Avropa Şurasının və digərlərinin münaqişə ilə bağlı qəbul
etdikləri qərar və qətnamələrin mahiyyətini izah etmişlər.
Azərbaycan
Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətlərində, xarici ölkələrin
media qurumlarına verdiyi müsahibələrdə müharibənin öz ərazimizdə aparılma səbəbləri,
bu ədalətli müharibədə ordumuzun qarşısında duran vəzifələr, bəzi beynəlxalq təşkilatların
tutduqları qeyri-obyektiv mövqelər, postmüharibə dövründə Azərbaycan və erməni
vətəndaşlarının dinc yanaşı yaşayış şərtləri və digər məsələlərlə bağlı fikirlər
həmkarlar ittifaqı üzvləri ilə yanaşı, digər əhali qruplarına çatdırılmışdır.
Bütün bunlarla bərabər, AHİK 27 sentyabr 2020-ci ildə erməni silahlı qüvvələrinin
bütün cəbhəboyu törətdiyi təxribat və noyabrın 25-də Fransa senatının qəbul
etdiyi üzdəniraq qətnamə barədə bəyanat yayaraq beynəlxalq təşkilatlara, o cümlədən
“Amnesty İnternational” təşkilatına, ABŞ Konqresinin Nümayəndələr Palatasına
müraciətlər ünvanlayaraq, dünyanın gözü önündə törədilən vəhşilik, barbarlıq
aktlarının və Azərbaycana qarşı ikili mövqenin sərgilənməsini beynəlxalq
ictimaiyyətə çatdırmışdır.
Müraciətlərdə beynəlxalq
təşkilatların haqq səsimizi eşidərək Azərbaycanın dinc sakinlərinə, o cümlədən
Gəncə şəhərində mülki əhaliyə qarşı həyata keçirilən vandalizm hərəkətlərinin qətiyyətlə
pislənməsi və BMT-nin Təhlükəsizlik Şurasından təcili toplanaraq Gəncənin
bombalanması əmrini verən və çoxlu sayda mülki əhalinin ölümünə səbəb olan təcavüzkar
Ermənistan rəhbərlərinin sərt şəkildə cəzalandırılması üçün müvafiq addımlar
atılması tələb edilmişdir.
AHİK-in müraciətləri
beynəlxalq həmkarlar ittifaqları ilə yanaşı, 103 ölkədə fəaliyyət göstərən 499
xarici həmkarlar ittifaqı təşkilatlarına və 59 beynəlxalq qurumlara da göndərilmişdir.
Bu müraciətlər və bəyanatlar respublika KİV-ində və AHİK-in saytında da yerləşdirilmişdir.
Vətən müharibəsi
dövründə AHİK-lə yanaşı, onun üzv təşkilatları və həmkarlar ittifaqı komitələri
daim dövlətimizin və ordumuzun yanında olmuş, milli həmrəylik nümayiş etdirmiş,
Vətənin azadlığı, ərazi bütövlüyü uğrunda vuruşan hərbçilərimizə və onların ailələrinə
diqqət və qayğı göstərilməsini başlıca istiqamətə çevirmiş, müxtəlif tədbirlər
həyata keçirmiş, baş verən hadisələrə münasibət bildirmiş, Ali Baş
Komandanımızın bütün addımlarını dəstəkləyərək Azərbaycanın şanlı ordusuna
maddi və mənəvi yardımını göstərmişlər.
AHİK və onun üzv təşkilatları
tərəfindən Vətən müharibəsi dövründə 3 milyon 424 min 312 manat xərclənmişdir.
O cümlədən Vətən müharibəsi dövründə AHİK İcraiyyə Komitəsinin 5 oktyabr
tarixli qərarı ilə Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunun hesabına 350
min manat ianə edilmiş, İcraiyyə Komitəsinin digər qərarı ilə Naxçıvan Muxtar
Respublikasında yaşayan, döyüşlər nəticəsində qəhrəmancasına həlak olmuş şəhid
ailələrinə kömək göstərilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Həmkarlar
İttifaqları Şurasına 150 min manat köçürülmüşdür. Sahə həmkarlar ittifaqları tərəfindən
1.380.687 manatlıq maddi yardım göstərilmiş, Silahlı Qüvvələrə Yardım Fonduna
1.005.875 manat vəsait köçürülmüş, “Yaşat” Fonduna 537.750 manat ianə
edilmişdir.
AHİK-in İcraiyyə
Komitəsinin qərarı ilə, aztəminatlı və digər həssas kateqoriyadan olan ailələrə
ərzaq sovqatı verilməsi məqsədilə “Regional İnkişaf” İctimai Birliyinin
hesabına 500 min manat vəsait köçürülmüşdür. Yekun olaraq bildirim ki, AHİK və
onun üzv təşkilarları tərəfindən Pandemiya və Vətən müharibəsi dövründə
ümumilikdə 10 milyon manata yaxın vəsait xərclənmişdir.
Yeri gəlmişkən qeyd
edək ki, hələ Vətən Savaşı başlalamış AHİK-in İcraiyyə Komitəsi 2016-cı ilin
Aprel və 2020-ci ilin iyul döyüşlərində həlak olmuş 23 hərbi qulluqçunun 41 nəfər
uşağının üzv təşkilatlar tərəfindən himayəyə götürülməsi və 18 yaşına çatanadək
onlara hər ay 150 manat maddi yardım edilməsi haqqında qərar qəbul etmişdir. 18
yaş həddinə çatana qədər həmin uşaqlara göstəriləcək yardımın məbləği isə 885
min 600 manat olacaqdır.
Hamıya yaxşı məlumdur
ki, erməni işğalından əvvəl Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
tabeliyində olan “Kurort” Səhmdar Cəmiyyətinin “Şuşa” İstirahət Evi, Kəlbəcərdə
“İstisu” sanatoriyası, “Azərbkolxozlararasısağlamlıq” Respublika Birliyinin
Qubadlı rayonunda 200 yerlik pansionatı və “Farel” balıqçılıq təsərrüfatı, Cəbrayıl
rayonunun Sirik kəndində 320 yerlik uşaq istirahət mərkəzi, Ağdam rayonunun
Gülablı kəndində “Gülablı” sanatoriyası və “Nur” uşaq istirahət evi, Azərbaycan
Turizm və Ekskursiyalar Şurasının Şuşa şəhərində “Şəfa”, Ağdamda “Şahbulaq”
turist bazaları fəaliyyət göstərirdi. Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları
İctimai Birliyinin də idman stadionları, şahmat klubları, bəzi üzv təşkilatların
isə obyektləri işğaldan azad edilmiş ərazilərdə mövcud olmuşdur. Çox təəssüf
ki, bu sağlamlıq ocaqları və idman qurğuları erməni vandalizminin qurbanı olmuş
və yerlə-yeksan edilmişdir. Hesab edirəm ki, bütün bunlar müvafiq orqanlar tərəfindən
inventarlaşdırılıb, vurulmuş ziyan müəyyən edildikdən sonra onların bərpası
gündəmdə olmalı və lazımi addımlar atılmalıdır.
Təbii ki, azad
olunmuş Qarabağda və ona bitişik rayonlarımızda aparılacaq abadlıq, quruculuq və
yenidənqurma işləri ilə bağlı xeyli iş yerləri açılacaqdır. Oraya ayrı-ayrı müəssisə
və təşkilatlar tərəfindən investisiyalar qoyulacaqdır. İnvestisiya qoyan müəssisələrin
hamısında həmkarlar ittifaqı təşkilatlarının yaradılması üçün də inzibati
binaların tikintisi həyata keçiriləcəkdir.
Əminik ki, böyük
inam və qələbə əzmi ilə qədəm qoyduğumuz 2021-ci il də tariximizə əlamətdar məqamlarla
həkk olunacaq. Zəfər ovqatı iqtisadi-sosial sahədə irəliləyişlərlə, böyük
quruculuq və inkişaf tempi ilə müşayiət ediləcək. Möhtərəm Prezident İlham
Əliyevin qüdrətli liderliyi ilə Azərbaycan dövləti və xalqı qarşısına qoyduğu
bütün hədəflərə çatacaq və davamlı nailiyyətlərə nail olacaq.
Səttar MÖHBALIYEV,
Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının sədri,
Milli Məclisin
deputatı
"AZƏRBAYCAN" qəzeti
22.01.2021-ci il