Səttar Möhbalıyev: “Dünya Azərbaycanı qalib ölkə olaraq qəbul etməyə məcburdur”
01 Mar 2021
Biz hamımız 44 günlük Vətən müharibəsi dövründə Ölkə Prezidenti cənab İlham Əliyevin dünyanın ən aparıcı media qurumlarına hər gün müsahibələr verdiyinin, Azərbaycanın haqlı mövqeyini dünyaya necə böyük məharətlə qəbul etdirdiyinin şahidi olduq.
Həmin müsahibələrdə Azərbaycan Prezidenti hətta qərəzli,
bəzən isə açıq-aşkar düşmən mövqelərdən çıxış edən jurnalistlərə qarşı peşəkar
siyasətçiyə, dünya səviyyəli liderə məxsus böyük səbr, qətiyyət, soyuqqanlılıq
nümayiş etdirərək, onlara tarix, beynəlxalq hüquq dərsi keçirdi. Fevralın 26-da
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerli və xarici
media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında isə dünya Azərbaycan həqiqətlərini
artıq birbaşa qalib ölkənin Birinci şəxsinin dilindən eşitmiş oldu. 4 saat ərzində,
4 xarici dildə təxminən 50 sualı tutarlı dəlillərlə, əsaslı şəkildə
cavablandıran Azərbaycan Prezidenti ölkəmizin beynəlxalq aləmdə mövqeylərini
daha da gücləndirdi.”
Mətbuata verdiyi açıqlamasında bu sözləri Milli Məclisin
deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar
Möhbalıyev deyib. Millət vəkili bildirib ki, əslində bu mətbuat konfransı həm də
Ermənistanın hələ də revanşist xülyalara dalan bəzi dairələrinə və onların
dünyada olan havadarlarına ünvanlanmış ciddi xəbərdarlıq oldu. Digər tərəfdən
isə AHİK sədrinin sözlərinə görə, xarici jurnalistlər tərəfindən verilən
sualların həm qoyuluşunda, həm də mahiyyətində artıq dünya ictimaiyyətinin Azərbaycanı
bir qalib ölkə və dünya siyasətinə təsir edə biləcək gücə sahib olan bir dövlət
kimi qəbul etdiyini təsdiqləyən aşkar notlar yer almışdı: “Prezident İlham
Əliyevin keçirdiyi bu mətbuat konfransı da Azərbaycan liderinin jurnalistlərlə
keçirdiyi bütün digər görüşləri kimi dolğunluğu, əhatəliliyi və məzmun dərinliyi
ilə yadda qaldı. Təbii ki, verilən suallar arasında Qarabağ mövzusu, eləcə də
Azərbaycanla Ermənistan arasında münasibətlərin inkişaf perspektivlərinə dair
suallar üstünlük təşkil edirdi. Məlumdur ki, Ermənistan hazırda dərin iqtisadi
və siyasi böhran içərisindədir. Bəzi revanşist qüvvələr vəziyyətdən
yararlanaraq hakimiyyətə gəlməyə calışırlar. Təbii ki, onların arasında öz məqsədləri
naminə erməni xalqınım heysiyyatı ilə oynayaraq Qarabağı yenidən Ermənistana
birləşdirmək kimi absurd və gülünc vədlər verənlər də var. Lakin reallıqlara bu
baxış prizması, belə yanaşma tərzi erməni xalqına yeni bədbəxtliklərdən başqa
heç nə gətirə bilməz. Reallıq isə budur ki, Azərbaycan Vətən müharibəsində
qalib gələrək öz ərazi bütövlüyünü təmin etdi. Bu gün artıq Qarabağda və
işğaldan azad edilmiş digər ərazilərimizdə bərpa və quruculuq işləri getdikcə
artan vüsətlə davam edir. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi,
müharibənin nəticələri dəyişməz olaraq qalır və qalacaq. Noyabrın 10-da
imzalanmış Bəyanat icra edilir və tam icra edilməlidir. Hətta bu gün Ermənistanda
yaranmış vəziyyətə baxmayaraq, noyabrın 10-da imzalanmış Bəyanatın icrasında hər
hansı əskiklik olarsa, Ermənistan daha da ağır duruma düşəcək. Azərbaycan
Prezidenti mətbuat konfransının gedişində ona verilən sualları cavablandırarkən
bu məqama tam aydınlıq gətirməklə ölkəmizin mövqeylərini daha da möhkəmləndirmiş
və artıq hər kəsin Azərbaycanı qalib ölkə olaraq qəbul etmək məcburiyyətində
olduğunu vurğulamışdır. Yeri gəlmişkən, bir çox xarici jurnalistlərin öz
suallarını səsləndirməkdən öncə Prezident İlham Əliyevə etdikləri müraciətlərində
ifadə olunan fikirlər onların və təmsil etdikləri qurumların Cənubi Qafqazda
yaranmış yeni reallıqları düzgün qiymətləndirdiklərindən və olduğu kimi qəbul
etdiklərindən xəbər verirdi.”
Daha sonra Səttar Möhbalıyev keçirilən mətbuat
konfransının Azərbaycan həqiqətlərinin və xüsusilə Xocalı soyqırımı ilə bağlı həqiqətlərin
dünyaya çatdırılması baxımından da müstəsna əhəmiyyət kəsb etdiyini vurğuladı:
“Əlbəttə ki, Ölkə Prezidenti cənab İlham Əliyevin keçirdiyi bu mətbuat
konfransının məhz fevralın 26-da, Xocalı faciəsinin 29-cu ildönümü günündə baş
tutması da təsadüfi deyildi. Giriş sözü ilə iştirakçılara müraciət edən
Prezident İlham Əliyev erməni faşizminin bariz təzahürü olan bu qətliam
haqqında bir daha ətraflı məlumat verdi. Vurğulamaq lazımdır ki, Azərbaycan həqiqətlərinin,
o cümlədən Xocalı qətliamı ilə bağlı həqiqətlərin bütün ölkələr tərəfindən birmənalı
olaraq qəbul edilməsi gələcəkdə dünyanın heç bir yerində belə hadisələrin təkrar
olunmaması üçün zəruri şərtlərdən biridir. Ölkə Prezidentinin dediyi kimi, bu
gün artıq Xocalı soyqırımı dünya ictimaiyyəti tərəfindən tanınır, 10-dan çox
ölkə bu hadisəni rəsmən soyqırımı kimi tanımış, təsdiq etmişdir və bu proses
davam etdirilir. Azərbaycan dövləti, eyni zamanda, ölkəmizin ictimai təşkilatları
bu sahədə böyük fəallıq göstərirlər və bu gün dünyada Xocalı soyqırımı haqqında
kifayət qədər dolğun məlumat vardır. Ermənistan dövlətinin hərbi cinayətləri sənədləşdirilib,
video, foto materiallar kifayət qədər geniş auditoriyaya təqdim edilibdir. İndi
bütün dünya görür və bilir ki, Azərbaycan xalqı XX əsrin sonunda soyqırımına məruz
qalmışdır.”
Sonda Səttar Möhbalıyev Rusiyanın “Bolşaya Aziya”
mediaholdinqinin təmsilçisi tərəfindən verilən sualı xatırladaraq Azərbaycanın ədalətli
mövqeyinin burada da öz yüksək qiymətini aldığını vurğuladı: “Rusiya Silahlı
Qüvvələrinin “Zvezda” mediaholdinqini və “Bolşaya Aziya” mediaholdinqini təmsil
edən jurnalistin sualı mənim diqqətimi xüsusi olaraq cəlb etdi. O, dedi: “Cənab
Prezident, Siz bütün dünyanın gözü qarşısında nadir presedent yaratdınız. Çünki
Siz Qarabağ müharibəsi zamanı mütləq mənada sülhməramlı kimi çıxış etdiniz. Siz
23 dəfə sülh haqqında danışdınız, halbuki digər tərəf bir dəfə də olsun, bu cür
bəyanat vermədi...” Etiraf olunmalıdır ki, Rusiya tarixən Ermənistana dəstək
verən, onu himayə edən, hətta daha dəqiq desək bu dövləti vaxtilə quran və bu
günədək yaşadan ölkədir. Düşünürəm ki, bütün bu münasibətlərə rəğmən Rusiyalı hərbi
jurnalistin Azərbaycan Prezidentinə xitabən ifadə etdiyi sözlər əsil etiraf
kimi qəbul edilməlidir. Azərbaycanın təkcə hərbi deyil, həm də mənəvi qələbəsinin
etirafı kimi.
Bəli, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev son 17 ildə bir deyil, sonsuz sayda presedentlər yaradıb, möhtəşəm ilklərə imza atıb. Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi zəfər də bu günədək xalqımızın, dövlətimizin tarixində yer almış ən möhtəşəm qələbə kimi daha bir ilk oldu. Bundan sonra da Azərbaycanın yeni qələbələrinin, tarixi nailiyyətlərinin davamı gələcək və ölkəmiz dünyanın ən qüdrətli dövlətləri sırasında öz layiqli yerini tutacaq.”