Səttar Möhbalıyev: “Horadiz-Ağbənd dəmir yolu xətti ölkənin əsas hissəsi ilə Naxçıvan arasında birbaşa əlaqənin yaranmasına böyük töhfə verəcək”:
15 Feb 2021
“Ölkə Prezidenti cənab İlham Əliyevin işğaldan azad olunmuş rayon və bölgələrimizə davam edən səfərləri və ən əsası da bu səfərlər zamanı həmin ərazilərdə gedən quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin əsasının birbaşa dövlətimizin başçısı tərəfindən qoyulması həm siyasi, həm iqtisadi, həm də mənəvi cəhətdən müstəsna əhəmiyyət kəsb edir” – bu sözləri saytımıza verdiyi müsahibəsində Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev deyib.
Əməkadşımızın suallarını cavablandıran millət vəkili ilk
növbədə bildirib ki, fevral ayının 14-də Prezident İlham Əliyev tərəfindən təməli
qoyulan Horadiz-Ağbənd dəmir yolunun çəkilişi Azərbaycan üçün tarixi əhəmiyyət
kəsb edən bir layihənin başlanğıcı kimi qiymətləndirilməlidir: “İlk növbədə
qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva fevralın 14-də
Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfər etməklə bu ərazilərin də
Azərbaycana aid olduğuna və xalqımızın bu torpaqlara artıq əbədi döndüklərinə
dair növbəti dəfə bütün dünyaya açıq və net şəkildə mesaj ünvanlamış oldular. Məlumdur
ki, bu gün Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə intensiv şəkildə
bərpa-quruculuq işləri həyata keçirməkdədir. Bu işlər çərçivəsində inşasına
başlanılan mühüm strateji obyektlərin, müəssisələrin təməlinin şəxsən Ölkə
Prezidenti cənab İlham Əliyev tərəfindən qoyulması isə görülən işlərin xüsusi
diqqət mərkəzində saxlandığından xəbər verir. O cümlədən Füzuli rayonunda olarkən
möhtərəm Prezidentimiz Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoydu. Ümumi
uzunluğu 100 kilometr olan bu dəmir yolu xəttinin strateji əhəmiyyəti olduqca
böyükdür. Çünki bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının azad
olunmuş torpaqlara gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq və ən əsası
da bu xətt Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında
birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcək.
Bildiyiniz kimi, 2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri,
habelə Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanat ölkəmizin
öz torpaqlarını işğaldan azad etmək uğrunda apardığı Vətən müharibəsinin Azərbaycanın
tam qələbəsilə başa çatmasını hüquqi cəhətdən təsdiq etməklə yanaşı, həm də
özündə müharibədən sonrakı dövr üçün regionun iqtisadi inkişafına dair mühüm məqamlar
əks etdirir. O cümlədən Bəyanatın 9-cu maddəsində qeyd olunur ki, bölgədəki
bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Başqa sözlə desək Naxçıvan
Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat
kommunikasiyalarının inşası təmin ediləcək. Artıq dünən, fevral ayının 14-də
Prezident İlham Əliyev Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoymaqla 10
noyabr Bəyanatının həmin maddəsinin icrasına start verdi. Heç şübhəsiz bir müddət
sonra biz hamımız birbaşa Naxçıvana aparan dəmiryolu xəttinin açılışının da
şahidi olacağıq.”
Daha sonra AHİK sədri vurğulayıb ki, işğaldan azad
edilmiş ərazilərdə “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin icrasına
başlanması bu rayon və bölgələrimizin ən yüksək standartlara cavab verən müasir
yaşayış məkanlarına çevriləcəyindən xəbər verir: “Ölkə Prezidenti cənab İlham
Əliyev Zəngilanda olarkən bildirdi ki, artıq bu rayonda birinci “ağıllı kənd”
layihəsinin icrasına start verilib. Bu layihənin icrası əsasən 5 komponent üzrə
aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”,
alternativ enerji sahələridir. Məlumdur ki, dövlətimizin başçısı öz
çıxışlarında azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevriləcəyini dəfələrlə
bildirib. İşğaldan azad olunmuş ərazilərin dövlətimizin başçısının birbaşa təşəbbüsü
və tapşırıqları ilə bərpa edilməsi və yenidən qurulması, xüsusən də bu ərazilərdə
“ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması həmin rayon
və bölgələrimizi ən yüksək standartlara cavab verən müasir yaşayış məkanlarına
çevirəcək. Etiraf etmək lazımdır ki, bu gün pandemiya şəraitində bütün dünya
iqtisadiyyatında böyük problemlərin yarandığı bir dövrdə Azərbaycan
Prezidentinin bu təşəbbüsü bir daha dövlətimizin gücünü və qüdrətini nümayiş
etdirir.”