Sürətli inkişafın və səmərəli islahatların yeni hədəfləri
10 Feb 2021
Prezident İlham Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişafa dair milli prioritetlər dayanıqlı yüksəliş strategiyasının növbəti mükəmməl yol xəritəsidir
Sosial-iqtisadi tərəqqinin keyfiyyətcə
yeni mərhələsində Azərbaycan Respublikasının başlıca məqsədlərindən biri də
ictimai həyatın bütün sahələrinin modernləşdirilməsi yolu ilə inkişaf etmiş ölkələr
sırasına daxil olmaqdır. Təcrübə göstərir ki, konkret hədəflərə əsaslanan
strategiya və baxışlar sistemi olmadan iqtisadi sahədə yüksək nəticələrin
qazanılması və perspektiv vəzifələrin reallaşdırılması qeyri-mümkündür. Bu və
digər hədəfləri uğurla gerçəkləşdirmək isə dərin iqtisadi təfəkkürə malik güclü
siyasi liderlər sayəsində mümkün olur.
Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi
inkişaf strategiyasını 2003-cü ildən inamla davam etdirən Azərbaycan Prezidenti
cənab İlham Əliyev ötən 18 ildə ölkəmizi Cənubi Qafqaz regionunun sayılıb-seçilən,
nüfuzlu dövlətlərindən birinə çevirib. 2003-2020-ci illərdə ölkənin siyasi və
sosial-iqtisadi həyatında fundamental dəyişikliklər baş verib, iqtisadi
siyasətdə çevikliyin təmini, struktur dəyişiklikləri ilə institusional
islahatların paralel şəkildə aparılması konkret hədəflərə çatmağa imkan
yaradıb.
Gələcəyə konseptual baxış
Son illərdə milli iqtisadiyyatın
sosialyönümlü olması, insan amilinin ön planda dayanması xüsusilə diqqəti çəkir.
Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə bildirib ki, dövlətimizin
yürütdüyü siyasətin əsasında insan amili, vətəndaşların maraq və mənafeləri
dayanır. Dövlət başçısının rəhbərliyi ilə aparılan və sosialyönümlü mahiyyəti
ilə diqqəti çəkən çoxşaxəli islahatların əsas hədəfi inkişaf prosesində hər bir
vətəndaşın iştirakını təmin etmək, mövcud potensialdan hər bir fərdin bacarıq və
qabiliyyətinə görə ədalətli şəkildə yararlanmaqdır.
Azərbaycan Prezidenti cənab İlham
Əliyevin dəfələrlə vurğuladığı kimi, ölkədə postneft iqtisadiyyatının
formalaşdırılması üçün kompleks, sistemli və dinamik iqtisadi islahatların həyata
keçirilməsi labüddür. İqtisadi proqnozlara əsaslanmaqla iqtisadi ideyaların
praqmatik şəkildə gerçəkləşməsini təmin etmək və güclü inkişaf arxitekturası
formalaşdırmaq dövlətin strateji məqsədlərindəndir. Bu məqsəd və hədəflərə nail
olmaq üçün, ilk növbədə, strateji yol xəritələrinin hazırlanması və icrası məqsədəuyğun
hesab edilir.
Ölkənin gələcək inkişaf mərhələlərinin əsas
konturlarının müəyyənləşdirilməsi zərurəti həm də onunla şərtlənir ki,
respublikamızda aparılan islahatlar hər bir dövrün qlobal çağırışlarına əsaslanır.
Xatırlatmaq yerinə düşər ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2012-ci
il 29 dekabr tarixli sərəncamı ilə təsdiq
edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası konkret zaman
intervalında inkişafın əsas konturlarını müəyyənləşdirməklə yanaşı, gələcək barədə
proqnozları da özündə ehtiva edirdi. Konsepsiyanın iqtisadi istiqamətlərinə,
ilk növbədə, qeyri-neft sektorunun genişləndirilməsi hesabına davamlı iqtisadi
inkişafa nail olunması; iqtisadiyyatın inkişaf istiqamətlərinin şaxələndirilməsinin
genişlənməsi; ölkənin ümumi daxili məhsulunun tərkibində, dövlət büdcəsinin
formalaşmasında təbii ehtiyatlar amilinin azaldılması və qeyri-neft amilinin
üstünlüyünün təmin edilməsi; iqtisadiyyatda innovasiyaların tətbiqinin təmini
üçün güclü motivasiya mexanizmlərinin yaradılması və inkişaf etdirilməsi;
mövcud resurslardan və coğrafi mövqedən istifadə olunmaqla Azərbaycanın bütün
bölgələrinin sosial-iqtisadi inkişafının müasir tələblər səviyyəsində təmini;
iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi və milli məhsulların dünya
bazarlarında layiqli yer almasına nail olunması tədbirləri daxil idi.
Davamlı inkişafın mükəmməl yol xəritəsi
Proqnoz dedikdə hər hansı iqtisadi
sistemin gələcək vəziyyəti üçün kəmiyyət və keyfiyyət parametrləri formasında əsaslandırılmış
tədbirlər kompleksi başa düşülür. Proqnozlaşdırmada əsas məqsəd hər hansı hadisə,
yaxud iqtisadi proses haqqında əvvəlcədən düzgün və obyektiv təsəvvürün
yaradılmasıdır.
Azərbaycan Prezidenti cənab İlham
Əliyevin 6 dekabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Milli
iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsinin
başlıca istiqamətləri” adlı sənəd gələcəyin iqtisadi proqnozlaşdırılması və
inkişafın əsas prioritetlərinin müəyyənləşdirilməsi baxımından son dərəcə əhəmiyyətli
olub. Ölkəmizin iqtisadi qurumları ilə yanaşı, yerli və xarici ekspertlərin, təcrübəli
mütəxəssislərin, məsləhətçi şirkətlərin və elmi təşkilatların iştirakı ilə,
habelə ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq şəraitində
hazırlanmış strateji yol xəritələri qısa, orta və uzunmüddətli dövrləri əhatə
edir. Sənəd 2020-ci ilədək olan dövr üçün iqtisadi inkişaf strategiyası və tədbirlər
planından, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışdan və 2025-ci ildən
sonrakı dövr üçün hədəf baxışdan ibarətdir.
Strateji Yol Xəritəsi geniş və çoxşaxəli
hədəfləri özündə birləşdirən konseptual sənəd olaraq iqtisadiyyatın hərtərəfli
təhlilinə əsaslanan gələcəyə baxış bucaqlarını özündə əks etdirir. Sənəddə
davamlı inkişafın məqsəd və prinsiplərinə uyğun olaraq, iqtisadi artımla sosial
inkişafın və sosial bərabərliyin həmrəyliyinə əsaslanan güclü, şəffaf və açıq
iqtisadiyyatın yaradılması nəzərdə tutulub.
Nazirlər Kabinetinin 2019-cu ilin
birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin
müzakirəsinə həsr olunmuş iclasında dərin məzmunlu nitq söyləyən Azərbaycan
Prezidenti cənab İlham Əliyev ölkəmizin gələcək inkişaf perspektivləri ilə
bağlı deyib: “Dünya dəyişir, vəziyyət dəyişir, qarşımızda yeni çağırışlar
dayanır. Ona görə biz daim irəliyə baxmalıyıq ki, ölkəmizi necə inkişaf etdirək
və inkişafı dayanıqlı və uzunmüddətli edək”.
Sürətli inkişafın diktə etdiyi milli prioritetlər
Ölkədə və regionda, ümumilikdə qlobal planda cərəyan edən mürəkkəb siyasi,
iqtisadi və humanitar proseslər müasir islahatçı baxışın və idarəetmə
formalarının tətbiqini aktuallaşdırdığından dövlət başçısı rəhbəri olduğu
komandanın bu çağırışlara hazır olmasını son dərəcə vacib sayır. Azərbaycan
Prezidenti cənab İlham Əliyevin 2 fevral 2021-ci il tarixli sərəncamı ilə təsdiq
edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”
adlı sənəd ölkənin uzunmüddətli dayanıqlı inkişaf hədəflərinin müəyyənləşdirilməsi
və islahatların konkret proqramlar əsasında reallaşdırılması baxımından yeni
imkanlar açıb.
2018-ci ilin aprel ayında keçirilmiş prezident seçkilərindən sonra aparılan
sistem xarakterli islahatlar - hökumətin tərkibinin yenilənməsi, insan amilinin
sosial-iqtisadi islahatların əsas prioritetinə çevrilməsi, ən əsası, 2020-ci
ildə ərazilərimizin Ermənistanın işğalından azad edilməsi sosial-iqtisadi və
innovativ inkişaf sahələrində yeni vəzifələr müəyyənləşdirib. Sərəncam ilk növbədə
“2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası” layihəsinin
hazırlanmasını nəzərdə tutur. Sərəncamla strategiyanın hazırlanması prosesinə
qabaqcıl beynəlxalq təşkilat və ixtisaslaşmış məsləhətçi şirkətlərin, aidiyyəti
dövlət orqanlarının (qurumlarının), elmi təşkilatların, mütəxəssislərin və vətəndaş
cəmiyyəti təsisatlarının cəlb olunması tapşırılıb.
Sənəd yaxın və orta perspektivdə ölkəmizin qarşısındakı əsas hədəf və vəzifələrin
açıq müzakirə və dinləmələr əsasında müəyyənləşdirilməsinə, bu zaman cəmiyyətin
sosial gözlənti və istəklərinin nəzərə alınmasına imkan verir. Milli prioritetlər
əsasında hökumət qarşısında 5 mühüm istiqamətdə islahat, layihə və tədbirlərin
reallaşdırılması vəzifəsi qoyulub:
1) dayanıqlı, artan rəqabət qabiliyyətli iqtisadiyyat; 2) dinamik, inklüziv
və sosial ədalətə əsaslanan cəmiyyət; 3) rəqabətli insan kapitalı və müasir
innovasiyalar məkanı; 4) işğaldan azad olunmuş ərazilərə böyük qayıdış; 5) təmiz
ətraf mühit və “yaşıl artım” ölkəsi.
Ümumilikdə sosial rifah səviyyəsinin davamlı artımı məqsədilə yüksək,
dayanıqlı, inklüziv və özəl təşəbbüslərə arxalanan iqtisadi artımın sürətləndirilməsi,
azad edilmiş ərazilərə əhalinin qayıdışının təmini perspektiv üçün qarşıda
duran əsas vəzifələr sırasındadır. Sənəddə şaxələndirmə və qeyri-neft
sektorunun inkişafı tədbirlərinin davam etdirilməsi, yerli və xarici sərmayələrin
təşviqi, şəffaf özəlləşmə strategiyasının həyata keçirilməsi, kapital və
sığorta bazarının inkişafı və digər mühüm məsələlər nəzərdə tutulub.
Sənəddən irəli gələn vəzifələrin icrası Azərbaycanın Cənubi Qafqazın
iqtisadi arxitekturasının müəyyənləşdirilməsində mövcud rolunu və statusunu
daha da möhkəmləndirəcək. Milli prioritetlər eyni zamanda Birləşmiş Millətlər
Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində
Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət
kəsb edir. Sənəddə daxili və xarici təsirlərə dayanıqlıq baxımından
makroiqtisadi sabitliyin və dayanıqlığın gücləndirilməsi, yeni reallıqlara uyğun
büdcə qaydasına əsaslanan fiskal çərçivə formalaşdırılması, valyuta
ehtiyatlarının dayanıqlı səviyyədə saxlanılması, Dövlət Neft Fondundan dövlət
büdcəsinə transfert payının tədricən azaldılması, inflyasiyanın idarə olunması
və s. kimi mühüm vəzifələr müəyyənləşdirilib.
Şəffaflıq səmərəli idarəçiliyin vacib meyarıdır
Son illər dövlət başçısının qətiyyətlə həyata keçirdiyi kadr islahatları -
müasir təfəkkürlü və idarəetmə sahəsində novatorluğu ilə fərqlənən gənclərin irəli
çəkilməsi islahatların miqyasını və tempini sürətləndirmək, xidmət sahələrində
vətəndaş məmnunluğunu, idarəçilikdə səmərəliliyi və şəffaflığı təmin etmək niyyətindən
irəli gəlib. Bu islahatlar dövlət qulluğunda yaradıcı düşüncəli, islahatlara
meyilli menecer və texnokrat baxışlı məmur elitasının təmsilçiliyinə imkan
yaradıb.
Təsadüfi deyildir ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli
Prioritetlər” şəffaflığa xidmət edən tədbirlərin davam etdirilməsini də vacib məsələ
kimi müəyyən edib. Qarşıdakı illərdə məhkəmə-hüquq sisteminin fəaliyyətində şəffaflığın
artırılması, haqsız rəqabətin qarşısının alınması, dövlət investisiyaları və
dövlət şirkətlərinin fəaliyyətinin iqtisadi səmərəsinin yüksəldilməsi, idarəetmədə
müasir korporativ davranış mədəniyyətinin tətbiqinin genişləndirilməsi,
korrupsiya ilə mübarizənin gücləndirilməsi, yeni çağırışlara cavab verən müasir
dövlət qulluğu sistemi və etikasının formalaşdırılması məsələləri öz həllini
tapmalıdır.
Ümumilikdə dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi, modernləşmə proseslərinin
dərinləşdirilməsi və innovativ idarəetmə modellərinini tətbiqi Azərbaycan
Prezidenti İlham Əliyevin həyata keçirdiyi sistem xarakterli islahatların əsasını
təşkil edir. 2016-cı il 26 sentyabr tarixdə keçirilmiş ümumxalq referendumu əsasında
ölkədə vitse-prezidentlik institutunun yaradılması, 2017-ci il 21 fevral tarixdə
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın
Birinci vitse-prezidenti vəzifəsinə təyin olunması ölkədə həyata keçirilən
çoxşaxəli islahatların davamlığını və dövlət idarəçiliyinin səmərəliliyini yüksəltmək
məqsədinə xidmət edib.
Xüsusi vurğulamaq lazımdır ki, Mehriban xanım Əliyevanın Birinci
vitse-prezident kimi 4 illik uğurlu fəaliyyəti bu prosesin daha da sürətlənməsini
təmin edib və idarəçiliyə yeni nəfəs gətirib. Cəmiyyətdə mütləq çoxluğun qənaəti
bundan ibarətdir ki, Heydər Əliyev Fondunun prezidenti kimi vətənpərvər fəaliyyəti,
humanizmə, mərhəmətə, nəcibliyə söykənən layihələri ilə böyük nüfuz qazanmış və
yüksək idarəçilik keyfiyyətlərini təsdiqləmiş Mehriban xanım Əliyeva üzərinə
götürdüyü məsuliyyətli missiya ilə ölkə başçısının və xalqın etimadını inamla
doğruldub.
Nəzarət funksiyaları gücləndirilir
Dövlət başçısının son 15 ildə imzaladığı fərman və sərəncamlar, milli fəaliyyət
planları cəmiyyətdə şəffaflıq və hesabatlılığın daha da yüksəldilməsi
baxımından əhəmiyyətli olub. Ötən müddətdə ölkə Prezidenti tərəfindən
imzalanmış “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli
Strategiya və onun həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət
Planı”, “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət
Planı”, Açıq Hökumətin təşviqinə dair (2012-2015, 2016-2018 və 2020-2022-ci illər)
milli fəaliyyət planları qeyd olunan məqsədlərin reallaşdırılması baxımından
mühüm əhəmiyyətə malikdir.
Son 10 ildə “Asan Xidmət”, “ASAN Kommunal”, “DOST” və s. kimi yeni idarəçilik
modellərinin tətbiqində məqsəd vətəndaş məmnunluğunu təmin etmək, ictimai həyatın
bütün sahələrində bürokratik amillərin aradan qaldırılmasına nail olmaq, insan
amilinin prioritetliyini təmin etməkdir.
Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2021-ci il tarixli “Dövlət
Nəzarəti İnformasiya Sisteminin yaradılması haqqında” fərmanı milli proritet
kimi önə çəkilən bir sıra məqsədlərin reallaşdırılmasına imkan verir. Belə bir
informasiya sisteminin yaradılması Azərbaycanda son 10 ildə “e-hökumət”
quruculuğu sahəsində həyata keçirilən sistemli və ardıcıl innovativ-texnoloji
quruculuq prosesinin davamı və mühüm tərkib hissəsidir. Dövlət Nəzarəti
İnformasiya Sistemi Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam
və tapşırıqlarının, eləcə də Azərbaycan Respublikası Birinci
vitse-prezidentinin və Prezident Administrasiyası rəhbərinin tapşırıqlarının
icra vəziyyətinə nəzarətin elektron qaydada həyata keçirilməsini təmin etməlidir.
Fərmana əsasən yeni sistem yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin
əsas səmərəlilik göstəriciləri əsasında qiymətləndirilməsini təmin etməyə imkan
verəcək. Sistemin fəaliyyəti
1) səmərəlilik - mümkün qədər az resursla nəzərdə tutulan nəticənin əldə
olunması; 2) istifadə rahatlığı - informasiya mübadiləsinin əlavə əməliyyat
aparılmadan birbaşa yerinə yetirilməsi; 3) çeviklik - informasiya sisteminin dəyişən
tələblərə uyğun olaraq sürətli yenilənməsi və dəyişdirilməsi meyarlarına əsaslanacaq.
Son illərdə icraedici, qanunverici və məhkəmə hakimiyyətində paralel şəkildə
aparılan, müasir çağırışlara əsaslanan islahatlar cəmiyyətdə şəffaflığın və
korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsinə xidmət edib. Ölkə
başçısının 23 noyabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün
Strategiya” dövlət idarəçiliyinin müasir çağırışlara uyğun təşkili, müasir təfəkkürlü,
cəmiyyətin gözləntilərinə cavab verə bilən dövlət qulluqçusu korpusunun
yaradılması, onların peşəkarlığının və fəaliyyət səmərəliliyinin artırılması,
mütərəqqi motivasiya modellərinin tətbiqi məsələlərini önə çəkib.
Yeni informasiya sistemi mərkəzi və yerli icra hakimiyyəti strukturlarına
verilən tapşırıqların yeni texnoloji metodlarla qiymətləndirilməsinə, elektron
nəzarətin təşkilinə imkan verəcək. Bütün bunlar ilk növbədə ölkədə insan hüquq
və azadlıqlarının təmini baxımından vacib əhəmiyyət kəsb edir.
Sosial siyasət yenə də öndədir
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də
sosial siyasətin təminatı sahəsində başlıca hədəflərin aydın və əhatəli şəkildə
əksini tapması da mühüm məqam kimi qeyd olunmalıdır. Sənəddə yüksək inkişaf
yalnız iqtisadi artım göstəricisi olaraq deyil, həm də cəmiyyətin bütün üzvlərinin
sosial rifahının yüksəldilməsi baxımından vacib amil kimi dəyərləndirilir:
“İqtisadiyyat inkişaf etdikcə vətəndaşların sərvət və gəlirlərinin, o cümlədən əməkhaqlarının
artırılaraq layiqli səviyyəsi təmin edilməli, əməkhaqqının artımı əmək məhsuldarlığının
artımı ilə uzlaşdırılmalıdır. Ölkədə artan gəlirlər daha geniş iqtisadi
imkanlar yaratmalı, bütün əhali qrupları üçün səmərəli məşğulluğa və layiqli əməyə
nail olunmalı, xüsusilə qadınların iqtisadi imkanlara çıxışı yaxşılaşmalıdır. Məşğulluqda
özəl sektorun payının artması üçün zəruri stimullar yaradılmalı, muzdla işləyənlərin
sayında özəl sektor üzrə işəgötürənlərin payı üstünlük təşkil etməlidir”.
Qarşıdakı 10 ildə ölkədə aparılacaq iqtisadi islahatlar ümumi inkişafdan hər
bir vətəndaşın layiqli şəkildə bəhrələnməsinə, yüksək və ədalətli sosial təminat
sisteminin, inklüziv cəmiyyətin yaradılmasına, paytaxt və regionların tarazlı
inkişafına xidmət edəcək. Yüksək inkişaf səviyyəsinə adekvat olaraq cəmiyyət
üzvlərinin sosial rifahının, sərvət və gəlirlərinin, o cümlədən əməkhaqlarının
artırılması, səmərəli məşğulluğun təmini, məşğulluqda özəl sektorun payının
yüksəldilməsi, qeyri-formal məşğulluğun qarşısının alınması, gəlirlərin
leqallaşdırılması və yoxsulluğun səviyyəsinin azaldılması istiqamətində işlərin
görülməsi nəzərdə tutulur.
Sosial-iqtisadi tərəqqi prosesində qazanılan nailiyyətlərin miqyasının ildən-ilə
genişlənməsi əhalinin bütün təbəqələrinin həyat səviyyəsinin yaxşılaşdırılması
ilə bərabər, bu istiqamətdə mümkün zəruri tədbirlərin uğurla reallaşmasına da
yeni imkanlar açıb. Ümumilikdə ölkə vətəndaşlarına dövlət qayğısının
artırılması və onların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə son 15 ildə
50-dən çox fərman və sərəncam imzalanıb. Bunlara misal olaraq “Azərbaycan
Respublikasının məşğulluq strategiyası (2006-2015-ci illər)”, Azərbaycan
Respublikası regionlarının (2009-2013, 2013-2018 və 2019-2023-cü illər)
sosial-iqtisadi inkişafı dövlət proqramlarını, “2008-2015-ci illərdə Azərbaycan
Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”,
“2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə
etibarlı təminatına dair Dövlət Proqramı” və digər vacib sənədləri göstərmək
olar.
Pandemiya şəraitində bir sıra Avropa ölkələrində büdcə xərclərinin
azaldıldığı və ciddi sosial gərginliyin müşahidə edildiyi halda son 1 ildə Azərbaycanda
sosialyönümlü layihələrin reallaşdırılmasında hansısa ləngiməyə və yaxud çətinliyə
rast gəlinməyib. Yeni növ koronavirusun geniş yayılmasının iqtisadi fəallığa və
büdcə daxilolmalarına mənfi təsirlərinə rəğmən 2020-ci ildə pensiya, prezident
təqaüdü, müavinət və ünvanlı sosial yardım üzrə ödənişlərə əvvəlki ilə nisbətən
20 faiz və ya 5 milyard 743 milyon manat çox vəsait yönəldilib. Bu isə 2019-cu
ilə nisbətən 1 milyard dollar çoxdur. 2021-ci ildə sosialyönümlü xərclərin dövlət
büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 38,9 faiz və ya 11 milyard 111,9
milyon manat təşkil edir. Bu vəsaitin 2020-ci illə müqayisədə 563,8 milyon
manat və ya 5,3 faiz çox olması sosial təminat və sosial müdafiə tədbirlərinin
daha da genişləndirilməsinə əlverişli imkanlar açır.
Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyalarının indeksləşdirilməsi
haqqında” 5 fevral 2021-ci il tarixli sərəncamı ölkədə aparılan
sosialyönümlü siyasətin davamı olaraq pandemiyanın davam etdiyi hazırkı şəraitdə
də ölkənin qarşıya qoyduğu hədəfləri inamla gerçəkləşdirdiyini göstərir.
İndeksləşmə nəticəsində artım ümumilikdə 1 milyon 140 min pensiyaçını (pensiyaçıların
93 faizi) əhatə edir. 2020-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik
artım tempinə müvafiq olaraq pensiyaların indeksləşdirilməklə 11,4 faiz
artırılması pensiya hüququ əldə etmiş vətəndaşların sosial rifah halının yüksəldilməsi
baxımından əhəmiyyətlidir.
Hazırda Azərbaycan minimum pensiyanın məbləğinə görə alıcılıq qabiliyyəti
indeksi üzrə MDB-də birinci yeri, orta pensiyanın alıcılıq qabiliyyəti üzrə isə
ikinci yeri tutur. Bu, müsbət tendensiya olaraq ölkəmizdə sosial siyasətin səmərəlilik
göstəricilərindən biridir.
“Böyük Qayıdış” proqramı
Azərbaycan 44 günlük Vətən müharibəsinin yekunu olaraq ərazi bütövlüyünü və
suverenliyini təmin edib. Hazırda respublikamızın qarşısında duran ən ümdə məsələ
qələbənin əbədiləşdirilməsi üçün doğma torpaqlarından köçkün düşən insanların
öz yerlərinə qayıdışını təmin etməkdir. Bu mənada “Azərbaycan 2030:
sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də işğaldan azad olunmuş ərazilərə
qayıdışla bağlı xüsusi bəndin yer almasının mühüm siyasi və iqtisadi əhəmiyyəti
var.
“Böyük Qayıdış” proqramı vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə
dayanıqlı məskunlaşmasında və həmin ərazilərin ölkənin iqtisadi sisteminə
inteqrasiyasında körpü rolunu oynayacaq. Azərbaycanın regionda beynəlxalq nəqliyyat-logistika
dəhlizinin bərpası istiqamətindəki təşəbbüsləri və həyata keçirdiyi layihələr
ölkəmizin qlobal bazarlara çıxış imkanlarını artırmaqla yanaşı, işğaldan azad
edilmiş ərazilərin inkişafına da əhəmiyyətli təkan verəcək.
Azərbaycanın tarixi qələbəsinin nəticələrinin möhkəmləndirilməsi və əbədiləşdirilməsi
üçün işğaldan azad olunmuş bölgələrdə əhalinin dayanıqlı məskunlaşması təmin
edilməlidir. Bu məqsədlə həmin ərazilər cəmiyyətin ən sağlam, müasir və abad
yaşayış mühitinə çevriləcək, dayanıqlı məskunlaşma üçün müasir prinsiplərə əsaslanan
komfortlu yaşayış mühiti yaradılacaq.
Planlı şəkildə görülmüş işlərlə hərtərəfli təhlükəsiz və əlverişli həyat şəraitinin
yaradılması vətəndaşların məskunlaşması üçün əlverişli imkanlar açacaq. Bunun
üçün yeni ərazilərdə layiqli yaşayışın təmin edilməsi, müasir infrastrukturun
qurulması, xidmətlərin əlçatan olması nəzərdə tutulur. Bundan başqa,
regionun iqtisadi potensialından səmərəli istifadə olunmaqla əhalinin məskunlaşma
səviyyəsinin işğaldan əvvəlki səviyyəyə çatdırılması təmin ediləcək.
Milli prioritetdə əksini tapmış məsələlərin həlli işğaldan azad edilmiş ərazilərin
ölkənin iqtisadi və sosial simasında tarixi mövqeyini bərpa edəcək. Yeni
yanaşmaların, müasir innovasiyaların tətbiq edildiyi bu bölgə iqtisadi fəaliyyətin
aparıcı həlqələrindən birinə çevriləcək, ölkənin digər regionlarına uyğun
inkişaf səviyyəsinə malik olacaq.
Azərbaycan Prezidenti İlham Əliyevin 19 yanvar 2021-ci il tarixli “Qarabağ
Dirçəliş Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” (QDF) fərmanı işğaldan
azad edilmiş ərazilərimizin dövrün tələbləri səviyyəsində bərpası və yenidənqurulması
prosesinin ölkəmiz üçün prioritet məsələlərdən olduğunu bir daha təsdiqləyib.
Qurumun yaradılmasında başlıca məqsəd işğaldan azad edilmiş ərazilərimizin bərpası
və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata, yüksək rifaha malik
regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin
göstərilməsidir.
2021-ci ilin dövlət büdcəsində ərazilərimizin bərpası və yeniqənqurulması
üçün 2,2 milyard manat vəsaitin ayrılması planlaşdırılan işlərin əhatə dairəsi,
miqyası və intensivliyi ilə bağlı əyani mənzərə yaradır. Növbəti illərdə 1,5
milyard manatdan az olmayacaq bu vəsaitlərdən məqsədyönlü, şəffaf və ünvanlı
istifadənin təmini məqsədilə yeni, müsbət reputasiyalı, şəffaf idarəetməyə
malik publik hüquqi şəxsin yaradılması obyektiv zərurətdən irəli gəlir. QDF-nin
Müşahidə Şurasında aidiyyəti bir sıra dövlət qurumlarının rəhbərlərinin təmsil
olunması bərpa və yeniqənqurma işləri zamanı koordinasiyanın sürətlənməsinə və
idarəçilikdə səmərəliliyin yüksəlməsinə imkan verəcək. Məqsəd həm də işğaldan
azad olunmuş ərazilərin Cənubi Qafqaz regionunda abad və müasir zonaya
çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərin vahid mərkəzdən
reallaşdırılmasıdır.
“Qarabağ Dirçəliş Fondu” böyük biznes potensialına malik olan işğaldan azad
edilmiş ərazilərimizə sərmayələr üçün etibarlı təminat mexanizmləri
formalaşdırmaqla, eyni zamanda yerli və xarici sərmayələr təşviq edəcək.
İşğaldan azad edilmiş ərazilərin bərpası və inkişafı ilə bağlı kompleks
yanaşmanı təmin etmək üçün dörd mərhələ üzrə fəaliyyət nəzərdə tutulur. 1)
Xüsusi idarəetmə forması və təhlükəsizlik; 2) Strateji əhəmiyyətli
infrastruktur məsələlərinin həlli; 3) Sosial xidmətlərin təmin edilməsi; 4)
İqtisadiyyatın yenidən qurulması və davamlı inkişaf.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərin
mina və partlamamış hərbi-sursatdan (PHS) təmizlənməsini təhlükəsizliyin təminatı,
habelə “Böyük Qayıdış” proqramı baxımından prioritet məsələlərdən biri kimi müəyyənləşdirib.
Bu zərurət onunla şərtlənir ki, Ermənistan beynəlxalq hüquq normalarını pozaraq
30 ilə yaxın müddətdə işğal altında saxladığı ərazilərdə təkcə təmas xəttinə
yaxın əraziləri deyil, ümumilikdə bütün rayon və şəhərləri, yolları, yaşayış
binalarını və strateji yüksəklikləri minalayıb.
Azərbaycan dəfələrlə mina basdırılmış ərazilərin
xəritəsini tələb etsə də, destruktiv mövqe nümayiş etdirən Ermənistan tərəfi
buna məhəl qoymayıb. Bu, təcavüzkar ölkənin kommunikasiyaların bərpası,
qarşılıqlı etimad, sülh və təhlükəsizlik mühitinin formalaşdırılması istiqamətindəki
regional təşəbbüslərə qeyri-səmimi yanaşdığını göstərir. Ermənistanın beynəlxalq
hüquqa zidd davranışlarına baxmayaraq, Azərbaycan güclü iqtisadi potensialı
hesabına qısa zamanda işğaldan azad edilmiş əraziləri mina və PHS-lərdən təmizləmək
və genişmiqyaslı abadlıq-quruculuq layihələrinin icrasına başlamaq əzmindədir.
Azərbaycan Prezidentinin müvafiq fərmanı
ilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin yaradılması və fəaliyyətə
başlaması ərazilərimizin mina və PHS-lərdən təmizlənməsi sahəsində aparılan işlərin
daha keyfiyyətlə həyata keçirilməsi, mülki əhalinin mümkün təhdidlər barədə məlumatlandırılması
və maarifləndirilməsi baxımından əhəmiyyətlidir. Dünyanın ən müasir, qabaqcıl
minatəmizləyən texnika, maşın, mexanizm və avadanlıqlarının, eləcə də minatəmizləyən
robotların ölkəmizə gətirilməsi bu prosesin daha təhlükəsiz və peşəkar səviyyədə
reallaşdırılmasına, sonrakı mərhələdə dəymiş ziyanın dəyərləndirilməsinə və bərpa
işlərinin başlanmasına imkan verəcək.
Şübhəsiz, gələcəyi proqnozlaşdırmadan,
inkişafın əsas mərhələlərini, görüləcək işlərin ardıcıllığını müəyyən etmədən,
mümkün nəticələri hesablamadan hansısa ciddi uğurlar qazanmaq mümkün deyil. Hər
bir hökumətin gələcəyə dair tövsiyə, zəmanət verməyə, xüsusən dövlətin inkişaf
strategiyası və taktikası üzrə konkret proqramlar, konsepsiyalar təqdim etməyə
qadir olması vacib şərtdir. Bu baxımdan əminliklə demək olar ki, “Azərbaycan
2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” ölkədə islahatların
daha da sürətləndirilməsi, yeni idarəetmə modelinin formalaşdırılması və
ictimai həyatın bütün sahələrində köklü dəyişikliklərin reallaşdırılması
baxımından yeni imkanlar açır.
Səttar MÖHBALIYEV,
Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının sədri,
Milli Məclisin deputatı
"AZƏRBAYCAN" qəzeti
10.02.2021-ci il